Pedaqoji təhsil və müəllim
hazırlığı: dünya təcrübəsi
“Tədrisin yeganə səmərəli metodu - bir halda ki, əksi mümkün deyil, nədən uzaq durmağın lazım olduğunu bariz şəkildə izah edə bilməkdir”.
Albert Eynşteyn
Pedaqogika xüsusi tədris fənnidir. Birincisi, bütün digər elm sahələrindən fərqli olaraq onun əbədi predmeti var - bu, tərbiyədir. İkincisi, pedaqogika bütün elm sahələri içərisində ən mürəkkəbidir. Ona görə ki, o, insanı öyrənir. Böyük alman filosofu və maarifçisi İ.Kant haqlı olaraq iki insan ixtirasını ən çətini hesab edirdi: idarəetmək və tərbiyə etmək sənəti. Üçüncüsü, bu elm birmənalı deyil, həm də ziddiyyətlidir. Hətta böyük mütəfəkkirlərdən tutmuş, müasir tədqiqatçılar da daxil olmaqla insanın tərbiyə kimi mühüm keyfiyyəti haqqında yazılmış bir çox əsərlərin kəskin tənqidə məruz qalmasının şahidi oluruq. Dördüncüsü, pedaqogika ciddi elm sahəsi kimi bəlli sərhədlərə malik deyil. Onlarla elm sahəsinin pedaqogika ilə dolayısı və birbaşa bağlılığı var. Bu sahə haqqında yüzlərlə kitab yazılıb. Ancaq cəsarətlə söyləmək olar ki, tərbiyə problemi hələ də həll olunmamış qalıb.
Bütün bunlarla yanaşı, pedaqogika həm də maraqlı elmdir. Bu, təkcə onun predmeti ilə bağlı deyil. Bu, həm də insan həyatının tərəddüdləri, səhvləri və insan taleyinin dramı ilə sıx surətdə bağlıdır.
Azərbaycanda orta təhsilin inkişafında müstəsna rolu olan və uzun illər maarif naziri olmuş akademik Mehdi Mehdizadə yazırdı: “Amerika məktəblərində psixoloji xidmətin az qala bir əsrlik tarixi var. İngiltərə, Fransa, Almaniya, Yaponiya məktəbləri bir-birindən nə qədər özgün xüsusiyyətlərlə seçilsələr də, bir vəsilədə bir-birlərinə necə də oxşayırlar. Onların hamısı psixologiya və pedaqogika elminin uğurlarına məharətlə arxalanır. Bizim respublikamızda isə bu önəmli elmlərin imkanlarından səmərəli istifadə olunmur. Psixoloqlarımız və pedaqoqlarımızı bu məsələ xüsusi narahat etməlidir. “Psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir”.
Pedaqoji təhsilin
proqram və standartları
Pedaqoji hazırlığın proqramları pedaqogika sahəsində fundamental bilikləri formalaşdırmalı, hər bir müəllim üçün vacib olan pedaqoji bacarıq və vərdişləri aşılamalıdır.
Yaxşı proqramlar pedaqoji təfəkkürü formalaşdırmalı, pedaqoji mədəniyyət və dünyagörüşü zənginləşdirməlidir. Proqramların standartlaşdırılması pedaqoji təhsilin effektivliyini ölçməyə imkan verməlidir.
Dünyanın aparıcı ölkələrində pedaqoji təhsil proqramlarının standartları probleminə birmənalı yanaşma mövcud deyil.
Təhsil sistemi inkişaf etmiş ölkələrdə müəllim hazırlayan ali məktəblərdə “Pedaqogika” elminə hansı səviyyədə yer verilir?
Amerika Birləşmiş
Ştatları
Albert Eynşteyn “Pedaqoqlar və pedaqogika” məktubunda yazırdı: “Onsuz da dünyada, xüsusilə də Amerika məktəblərində pedaqogika kifayət qədərdir”. Kiçik araşdırmamız böyük fizikin sözlərini təsdiqləyir.
