“SABAH sabahımız üçün
əla fürsətlər verdi”
Macarıstanın
Korvinus Universitetinin tələbəsi Rəsul Musayev:
“Avropanın istənilən universitetində keyfiyyətli təhsil
almaq mümkündür”
Dünyanın nüfuzlu universitetlərində təhsil alan və öz uğur hekayələrini yazan gənclərimiz kifayət qədərdir. Onların hər biri ilə söhbətləşəndə tələbələrimizin dünyagörüşünün, elmi potensialının, bilik səviyyəsinin nə qədər yüksək olmasına şahid oluruq. Dəyişən dünyanın tələbləri gənclərimizin də motivasiyasını gücləndirir və onları elmin ən yüksək zirvələrinə doğru inamla addımlamağa səfərbər edir. Budəfəki söhbətimiz belə gənclərdən biri, hazırda Macarıstanın Budapeşt Korvinus Universitetində təhsil alan Rəsul Musayevlə redaksiyamızda baş tutdu.
Tanıtım.
1997-ci ildə Bakıda anadan olub. 2014-cü ildə
Bakıdakı 110 nömrəli tam orta məktəbdən məzun
olub. Elə həmin ildə Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul
olunub. Sonra Təhsil Nazirliyinin SABAH layihəsi çərçivəsində
ali təhsilini II kursdan UNEC-də davam etdirib. III kursdan bakalavr
təhsilini Avropa Birliyinin maliyyələşdirdiyi
“Erazmus+” mübadilə
proqramı çərçivəsində Böyük
Britaniyanın Lester Universitetində davam etdirib. Hazırda
Macarıstan hökumətinin təqaüd proqramı vasitəsilə
bu ölkənin Budapeşt Korvinus Universitetində “Marketinq”
ixtisası üzrə magistratura təhsili alır.
- Siz SABAH
qrupunda təhsil almısınız. SABAH sizə nə verdi?
- İlk
növbədə qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü
ilə yaradılan SABAH
qrupları ölkəmizin təhsil sistemində həyata
keçirilən innovativ layihə kimi çox əhəmiyyətlidir.
SABAH qruplarının həm tələbələri, həm də
onlara dərs deyən müəllimlər seçim əsasında
müəyyən olunur. Bizim müəllimlərimizin də əksəriyyəti
ali təhsillərini xaricdə
alıb, öz ixtisasları üzrə xarici şirkətlərdə
çalışıblar. Bundan başqa, təhsilimiz də
ingilisdilli təhsildir. Bildiyiniz kimi, hazırda bir çox tələbə
magistr təhsilini xaricdə almağı
planlaşdırır. Məhz həmin tələbələr
üçün SABAH bir hazırlıq mərhələsidir.
Mən
özüm də bunu görmüşəm ki, bakalavr təhsilini
Azərbaycan dilində alanlar xaricə gedəndə çox əziyyət
çəkirlər. Çünki biri var, məsələn,
gündəlik danışıq üçün ingilis dilini
öyrənirsiniz, bu, asan məsələdir. Ancaq akademik dili
qavramaq üçün qısa bir müddət kifayət etmir, gərək o
ixtisası əvvəlcədən ingilis dilində oxuyasınız. Təhsilimizi
ingilis dilində almağımız bizim üçün
üstünlük oldu.
Təhsil
Nazirliyi SABAH tələbələri üçün bir
çox əlavə şanslar da yaradırdı. Əslində,
sırf SABAH tələbələri üçün bir
çox yerli şirkətlərin xüsusi təqaüd, təcrübə
proqramları olurdu. Biz SABAH tələbəsi olaraq bu
imkanlardan maksimun yararlana bilirdik. Məsələn, yay
aylarında SABAH tələbələri üçün
Londonda təcrübə proqramlarının təşkil
olunmasını qeyd etmək olar.
