“Tərbiyə etməyə
özünüzdən başlayın”
Aybəniz
Haşımova: “Tələbələrimə məhəbbəti
Şövkət Ələkbərovadan öyrənmişəm”
Hərdən elə insanla rastlaşırsan ki, onun peşəkarlığını, sənətini bir yana qoyub, insan olaraq sevməkdən, dəyərli, əziz tutmaqdan zövq alırsan. İndi təsəvvür edin ki, qarşınızdakı yaxşı insan olduğu qədər həm də peşəkar sənətkardır, çoxunun sevimlisidir. Bu qədər keyfiyyətin bir adamda cəmlənməsi də yəqin ki, bir cür nemətdir...
Azərbaycan Respublikasnın Əməkdar artisti, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımova “Məktəb illəri”ndə həmsöhbətimizdir.
Həsən
kişinin qızı...
Az yaşından əməyə alışan biri olmuşam. Düzünü desəm oxumaq, dərs yox ha, ifaçı kimi oxumaq, heç yuxuma da girməzdi. Hərdən özüm üçün dodaqaltı oxuyurdum. Heç kim fikir verməzdi. Daha doğrusu, mən özüm də istəmirdim kimsə diqqət kəsilsin. Amma biləndə ki, yaxşı oxuyuram, istəyirdim kimsə səsimi eşitsin. Görən yox idi. Uşaq idim, bəzən buna pis də olurdum. Düşünürdüm axı bacarıram, niyə görüb mənə xoş söz deyən yoxdur? Evdə qaydalar sərt idi, həm də bir oxuyan var idi artıq. Düşünürdüm ki, yəqin buna görə mənə fikir verən yoxdur. Azərbaycanın Xalq artisti Şahnaz Haşımovanın bacısı olmaq bir az məsələni çətinləşdirirdi. Ona ayrıca məşq eləməsi üçün anamgil otaq da ayırmışdı. Mən yenə də gizli-gizli ona çox diqqətlə qulaq asardım. Eyni zamanda, istəmirdim onun ifasın dinlədiyimi, sonra özümün də televiziyada görüb eşitdiyim mahnıları zümzümə etməyimi kimsə bilsin. Bilirdim ki, danlanacam. O üzdən oxumurdum. Balaca qız idim, Həsən kişinin qızı. İndi də beləyəm, kimsə məni bir az ucaldanda həmişə deyirəm ki, harada olursan ol, sən Həsən kişinin qızı, Aybənizisən.
Şahnaz
xanımı müşayiət edirdim...
Dəqiq yadımda deyil nə ifa edirdi. Amma xatırlayıram ki, gözəl ifa idi. O qədər gözəl ki, o zamana qədər etmədiyim bir hərəkəti etdim. Bacım Şahnaz xanım məşq edən otaqda masanın altında gizləndim. Gözlədim ki, sona qədər oxusun. Bir dəfə otaqda olduğumu gördü. Diksinmişdi düzü, masanın altından səs eşitmişdi deyə. Sonra baxdım ki, özümdən bixəbər onu nağarada (taburetkada) astadan müşayiət edirəmmiş. Şahnaz xanım mənə o ritmi təkrar tutmağı tapşırdı. Sonra diqqətlə qulaq asdı, dedi ay qız, sənin əməlli musiqi duyumun var. Bundan sonra hər gün gəl məni müşayiət elə. İnanmazsınız necə sevinirdim. O an yadıma düşəndə indi də elə bilirəm həmin uşağam...
İnsanı təkcə
ailəsi böyüdüb, tərbiyə etmir...
Bu çox vacib məsələdir ki, sən hansı mühitə düşəcəksən, orda həyat müəllimlərin kim olacaq. Tərbiyəçilərim gözəl insanlar olub. Həsən Həsənovla məni “Göyərçin” ansamblının rəhbəri Zaman Hüseynov tanış etmişdi. O, bütün uşaqlara öz övladı kimi qayğı göstərirdi. Uşaqlıq illərimin uğurlarını, sənət taleyimi bütün gənc müğənnilərə arzulayıram.
Özüm boyda
“ağlayan gəlincik”...
Heç vaxt müğənni olmağı arzulamamışam. Amma oxumağı bacardığımı lap uşaqlıqdan bilirdim. Bu, istedadımın fərqinə varıb, məni bu sənətdə görənlərin arzusu olub və nəticədə müğənni olmuşam. Bəs necə baş verib?