Bu ölkədə 4-5 illik müəllim hazırlığı proqramının 1-ci və 2-ci ilində ümumtəhsil tsiklində riyaziyyatla yanaşı, humanitar fənlərin, iqtisadiyyat, fəlsəfə, ədəbiyyat, tarix, politologiya, sosiologiya və s. tədrisinə üstünlük verilir. Yuxarı kurslarda ümumi pedaqoji psixologiya, uşağın inkişaf psixologiyası, təhsilin əsasları, tərbiyənin fəlsəfəsi, pedaqogikanın tarixi, pedaqoji sosiologiya, müqayisəli pedaqogika, öyrətmək metodları, pedaqoji etika tədris olunur. Bu fənlər təhsil müddətinin 30-35 faizini təşkil edir. Amerikada pedaqoji təcrübəyə 4-5 həftə vaxt ayrılır.
ABŞ-da
pedaqoji təhsilin özəyini 6 standart təşkil edir.
Standartlar bu məqamları ehtiva edirlər: bilik, gələcək
müəllimin bacarıqları, diaqnostika sistemi, monitorinq və
qiymətləndirmə, pedaqoji təcrübə, təkmilləşmə,
əməyin keyfiyyəti və müəllimlərin peşəkar
inkişafı, idarəetmə və material resursları.
Bu ölkədə
pedaqoji təhsilin zəif yeri nədən ibarətdir? Pedaqoji
fakültələrin məzunları 2-3 il işlədikdən
sonra məktəbi tərk edirlər. Onların peşələrinə
maraqlarını artırmaq üçün layihələr həyata
keçirilir. Tələbələr könüllülük əsasında
praktik müəllim fəaliyyəti ilə məşğul
olurlar.
“Amerika-2000”
proqramında məktəb siyasətinin yeni strateji məqsədləri
müəyyənləşdirildi. Yeni nəsil müəllim yetişdirmək
qarşıya məqsəd qoyuldu. “Bir uşaq belə kənarda
qalmamalıdır” prezident aktına görə, təkmilləşməsini
təsdiqləməyən bir müəllimə belə məktəbdə
yer olmamalıdır. Bu sənədin ortaya
çıxmasından 4 il sonra vəziyyət istənilən
kimi dəyişmədi. “Pedaqoji trest” Tədqiqat Mərkəzi
aşkarladı ki, 24 faizə yaxın məktəb müəllimi
pedaqoji fakultələrdə onlara keçilən dərsləri
öyrənməyib.
Rusiya
2013-cü
ildən bu ölkədə “Tətbiqi pedaqoji bakalavriat
proqramı” tətbiq olunur. Proqrama yeni sosial reallığı
əks etdirən kurs və mövzular daxil edilir. Müəllimlərin
hazırlığı proqramına fəlsəfə,
sosiologiya, antropologiya, etikadan kurslar daxil edilir. Müxtəlif
tipli ali məktəblərdə pedaqoji təhsilin
proqramlarında xüsusi özəllik mövcuddur. Universitetlərdə
psixoloji-pedaqoji hazırlıqlarda əsas dayaq ümumi akademik
biliklərin üzərinə düşür.
Rusiyada
pedaqoji təhsilin faktiki olaraq 3 növ standartı mövcuddur:
ali məktəbin fəaliyyətinin standartı (məsələn,
elmlər namizədləri və elmlər doktorlarının
faizi), bütün ixtisaslar üçün eyni olan ümumtəhsil
standartları və tələbələrin hər bir ixtisas
üzrə kompetensiyalarının standartı.
Pedaqoji
praktika müəllim hazırlığının ənənəvi
komponentidir. Rusiyanın tanınmış Moskva Dövlət
Pedaqoji Universitetinə diqqət edək: ibtidai təhsil fakultəsində
fasiləsiz pedaqoji təcrübə bütün il boyu davam
edir.
Böyük Britaniya
Britaniya
ali məktəblərində tədris fənləri bloklarda
birləşirlər: peşəkar-pedaqoji, xüsusi, ümumtəhsil.
Peşəkar-pedaqoji
hazırlığa tədris müddətinin 50 faizi həsr
olunur. Bu da özündə 3 komponenti saxlayır:
pedaqoji-psixoloji fənlər tsikli, peşəkar kurslar, məktəblərdə
pedaqoji təcrübə. Peşəkar-pedaqoji təhsilin
özəyini inteqrativ kurslar təşkil edir ki, bu da
aşağıdakı bölmələrdən ibarətdir: təhsilin
prinsipləri, pedaqoji- psixologiya, sosial pedaqogika.
