Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına

təhsil tələbə kreditlərinin verilməsi

QAYDASI

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2021-ci il 24 iyul tarixli

226 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1.     Ümumi müddəa

1.1. Bu Qayda Təhsil Tələbə Krediti Fondunun (bundan

sonra - Fond) vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin

verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi

prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və

kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər

məsələləri tənzimləyir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı

mənaları ifadə edir:

2.1.1. təhsil tələbə krediti (bundan sonra - TTK) - Azərbaycan

Respublikasının təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək

üçün Fondun vəsaiti hesabına müvəkkil bank tərəfindən tələbə ilə

bağlanılmış müqaviləyə uyğun olaraq müəyyən müddətə və faizlər

ödənilmək şərtilə borc verilən pul vəsaitidir;

2.1.2. tələbə - ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb

təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili

pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili

səviyyəsində əyani təhsil alan şəxs;

2.1.3. müvəkkil bank - TTK üzrə tələb olunan hüquqların əldə

edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin

tənzimlənməsinə dair Fondla müqavilə bağlamış bank;

2.1.4. baş saziş - TTK üzrə tələb hüquqlarının əldə edilməsi

qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən

Fondla müvəkkil bank arasında bağlanılan razılaşma;

2.1.5. borcalan - müvəkkil bankdan TTK almış Azərbaycan

Respublikasının vətəndaşı olan tələbə;

2.1.6. kredit müqaviləsi - müvəkkil bank və borcalan arasında

imzalanan borc müqaviləsi;

2.1.7. güzəşt dövrü - təhsilin normativ müddətindən dərhal

sonra yaranan və borcalandan borcun qaytarılması tələb olunmayan

kredit faizi hesablanmayan 2 (iki) illik dövr;

2.1.8. möhlət dövrü - kreditin qaytarılması müddətində

borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi

hesablanmayan dövr;

2.1.9. defolt - borcalan tərəfindən kredit müqaviləsində borc

öhdəlikləri üzrə ödənişlərin (əsas məbləğ və ona hesablanan faizlər

ya hər hansı biri) müqavilədə və ya ödəniş cədvəlində göstərilən

tarixdən 90 təqvim günündən artıq gecikdirilmə və ya bu öhdəliyin

yerinə yetirilməsindən imtina edilməsi halı;

2.1.10. faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq

sığorta ödənişi verilməli olan şəxs;

2.1.11. sığorta haqqı - bu Qaydanın 8-ci hissəsində nəzərdə

tutulmuş risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində

sığorta müqaviləsi ilə müəyyən edilən qaydada sığortaçıya ödənilməli

olan pul məbləği;

2.1.12. sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta

ödənişinin ödənilməsi üçün əsas olan və müqavilənin qüvvədə olduğu

müddət ərzində baş verən hadisə və ya yaranan hal;

2.1.13. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta

müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə

təzminatı (kompensasiya);

2.1.14.ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) - tələbənin

fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə

hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan

fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti.

3. TTK-nin növləri və kreditdən istifadə hüququ

3.1. TTK-nin iki növü vardır:

3.1.1. sosial;

3.1.2. standart.

3.2. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk

semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna

malikdirlər:

3.2.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

3.2.2. 3-cü dərəcə əlilliyi olanlar;

3.2.3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs)

aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

1. 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;

2. işsiz kimi qeydiyyatda olanlar;

3. yaşa görə əmək pensiyası alanlar;

4. yaşa görə sosial müavinət alanlar.

3.3. Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi

barədə müraciət edildiyi gün tələbə bu Qaydanın 3.2-ci bəndində

göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr

(yarımil) üçün sosial TTK almaq hüququna malikdir.

3.4. Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr

təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən

standart TTK almaq hüququna malikdirlər:

3.4.1. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu

imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası

tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər

semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar

(peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq

qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);

3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

3.5. Standart TTK almaq hüququ müraciət tarixinə bu Qaydanın

3.4-cü bəndində göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin

olunur.

3.6. TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.

3.7. TTK bu Qaydanın 2.1.2-ci yarımbəndində göstərilən təhsil

pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri

(yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.

3.8. TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin

qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün

verilmiş kredit şərtlərini dəyişdirmir.

3.9. Fondun Himayəçilik Şurası:

3.9.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə

razılaşdırmaqla, standart və sosial TTK üzrə illik faiz dərəcələrini,

habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə

tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən

illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin

məbləğinin yuxarı həddini təsdiq edir;

3.9.2. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin

standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu

imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.