Gəncədə “Musa dayının qarajı”
deyilən yer vardı, atam da orada işləyirdi. Bir gün
dedilər ki, orada konsert olacaq. Atam ilə bərabər ora
getmişdim. İdarənin klubunda piano var idi. Həmin pianonu
görəndə başladım ifa etməyə. Evdə
heç kim bilmirdi ki, mən pianoda ifa etməyi bacarıram. Mən
pianoda ifa edəndə qarajın direktoru Musa Musayev içəri
daxil oldu, ifamı eşitdi və mənə dedi, sən nə
gözəl oxuyursan, ay qızım. Bu gün burada konsert
olacaq. Xahiş edəcəyəm ki, sənə də bir
mahnı oxutdursunlar. Mən bu xəbərə çox
sevindim. Amma necə oxuyacağam, necə olacaq, bunu heç
düşünmədim. Axşam oxumaq üçün səhnəyə
çıxmağa hazırlaşanda ansamblın rəhbəri
Zaman müəllim dedi ki, məşqsiz mən onu səhnəyə
buraxa bilmərəm, biz onunla məşq etməliyik. Mən
kişinin bu sözündən çox incidim. Çünki
oxumağıma icazə vermədi. Mən də o konsertdə
çıxış etməli olmadım. Ertəsi gün
Zaman müəllim evimizə zəng elədi ki, ürəyimdə
qaldı, səsini dinləmək istəyirəm. Anam dedi ki, yox, getmə, sənin
nə işin var orda. Dedim, ay ana, qoy gedim,
o da görsün ki, kimi səhnəyə buraxmayıb. Getdim, orada mənə dedilər ki, nə oxuyacaqsan?
Dedim, Emin Sabitoğlunun “İnsaf da
yaxşı şeydir” mahnısını. Təəccüblə
üzümə baxdılar. Axı adətən
uşaqlar uşaq mahnısı oxuyurlar.
Çıxışımdan sonra çox təkid etdilər
ki, ansamblda qal, bizimlə çalış, dedim, yox, mən gəldim
ki, görəsiniz necə oxuyuram, ansamblda oxumaq
üçün gəlməmişəm. Uzun
müddət Zaman müəllim ailəmdən xahiş etdi ki,
mən ansambl ilə çalışım. Beləliklə, ansamblla fəaliyyətə
başladım. Çox keçmədən
Zaman müəllim bizi Moskvaya festivala apardı. Mənim ilk böyük səhnəm Moskvada Ostankino
televiziyası olub. Orada mən “Notlar”
verilişində mahnı oxudum və həmin veriliş Sovetlər
birliyinin 15 respublikasına canlı yayımla nümayiş
olundu. O gün ürəyim həyəcandan elə
döyünürdü az qala yerindən
çıxsın. Polad Bülbüloğlunun
“Şən Azərbaycan” mahnısını oxudum,
alqışlandı, “Gəncəm” mahnısı da ardınca
gəldi. O zamanlar “ağlayan gəlinciklər” çox
bahalı idi. Hamı ala bilmirdi. Zaldan bir tamaşaçı mənə “ağlayan gəlincik”
bağışladı. Gəlincik də
özüm boyda idi. Elə sevinirdim, təsəvvür
edə bilməzsiniz.
Sonra Gəncədə keçirilən
dövlət tədbirinə dəvət etdilər məni...
Bir epizod da danışım sizə. Gəncənin
birinci katibi konsertdən sonra yaxınlaşıb təşəkkür
etdi mənə. Balaca bir uşaq
üçün, bu, çox böyük uğur idi. Həm də evində böyük bir sənətkar
olan balaca qız. İnanmazsınız,
bacım Şahnaz xanım qədər mənə tənqidi
yanaşan olmayıb. Hətta müəyyən
mərhələdə o, mənim sənətə gəlməyimə
də etiraz edirdi. Qətiyyətlə olmaz
deyirdi.
Əslində, mənim həyatımın ulu öndər
Heydər Əliyevin ifamı dinlədiyi epizodu olmasaydı, yəqin
ki, heç zaman oxumağa qoymayacaqdılar. Nə
ixtiyarım vardı evdə etiraz edim, səsimi
çıxarım. Anam sərt qadın
idi. Olmaz dediyi bir işin olduğunu görən
olmazdı.
Deməli, ulu öndər Heydər Əliyev Gəncəyə
gəlirmiş. Ona yerli ifaçılardan ibarət bir
konsert hazırlayırmışlar. Birinci katib konsert
proqramı ilə tanış olandan sonra
deyib ki, o gün bir balaca qız da var idi, adını
unutmuşam, yaxşı ifa eləyib, Heydər Əliyevin
xoşuna gələcək, mütləq dəvət edin. Adını soruşanda, məsələ qəlizləşib.
