İlahiyyat İnstitutunda
qiymətləndirmə aparılır
Müəllimlərin
nə öyrətdiyi sorğu ilə, tələbələrin
necə öyrəndiyi imtahanla dəyərləndirilir
Bu ali təhsil müəssisəsində cəmi 109 tələbə bakalavr, 5 ixtisas üzrə 6 magistr magistratura pilləsində təhsil alır. Özünün yaşı da elə çox deyil. Bir il əvvələ qədər Bakı Dövlət Universitetinin bir fakültəsiykən, artıq müstəqil institut kimi kadr hazırlığı prosesinə qatılıb. Ölkənin ali məktəbləri siyahısına fəal qoşulan Azərbaycan İlahiyyat İnstitutu nə müasir təhsil prosesinin təmin edilməsi, nə demokratik tələbə mühitinin formalaşdırılması, nə də obyektib qiymətləndirmənin həyata keçirilməsi baxımından təcrübəli təhsil ocaqlarından geri qalmaq niyyətindədir. Kütləvi informasiya vasitələrinin iştirakı ilə hazırda institutda davam edən imtahan prosesinin müşahidəsi bunu deməyə əsas verir ki, Azərbaycan İlahiyyat İnstitutunda verilən təhsilin keyfiyyətinə də, tələbələrinin tədris proqramını necə mənimsəməsinə də eyni dərəcədə əhəmiyyət verilir. Bunun üçün isə həm tələbələrinin bilik və bacarıqları ölçülür, həm də müəllimlərinin müvafiq proqramı necə çatdırdığı. Birincini imtahanlar yoluyla, ikincini isə tələbələr arasında keçirilən sorğu ilə müəyyənləşdirirlər.
İmtahandan
öncə
İlahiyyat İnstitutunda imtahana hazırlıq prosesi fəal keçib. İnstitutun rektoru Ceyhun Məmmədovun sözlərinə görə, imtahanlarla bağlı qərarların qəbulunun hamısında kollektiv iştirak edib. Tələbələrin bilik və bacarıqlarının yoxlanmasında yazılı imtahanlara üstünlük verilsə də, fənlərdən asılı olaraq, həm də şifahi imtahan və testlə sınanmaları məqbul sayılıb.
İmtahanlarda operativliyi, çevikliyi təmin etmək, şəffaf imtahan, obyektiv qiymətləndirmə təşkil etmək üçün qərargah yaradılıb. Prosesdə baş verə biləcək problemləri həll etmək, müraciətləri dəyərləndirmək, ədaləti bərqərar etmək üçün Apelyasiya Şurası yaradılıb.
Hazırlıq imtahan başlayan günə qədər tamamlanıb və ayın 7-dən 2018-2019-cu il qış imtahan sessiyasına start verilib. Gələn həftə, yəni yanvarın 31-də başa çatacaq prosesdə ictimaiyyət nümayəndələrinin fəal iştirakı təmin edilib.
“Azərbaycan müəllimi” İctimai Şuranın bir neçə üzvü və media nümayəndələri ilə birgə imtahan prosesini izləyib.
Qeyd edək ki, İctimai Şuranın üzvlərinin tam heyətlə təmsil olunmamasının səbəbi var. İnstitutda imtahanların daim ictimai nəzarət altında olmasını təmin etmək üçün bir qərar verilib. Həmin qərara görə, şura üzvləri hamısı eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda imtahanlarda iştirak edirlər. Bundan əvvəl də şura üzvlərindən imtahanlarda iştirak edənlər olub.
İmtahan
5 auditoriyada imtahan gedir. Hər birində 2 nəzarətçi var. Nəzarəti gücləndirmək məqsədi ilə imtahana bəzən əlavə olaraq bir koordinator da verilir.