3.10. Təhsil haqqı TTK-nin maksimal məbləğindən çox olduqda,

yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödənilir.

3.11. TTK-nin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı

olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ

müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən

(10 il) ibarətdir. Kreditin qaytarılması müddəti bu Qaydanın 7.6-cı

bəndi ilə müəyyən edilmiş möhlət müddəti qədər uzadılır.

4. TTK-nin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər

4.1. Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər

aşağıdakılardır:

4.1.1. TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil

müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;

4.1.2. TTK-nin təhsilin normativ müddətində hər tədris semestri

(yarımil) üçün verilməsi;

4.1.3. TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil)

üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;

4.1.4. TTK üçün girov və zaminliyin tələb olunmaması;

4.1.5. TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay

bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;

4.1.6. təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə

kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;

4.1.7. borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən

itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə

sığortalanması;

4.1.8. TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına

manatla verilməsi.

4.2. Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

4.2.1. ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal

yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü

kreditə görə faiz hesablanmır;

4.2.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində

ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində

təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı

olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi

hissəsinin ödənişindən azad olunur.

4.3. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:

4.3.1. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili

müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə

balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün

götürdüyü kreditə görə faiz hesablanmır;

4.3.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində

ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində

təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı

olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi

hissəsinin ödənişindən azad olunur.

5. TTK-nin verilməsi üçün müraciət edilməsi və sənədləşmə

5.1. TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş

İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan

sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.

5.2. TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa

götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə

ilə aşağıdakı razılıqları verməlidirlər:

5.2.1. valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18

yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi

bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);

5.2.2. tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər

zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu

müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun

müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə

muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya

sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və

ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil

bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə)

edilməsinə.

5.3. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq notariat

qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu

əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və

ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit

müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.

5.4. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq razılığı

rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona

elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə

vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.

Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb

olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

5.5. TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən

edilir.

5.6. TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet”

vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri

əsaslandırılır.

5.7. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq

üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ

vardır.

5.8. TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka

müraciət olunması barədə bildiriş göndərilir.

5.9. TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən

edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir.

5.10. Fondla baş saziş imzalamış və elektron sistemə çıxış

imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə

məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.

5.11. TTK-nin alınması üçün borcalan müvəkkil banka

aşağıdakı sənədləri təqdim etməlidir:

5.11.1. əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili

müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə

üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;

5.11.2. təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin

arayışı;

5.11.3. standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi

məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.

5.12. Bu Qaydanın 5.11-ci bəndində göstərilən sənədlərdəki

məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi

halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.

5.13. Sənədlər kağız daşıyıcıda təqdim edildiyi təqdirdə,

müvəkkil bankın məsul işçisi təqdim olunmuş sənədləri elə həmin gün

elektron sistemə daxil edərək gücləndirilmiş elektron imza ilə

təsdiqləyir.

5.14. Müvəkkil bank elektron sistem vasitəsilə və ya kağız

daşıyıcıda əldə etdiyi sənədləri nəzərdən keçirərək, 3 (üç) iş günü

müddətində TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsinə dair

qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün TTK almaq istəyən

şəxsə bildirilməklə, tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.

5.15. Müvəkkil bank tərəfindən TTK-nin verilməsinə razılıq

barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 6 (altı) iş günü

müddətində kredit müqaviləsi bağlanılır.

5.16. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və

aydın şəkildə göstərilir və elektron sistemə ötürülür:

5.16.1. kreditin təyinatı (təhsil haqqı);

5.16.2. kreditin şərtləri (kreditin məbləği, müddəti, faktiki illik faiz

dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), müvəkkil bank

tərəfindən tələb olunan digər ödənişlər);

5.16.3. kreditin gecikdirilmə şərtləri;

5.16.4. ödəniş cədvəli;

5.16.5. tərəflərin hüquq və vəzifələri;

5.16.6. vaxtından əvvəl ödənişlərin müvəkkil bank tərəfindən

tələb edilməsi şərtləri;

5.16.7. kredit müddəti ərzində müqaviləyə əlavə və

dəyişikliklərin edilməsi qaydası;

5.16.8. tərəflərin məsuliyyəti;

5.16.9. mübahisələrin həlli qaydası.