Məlum olub ki, təşəkkür etdiyi
uşağın adını unudub. Amma bəzi
detallar yadda qalıbmış. Təsadüfən
Şahnaz xanımla konsert öncəsi söhbətdə məsələ
açılıb. O da kimsəyə nəsə demədən
şübhələnib ki, bu mən olacağam. Beləcə, evə gəldi, yavaş-yavaş
suallar başladı. O gün oxuyanda necə oxumusan, nə
oxumusan, kim sənə nə deyib? Suallara
cavab verdim və çox soyuqqanlı bir cümlə söylədi:
“Dur, dur get hazırlaş məni biabır eləsən
özündən küs, səni axtarırlar”. Çox ciddi məşq
elədim, baxmayaraq ki, az zamanım
qalıb. Konsert günü səhər son dəfə
ifamı dinlədi və “indi get uzan yat”, - dedi Şahnaz
xanım.
O gündən
peşəkar səhnədəyəm. Və
deyirəm ki, nə yaxşı müğənni olmuşam.
O konsertsə bütün həyatımı dəyişdi. Ondan sonra Gəncənin bütün tədbirlərində
iştirak edirdim. Hətta SSRİ məkanında
müxtəlif səhnələrdə çıxış
edirdik. Tədbirlər o qədər
çox olurdu ki, bəzən məktəbli
olmağımı unudurdum. Amma azca
zamanım olan kimi də dərslərimi oxuyurdum. Çalışırdım qiymətlərimi
özüm alım, kimsə deməsin ki, müğənni
oldu, dərs yaddan çıxd. Müğənni
həm də savadlı olmalıdır. Öz
dərslərini, mütaliəsini həmişə
bacardığı qədər zəngin etməlidir.
O konsert...
Bayaq fikir yarıda qaldı. Həmin konsert baş
tutdu. Bütün tədbir boyu
gözüm kürsüdə əyləşən Heydər
Əliyevdə idi. O bütün ifaçıları
diqqətlə dinləyirdi. Onun sənətə,
mədəniyyətə, sənətkarlara çox fərqli
münasibəti vardi. Sonra səhnə
arxasında musiqiçilərlə görüşəndə
adımı soruşdu. İstedadlı olduğumu
bildirdi, gəl Bakıda da oxu dedi. Üstündən
bir müddət keçdi, Azərbaycanın Təhsil
Nazirliyinə belə bir göstəriş verildi ki,
bütün rayonlardan istedadlı uşaqlar seçilsin.
Bu, Heydər Əliyevin Azərbaycan mədəniyyəti
qarşısında böyük xidməti idi. İndi o uşaqlar arasında sənətə gəlib
böyük mənsəb qazanan sənətkarlar var.
Bilirsinizmi, bəzən çox sadə bir tədbir insanın
həyatında böyük rol oynayır. Məndə
belə oldu. Həmin uşaqların
sırasında Gəncədə mənim də adım var
idi. Şahnaz xanım da, anam da daş
atıb, başlarını tutdular. On iki yaşlı
kiçik bir uşaq, Bakı boyda şəhərdə təkbaşına
mümkünsüz idi ailəm üçün.
Düzü, çox pərt idim. Amma sonra həyatımın
daha bir möcüzəsi oldu. Siyahı o
vaxtkı təhsil naziri Lidiya xanım tərəfindən ulu
öndərin qarşısına qoyulanda, mənim adım yada
düşür. Və təbii ki,
siyahıda olmur. Tapşırıq verildi və
ailəmə bildirildi ki, Heydər Əliyevin göstərişidir,
təcili Bakıda olsun uşaq. Beləcə,
on iki yaşımdan həm dərs oxudum, həm musiqi təhsili
aldım paytaxtda.
Başqa sahədə özümü heç təsəvvür
edə bilmirdim. Düzü, Bakı Dövlət
Universitetinə də qəbul olmuşdum. Xəbər
ulu öndər Heydər Əliyevə çatan kimi bundan
narazı qalıb. Göstəriş verib
ki, məni oradan çıxarıb yollasınlar
konservatoriyaya. Yəni mənim sənətdə
olmağımı dövlət başçısı istəyirdi.
Rəhmətlik həmişə deyirdi ki, səni
yalnız səhnədə görürəm.
Yaşından gənc adam...
Uzun illər öncə Faiq Ağayevlə Dövlət
televiziyasında bir konsertdə iştirak edirdik. Birdən Faiq mənə
dedi, Aybəniz xanım, necə etmisiniz, belə
gənc qalmısınız? Bilmədim necə
cavab verim. Aygün Bayramova da yanımızda idi, dedi Aybənizin
çox da böyük yaşı yoxdur ki... Güldük... Ömür yaşım əllidir. Alnımda bir ömür yolu qədər
qırış var, bu da hər halda ömür yolumun
qırışıdır, mənə göstərir ki, səninləyəm.
