“Mütləq
özünüzü təftiş edin”
Əməkdar müəllim Cəmilə
Ramazanova: “Valideynlərin məktəblə əməkdaşlıq
etmələrini istəyirəm”
Bəzən baxırsan, xeyli yaşı var,
uzun həyat yaşayıb, amma bir xatirəsi yox,
hadisəsi yox. Adama
darıxdırıcı gəlir həyatını belə
boz yaşayanlarla ünsiyyət. Bir də insan
görürsən, xatirələrindən, həyatından
kitab yazar, əgər istəsə. Bugünkü
həmsöhbətimiz müəllim olmaqla yanaşı, xatirəsi
və hekayətləri bol olan biridir. “Məktəb illəri”
rubrikasında sizə
Əməkdar müəllim, 27 nömrəli tam
orta məktəbin direktoru Cəmilə Ramazanova ilə
söhbəti təqdim edirik.
Lahıcdakı məktəb…
İsmayıllıda ziyalı ailəsində anadan
olmuşam. Atam müəllim, anam evdar qadın idi. İlk dəfə məktəbə Lahıcda
getmişəm. Atam Lahıc məktəbində
həm kimya-biologiyadan dərs keçirdi, həm də məktəbdə
direktor müavini idi. Məktəbimizdən
danışanda hələ də o günlər yadıma
düşür. O qədər gözəl təbiət
mənzərəsi var idi ki, gəl görəsən. Sinifdə 24 uşaq idik. Amma təəssüf
ki, mən Lahıcda beşinci sinfə qədər oxuya bildim.
Sonra İsmayıllıda rayon mərkəzinə
köçməli olduq. Yenə də
atamın təyinatı ilə əlaqədar.
Atamın məktəbi…
Rayon məktəbi mənə qəribə gəlirdi,
düzdür, mənim üçün valideynlərim
bütün şəraiti yaradırdı, amma yenə də
alışana qədər qəribə oldum. Atam məktəbin
direktor müavini idi. O üzdən istəmirdi ki, kimsə
onun övladlarına rəhbərlikdə olan adamın
qızı kimi yanaşsın. Bizə də belə
olmağı qadağan eləmişdi. O üzdən
oxumadığımız bir dərs, yazmadığımız
bir tapşırıq ola bilməzdi. Bilirdik ki, atamın ürəyincə olmaz və bizdən
inciyər. Bircə onu deyə bilərəm ki, bəlkə başqa
məktəbdə oxusaydıq, bu qədər savadlı
olmazdıq. Atamın məktəbində olmaq
böyük məsuliyyət idi. O, müəllimlərə
də bərk-bərk tapşırmışdı ki, sinifdə,
məktəbdə onun övladlarına hamıdan tələbkar
yanaşsınlar. Uşaq üçün bu
çox çətindir, bəlkə də anlaşılan
deyil. Amma bu gündən baxanda deyirəm,
elə nə yaxşı ki, müəllimlərimiz bizi
sıxdıqca sıxıb.
İndi belə deyil…
İndi məni
ağrıdan bir şey var. Bilirsinizmi, müəllim məktəbdə
uşağa bir az artıq tələbkarlıq
edəndə uşaq şikayətlənən kimi valideyn məktəbə
gəlir və narazılıq edir. İndi bir
çox valideynə izah etmək olmur ki, belə etmək olmaz.
Uşağa görə məktəbin
qarşısına çıxmaq düzgün deyil. Bu, müəllimlə
uşağın arasından pərdəni götürür və
uşaq elə hesab edir ki, müəllim ondan ya qorxur, ya
çəkinir. Bu da təbii olaraq tədrisin
səviyyəsini aşağı edir. Bu mənada
mən valideynlərin təmkinli olmağını və məktəblə
əməkdaşlıq etmələrini istəyirəm.
Şükürlər olsun ki, biz bu və bir çox digər
məsələlərdə valideynlərlə anlaşa bilən
məktəblərdənik. Amma hər ərazidə
kontingent belə deyil. Buna çox diqqət
edilməsinə böyük ehtiyac var.
