Obyektivliyə tam zəmanət
Bakı Slavyan Universitetində imtahan
prosesi izlənilib
Bakı
Slavyan Universitetində soyuq qış günləri ürəklər
imtahan həyəcanı ilə qızır. Yanvar
ayının ilk günlərindən
2018-2019-cu tədris ilinin payız semestrinin qış
sessiyası start götürüb. Burada 357 fənn üzrə
imtahanlar təşkil olunub.
İmtahan
prosesini izləmək üçün ötən həftə
media nümayəndələri universitetə dəvət
edilib. Jurnalistlərə məlumat verilib ki, universitetin əsas
və ikinci tədris binasında ümumilikdə 44 auditoriyada
imtahan keçirilir. İmtahanlardan 33-ü əsas binada, 11-i
ikinci tədris binasında aparılır.
Jurnalistlərlə
görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva
imtahan sessiyası ilə bağlı məlumat verərək
deyib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili
və keçirilməsi barədə imzaladığı əmrinə
əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil
edilir. Tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflıq və obyektivlik təmin olunur.
Rektor
imtahanlara hazırlıq üçün universitetdə hər
cür şəraitin yaradıldığını, məsləhət
saatlarının keçirildiyini qeyd edib. Hazırlıq sadəcə
tələbələr üçün təşkil edilməyib.
Elə universitet rəhbərliyi və kollektiv də
imtahanlarda dəqiq, ədalətli və şəffaf olmaq
üçün prosesə məsuliyyətlə
yanaşıb: “İmtahanda istifadə olunan tədris sənədləri
- blanklar, cavab kartları, qiymət cədvəlləri rektorun
möhürü ilə təsdiq edilən sayılı sənədlərdir.
Onları dəyişdirmək mümkün deyil. Hər
gün dekanlara sayla verilən bu sənədlər xüsusi qeydiyyat
jurnallarında qeydə alınır. Bütün bu prosesə
kollektiv olaraq böyük məsuliyyətlə
yanaşırıq”.
Hər gün “Açıq qapı”
Nurlana
Əliyeva ölkə ali təhsil müəssisələrində
“Açıq qapı” günlərinin keçirildiyinə
diqqət çəkib. Bunu təhsil müəssisələri
arasında əsası qoyulan yaxşı ənənə kimi
qiymətləndirib. Ancaq Bakı Slavyan Universitetini digər ali
təhsil müəssisələrindən fərqləndirən
bir məqam olduğunu vurğulayıb : “Bakı Slavyan
Universitetində hər gün “Açıq qapı”dır”.
Tələbələrinə
diqqəti, sadəcə, qapılarını onların
üzünə bağlamamaqla deyil, həm də tələbələrinin
imtahanlarına, imtahanlarda verdikləri cavablara həssas
münasibəti ilə ortaya qoyduğunu deyən Nurlana
Əliyeva bildirib ki, nəinki münaqişə
komissiyasının fəaliyyətində, imkan tapanda tələbələrin
yazı işinin yoxlanılmasında da iştirak edir:
“Onların səviyyəsi mənim özüm
üçün maraqlıdır. Diqqətimi ən çox cəlb
edən orfoqrafik cəhətdən səhvlərini tələbələrin
qəbul etməmələridir. Orfoqrafik səhvlə əlaqədar
olaraq yazı işlərində qiymətlərinin
salınması ilə heç cür razılaşmırlar.
Apardığımız işlər arasında ən
mühüm və ən sadəsi məhz bununla
bağlıdır. Bütün kafedralara, müəllimlərə
tapşırıq verilib ki, ixtisasından asılı
olmayaraq, tələbələrin yazı savadına diqqət
göstərilməlidir. Bu məsələ üzərində
çox işləyirik və əminəm ki, qısa müddət
sonra bu işimizin nəticəsini görəcəyik. Tələbələrimiz
tezliklə anlayacaq ki, düzgün yazı hər peşəkarın,
hər mütəxəssisin ilk göstəricisidir”.
BSU seçilir
Universitet
rektoru tələbələrin
dünyagörüşünün, universitetdə verilən təhsilin
keyfiyyətinin artırılması məqsədi ilə
aparılan çoxşaxəli əməkdaşlıqlardan
da söhbət açıb: “Universitetlərlə əlaqələrimiz
çox sıxdır. Çoxlu sayda birgə tədbirlərimiz
var. Bu il əməkdaşlarımızın xarici ölkə
jurnallarında çap olunan məqalələrinin də sayı
artıb”.