5.17. Müvəkkil bankla tələbə arasında çərçivə kredit müqaviləsi

təhsilin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği

təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün

tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq

hüququ yarandığı halda müvəkkil bank tərəfindən təhsil

müəssisəsinin müvafiq bank hesabına köçürülür.

6. TTK üzrə müvəkkil bankla münasibətlər

6.1. TTK üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank

tərəfindən həyata keçirilir.

6.2. Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:

6.2.1. kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına

dair lisenziyanın olması;

6.2.2. 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;

6.2.3. prudensial normativlərə və tələblərə əməl edilməsi;

6.2.4. regionlarda filial şəbəkəsinin olması;

6.2.5. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə

verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.

6.3. TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin

geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən

Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş

saziş əsasında həyata keçirilir.

6.4. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb

olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda

müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edir.

6.5. Fond müvəkkil bankın müraciətini və təqdim olunan

sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan

vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edir.

6.6. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank

tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun

Himayəçilər Şurası müəyyən edir.

6.7. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə

müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur.

Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə

müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə

alınmaqla yerinə yetirməlidirlər.

6.8. Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank

arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən

edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron

sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən

yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin

defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan

kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna

malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən

edilir.

6.9. Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin

bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar

haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə

uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir.

7. TTK-nin qaytarılması

7.1. Borcalan TTK-ni bu Qaydanın 4.1.5-ci yarımbəndi ilə

müəyyən edilmiş qaydada əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli

üzrə qaytarır.

7.2. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin

qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.

7.3. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil

müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin

qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən

rəsmiləşdirildiyi gündən başlanır.

7.4. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq

fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin

qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.

7.5. Bu Qaydanın 7.3-cü və 7.4-cü bəndlərində mövcud olan

hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq

yenidən tərtib edilir.

7.6. TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş

verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin

müddəti həmin müddət qədər uzadılır:

7.6.1. yuxarı təhsil səviyyəsində əyani təhsil;

7.6.2. həqiqi hərbi xidmət;

7.6.3. məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan

məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);

7.6.4. işləyən borcalana münasibətdə hamiləliyə və doğuma

görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü

qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

7.6.5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və

I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

7.7. Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq

fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu

fəaliyyətə başlama tarixindən ləğv edilir.

7.8. TTK-yə görə möhlət bu Qaydanın 7.6-cı bəndində

göstərilən halları təsdiq edən sənədlər müvəkkil banka təqdim

edildikdə verilir. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən

elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız

daşıyıcıda tələbədən tələb olunmur.

7.9. TTK vaxtından əvvəl qaytarıla bilər.

7.10. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs

(valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

7.11. Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə

məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan

şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu

Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada

tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan

borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.

7.12. Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından

TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin

175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda

bu Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi

bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin

əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş

razılığı əsas götürülür.

7.13. Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə

inteqrasiya olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya

sistemi vasitəsilə müəyyən edilir. Müvəkkil bank bu sistemə çıxış əldə

edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə

borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə

göndərərək ödənişləri tələb edir.

7.14. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK

üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın

bu Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən notariat qaydasında

təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank

sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası İqtisadiyyat

Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə

borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də

bank hesabları barədə məlumatları əldə edir.

7.15. Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə,

habelə bu Qaydanın 6.8-ci bəndində göstərilən hallar istisna olmaqla

TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında

hər hansı maliyyə öhdəliyi yaranmır.

8. TTK üzrə borcalanın sığortalanması

8.1. TTK üzrə borcalan aşağıdakı hallardan sığortalanır:

8.1.1. ölüm;

8.1.2. əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik).

8.2. TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən

zaman həyata keçirilir. Sığorta müddəti kredit müqaviləsinin

müddətinə bərabər olmalıdır.

8.3. Sığorta müqaviləsinin tərəfləri TTK-ni alan tələbə və

sığortaçıdır. Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və

kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə

tutulmuş qaydada ödənilir.

8.4. TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində

müvəkkil bank müəyyən edilir.

8.5. Sığorta müqaviləsinin bağlanılması anında sığorta məbləği

kredit məbləğinə bərabər müəyyən edilir.

8.6. Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri

(vasitəçilərə verilən komisyon muzdlar da daxil olmaqla) müqavilə

üzrə hesablanmış sığorta haqqının 15 faizindən çox ola bilməz.

 

Azərbaycan müəllimi.- 2021.- 30 iyul.- S.5.