Məni çox danlamırdılar…
Maraqlı olanı budur ki, özüm məktəbdə
oxuduğum illərdə tələbkarlıq o qədər
yüksək idi ki, bəzən elə bilirdim bacarmaram. Ancaq
bacarırdım. Bəlkə də
inanmayacaqsınız, o qədər sakit uşaq idim, məni
danlamağa səbəb olmurdu heç vaxt. Bircə səbəb
bu ola bilərdi ki, niyə bu qədər
sakitəm, vəssalam…
Üç qardaş, dörd
bacı…
Ailəmiz çoxuşaqlı idi. Üç
qardaşım, üç də bacım vardı. Yeddi uşaq idik. Atam Hacıalı Mazanov təhsildəki
xidmətlərinə görə respublikanın Əməkdar
müəllimi fəxri adına layiq
görüldü. İndi İsmayıllı
rayon rəhbərliyi onun anadan olmasının yüz illiyi ilə
bağlı tədbirə hazırlaşır. Biz dörd qız hamımız müəllim olduq.
İki qardaşım həkimdir, biri özəl
sektordadır. Bacı və qardaşlar
arasında baxmayaraq ki, ən sakitləri mən idim, hər
hansı məsələni müzakirə etməyə mənim
üstümə qaçırdılar. Bu
həmişə belə olub, elə indi də bu cür davam
edir. Baxmayaraq ki, hamısının öz
işi, özünə görə nüfuzu və çevrəsi
var. Yəqin bu bizim uşaqlıq adətimizdir. Mütləq görüşüb dərdləşməli,
məsləhətləşməliyik. Özləri də
bilir ki, hər an əziyyətlərini
çəkməyə hazıram. Mən bunu bir
ömürboyu həmişə özümə borc bilmişəm,
belə də biləcəyəm. Lap onlar
bunu bilməsə də.
ANAm…
Atam haqda danışdım, anamı demədim. Zərnamə
xanım orta təhsilini bitirib ailə qurmuş bir azərbaycanlı
xanım idi. Mən hərdən
düşünürdüm ki, ail təhsili olmayan adam hər şey haqda bu qədər savadlı
və bacarıqlı danışmağı, davranmağı
necə öyrənib? Kim başa salıb ona bizə
öyrətdiklərini? İnanmazsınız,
qohumlar arasında son dərəcə böyük hörməti
var idi. Hər kəs məsləhətə
onun üstünə qaçırdı. Bəzən
də zarafata salıb ona professor deyərdilər. Bütün elmlərdən xəbərdar və son
dərəcə gözəl qadın idi. Qız
övladı olaraq həmişə bizə bir nəsihəti
olardı ki, zərif gülün. Bunu mən
də həmişə evdə və məktəbdə hər
kəsə tövsiyə etmişəm. Bərkdən
gülməyin, danışmayın, bu, bir qızı, qadını
zərif və
ədəbli edən keyfiyyətdir. Susmaq
lazım gələn yerdə danışmayın.
Çox susuram…
Anamdan qalma keyfiyyətdir, daha çox susmağı
öyrədib bizə. Mən indi bəzən baxıram ki,
çox susuram. Bəzən susmağım
həyatda mənə mane olub. Bəzən
olub ki, susub yanımdakı adama
pıçıldamışam demək istədiyimi. O
qalxıb mənim sözlərimi öz sözü kimi
danışıb və alqışlanıb. Sonra
da rahatca dönüb yanımda oturub. Mən
o halda belə susmuşam və gülümsəmişəm.
Bilirsinizmi niyə? Gecikdiyimi
anlamışam və bir az da özümə
qəzəblənmişəm, həm də demişəm
özümə ki, “zəhmət çəkib
danışardın, pıçıldamazdın”. Beləcə yola verməyi öyrənmişəm həyatdan.
Amma hər şeydə yox, mümkün olan
şeylərdə insanları yola vermək lazımdır.