Nurlana
Əliyevanın sözlərinə görə, Bakı Slavyan
Universiteti Slavyan ölkələri universitetlərinin
arasında sayılıb-seçilir. Tələbə və
müəllim mübadiləsi həyata keçirilir. Xarici
ölkələrdə fəaliyyət göstərən 8
universitetdə Azərbaycan mədəniyyəti və tədrisi
mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə
Azərbaycan təbliğ olunur. Mərkəzlərin təşkil
olunduğu universitetlərin tələbələri ölkəmizin
mədəniyyəti, ədəbiyyatı, incəsənəti
ilə yaxından tanış olurlar. Elə Bakı Slavyan
Universitetində də 9 ölkənin mədəniyyət və
tədrisi mərkəzi fəaliyyət göstərir.
BSU-da münaqişələr necə
həll edilir?
BSU-da hər
fakültələr üzrə münaqişə
komissiyaları fəaliyyət göstərir. İmtahan prosesi
ilə bağlı hər hansı etirazı olan tələbələr
ilk növbədə fakültələr üzrə təşkil
edilən komissiyalara müraciət edirlər. Onların tələb
və şikayətləri təmin edilməsə, bu dəfə
Mərkəzi Münaqişə Komissiyasına üz tuturlar.
İmtahan sessiyası başlayandan Mərkəzi Komissiyaya
artıq 40 nəfər müraciət edib. Müraciət edənlər
qiymətləndirmədən narazı qalanlar olub. Onlardan 23 nəfərin
şikayəti haqlı hesab edilərək qiyməti
qaldırılıb. Nurlana Əliyevanın sözlərinə
görə, burada 1-2 ballıq fərqdən söhbət
gedir: “Qərarımız belədir ki, bal daha çox
qaldırılarsa, o zaman dərs deyən və imtahan
cavablarını yoxlayan müəllimlər dəvət
edilir. Tələbənin qiymətində niyə bu qədər
çox fərq yarandığı onlarla birgə
araşdırılır. Az-az da olsa, belə faktların fərqinə varır,
sonuna qədər araşdırırıq”.
Yüksək balla universitetə qəbul
olunanlar
da Pedaqoji fakültənin tələbələridir
Jurnalistlər
imtahan prosesini izləmək üçün auditoriyalara
baş çəkiblər.
Zalda
universitetin ən böyük fakültəsinin - Pedaqoji
fakültənin tələbələri imtahan verir.
Məlumat
üçün qeyd edək ki, bu fakültədə 1100 tələbə
təhsil alır. 4 ixtisas üzrə müəllim
hazırlığı həyata keçirilir. Xarici dil (Rus
dili) müəllimliyi, İbtidai sinif müəllimliyi (rus və
Azərbaycan bölməsi), Məktəbəqədər təlim
və tərbiyə, Təhsildə
sosial-psixoloji xidmət ixtisasları üzrə ali təhsilli
kadrlar hazırlanır. Bu ixtisaslardan ikisi yenidir. Məktəbəqədər
təlim və tərbiyə ixtisası üzrə iki ildir ki,
tədrisə başlanılıb. Ali təhsilli tərbiyəçilər
cəmi 3 qrupdan ibarətdir. Növbəti illərdə bu
qrupların sayının artacağı şübhə
doğurmur.
Təhsildə
sosial-psixoloji xidmət ixtisası üzrə BSU bu il ilk məzunlarını
məktəblərin ixtiyarına verəcək. Məktəb
psixoloqları zərurət hiss edilən məktəblərdə
növbəti tədris ilindən işə başlaya biləcəklər.
Hələliksə Pedaqoji fakültənin IV kurs tələbələri
3 aylıq təcrübəyə hazırlaşırlar. Fevral ayından 135 tələbə
məktəblərdə dərs deyəcək.
Fakültənin
dekanı Flora Naciyeva bildirib ki, universitetdə ən
yaxşı oxuyan tələbələr də, yüksək
balla universitetə qəbul olunanlar da Pedaqoji fakültənin tələbələridir:
“Xüsusən ibtidai sinif müəllimliyi ixtisası üzrə
məzunlarımız dərhal işə
götürülürlər. Yüksək balla universitetə
daxil olan tələbələr arasında bu fakültənin
tələbələri çoxdur. Bu siyahının ilk
sıralarında olan 545 balla Səkinə Nəcəfova
ibtidai sinif müəllimliyi ixtisası üzrə Azərbaycan
bölməsində, 539 balla Aysel Abbasova rus bölməsində
təhsil alır.
Tərcüməçilər öz
universitetindən razıdır
Fidan
Hüseynova pedaqoji fakültənin ibtidai sinif müəllimliyi
ixtisası üzrə rus bölməsində oxuyur:
“İmtahan saat 9-da başlayıb. 11.30-dək davam edəcək.