Bütövlükdə
götürdükdə, SABAH bizim üçün uğurlu
karyeranın başlanğıcı oldu. Çünki təkcə
SABAH çərçivəsində qazandığım əhatə,
biliklər vasitəsilə özümü nə qədər
inkişaf etdirə bildiyimi düşünürəm. Mənim
təhsil haqqında düşüncələrimdən biri
ideya və təşəbbüslərin cəmləşdiyi,
universitet həyatının bizə
verdiyi mühitdir. Savadlı tələbələrin bir yerə
yığışması bizim üçün çox
müsbət oldu. Deyə bilərəm ki, SABAH sabahımız
üçün əla fürsətlər verdi.
-
SABAHın müəllimləri barədə nə deyə bilərsiniz?
- Müəllimlərimiz
xaricdə təhsil almış mütəxəssislər
olduqları üçün orada gördükləri
metodikanı öz dərslərində tətbiq etməyə
çalışırdılar. Məsələn, xaricdəki
təhsil sistemində diskussiyalar vasitəsilə tələbələrin
öz fikirlərinə çox önəm verilir. Daha
çox interaktiv dərslər keçilir. Bütün
bunları xaricdə təhsil almış müəllimlərimizdən
daha çox görürük.
-
“Erazmus+” proqramı sizə nə verdi?
- Bu
proqram Avropa Birliyi tərəfindən maliyyələşdirilir
və bir neçə istiqaməti var. Məsələn, elə
istiqamətlər var ki, sırf magistr proqramlarını maliyyələşdirir.
Bundan əlavə, qısamüddətli, deyək ki, ikihəftəlik
treninqlər də təklif edir. Bunun bir qolu da universitetlərarası
əməkdaşlılq səviyyəsində olur. Məsələn,
bizim UNEC-in Böyük Britaniyanın Lester Universiteti ilə bu
sahədə müqaviləsi var. Bu, “Erasmus Mundus” layihəsi vasitəsilə maliyyələşdirmədir.
Bu layihə çərçivəsində hər il bizdən
azı 3 tələbə gedib orada bir semestrlik təhsil ala bilər.
Səhv etmirəmsə, dövlət universitetləri içərisində
ilk dəfədir ki, UNEC-də Birləşmiş
Krallığın bir universiteti vasitəsilə “Erazmus”
müqaviləsi imzalanıb. Həmin müqavilədən
yararlanan ilk tələbələr də biz olduq - mən və
daha iki tələbə. Kifayət qədər gözəl
bir təcrübə oldu. Həm
gözəl təhsil ala bildik, həm də yeni mədəniyyətlərlə
tanış olduq.
- Xaricdə
təhsil üçün Avropanı seçməyiniz
hansı amillərlə bağlı idi?
- İlk
növbədə ixtisasıma görə. Mən marketinq
üzrə təhsil alıram. Əslində isə rəqəmsal
marketinqə daha çox marağım var. Rəqəmsal
marketinq də klassik marketinqlə müasir innovasiyaların
qovuşduğu bir yerdədir. Buna görə də mən
daha innovativ bir ölkədə təhsil almaq istəyirdim. Təbii
ki, Avropa ölkələri bu sahədə öndədirlər.
İkinci səbəb də o idi ki, təhsil dövründə
bir sıra təcrübə keçmək şansı əldə
edirdim. Əvvəlki xaricdə təhsil təcrübəmdə
belə bir imkan yox idi. Çünki qısamüddətli
mübadilə proqramında iştirak edirdim. İngiltərə
qanunvericiliyi xarici tələbələrin işləməsinə
onsuz da icazə vermir. Ancaq Macarıstanda işləmək
şansı da var. Birinci semestrdə, düzdür, daha
çox dərslərə adaptasiya olunmağım zaman
aldı. Ancaq digər semestrlərdən həm oxuyaraq, həm
də işləyərək ixtisasımı daha da təkmilləşdirmək
fürsətim yaranır. Mənim üçün ən
mühüm motivasiyalardan biri, deyərdim ki, məhz budur. Çünki Macarıstan
müxtəlif şirkətlərin filiallarının yerləşdiyi
ölkədir. Xüsusilə də paytaxt Budapeşt şəhəri.
