Əbədiyyətə qovuşan ömür”

 

Milli Qəhrəman oxuduğu məktəbdə anılıb

 

İnsana məxsus ali keyfiyyətlərdən olan qəhrəmanlıq haqqında  çox deyilib, çox yazılıb. Qəhrəmanlığı vəsf edən bədii nümunələr də kifayət qədərdir. Lakin  tanınmış türk şairi Nihal Atsızın aşağıdakı misraları  qəhrəmanlığı  daha dəqiq və daha poetik ifadə edir:

Qəhrəmanlıq nə yalnız

bir yüksəliş deməkdir.

Nə də ulduzlar kimi

parlayıb sönməməkdir...

Qəhrəmanlıq-içərək

acı ölüm tasından,

irəliyə atılmaq

 və sonra dönməməkdir...

Bəli, məhz ölüm kasasından içib irəli atılan, bu atılışla qəhrəmanlıq nümunəsi göstərən və bir daha geri dönməyən  qəhrəmandan söz açılırdı həmin gün. Daha dəqiq desək, yanvarın 11-də. Qəhrəman Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov idi. Tədbiri keçirən isə onun vaxtilə təhsil aldığı, indi isə adını daşıyan təhsil ocağı-Cəbrayıl rayonu Böyük Mərcanlı kənd tam orta məktəbi. Məktəb  növbəti dəfə öz qəhrəmanını   onun adına layiq düzənlədiyi tədbirlə anırdı.

Qəhrəmanlığın meydanı genişdir. Onu döyüşdə də göstərmək olar, arxada da. Düşmənin çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etmək də, yaralı əsgər yoldaşlarını qızğın atəş xəttindən sağ-salamat çıxarmaq da qəhrəmanlıq sayılır. Əslində qəhrəmanlıq elə nəyinsə, kiminsə naminə özünü təhlükənin qoynuna atmaq, belə məqamlarda ölümün gözünə cəsarətlə, dik baxmaqdır. Qəhrəmanlığın zirvəsi isə Vətən, torpaq uğrunda savaşlarda, Vətənin sərhədlərini qoruyarkən,  millət yolunda şəhid olmaqdır. Kazım da Dağlıq Qarabağ uğrunda  döyüşlərdə qəhrəmanlıq göstərmiş,  “vətən sağ olsun” deyərək  əbədiyyətə qovuşmuşdu.

“Əbədiyyətə qovuşan ömür” adlanan məktəb tədbirində müəllim və şagirdlərlə yanaşı K.Məmmədovun anası Dursun Məmmədova, qardaşı, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı Bəşir Məmmədov, rayon icra hakimiyyətindən Vilayət Cabbarov, rayon təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, Bakı şəhər 116 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova və b. da iştirak edirdilər. Və bir də  şəhid igidin ruhu gəlmişdi o tədbirə. Gəlmişdi ki, görsün onun adını daşıyan məktəbdə qəhrəmanlığını təkrar edə, sabah Ali Baş Komandan əmr verərsə düşmənin üzərinə atılıb işğal etdiyi torpaqlarımızı onun əlindən ala biləcək gənclər yetişirmi? Bəri başdan deyək ki, məktəbin istedadlı şagirdlərinin tədbirdəki çıxışları, ifaları zamanı  sərgilədikləri   vətənpərvərlik ruhundan görünürdü ki, bəli, yetişir.

Tədbir açıq elan edilib Dövlət himni ifa olunduqdan sonra məktəbin direktoru Nuriyyə Ağayeva qəhrəmanın həyat və döyüş yolundan danışdı...

Qəhrəmanlıq bəzən bir anda baş versə də ona gedən yol uzun olur. Qəhrəmanlıq üçün anadangəlmə və sonralar əldə olunmuş bir çox mənəvi-iradi keyfiyyətlər gərəkdir: igidlik, vətənpərvərlik, insanlara sevgi, Vətənə məhəbbət, iman, ədalətlilik və əlbəttə ki, cəsarət.  Bu keyfiyyətlər isə Kazımda vardı. O bunları ailəsindən almışdı, məktəbdə inkişaf etdirmişdi.

Kazım 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı  kəndində anadan olmuşdu. 1986-cı ildə bu kənddəki 1 nömrəli tam orta məktəbi bitirmişdi. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna verib qəbul olunmuşdu. 1988-ci ildə ordu sıralarına çağırılmış, ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmişdi. 90-cı illərin əvvəllərində vətənin başı üstünü qara buludlar alanda, erməni yaraqlıları  tez-tez bölgələrimizə hücum edəndə yüzlərlə vətən oğlu kimi  o da könüllü cəbhəyə yollanmışdı.