5 suala cavab verməliyəm. Suallardan ikisi praktikdir. Artıq hər
biri ilə bağlı fikrim var. Düşünürəm
ki, hamısına düzgün cavab verəcəyəm. Bu
imtahana yaxşı hazırlaşmışam. Suallar imtahandan əvvəl
bizə təqdim edilmişdi. Elə həmin suallar əsasında
hazırlaşmışıq. Bu, mənim
üçüncü imtahanımdır”.
Başqa bir imtahan zalında tərcüməçilik
ixtisası üzrə imtahan
başlayıb.
Firudin Məsimov
Tərcümə fakültəsinin Azərbaycan -rus dili tərcüməçiliyi
ixtisası üzrə təhsil alır. Hazırda
üçüncü imtahanıdır: “Əvvəlki
imtahanlarımın da nəticəsi yaxşıdır. Bu dəfə
də uğurlu olacaq”.
Semestr ərzində
oxuduğu üçün imtahan prosesinin ona ağır gəlmədiyini
deyən tələbə universitetindən razıdır: “Təhsilimiz
keyfiyyətlidir. Təhsil mühiti yaxşıdır. Normal
müəllim-tələbə münasibətləri var”.
Röya
Haqverdiyeva və Leyla Səfərovanı da universitet mühiti
tamamilə qane edir. Bakı Slavyan Universitetinin məzunu
olacaqlar. Bu, hər ikisi üçün qiymətlidir.
İndiyədək imtahanlarında bir çətinlikləri
olmayıb: “Bu imtahanımızı da uğurla verəcəyik.
Sualların hər biri ilə bağlı cavabımız
hazırdır”.
Ayxan
Arzumov Tərcümə fakültəsində ingilis dili
üzrə I kurs tələbəsidir. Artıq
üçüncü imtahanı verir. Hələlik kəsiri
də yoxdur, narazılığı da. Təhsil mühitini də
qənaətbəxş sayır.
“...hər tələbə əmin
olur ki...”
BSU-nun
auditoriyalarında sadəcə tələbələr imtahan
vermir. Bu günlərdə magistrantlar da tədris ilinin ilk
yarısında necə öyrəndiklərinin, nə
qazandıqlarının hesabatını verirlər. Universitetdə
200 nəfərdən çox magistr təhsil alır. Tələbələrdən
heç də fərqlənməyən Toğrul Ələkbərli
də magistrantdır. Azərbaycan
dili ixtisası üzrə təhsil alır. 546 balla universitetə,
105 balla magistraturaya daxil olub: “Universiteti bitirəndə hər
tələbə əmin olur ki, ölkəmizdə ən
yaxşı universitetlərdən birində təhsil alır.
İki imtahanımı uğurla vermişəm. Bu
imtahanımın da nəticəsi yaxşı olacaq”.
Operativ qərargah münaqişələri
operativ həll edir
Beynəlxalq
münasibətlər fakültəsində
regionşünaslıq ixtisası üzrə təhsil alan III
kurs tələbəsi
İbrahim Miriyev də üçüncü
imtahanını verir. Hər imtahanından uğurla
keçib. Bu gün də nəticələrinin yaxşı
olacağına ümidlidir.
Beynəlxalq
münasibətlər fakültəsinin dekanı Şirinbəy
Əliyevin sözlərinə görə, bu ixtisas üzrə
təhsil alan fərqli qruplar imtahan verir. Auditoriyada 4
bolqarşünas, 3 yunanşünas, 11 nəfər Türkiyəşünas
imtahan verir. Dekan qeyd edib ki, bu ixtisas üzrə təhsil alan tələbələr
imtahanda və ümumi fənlərdə bir yerdə təhsil
alsalar da, ixtisas fənlərində ayrılırlar.
Növbəti
auditoriyada III kurs tələbələri Dünya siyasəti fənnindən imtahan
verir. Zəhra Məmmədova xarici dillər kafedrasının
müəllimidir. Burada imtahan prosesinə nəzarət edir. Bu
ixtisas üzrə 20 tələbə imtahan verməli olsa da, 2
nəfər imtahanda iştirak etmir. 8 tələbə isə
artıq suallara cavab verib və imtahandan çıxıb. Hər
hansı münaqişəli vəziyyət yaranmayıb.
Bəs, münaqişəli vəziyyət yaranarsa, onu kim, necə həll edir? Bakı Slavyan Universitetində bu məqsədlə Operativ qərargah fəaliyyət göstərir. Yanvarın 3-də payız semestri üzrə imtahan sessiyası başlayandan bu qərargah da işə başlayıb. 13 nəfərdən təşkil edilib. Qərargahın rəhbəri, professor Habil Məmmədov tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayıb.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllim.- 2019.- 18 yanvar.- S.12.