Artıq söhbətlər dəyərli
zamanı aparmasın deyə. İtirmədiyim
zamanlarda şagirdlərimlə məşğul olmuşam,
kitablarımı yazmışam.
Hərdən şeir yazıram…
Hərdən elə şeylər olur ki, baxırsan
için dolub, ruhun ağrayır, ya da sevinclisən, bunu elə-belə
sözlə ifadə eləyə bilmirsən. İfadə
eləyə bilmədiyimiz hər şey mənim
üçün şeirdir. Bir kitab
halına salacaq qədər şeirim var. Dostlar deyirlər ki,
çap etdir. Mən niyəsə hələlik
istəmirəm. Deyirəm qoy bir zamanı
olsun.
Qoyun sizə ilk şeirimi nə zaman
yazdığımı deyim. Deməli, səkkizinci
sinifdə oxuyurdum. 26 Bakı komissarı haqda şeiri əzbərlədikdən,
onunla tanış olduqdan sonra mən – sovet
məktəblisi iki misra yazdım, həm də ilk dəfə…
Vanya,
Çaparidze, cəsur Şaumyan
Canların
verdilər vətənə qurban…
Çox sonralar anlayacaqdım ki, əslində, onlar nə
qədər canlarımızın bizdən alınmasına səbəb
olub. İndi məktəbimizdə şagirdlərin vətənpərvər
yetişməsi, bizim dövrümüzdə olduğu kimi
qapalı yetişdirilməməsi üçün əlimizdən
gələnləri edirik. Qəhrəmanlarımız,
ədəbiyyatımız, dinimiz, musiqimizi yaxşı mənimsəməsələr,
uşaqlardan vətənpərvər vətəndaş olmaz.
Bu, gələcəkdə bizə ziyanlı ola
bilər. Biz uşaqları faydalı
yetişdirməliyik. Sizə deyim ki, hər
şey məktəbdən, müəllimdən elə evdə
valideyndən olduğu qədər asılıdır. Uşaqlarımız dövlətçilik, dövlət,
bizi sevənlər, sevməyənlər haqda dəqiq bilməyə
son dərəcə maraqlıdırlar.
Bizim məktəb beynəlmiləl məktəbdir, fərqli
millətlərin uşaqları burada təhsil alır. Biz qeyri-azərbaycanlıları
da vətənpərvər yetişdirməyə
çalışırıq. Bunun bir yolu
rus bölmələrində Azərbaycan dili fənninin
yüksək tədris olunması ilə həll olunur. Nə zaman istəsəniz gəlin, baxın və
görün. Bizdə rus bölməsində
oxuyan uşaqlar çox gözəl danışırlar Azərbaycan
dilində. Üstəlik, adət-ənənələrimizi,
mətbəximizi də bacardığımız qədər
öyrədirik onlara.
QEYD: Cəmilə
müəllim danışdıqca bir məsələni düşünürdüm.
O, ixtisasca bioloqdur, yəni dəqiq elmin tədrisi ilə məşğuldur.
Üstəlik, şeir yazır. Hətta kitab olacaq həcmdə şeirləri var.
Şeirsə göylərlə “döyüşmək”dir. Bu
ikisini bir araya necə gətirib görəsən? Bir də
gördüm ki, bu düşüncə həm də suala
çevrilib və o gülümyəsə-gülümsəyə
həəə….yaman sual oldu bu deyir…
Müəllimimə və atama
görə…
Bir ədəbiyyat müəllimim vardı orta məktəbdə
oxuyanda – Yusif Xürrəm. Gözəl şair
idi. Şeir, ədəbiyyat
haqda elə danışırdı ki, adam
doğrudan da yazmaq istəyirdi. İndi uşaqlar
da, valideynlər də bezir tapşırıqlardan. Amma o zaman da bizim çoxlu
tapşırıqlarımız olurdu. Yusif
müəllim bizi tapşırıqlarla son dərəcə
yükləyərdi. Müxtəlif səviyyəli
tapşırıqlar olurdu. Mən
onların hamısına əməl etməyə
çalışırdım. Bütün
klassikləri oxuyurdum. İndi də mütaliəyə meyilli
adamam.Ümumiyyətlə, düşünürəm ki,
mütaliə insanı zəngin edən çox gözəl
vasitədir. Uşaqları mütaliəyə
vərdiş etdirmək lazımdır, hətta vacibdir.