Bu şirkətlərdə keçdiyim qısamüddətli
təcrübələrin belə gələcək karyeramda
böyük töhfəsi ola bilər.
- Britaniya
və Macarıstan təhsil sistemi arasında müəyyən
müqayisələr apara bilərsinizmi?
-
Macarıstanla bağlı ortaq keçmişimiz
olmağına rəğmən deyə bilərəm ki,
burada büroktariya daha çox
özünü göstərir. İngiltərədə təhsil
alanda mən tələbələrə daha çox sərbəstlik
verildiyini gördüm. Məsələn, Azərbaycanda tələbələrin
ən çox narazı olduğu hal davamiyyətə
üstünlük verilməsidir. Bu yanaşma deyərdim
ki, Macarıstanda daha sərtdir.
Azərbaycanda
qayıb limiti, məsələn, 9 dərsdirsə,
Macarıstanda 3-dür. Yəni 3 dərsdən artıq buraxa
bilmərik. Bir tərəfdən, bu, müsbət haldır.
Digər tərəfdən də, məsələn, bəzi fənlər
var ki, mən onu evdə oturub mütaliə yolu ilə öyrənməyə
çalışsam, daha faydalı olacaq, nəinki müəllimin
mühazirəsini dinləyərək. Ancaq bu imkan bizə
verilmir. O cəhətdən Macarıstanın belə bir mənfi
cəhəti var.
Ancaq
Lester Universitetində həftələrlə dərsə girməyə
bilərsən. Universitet tərəfindən tələbəyə
email göndərilir ki, siz nəyə görə dərsə
gəlməmisiniz, nəsə bir problem var? Yəni, tələbələrlə
maraqlanırlar. Sadəcə olaraq bir məcburiyyət
yoxdur. Digər tərəfdən,
mən həmişə bunu da deyirəm ki, tələbələri
müəyyən dərəcədə tədqiqatlar
aparmağa təşviq edən imkanlar var. Bu, hər iki
ölkədə çox müsbət cəhətdir.
Düzdür, Britaniyada tələbələr
üçün daha böyük
infrastuktur yaradılıb.
Məsələn, kitabxana üçün 3 mərtəbəli
bina var, o binanı görəndə insan istər-istəməz həvəslənir, oxumağa
motivasiya güclü olur. İngiltərədəki kimi olmasa
da, Macarıstanda da bu fürsət yaradılır. Təhsildə
inkişaf fərqi nisbətən də olsa özünü
göstərir. Böyük Britaniya ingilisdilli ölkə olduğundan
beynəlxalq tələbələr üçün daha
uyğundur, orada ingilisdilli
materialları tapmaq daha asandır. Macarıstanda isə bu sahədə
nisbətən çətinliklərimiz olur. Materialların
yarıdan çoxu sırf macar dilindədir, baxmayaraq ki,
universitet ingilis dilində tədris verir.
- Ali təhsilinizdə
hansı innovasiyaları müəllimlərdən ala
bilirsiniz?
- Belə
deyək, Britaniyada bunun daha yaxşı nümunələrini,
məsələn, tədris prosesində onlayn dərslərin
effektivliyini görürdük. Düzdür, bu praktika
Macarıstanda da var. Britaniya təhsil sistemində belə bir təcrübə
mövcuddur ki, bir çox dərsləri tələbələr
könüllü şəkildə götürürlər. Bəzən
olur ki, bir müəllimin dərsinə həddindən
çox tələbə qatılmaq istəyir. Belə olanda rəhbərlik
nə edir? İki mühazirə zalı ayırır. Birində
müəllim canlı danışır, o birində isə
böyük bir ekran vasitəsilə birbaşa bağlantı
olur. Bundan başqa, davamiyyətin
yoxlanılması kart vasitəsilədir. Ümumiyyətlə,
İngiltərədə kart vasitəsilə kitabxanadan istifadə
edə bilirdik. Bundan başqa, kitabların surətlərini də
kartla çıxarmaq mümkün idi. Karta balans yüklənir
və materiallar “kserokopiya” olunur. Yəni, hər şey
sırf bir tələbə kartı vasitəsilə olur.
