Dünyanın ən ağıllı

ölkələrinin reytinqi açıqlanıb

 

“Forbes”: “Planetin gələcəyi Asiya ölkələrindədir”

 

Məlumdur ki,  müasir dünya düzənində ölkələrin rəqabət qabiliyyətini  müəyyən edən əsas faktorlardan biri yüksək  intellektli insan kapitalıdır. Məhz cəmiyyətin əsas  hərəkətverici  qüvvəsi olan yüksək bilik və səriştələrə,  bacarıqlara malik  insanın yetişdirilməsi milli təhsil sistemləri və ölkələr qarşısında duran mühüm vəzifələrə çevrilib. Son vaxtlar ayrı-ayrı   qurumlar tərəfindən aparılan tədqiqatlar  müxtəlif ölkələrin inkişafında  məktəb təhsilinin və intellektual səviyyənin keyfiyyətini  üzə çıxarmağa imkan verir.

Böyük Britaniyanın “Vouchercloud” portalı   dünyanın ən ağıllı ölkələrinin  reytinq cədvəlini  tərtib edib.  Reytinqdə dominantlıq Avropa və Asiya ölkələrinə məxsusdur.   Reytinqin nəticələrinə əsaslanan “Forbes” jurnalının məlumatına görə, planetin gələcəyi Asiya ölkələrindədir.  Jurnal yazır ki,  insanın Yer üzərində məskunlaşdığı qısa müddət ərzində bir çox dəyişikliklərə nail olunub: insanlar atomu  parçalamağı,  kosmosa uçmağı öyrənə,  heyvanlar üçün  zond icad edə biliblər.  Bütün bunlar insanların ən ağıllı varlıq olduğu barədə fikir yaradır. Lakin bunlar bir insanın deyil, əksər hallarda kollektiv səylərin nəticələridir.

 “Vouchercloud”un reytinqində dünyanın ən ağıllı əhalisi olan  25 ölkəsi yer alıb. Reytinq   hər bir ölkədə Nobel mükafatı  laureatlarının sayına, əhalinin təhsil sahəsində uğurları və orta intellektual  (İQ)  səviyyəsinə əsaslanıb. 3 faktor ölkənin  intellektual keçmişi, bu günü və gələcəyi barədə təsəvvür yaradır.

Əsasən Asiya və Avropa ölkələrinin yer aldığı reytinqə  Yaponiya başçılıq edir. Yaponiyanın siyahının zirvəsində olmasına   üç yüksək qiymətləndirmə meyarı imkan verib.  Belə, ki, Yaponiya məktəblərdə təhsilin nəticələrinə görə beşinci, Nobel mükafatı laureatlarının sayına və İQ əmsalına görə 6-cı sıranı tutub.

ABŞ reytinqdə dördüncü yeri tutub,  belə bir nəticəyə bu ölkə, ilk növbədə,  Nobel mükafatı  laureatlarının sayına görə layiq görülüb.  ABŞ-ın bütün tarixi ərzində onların sayı 368 nəfər olub.  Böyük Britaniya  bu göstərici üzrə  dünyada ikinci yeri tutur,  bu ölkədə Nobel laureatlarının sayı ABŞ-da olduğundan 3 dəfə azdır. Lakin İQ səviyyəsinə görə ABŞ dünyada 28-ci, təhsil uğurlarına görə isə 13-cü yeri tutur. Çin əhalisinin yüksək  intellekt  səviyyəsinə  görə 3-cü yeri tutub.

İlk onluqda  beş Avropa ölkəsi yer alıb:  İsveçrə 2-ci, Niderland 5-ci, Rusiya 6-cı,  Belçika 7-ci, Böyük Britaniya isə 8-ci yerdədir. Siyahıda 25 -ci yerdə olmasına baxmayaraq, Sinqapur  IQ səviyyəsinə və əhalinin təhsil  müvəffəqiyyətləri üzrə birinci olub. Lakin Nobel laureatları olmadığına görə  Sinqapur ən ağıllı ölkələrin siyahısında 25 yeri tutur. Baxmayaraq ki,  məhz bu ölkənin  vətəndaşları dünyada ən ağıllıdırlar və məhz onların məktəb müvəffəqiyyətləri dünyada  birincidir.

Reytinqdə  ən nüfuzlu beynəlxalq mükafatların sayına görə Qərb ölkələri üstünlük təşkil etsə də balans tezliklə Asiya ölkələrinin xeyrinə dəyişəcək. IQ səviyyəsi üzrə ölkələrin siyahısında liderlik məhz Asiya dövlətlərinə məxsusdur. Qərb ölkələrindən yalnız  Finlandiya səkkizinci mövqeni tuta bilib.

 “Vouchercloud”  Şərqi Asiya ölkələrinin göstəricilərinə xüsusi  diqqət  yetirir. Cənubi Koreya, Tayvan və Sinqapur yüksək intellektli sakinlərin və təhsilli gənclərin  sayına görə liderlik edir, ümumi reytinqdə isə onlar yalnız Nobel laureatlarının sayının az olmasına görə geri qalırlar.

 

Oruc Mustafayev

 

Azərbaycan müəllimi.- 2019.- 18 yanvar.- S.16.