Müəllim olanda vəzifə yox
idi…
Çox adam vəzifədə olandan sonra dərs saatlarından
imtina edir. Bilirsinizmi, mən müəllim olanda
nə vəzifə vardı, nə tanınmışdıq, nə
də çevrə. Bunların
hamısını mənə peşəm qazandırdı,
müəllimlik. O üzdən mən peşəmə
heç zaman xəyanət etmədim, həm də onu
unutmadım. Bir neçə saat dərsim var. Həmin
saatda hər şeydən uzaqlaşıb sırf müəllim
oluram. Bildiklərimi daha asan yolla
uşaqlara çatdırmaq istəyirəm. Deyim ki,
müəllim kimi formalaşmağım üçün
zamanında Bakı şəhərində adla tanınan
bütün müəllimlərin metodları ilə tanış olmaq üçün məktəbləri
bir-bir gəzirdim. Sonra ən yaxşı fənn
müəllimi, ən yaxşı sinif otağı, ən
yaxşı tədris üsulu və sair kimi bir neçə
müsabiqəyə qatıldım. Onda həmkarların
bir çoxu mənə deyirdi ki, nəyə gərəkdir bu
qədər iş görmək və müsabiqəyə getmək.
Sonra mükafatlar alanda deyirdim ki, bax buna görə.
Gərək insanlara və peşənə,
özünə faydalı və sədaqətli olmaq
üçün həmişə işləyəsən.
Direktor təyin olunana qədər demək olar ki, hər il bir neçə müsabiqədə
iştirak edirdim…
Müəllimlər müəllimi…
Heydər
Əliyev adına sarayda böyük bir tədbir
keçirilirdi. Orda bir neçə müəllim
kimi mən də çıxış etməli idim. Etdim də. Məncə uğurlu
çıxış alınmışdı. Sözün düzü, bu prosesin davamı
olduğunu bilmirdim. Sən demə, orada
çıxış edənlər arasından bir nəfər
müəllimlər müəllimi statusu üçün təqdim
edilib, seçilməliymiş. Qırx min
müəllimin iştirak etdiyi tədbirdə, onlarla
nüfuzlu müəllimin arasında mənim müəllimlər
müəllimi seçilməyimi elan edəndə donub
qalmışdım. Bu çox
böyük etimad idi. Adımı
çağıranda da qulağıma inanmırdım. Bu ada və mükafatlara görə dövlətimə
həmişə minnətdaram.
Kimsə unutmasın ki, yaxşı işin, çəkilən
zəhmətin nə zamansa mütləq
qarşılığı var. Yoxdur deyə bir şey yoxdur. Sadəcə
zamanı gözləmək lazımdır. Məsələn, bu günə qədər mən
bir dəfə də olsun işdən qalmamışam, ən
çətin anda belə işim birinci olub mənim
üçün. Bir dəfə çox xəstə
halda işə gəlmişdim, hərarətim qırx bir idi.
Nə qədər dur get dincəl dedilər, dedim yox. Mən işimə bağlıyam, indi dostların bəzisi
deyir ki, sən təkcə müəllim yox, təhsil fədaisisən
həm də. Mən bununla fəxr edirəm.
Əməkdar müəllim…
Bu qədər
titul, mükafat və sairdən sonra dedim sadəcə işləməyə
davam. Onda da nazirlik və dövlətim məni
məətəl qoydu. Əvvəldən
avtobioqrafik məlumatları almışdılar. Bir gün zəng gəldi ki, televizoru aç və
dinlə. Sakitcə televizoru açıb
qarşısında əyləşdim. Gördüm
cənab Prezidentin imzaladığı sərəncamın
siyahısı oxunur. Mən bu dəfə
Əməkdar müəllim fəxri adını
almışam. Çox kövrək və
sevinc dolu anlar yaşadım. Hərdən
düşünürəm ki, peşəni sevdiyin qədər
gərək ki, peşən də səni sevə. Mənim şansım bundadır, mən peşəmi
sevdiyim qədər, peşəm tərəfindən də
sevilmişəm.