Macarıstanda isə davamiyyət hələ də qələm
vasitəsilədir. Yəni, bu sahədə geridə qalır.
Ancaq İngiltərə ali təhsili ən üstün səviyyəyə
çatmış ölkələrdən biridir.
- Təhsilimizdə
hansı müsbət məqamları görmək istərdiniz?
-
Ümumiyyətlə, istərdim ki, ali məktəblərimizdə
xaricdə təhsil almış savadlı müəllimlərin
sözləri, məsləhətləri daha çox dinlənilsin.
Bizim SABAH qruplarında xaricdə təhsil almış müəllimlərimiz
vardı, onlar öz metodikalarını tətbiq etmək istəyirdilər,
lakin bəzən metodikalarla bağlı müəyyən
limitlər yaranırdı.
Xaricdə
təhsil sistemində necədir? Əvvəlcədən
müəllim tələbələrə sillabus təqdim edəndə
deyirdi ki, tutaq ki, mən davamiyyət yoxlamaq istəmirəm, il
ərzində cəmi bir kurs işi verəcəyəm, həmin
kurs işi vasitəsi ilə sizin 70 faiz biliyiniz məlum olacaq.
30 faiz də, deyək ki, seminarda aktivliyiniz əsasında
formalaşacaq. Bizim müəllimlər xaricdə təhsil aldıqları
üçün ona oxşar bir sistem qurmaq, bizi 100 faizlik kurs
işi ilə dəyərləndirmək istəyirdilər.
Bu, o deməkdir ki, mənim fənnimə bu tələbə
necə hazırlaşıb. Çünki siz imtahanlardan və
yaxud 10 sərbəst işdən bir şey əldə edə
bilməyəcəksiniz. Lakin bu şərait
yaradılmırdı. Bəzi dərslər üçün
imtahan doğrudan lazım ola bilər. Amma ölkəmizdə
müəllimlər üçün şərait
yaradılmalıdır ki, öz metodikalarını tətbiq
etsinlər. Müəllimlər təhsilimizi necə
inkişaf etdirmək lazım olduğunu daha yaxşı bilirlər.
Xaricdə təhsil almış müəllimlərin təklifləri
də nəzərə alınsa, kifayət qədər
uğur əldə edə bilərik. Bizdə kifayət qədər
təcrübəli müəllimlər var, onlar yenilikləri
daha yaxşı bilirlər.
- Müəllimlərinizi
necə xarakterizə edə bilərsiniz?
- Mənim
qənaətim belədir ki, bütün universitetlərdə
heç də hər müəllimin yüksək səviyyədə
dərs keçdiyini söyləmək çətindir.
Avropadakı top universitetlərin müəllimləri barədə
də bunu demək olar. Yəni hər universitetdə yüksək
səviyyədə dərs keçənlər, dərsi tələbələrə
maraqlı etməyə çalışanlar var. Elə müəllimlər
də var ki, bunun tam əleyhinə,
dərsə sırf öz məsuliyyəti kimi baxır, yəni
bu işi görüm, tez də evə gedim. Belə müəllimlər
oxuduğum universitetdə də kifayət qədərdir. Sadəcə
olaraq infrastrukturu daha yaxşı olan universitetdə yaxşı
müəllimlər daha çoxdur.
Müəllimlərimiz
var ki, onlar üçün davamiyyət önəmli deyil,
deyirlər ki, tələbələrin sırf öyrənməsi
lazımdır. Məsələn, marketinq və menecment müəllimimiz
var idi ki, dərsdə bizə
yalnız öz keçmiş təcrübələrindən
danışırdı: yəni təcrübə
aldığı ölkələrdə, şirkətlərdə
hansı situasiyalarla qarşılaşıb. Bunu ona görə
danışırdı ki, tələbələrə bir
şey çatdıra bilsin.