Sessiyada
110 tələbə və magistr iştirak edir. İmtahana nəzarəti
başqa fənn müəllimləri həyata keçirsə
də, fənlər üzrə ixtisas müəllimləri də
imtahan vaxtı institutda olurlar. Qaydaya görə, imtahan
zamanı suallarda hər hansı anlaşılmazlıq olarsa,
fənn üzrə müəllim də imtahana dəvət
edilir.
İctimaiyyət
nümayəndələri prosesi yaxından izləmək
üçün imtahanların təşkil edildiyi 5
auditoriyanı bir-bir dolaşıb. Onların ilk daxil olduğu
auditoriyada III kurs tələbələri imtahan verir. Prosesə
2 koordinator nəzarət edir. İmtahanın sükutu ilə
bərabər ağırlığı da otağa
çöküb. Tələbələr gələnlərə
nəinki vaxt ayırmaq, başını belə qaldırmaq
istəmir, sanki sualların cavabını unudacaqlarından
qorxurlar. Birtəhər də olsa, Nurlanın fikrini öyrənməyə
müyəssər oluruq: “3 imtahan vermişəm. Hər
üç imtahanı uğurla başa vurmuşam. Bu dəfə
də suallara cavablarım hazırdır. Hələlik
heç bir problem yoxdur”.
Nurlan
Qurbanov dinşünaslıq ixtisası üzrə III kurs tələbəsidir.
4-cü imtahanını verir. Oxuya-oxuya, arada kəsilə-kəsilə
III kursa gəlib çıxıb. Ancaq hər hansı
süni maneə, ədalətsiz yanaşma, yaxud qeyri-obyektiv
qiymətləndirmə ilə qarşılaşmayıb.
Nərmin
Allahverdiyeva Nurlana nisbətən sakit görünür.
İndiyə qədər kəsri olmayıb. Proqramın
öhdəsindən uğurla gəlir: “İndiyə qədər
kəsilməmişəm. Hər şey yaxşıdır. Hətta
indi daha yaxşıdır. Əvvəlcə Bakı Dövlət
Universitetində imtahan verirdim. O qədər kameralara, daha
çox şəxsin nəzarətinə, gərgin mühitə
baxmayaraq, köçürənlər, nəzarətdən
yayınanlar olurdu. Amma indi çox fərqlidir.
Köçürmə mümkün olmur. Doğrusu, belə
müşahidə edirəm ki, elə köçürməyə
cəhd edənlər də azalıb. Tələbələr
artıq buna ehtiyac hiss etmirlər. Çox normal, sakit, ədalətli
təhsil mühiti var. Rektorumuz nəinki müəllimlərimizdən,
hətta dostlarımızdan, yaxınlarımızdan fərqlənmir.
İstənilən vaxt otağına getmək imkanımız
var. Elə hər hansı problemimiz olanda da məhz ona deyirik”.
Nərmin
deyir ki, təhsillə bağlı təşəbbüslərini
də rektorla müzakirə edə bilirlər: “Təşəbbüslərimizin
ən böyük dəstəkçisi məhz rektorumuzdur.
Arzuladığımız, ya da dərsdə keçdiyimiz
tarixi yerlərə tez-tez ekskursiyalar təşkil edilir. Tarix dərsində
keçdiyimiz tarixi abidələrin çoxunu görmək, gəzmək
şansımız olub. Nəzərə alsaq ki, institutumuz yeni
yaranıb, düşünürəm ki, bundan sonra burada təhsil
mühiti daha yaxşı, daha maraqlı olacaq”.
Nərminlə
Nurlandan fərqli olaraq, Məhəmməd Qurbanov
institutdakı vəziyyətdən, müşahidələrindən
danışmaq üçün özü təşəbbüs
göstərir. İmtahanların şəffaf
keçirildiyini, qiymətləndirmənin obyektiv və eyni
zamanda sürətli aparıldığını deyir:
“Artıq 24 saat içərisində imtahanın nəticələri
bəlli olur. Üstəlik, əvvəlkindən daha obyektiv,
daha ədalətli. Bu dəfə də imtahandan yaxşı
qiymət alacağımı düşünürəm.
