“Məni hələ çoxlu
sınaqlar gözləyir”
Hüseyn Nağıyev: “Müəllimlərimin,
valideynlərimin ümidlərini doğrultmağıma söz
vermişəm”
Uşaq və yeniyetmələr arasında musiqiyə, rəssamlığa, idmana və başqa xüsusi istedad tələb edən sahələrə maraq çox olur. İlkin vaxtlarda bu, onlar üçün əyləncə növü kimi görünsə də illər ötdükcə əsl istedad sahiblərindəki bu kövrək duyğular sonradan onların həyat rəmzlərinə, arzularının simvoluna çevrilir və gələcək həyatlarına işıq saçır. Belə istedad sahiblərindən biri olan Hüseyin Nağıyev də həmsöhbətlərimdən biri oldu. Onunla tanışlığımız xoş bir məqamda təhsil aldığı gimnaziyada baş tutdu. Haqqında məqalə yazmaq istədiyimi biləndə çox sevindi və sanki mənimlə görüşə çoxdan hazır imiş kimi özü barədə, eləcə də yaradıcılıq sahəsində qazandığı nailiyyətlər barədə dolğun və əhatəli məlumat verdi:
Doğmadır mənə musiqi
- Musiqi sədaları altında dünyaya göz açmışam. Evimizdə hər gün eşitdiyim gözəl melodiyalar mənə ana laylası qədər əziz olub. Həmin melodiyaların ahəngi yuxularıma da bal qatıb desəm, yanılmaram. Buna görə də elə uşaqlıq illərindən musiqiyə həvəs göstərmişəm. O öz dili, öz təsir qüvvəsi olan ilahi bir qüvvədir və bu qüvvə dünyanın özü qədər onu dərk edən üçün zəngin bir dünyadır. O dünyada insan tək özünü tapmır, o dünyada insan bütün əlçatmaz, ünyetməz arzularına qovuşur, saflaşır, ülviləşir, dünyanın ən bəxtəvər bəşər övladına çevrilir, sevməyin və sevilməyin sirlərinə yiyələnməklə zirvələrdə bərq vuran arzularına qovuşur. Bəli, bu qədər əziz, bu qədər doğmadır mənə musiqi.
İlk dərs günü
Hazırda mən Azərbaycan Milli Konservatoriyasi tərkibində İncəsənət Gimnaziyasının IX sinfində təhsil alıram. Samirə Nəcəfovadan və Adıgözəl Əliyevdən kamançanın sirlərini öyrənirəm. Yaxşı yadımdadır, ilk dərs günü Samirə xanım kamança aləti haqqında mənə ümumi məlumat verdi, bu musiqi alətində ifa etməyin texnikasını səbrlə öyrətməyə başladı. Ayların necə keçdiyini belə hiss etmədim. VI sinfədək dərs əlaçısı olmuşam. Gimnaziyada keçirilən bütün tədbirlərdə iştirak edirəm.
Atam istəyirdi ki,
tar ifaçısı olum
...O, Milli Konservatoriyada tar ifaçılığı üzrə müəllim işləyir.
Çox
istəyirdi ki, tar ifaçısı
olum. Uşaq vaxtı bir
gün məni konservatoriyaya aparmışdı.
Dəhlizdə özüm
üçün gəzirdim. Musiqi səslərinin sehrinə
düşdüm, sanki
ovsunladılar bu səslər məni.
Qeyri-ixtiyari olaraq həmin melodiyanı
dinləyə-dinləyə bir auditoriyaya yaxınlaşdım
və heyranlıqla ona qulaq kəsildim.
O vaxt bu melodiyanın hansı musiqi alətindən çıxdığını bilmirdim. Sonradan öyrəndim ki, bu, kamança
alətidir.
Atam bunu bildi və bu
alətə olan məhəbbətimi azaltmadı,
əksinə mənə kamança
aləti haqqında ətraflı məlumat verdi. Həmin gündən
bu aləti sevməyə başladım. Evimiz gəlişli- gedişlidir. Atamın çoxlu
musiqiçi dostları
var. Kamançada ifa etdiyim mahnılara onlar da dəyər
verirlər.