Onun
üçün davamiyyət məcburi olmadığına
görə çox adam dərsə gəlmirdi, ancaq bununla belə,
müəllim öz dərslərini davam etdirirdi. Elə
müəllimlər də var
ki, işi davamiyyəti yoxlamaqdan və yaxud qiymət
yazmaqdan ibarət idi. Həmin
müəllimin dərsində tələbələr daha həvəssiz
olur. Azərbaycanda deyərdim ki, oxşar fənni daha yüksək
səviyyədə tədris edən müəllimlər var,
hansı ki, o dərsləri mən SABAH qrupunda olarkən
almışam. Müəllimdən müəllimə fərq
var, lakin keyfiyyət Macarıstanda daha yüksəkdir.
- Tələbələrimiz
xaricdə universitet seçərkən nələrə diqqət
etməlidir?
- Bizdə
belə hallar var ki, hansı ölkədə təhsil
almağa imkanı çatırsa və yaxud təqaüdlərə
müraciət edə bilirsə, bu ölkələrə
üz tutmağa çalışırlar. Xarici universitetlərə
müraciət qaydaları çox mürəkkəbdir, bəzilərinin
bu prosedur barədə bilikləri olmur. Ona görə də xaricdə
istədikləri keyfiyyətdə təhsil ala bilmirlər.
Buna görə də biz xaricdə təhsil almaq
üçün gənclərimizə kömək etmək məqsədilə
layihə işlədik. İndi gənclərin ən çox
üz tutduğu ölkələrdən biri İtaliya, digəri
isə Estoniyadır. Bir insan
innovativ sahələr üzrə təhsil almaq istəyirsə,
təbii ki, Estoniya onun üçün ən yaxşı
ölkədir, düzdür, Almaniya da ayrı bir
dünyadır. Ancaq Estoniya maliyyə cəhətdən onlara
üstünlük gətirəcək. Həm də təhsilin
keyfiyyəti kifayət qədər yüksəkdir. Macarıstanda mənim təhsil aldığım
universitet iqtisadiyyat və biznes yönümlü ixtisas üzrə
üstün olsa da, İT sahəsində geridədir. Ona
görə də maddi imkan kifayət qədər olarsa, digər
ölkələrə getmələri məsləhətdir.
Müşahidə etdiyim digər bir məsələ odur ki,
son vaxtlar gənclər əsasən
təhsilin maliyyə tərəfi ilə maraqlanırlar,
keyfiyyətli təhsil isə yaddan çıxır. Təəssüf
ki, vəziyyət belədir, ancaq bu da qınanılası
deyil. Ona görə də ixtisasından asılı olmayaraq,
gənclər bir neçə təqaüd proqramına
müraciət edir və sonda hansından razılıq
alırsa, ora da gedir. Əslində, yenə də gələcəklərinin
parlaq olması ehtimalı çox böyükdür,
çünki Avropanın istənilən universitetində
keyfiyyətli təhsil almaq mümkündür.
-
Universitetlərin tələbləri necədir?
- Tələblər
ilk növbədə Azərbaycanda gənclərin
qarşılaşdıqları dil bilikləri baryeri ilə
bağlıdır. Tələbələr dil biliyinin
yoxlanılması üçün verdikləri İELTS
imtahanıdır ki, 9 ballıq sistemlə qiymətləndirilir.
Burada tələbənin ingiliscə dinləmə-anlama,
oxuyub- başa düşmə, bildiklərini yazmaq, yəni esse yazmaq qabiliyyəti
yoxlanılır. Ortalama olaraq 6 və ya 6,5, bəzən də
7 bal toplamaq lazım olur. Bunlar bir çox universitetlərə
qəbul üçün kifayətdir.
Magistratura üçün bakalavr təhsili üzrə
ortalama qiymətlər nəzərə alınır. Bu,
çox önəmlidir, azı 71 bal olmalıdır və
minimum tələbdir. Normalda güclü təqaüdlərə
müraciət etmək üçün tələbənin
heç olmasa 85-dən yuxarı ortalama balı
olmalıdır. Bundan başqa, motivasiya məktubu yazmaq tələb
olunur. Burada tələbənin
xaricdə təhsil almaqda məqsədinin nə olduğu, gələcək
üçün planları və s. göstərilməlidir.