Düzdür, əvvəlki illərdə kəsilmişəm,
amma bundan sonra kəsrimin olmamasına
çalışacağam. Bu, həm də təqaüd
almağım deməkdir. Əvvəllər 25 faizdən
artıq qayıbı olan tələbələr
üçün təşkil edilən imtahanlara pul ödəyirdik.
Artıq onu da ləğv ediblər və bu, mənim ən
ürəyimcə olan islahatlardandır”.
İnstitutun
rektoru Ceyhun Məmmədovun sözlərinə görə,
İlahiyyat İnstitutunda nəinki imtahan, hətta dərs vəsaiti
belə ödənişli deyil: “İnstitutumuzda, ümumiyyətlə,
heç nə ödənişli deyil. Halbuki ölkədəki
bütün ali təhsil müəssisələrində tələbənin
buraxdığı, iştirak etmədiyi dərslərin
sayı 25 faizi keçərsə, onlar üçün
sonradan təşkil edilən imtahanlar mütləq ödənişli
olmalıdır”.
Növbəti
auditoriyada ilk qəbulunu həyata keçirən bir institutu
seçənlər, yəni İlahiyyat İnstitutunun I kurs tələbələri
imtahan verir. Özü də şifahi.
Aytac
Əhmədzadə islamşünas olacaq. Bu gün
dördüncü imtahanını verir: “İmtahanlar şəffaf
keçir, qiymətləndirmə obyektiv aparılır.
İnstitutumuzda balından narazı olanlara az-az rast gələ
bilərsiniz. Hər kəs biliyinə uyğun qiymətləndirilir.
Tələbələrə hörmətlə yanaşılır.
Doğrusu, institutumuzdan çox razıyıq. Burda oxumaq
çox xoşuma gəlir. Yüksək təhsil verən bir
ali təhsil müəssisəsində təhsil alırıq
və şəxsən mən bu institutu seçdiyimə
görə çox sevinirəm”.
Bəs,
testlə hazırlaşan abituriyent üçün müəllimin
qarşısında oturub ona şifahi imtahan vermək çətin
deyil ki? Aytac üçün bu imtahan uğurla nəticələnəcəkmi:
“Quran”dan şifahi imtahan veririk. Hesab edirəm ki, nəticə
mənim üçün yaxşı olacaq. İmtahana
hazıram. Düzdür, “Quran”ı hələ təzə
öyrənməyə başlamışam. Ancaq bu imtahana həvəslə
hazırlaşmışam. Çünki “Quran”ı
oxumağı da, müəllimizi də çox sevirəm.
Çox ədalətli müəllimdir”.
Vüsal
Məmiyev İlahiyyat fakültəsinin dinşünaslıq
ixtisası üzrə I kursda təhsil alır: “İmtahanlara
33 balla girmişəm. Bacardığım qədər
oxuyuram. Oxuduğumu da müəllimlərim qiymətləndirirlər”.
Dinşünas
tələbələr arasında Sevil Hüseynova da imtahan
verir. 5 sualdan hamısını bilirəm. İndiyə qədər
“Quran”dan heç nə, hətta ərəb əlifbasını
da bilmirdim. Hamısını müəllimim öyrətdi.
İnstitutumuzda ərəb dilini öyrənirik. Ancaq ingilis
dili kursları da açılıb. Düzü, mən getmirəm.
Çünki dərslərimi çatdıra bilmirəm”.
İsgəndər
İsgəndərov isə I kursda oxusa da, artıq hafizdir.
“Quran”ı əzbər bildiyindən imtahanını verib və
çıxıb. İlahiyyat İnstitutuna daxil olanda
“Quran”ı əzbər bilirdi. Şəki hafizlik Kollecinin
yetirməsidir. Amma “Quran”ı əzbər bilsə də, bəzi
fənlərin öhdəsindən gəlməkdə çətinlik
çəkir: “Multikulturalizm fənnindən qiymət ala bilmədim.