Öz üzərimdə daha
çox çalışmalıyam
Müəllimlərim, valideynlərim dəfələrlə deyirlər
ki, öz məqsədimə çatmaq
üçün gecə-gündüz çalışmalıyam.
Düşünürəm ki, bu istiqamətdə
işlərimi davam etdirməli, bu çətin sənətin
sirlərinə daha dərindən yiyələnməliyəm. Sonradan özüm də dərk etdim ki, sən demə,
yaxşı ifaçı
olmaq üçün öz
üzərimdə daha
da çox çalışmalıyam. Azərbaycanın
musiqi tarixini, mədəniyyətini mükəmməl
bilməliyəm. Çünki zəhmətsiz
heç bir şeyə nail olmaq olmaz.
Sanki yeni bir dünyanı
kəşf edirəm
Müsabiqəyə hazırlaşarkən
8 saat, adi günlərdə isə
3 saat əsərlər çalmaqla
məşğul oluram.
İlk ifa etdiyim əsərlər F.Əmirovun “Qatar”, “Bulaq başında”, “Quşlar”
və kiçikhəcmli
əsərlər olub.
Lakin təcrübəm artdıqca
daha böyük əsərlər ifa etməyə başladım.
Onlardan biri də Hacı
Xanməmmədovun kamança
ilə simfonik orkestri üçün konsertidir. Bu əsəri ifa edərkən duyğulanmamaq
qeyri-mümkündür. Mən hər zaman bu əsəri
ifa etdikdə sanki yeni bir dünyanı kəşf edirəm, necə deyərlər, başqa bir aləmdə oluram.
Kamançada əsər ifa edərkən rahatlıq tapıram
Pərəstişkarı olduğum korifey sənətkarların ifalarını
dinləməkdən doymuram.
Ümumiyyətlə, mən
kamançada əsər
ifa edərkən mənəvi
dünyamda rahatlıq
tapır, arzularımın
qanadında pərvaz edirəm. Çalışıram
ki,
Elşən Mansurova və mərhum Ədalət Vəzirova bənzəyim,
onlara olan məhəbbətimi öz
ifalarımda yaşadım.
Bir əsəri ifa etmək, onu tam mənimsəmək
üçün yuxusuz
gecələr keçirirəm,
inadkarlıq
nümayiş etdirirəm
ki, dünənki əlçatmaz
arzularım reallaşsın.
Böyük səhnələrdə çıxış etmişəm
2017-ci ildə “İncəsənət
olimpiadası”nda, 2018-ci ildə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
olunan 3-cü respublika
müsabiqəsində I, “Testene
art Baku” beynəlxalq, Habil
Əliyevin xatirəsinə
həsr olunan gənc kamança ifaçılarının II respublika
müsabiqələrində II yerlərə, H.Xanməmmədovun
100 illiyinə həsr
olunan müsabiqədə diplomlara
layiq görülmüşəm.
Dəfələrlə Azərbaycan
Dövlət Akademik Filarmoniyasında,
Kamera və Orqan zalında və digər böyük səhnələrdə xalq
çalğı alətləri orkestri, Q.Qarayev orkestri ilə çıxış
etmişəm.
“Ömrümün istəyi”
adlı konsertim uğurla keçdi
2019-cu il mənim üçün
daha uğurlu oldu. Milli Konservatoriyada
çoxdan hazırlaşdığım
solo konsertim baş
tutdu. “Ömrümün
istəyi” adlı konsertimi
görkəmli kaman ustası, Əməkdar
artist mərhum Ədalət
Vəzirovun əziz xatirəsinə həsr etmişdim. Hazırladığım proqrama Azərbaycan
və dünya bəstəkarlarının əsərlərini
və “Şur” muğamını daxil etmişdim.
Hər dəfə
səhnəyə çıxanda
valideynlərimə söz
verirdim ki, həyəcan keçirməyəcəyəm,
elə də olurdu. Çünki onların inamlı,
güvəncli baxışları
mənə ruh verirdi, qalibiyyət əzmi bəxş edirdi. Həmin gün
təbriklər yağışına
tuş gəlirdim. Zənglərin ardı-arası kəsilmirdi. Zəhmətimin bəhrəsi göz
önündə idi.