15 noyabr 1991-ci il... Gecədən xeyli keçib. Ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə  hücuma keçir. Sayca üstün olan düşmən döyüşçülərimizi geri çəkilməyə məcbur edir. Mühasirə həlqəsi getdikcə daralır. Kazım boş evlərdən birində özünə mövqe seçir. Daha bir neçə düşmən yaraqlısını məhv edir. Düşmən isə geri çəkilmək bilmir. Onlar Kazımın olduğu evə od vururlar. Kiçik çavuş K.Məmmədov düşmənə təslim olmayaraq qəhrəmancasına həlak olur.

N.Ağayeva belə bir qəhrəman yetişdirdikləri üçün  fəxr etdiklərini deyib. Bildirib ki,  Kazımın qəhrəmanlığı şagirdlərimiz üçün bir nümunədir. Pedaqoji kollektivimiz çalışır ki, məktəblilər məhz bu ruhda tərbiyə olunsun. Məktəbin foyesində Kazıma aid güşə düzəldilib. Guşədə onun həyat yolu, qəhrəmanlığına həsr edilmiş materiallar,  həyatının müxtəlif anlarını əbədiləşdirən fotolar yer alıb. Elə şagird  yoxdur ki, məktəbə gələndə bu guşə önündə ayaq saxlamasın, qəhrəmana öz ehtiramını hansısa formada ifadə etməsin. Şəhid qəhrəmanın xatirəsi   məktəbdə vaxtaşırı keçirilən tədbirlərlə yad olunur. Bu tədbirlərdə şagirdlər müəllimlərinin rəhbərliyi altında K.Məmmədovun həyat və döyüş yoluna dair materiallar, ona  həsr olunan  bədii nümunələri  toplayır və tədbirin ssenarisini bunlara əsasən  hazırlayırlar. “Əbədiyyətə qovuşan ömür” tədbirini də onlar  müəllimləri Səidə Quliyevanın təşkilatçılığı ilə  hazırlayıblar.

Qəhrəmanın  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagird-aparıcılar doğma vətənimiz Azərbaycanı, onun ecazkar təbiətini, bərəkətli torpaqlarını,  xalqımızın azadlıq mücadiləsini  tərənnüm edən şeirlərlə tədbirə  bədii ton veriblər.

Öncə onlar “Hardan başlanır vətən?” pritorik sualını cavablandıraraq   vətənin üçrəngli bayrağımızdan, mədəniyyətin bütün sahələrində Azərbaycanın  adını dünyaya tanıtmış sənətkarlardan, Xəzərin qoynundakı Bakımızdan,  ucalıq, möhtəşəmlik simvolu olan Şah dağdan, Kəpəzdən, Qoşqardan, Savalandan, düşmən tapdağında qalmış torpaqlarımızdan... başlandığını deyiblər. Sonra  xatirəsini andıqları qəhrəmanın həyat və döyüş yolunu səhifələyiblər. Daha sonra “Ağ atlı oğlan” filmindən səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib, mahnılar ifa edilib. Şagirdlərin təqdim etdikləri ata və anasının Kazımın məzarı üstünə gəlməsi səhnəsi isə tədbirin ən kövrək anları olub. Tədbir torpaqlarımızın qayıdacağına,  şəhidlərimizin intiqamının düşməndən alınacağına inam notları ilə başa çatıb.

Tədbirdən sonra çıxışlar olub. Milli Qəhrəman Kazım Məmmədovun anası Dursun Məmmədova oğlunun xatirəsinə göstərilən ehtirama görə məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. Deyib ki, heç bir anaya oğul dağı arzu eləmirəm: “Amma  siz ki, onu belə yad edirsiniz, mən elə bilirəm ki, Kazımı itirməmişəm, o elə sizin yanınızda, aranızdadır...”.

Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov Milli Qəhrəman Kazım Məmmədovun həyat yolunun  rayonun məktəblərində təhsil alan bütün şagirdlər üçün təsirli nümunə olduğunu deyib və belə bir oğul tərbiyə etdiyi üçün D.Məmmədovaya minnətdarlıq edib. Bəşir Məmmədov  da qardaşının xatirəsinin məktəbdə  anılmasını yüksək qiymətləndirib, tədbiri hazırlayanlara təşəkkür edib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2019.- 18 yanvar.- S.15.