Kurslara
daxil olan mövzular bunlardır: pedaqogikanın fəlsəfəsi,
psixologiya, pedaqoji sosiologiya, öyrətmə metodikası,
pedaqogika tarixi, müqayisəli pedaqogika, məktəb
gigiyenası, məktəbşünaslıq. Peşəkar
kurslara həmçinin ümumi akademik fənlər daxil
edilir: ingilis dili, riyaziyyat, coğrafiya, tarix və s. Onların
sayı 8-i ötmür.
İngiltərə
universitetlərinin pedaqoji şöbələrində təcrübə
18-19 həftə müddətindədir. Bu, əsasən
pedaqoji prosesin müşahidəsinə, bir neçə fənnin
təcrübəli müəllimlər tərəfindən tədrisinə
sərf olunur.
Almaniya
Bu ölkədə
gələcəyin müəlliminin əxz edəcəyi
proqramın məzmunu hansı fənni tədris etməsindən
və dərs deyəcəyi ümumtəhsil müəssisəsinin
tipindən asılıdır.
Realnı məktəbin müəllimi olacaq tələbə
pedaqoji elmlər də daxil olmaqla 3 il ərzində dərinləşdirilmiş
formada 2 ixtisas predmetini və onların tədris
metodikasını öyrənir.
Gimnaziya
müəllimini hazırlayan tədris planına ənənəvi
fənlər daxildir: din, alman dili, tarix, riyaziyyat, təbiət
elmləri, qədim və müasir dillər. Bu planı
tamamlayan fənlər bunlardır: iqtisadiyyat, sosial elmlər,
pedaqogika, psixologiya, tərbiyə nəzəriyyəsi.
Almaniya
pedaqoji ali məktəbləri üçün 80-dən
çox standart işlənib. Bunlar 12 tematik qrupda komplektləşirlər:
müəllim-şagird münasibətləri,
ruhlandırıcı müşahidə, fənlərin və
situasiyanın problemi, sosial davranış qaydalarının
formalaşdırılması, tədris prosesini müşahidə
etmək, tədris prosesi və öyrətmə
metodlarının təşkili, nailiyyətlərin səviyyəsinin
ölçülməsi və qiymətləndirilməsi,
müxtəlif öyrətmə metodlarının tətbiqi,
müəllimlər arasında əməkdaşlıq, məktəb
və ictimaiyyət, özünütəşkilatlandırma və
peşəkar inkişaf, fənnin öyrədilməsi
metodikası.
Yaponiya
Yapon müəllimlərinin hazırlıq proqramları pedaqoji və xüsusi tsikllərdən ibarətdir. Lakin ümumi cəhətlər də var. Pedaqoji kurs icbari və elektiv (latınca-“seçilmiş”) təlimlərdən ibarətdir. Pedaqoji kursun standartı bu fənləri və fəaliyyəti ehtiva edir: 1)pedaqogikanın əsasları (öyrətmənin psixologiyası və inkişaf, təhsilin idarə olunması, öyrətmənin metodları və texniki vasitələri), 2)təlimin məzmunu və metodikası, 3)əxlaq tərbiyəsinin problemləri, 4)pedaqoji təhsilin icbari proqramlarından kənara çıxan maraq kursları (tərbiyənin fəlsəfəsi, pedaqogika tarixi, müqayisəli pedaqogika, sosial pedaqogika, məktəbşünaslıq), 5)məktəbin idarə olunması məsələləri, 6)pedaqoji təcrübə.
Müəllim hazırlayan bizim ali məktəblərdə də “Pedaqogika” fənninin tədrisinə yenidən baxılmalıdır. Bununla yanaşı, tələbələr “Psixologiya” elminin yeni paradiqmalarını dərindən əxz etməlidirlər. Yalnız bundan sonra böyük pedaqoqumuz akademik Mehdi Mehdizadə demişkən, onlar həm də yaxşı tərbiyəçi ola bilərlər.
Etibar
ƏLİYEV,
“XXI Əsr” Təhsil Mərkəzinin
rəhbəri,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2019.- 18 yanvar.- S.6.