Yaşımdan az da olsa gənc
görünə bilirəmsə, bu, işimi təmiz
tutmağa çalışmağımın nəticəsidir.
Sözüm varsa deyərəm, qərarım
varsa bildirərəm, əzilən varsa yanındayam, haqqa girməkdən,
haqqı itirməkdən də qorxaram. Ağır
xarakterdir, amma qarşınızda bir Aybəniz mənzərəsi
görürsünüzsə, bu da sizi insan və
tamaşaçı kimi qane edirsə, biləsiniz, çox
ağır sınaqdan keçməyin nəticəsidir.
Amma yenə də əlli ilimdən razıyam, hər
günə, hər nəfəsə şükür.
İnsanın adına
ləkə gətirən onun sənəti deyil...
İnsana ləkəni davranışı gətirər. Heç bir sənət
insanın adına ləkə gətirə
bilməz. Övladlarımız hansı sənətin
yiyəsi olursa-olsun, unutmasınlar ki, onun adını yüksəldən
öz əqidəsinə, ruhuna olan münasibətidir. İnsan istəsə özünü alçalda da
bilər, ucalda da. Dünyanın ən məşhur
insanı ola bilərsən. Əgər
ruhun zədəlidirsə, heç vaxt hörmətli qala bilməyəcəksən.
Bütün övladlarımıza cəmiyyətə
yararlı olmağı arzu edirəm.
Tək uşaq böyütmək...
Burada elə də bir çətinlik yoxdur. Ailəmdən
aldığım tərbiyəyə əsasən
övladımı o cür böyütdüm. Deyirlər ki, “uşaqlarınızı başqa
cür tərbiyə etməyə çalışmayın.
Onsuz da o böyüyəndə sizin özünüzə
oxşayacaq”. Məhz buna görə gənc
xanımlara məsləhət görürəm ki, ilk növbədə
tərbiyə etməyə özlərindən
başlasınlar. Valideyn özünü tərbiyəli
apararsa, o övladın gələcəkdə heç bir
qorxusu olmayacaq.
Tələbəlik illərində kimlərsə məni
qonaq çağıranda düşünürdüm ki, evdə
valideynlərim xəbərsizdir. Onlardan xəbərsiz
necə gedə bilərəm? O zaman mobil telefonlar yox idi.
Bizim tələbəlik illərimizdə
telefonlar ancaq poçt məntəqələrində olurdu.
Evlə əlaqə saxlamaq üçün
poçta gedib zəng etməli idim. Əgər
kiməsə zəng edirəmsə poçta pul ödəməli
olurdun. Mən də tələbə adam
idim və o qədər də pulum yox idi. Ona
görə də dəvət aldığım yerlərin 99
faizinə getmirdim. Tələbəlik illərindən
birgə gəzdiyim, günümü keçirdiyim yeganə
insan dəyərli sənətçimiz Nuriyə Hüseynova
olub. Nuriyyəyə o qədər
inanıram ki, övladımı ona həvalə edə bilərəm.
Hər zaman çalışmışam ki,
özünə hörmət edən insanlarla münasibət
qurum. Bir insan ki, öz ruhunu əqidəsinə
qıyır, o insanlardan qorxmuşam. Qətiyyən
o insanlara yaxın getməmişəm. Əqidəsinə
hörmət edən insanlar ətrafdakı adamlara da hörmət
edər, cəmiyyətə ancaq xeyir verərlər.
İçimdəki balaca Aybənizi əlli
ildir qoruyuram...
Bəzən adamlar sual verir ki, həmişə
üzünüz gülür, bunu necə
bacarırsınız. Əslində kimsədən fərqli adam
deyiləm. Özümə görə
qayğılarım, problemlərim var. Bəzən əsəbi,
gərgin də oluram. Ancaq sizə bir
şey deyim, həmişə niyəsə elə bilmişəm
ki, içimdə lap dərinliklərdə kəndimizdə,
evimizdə, bacısını gizlicə izləyən, onu ritm
tutub müşahidə eləyən, ulu öndərin
axtarıb tapdırdığı balaca bir Aybəniz
yaşayır. Mənim üzümü həmişə
iki şey güldürüb. Biri balaca Aybənizi
yaşada bilməyim, biri də Aynişanın,
qızımın varlığı...
Sənət Akademiyası
Bu məktəbə qədər qrupum vardı. Hamı
xatırlayır yəqin ki, mənim istedadlı və
ağıllı balalarımı. 2002-ci
ildə yaratmışdım “Bülbüllər” qrupunu.