29-da yeni direktor…
Bu qədər işləməyin, təbii ki, bir nəticəsi
olacaqdı. Günlərin birində məni nazirliyə
çağırıb təqdimatımı etdilər. Bildirdilər ki, 29 nömrəli məktəbə direktor
təyin olunuram. Məktəbin texniki durumu
son dərəcə pis idi. Zəlzələdən
sonra çox ağır vəziyyət yaranmışdı məktəbdə.
Düzü, hərdən deyirdim ki, nahaq
razılaşdım. Sonda da düşündüm ki, mənə
həyat və tanrı bu boyda şərəfli iş
tapşırıb, niyə də etməyim. İnanmazsınız,
bütün əlimdə olan şəxsi vəsaitimi də cəlb
edib, məktəbi çox yaxşı təmir etdirdim.
Doğrusu, kimsə inanmırdı buna nail
ola bilərəm. Ancaq belə vəziyyət
yarandı ki, o məktəb mənim evimdən çox uzaqda
yerləşirdi. Gedib-gəlmək çətinlik
yaradırdı hər gün. O üzdən bütün
işləri qaydasına salandan sonra nazirliyə müraciət
etdim ki, məni başqa işə keçirsinlər. Kimsə inanmırdı, bu qədər əziyyət
çəkib, qurub-yaratdığım yerdə qalıb
işləmək istəmirdim. Amma sağ olsunlar imtina
etmədilər, mən sadəcə müəllim kimi davam etmək
niyyətində idim, onlar 27 nömrəli məktəbə
direktor göndərdilər. Beləcə, düz on beş ildir burda fəaliyyət göstərirəm.
Paralel olaraq tədris metodikası ilə
bağlı bir neçə kitabın müəllifiyəm.
Əfv Komissiyasının müəllimi…
2001-ci ildə daha bir uğuruma sevindim. Əfv
Komissiyasının tərkibində ixtisasca pedaqoq olan bir nəfər
lazım idi. Rəsmi olaraq nazirlikdən bir
nəfərin namizədliyini istəmişdilər. Nazirlik də mənə etimad göstərmişdi.
Bu da mənə sürpriz oldu düzü.
Və o ildən bu yana dövlətin növbəti
etimadını doğrultmağa çalışıram,
Əfv Komissiyasında fəaliyyət göstərməklə.
Komissiyanın tərkibini bu günə qədər
üç dəfə dəyişdiriblər, amma mənə
yenidən etimad göstərilib.
QEYD:
Maraqlıdır, Əfv Komissiyasında onlarla adamın
işini, cinayətini müzakirə edən müəllim,
qadın, insanın özünü əfv etməklə
arası necədir?
Günahı özümdə görürəm həmişə. Bilirsiniz,
hansısa xoş olmayan bir vəziyyət yaranıbsa, mütləq
özünüzü təftiş edin. Görün
harada nəyi düzgün etmədiniz ki, sizə ziyanı dəydi.
Yəni, əfv etməyi bacarmaq lazımdır həmişə.
Bu, böyüklükdür, bir də öz səhvini
təkrarlamamağa cəhddir.
SON: Sizi bilmirəm, mən yaxşı adam görəndə sevinirəm. Hələ ki, o adam müəllim ola. Həyatının qırx ildən çoxunu bacardığı qədər faydalı işlə məşğul ola. Cəmilə müəllim ilə söhbətin sonunda düşündüm ki, ondan gənc nəsil həmkarlarının öyrənəcəyi xeyli şey var. Həm peşəsi, həm də insani keyfiyyətləri ilə bağlı.
Jalə
MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2019.-
25 yanvar.- S.13.