Onun da günahı özümdədir. Yaxşı
hazırlaşmamışdım”.
İslamşünaslıq
ixtisası üzrə magistr təhsili alan Aygün Məmmədova
deyir ki, bakalavr pilləsində tələbə sayı
çox olduğundan müəllimlə münasibətlər
o qədər sıx deyildi. O cümlədən təhsillə
bağlı da dərs prosesində hər tələbəyə
düşən zaman kəsiyi az olurdu. Lakin magistraturada müəllim-tələbə
münasibətləri daha yaxşıdır. Bakavr pilləsini
yaxşı qiymətlərlə başa vuran Aygün magistr
olaraq da uğurlu nəticə əldə etmək niyyətindədir.
Deyir ki, keyfiyyətli təhsili ölkəni tərk etmədən
də almaq mümkündür: “Müəllimlərimiz xaricdə
olan müəllimlərdən daha üstündür”.
Qiymətləndirmə
Qiymətləndirməyə
gəlincə, tələbələrin dediyi kimi, bu gün
qiymətlərini öyrənəcəklər.
Araşdırmaya ehtiyac olarsa, yaxud hər hansı problem
çıxarsa, nəticələrin elan olunması bəzən
növbəti günə qala bilər. Ancaq bu hal çox
olmur.
İnstitutun
rektoru Ceyhun Məmmədovun sözlərinə görə, tələbələrə,
onların şikayətlərinə həssas yanaşır:
“Rektor olaraq otağımın qapısı həmişə
açıqdır. Tələbələr istənilən
vaxt yaxınlaşıb sözünü deyir. İmtahanla
bağlı narazılığı, şikayəti olan tələbələri
qəbul edirəm. Onlarla mübahisəli məsələləri
araşdırırıq.
Anlaşılmazlıq varsa, aradan qaldırmağa
çalışırıq”.
Rektora
müraciət, hər hansı narazılığı bildirməyin
yeganə yolu deyil. İmtahan günlərində tələbələrə
şikayətlərini bildirmələri, fikirlərini, təkliflərini
rəhbərliyə çatdırmaları üçün hər
cür şərait yaradılıb. Hər bir imtahan
otağında bu məqsədlə ayrıca qutular yerləşdirilib.
Bu
hazırlıq öz müsbət nəticəsini verib. Tələbələr
bir neçə istiqamət üzrə institut rəhbərliyinə
müraciət edərək narazılığını,
şikayətini və arzularını bildirib. Ceyhun Məmmədovun
sözlərinə görə, ilk müraciətlər
imtahana buraxılmayanlardan olub. 109 tələbədən
4-nün imtahana buraxılmadığını deyən rektor
həmin şəxslərdən və onların valideynlərindən
daxil olan müraciətlərlə bağlı fərqli qərar
verə bilmədiklərini deyib: “Nazirlər Kabinetinin qərarı
ilə 25 faizdən artıq dərs buraxan tələbələr
imtahanlara buraxılmır. Tələbələrimizdən bu
limiti aşanlar vardı. Valideynləri ilə birgə müraciət edənlər belə
vardı. Ancaq onlara cavabımız bu qərarı göstərmək
oldu. Qayıb limitini keçənlər mövcud prosedurlar əsasında
ya növbəti mərhələdə təşkil edəcəyimiz
imtahanlarda iştirak edəcək, ya da girə bilmədikləri
imtahanı kəsir qaydasında verəcəklər”.
Müraciət
edənlər arasında qiymətindən narazı qalanlar da
olub: “İndiyədək 2-3 nəfər
bu məqsədlə müraciət edib və müəllimlə
birgə tələbəni dəvət edərək məsələni
aydınlaşdırmışıq. Tələbəyə
yol verdiyi səhvlər və qiymətləndirmə əsaslandırılıb.