Tələbə özü bunları əsaslandıra bilməlidir.
Bundan başqa, tövsiyə məktubları tələb
olunur. Bu məktublar tələbənin əvvəlki ixtisas
müəllimləri tərəfindən yazılsa
yaxşı olar.
Müəllimin
tələbəsi barədə fikirləri tövsiyədə
rəsmi şəkildə (imzalı, möhürlü) əksini tapmalıdır. Xarici
universitetə təqdim etməlidir ki, mən bu tələbəni
doğrudan da tövsiyə edirəm. Daha yüksək tələbli
universitetlər tələbənin ixtisas biliklərinin
yoxlanılması üçün hətta imtahanlar da təyin
edə, tələbənin biliyini
birbaşa yoxlamaq üçün skaypla müsahibə təşkil
edə bilər. Hər universitetin fərqli metodika və
prosedur qaydaları var. Ancaq motivasiya və ortalama qiymətlərin olması kifayət edir.
- Tələbələrimizin
çətinlikləri nə ilə bağlıdır?
- Ən
böyük çətinliklərlə ilk semestrdə
rastlaşırıq. Macarıstana getdiyimdə çətinliklər
yaşadım, çünki fərqli bir mühitə
düşdüm. Tam fərqli bir universitetdəsiniz. Gündəlik
həyata alışmağınız tələb olunur, bir tərəfdən
də dərslər başlayır. Dərs prosesində olan
çətinliklərə gəlincə, həm nəzəri,
həm də riyaziyyat və ya statistika tipli fənlərdə problem yarana bilər. İngilis dili
bilikləri kifayət qədər olan tələbələr
o qədər də çətinlik çəkmirlər.
Lakin magistr təhsilində, xüsusilə də statistika,
iqtisadi, biznes yönümlü fənlərdə çətinliklər
olur. Məsələn, hər hansı bir fənni keçmək
üçün əvvəlki baza tələb olunur. Azərbaycanda
bu baza kifayət qədər yaxşı yaradılmayıbsa,
onda tələbə çox çətinlik çəkir. Məsələn,
bəzi tələbələr ilk aylarda toplaşıb o
bazanı özləri yaratmalı olurlar. Çünki cəbr
və ya xətti riyaziyyat sahəsində baza biliklər
olmalıdır ki, statistika fənnini keçə biləsən.
Bu cür fənlərdə tələbələr kifayət
qədər çətinlik çəkirlər, digər fənlərdə
isə ingilis dilini bilmələri kifayət edir.
- Növbəti
hədəfləriniz nədir?
-
Uzunmüddətli hədəflər qoymağı
xoşlamıram, ancaq yaxın bir ildə nə edə biləcəyimdən
danışa bilərəm. Əsas məqsədim odur ki,
ixtisasım üzrə praktik biliklər əldə edim. Ona
görə həm işləmək, həm də təhsilimi
paralel olaraq davam etdirmək istəyirəm. Məqsədim
öz sahəmdə kifayət qədər həm təcrübəsi,
həm də biliyi olan mütəxəssis kimi yetişə
bilməkdir.
- Sizin üçün təhsildə
uğurun sirri nədədir?
- Məncə,
təhsildə uğur ixtisasını sevmək və
sevdiyiniz ixtisas üzrə bilikləri daha da genişləndirmək
üçün çalışmaqdan ibarətdir.
Çünki birincisi, ixtisası sevəndə artıq bu, istər-istəməz
həyatınızın bir parçasına çevrilir.
İndiki şəraitdə imkanlarımız əvvəlki nəsillərə
görə çoxdur. Bizim internet resursları,
tanıdığımız insanlar,
qatıldığımız şəbəkələr vasitəsilə
bu imkanlarımızı genişləndirmək
şanslarımız daha çoxdur. Buna görə də deyə
bilərəm ki, ilk növbədə, ixtisası sevmək və
sonra da bu yolu qət etmək üçün baza
lazımdır. İxtisasa qarşı sevgi varsa, artıq hər
şeyə nail olmaq mümkündür.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.-
25 yanvar.- S.9.