Bu qrup dünyanın 50-dən çox ölkəsində
Azərbaycanı təmsil etdi. Həm
respublika, həm də ümumdünya festivallarının
laureatları oldular. Bu, hər uşağa
o yaşda nəsib olan uğur deyil. “Bülbüllər”in
ən böyük uğuru onlardan birinin - Fərid Məmmədovun
“Eurovizion” mahnı müsabiqəsindəki
çıxışı oldu.
İndi də ustadımın vaxtilə qurduğu pedaqoji
fəaliyyəti davam etdirməkdəyəm. Şövkət
Ələkbərova biz tələbələrini övladı
kimi sevirdi, tələbələrimə məhəbbəti
ondan öyrənmişəm. O başqa cür sevirdi. Mən şöhrətdən başı dönən
insan deyiləm, elə insanları da sevmirəm. Onlar anlamırlar ki, bunun sonu olmur. Mənə
görə ən böyük şöhrət yaxşı adam olmaqdır. Belə bir söz
var, deyir “ağac bar gətirdikcə başını
aşağı dikər”. Mən səhnədə
nə qədər ədalı görünmüşəmsə,
həyatda bunun tam əksi olmuşam. Səhnə bunu istəyir:
duruş, baxış, qamət, qürur və sənəti. Amma həyatda başın göylə gedə bilməz.
Səhnədəki qürur həyatda insanı,
sənətkarı kobud və özündənrazı
göstərər.
Bizim
akademiyada həqiqi istedadlar var. “Özün kimisi varmı?”, -
deyə soruşsanız, özüm kimisi də olacaq, amma
mütləq öz üzərində çox ciddi məşğul
olsalar, sonsuz zəhmət çəksələr, gecələrini
gündüzə qatıb çalışsalar, səhnənin
enişli-yoxuşlu yollarının
girişini-çıxışını bilsələr.
Hazırda beş tələbəm var ki, mən
düşündüyüm kimi gələcəkdə bu
işin üstündə möhkəm dayansalar və davamiyyətləri
yüksək səviyyədə olsa, bir gün mən həyatda
olmayanda səhnədə Sənət Akademiyasından beş
ad kimi parlayacaqlar.
“Kor ərəb” həyəcanı...
QEYD:
Söhbət boyu həyəcanlı idi. Niyəsini
soruşmadım. Düzü,
düşündüm ki, bəlkə şəxsi bir
şeydir. Gördüm
öz narahatlığını özü bölüşməyə
başladı. Məlum oldu ki, bu da onun
gördüyü işlərə bağlı bir
narahatlıqdır.
...Bilirsinizmi,
bir tələbəm var. Sənət Akademiyasına gələndə
səsinin möcüzəsini bu qədər göstərə
bilmirdi. İndi
böyük Cavidin sözlərinə
yazılmış “Kor ərəb”in mahnısını
yazıb, həm də klip çəkilişlərimiz bitib. Çox istəyirəm ki, bütün
uşaqlarımın belə möhtəşəm işləri
olsun. Rahatlanım ki, həyatı boşuna
yaşamamışam. İnsanlara, tələbələrimə
Azərbaycan mədəniyyəti, incəsənəti
üçün fayda vermişəm.
SON: Aybəniz
Haşımova hamıya hər zaman “Ömür nəğmələri”ndən
oxuyub. “Neylərdim”, “İntizar”, “Küsmə”
deyib. Sonra gün olub ki, “Biri sənsən,
biri mən” söyləyib, onlarla insanın içində cəmi
birinə. Ona da “Nə gəlməz oldun?”
oxumaq yazılıb taleyinə... vətən uğrunda şəhid
olanda.
Taleyinin qəribəliyi, çətinliyi çoxdur
sevimli Aybəniz Haşımovanın. Amma ən qəribəsi
və maraqlısı budur ki, o, həyatdan aldığı hər
zərbədən güclü qalxa bilən sənətkardır.
Nə az, nə çox, yarım əsri
belə yaşayıb. Sınmadan,
yıxılmadan, ya da sınıb, yıxılmasını
kimsəyə göstərmədən, gizlənə-gizlənə,
bəzən də göynəyərək. Kimsədən incimədən, küsmədən,
qürurla. Gözəl mənzərədir,
həm də kövrək. Eyni zamanda bir insanın,
qadının şəxsiyyətinin nə qədər tam olmasını göstərir.
Hamını
sevən İNSAN, “İntizar”ınızı heç zaman
çəkdirməyin sevənlərə...
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2019.- 18 yanvar.- S.14.