Əksəriyyəti bu qiymətləndirmə ilə sonradan
razılaşıb. Tələbələrimiz bu əsaslandırma
ilə razılaşmasa, başqa bir müəllim dəvət
edib yenidən qiymətləndirmə keçiririk və nəticələri
müqayisə edirik. Ancaq hələlik buna ehtiyac qalmayıb.
Çünki tələbələr elə
düşünürlər ki, müəllimlər onlara daha
çox bal verə bilərdi. Ancaq anlayanda ki, qiyməti verdiyi
cavablara uyğundur, o zaman qərarla razılaşırlar”.
Tələbələrin
şəxsən müraciətlərində hər hansı əngəl
olmadığından və rektorla istənilən problemi
müzakirə etmək imkanları
yaradıldığından auditoriyalara qoyulan qutulara hər
hansı müraciət, şikayət məktubu
atılmayıb.
Müəllimlər də qiymətləndirilib
Azərbaycan
İlahiyyat İnstitutuna müəllimlər müsahibə
yolu ilə qəbul edilir. Verilən şərtlərə
uyğun gələn namizədlərə xəbərdarlıq
edilir ki, tələbələr arasında keçirilən
sorğularla onların verdiyi təhsilin keyfiyyəti
ölçüləcək. Rektorun fikrincə, bu məqsədlə
tələbələrin bilik və bacarıqlarını
yoxlamazdan əvvəl müəllimlərlə bağlı tələbələrin
rəyi öyrənilib: “Semestrin sonuna doğru sorğular
keçirmişdik. Tələbələrin fikrini, təkliflərini,
müəllimlərə münasibətlərini həmin
sorğular əsasında müəyyənləşdirdik.
Hazırda sorğuların nəticələrinin təhlili
davam edir. Müəllimin davranışından tutmuş fənn
bilikləri, bunu tələbələrə necə
çatdırması ilə bağlı 23 sual qoyulub və həmin
suallara cavab əsasında qiymətləndirmə
aparılıb. Bu sorğunun nəticəsi olaraq, 1 müəllimlə
bağlı araşdırmalarımız davam edir. Ümumiyyətlə,
elə bir ciddi problem yaranmayıb. Sadəcə, metodologiyada fərqlər
ola bilər və biz də bunu vaxtında müəyyənləşdirməyə
çalışırıq”.
Aİİ ilə bağlı ictimai
rəy
Aİİ-də
imtahan prosesinin sonunda hesabat hazırlanacaq və həm müəllimlər,
həm də tələbələrlə görüş
keçiriləcək.
Mediaturda iştirak edən İctimai Şuranın üzvü Əliməmməd Nuriyev öz təəssüratını bölüşüb: “Azərbaycanda yeni nəsil rektorlar yetişir. Təhsil sisteminin ən böyük uğurlarından biri də məhz uğurlu kadr seçimidir. Universitetlərdə yeni təhsil mühitinin formalaşmasında, islahatların uğurla aparılmasında təşəbbüskar fəaliyyətlə fərqlənən həmin idarəedici şəxslər universitetlərin gələcəyinə böyük ümid vəd edirlər”.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, İnstitutun yaradılmasına ilk dəstək verənlərdən olub: “Bu institut yarananda sosial mediada da belə fikirlər səslənməyə başladı ki, mollaların sayı artır. Çox təəssüf ki, onlar başa düşmürdü ki, bu, molla yetişdirən institut olmayacaq. İlahiyyat dinin elmi cəhətdən əsaslandırılmasına xidmət edir. Bu institutun yaradılması din haqqında yanlış təsəvvürləri dəyişəcək kadrların yetişdirilməsində böyük xidmətləri olacaq. Dinləri ayırmaq, fərqləndirmək olmaz. Ona görə də bu institutda dinşünaslıq islamşünaslıqla yanaşı keçilir ki, bu da dinin ümumi mahiyyətinin açılmasında böyük rol oynayacaq”.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
25 yanvar.- S.6.