Görkəmli ustadların qarşısında
çıxış edirdim.
Bir saat davam edən konsertimdə
uğur qazanmağımın səbəbkarı
sevimli müəllimim konsertmeystr Tünzalə Hüseynova oldu. Yeri gəlmişkən,
qeyd edim ki, gimnaziyanın direktoru Aytən Əhmədovaya da qazandığım bütün uğurlara görə təşəkkür edirəm.
Çünki diqqət
və qayğısı sayəsində
beynəlxalq müsabiqələrə
qatılırıq və
nailiyyətlərə imza
atırıq.
Humanitar fənlərə də
vaxt ayırıram
Bir neçə
kəlmə də təhsilim barədə söyləyim. Qeyd edim ki, bütün fənləri
sevirəm və qiymətlərim də yaxşıdır. Çalışqan
musiqiçi olduğuma
görə müəllimlərim
də, şagird yoldaşlarım, dostlarım da mənimlə qürur duyurlar. Açığı
mən xüsusilə humanitar
fənlərə daha
çox vaxt ayırıram, ədəbiyyatı,
tarixi çox sevirəm. Musiqi sahəsində isə
qarşıda məni
hələ çoxlu
sınaqlar, səfərlər,
festivallar, bayram tədbirləri gözləyir.
Özümə tənqidi yanaşıram
Yeri gəlmişkən, deyim ki, özümə tənqidi yanaşıram,
xoşlamadığım əsəri ifa etmirəm. Çalışıram
ki,
hər ifa ürəyimcə
olsun. Eyni zamanda kamança ilə yanaşı, aktyorluq sənətinə
də yiyələnirəm.
7 yaşımdan
Azərbaycan Gənc
Tamaşaçılar Teatrında
İlyas Əfəndiyevin
“Sarıköynəklə Valehin
nağılı” tamaşasında
Nemət, V.Şeksprin
“3-cü priyol” tamaşasında
Uels Şahzadəsi, H.Cavidin “Şeyx Sənan” tamaşasında
Coçuq obrazlarını canlandırmışam.
2017-ci ildə Azərbaycan Dövlət
Musiqili Teatrının
direktoru Əliqismət Lalayev tərəfindən dəvət
aldım və Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş tədbirdə
öz məharətimi nümayiş etdirdim. Bundan başqa,
Əli Əmirlinin və S.Bekketin əsərlərində müxtəlif
obrazları canlandırdım
və bu obrazlara görə mükafatlandırılmışam
da. 2018-ci ildə
Musiqili Teatrın təsis etdiyi “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı”
mükafatına layiq görüldüm. Telekanallarda
nümayiş olunan seriallarda və filmlərdə bir neçə rollarda oynamışam. Boş vaxtlarımda bədii qiraətlə məşğul oluram.
Dedektiv janrlara daha çox üstünlük verirəm.
Çingiz Abdullayevin,
Elxan Elatlının, Aqata Kristinin əsərlərini oxuyuram.
Tələbə adını qazanmaq
arzusundayam
Hazırda isə Beynəlxalq
müsabiqəyə hazırlaşıram.
Milli Konservatoriyaya qəbul olub tələbə adını qazanmaq arzusundayam. Musiqi bir dəryadır,
orada hərə bacardığı qədər
üzə bilər.
Müəllimlərimin, valideynlərimin
ümidlərini doğruldacağıma
söz vermişəm.
Ən çətin imtahanlarım isə hələ
qarşıdadır. Yeri gəlmişkən,
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım
həmişə biz ifaçılara
dəstək olub. Gələcəkdə gerçəkləşdirməli
olduğum planlar və arzularım çoxdur. İfamla ölkəmizi beynəlxalq
festivallarda, müsabiqələrdə
təbliğ etmək,
inanın ki, ən böyük arzumdur.
...Bəli, bir gənc istedad sahibinin həyat tarixçəsi ilə tanışlığa da bu yerdə nöqtə qoyuruq. Onun yaradıcılıq
yolu barədə isə şübhəsiz
gələcəkdə hələ
çoxlu məqalələr
yazılacaq, korifey sənətkarların qiymətli rəyləri ilə tanış olacağıq.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2019.-
25 yanvar.- S.14.