Hədəfə doğru...
Müəllimlərin
işə qəbulu müsabiqəsi davam edir
22 iyul saat 12:30. Azərbaycan Texniki Universitetinin ən böyük zalındayıq. Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə
imtahanlar davam edir. Namizədlər sıra ilə yerini alıb. Arzu Kərimova
da onların arasındadır. 90 dəqiqə
ərzində 60 suala cavab
verəcək: “2018-ci ildən müəllimlərin işə
qəbulu müsabiqəsinə qatılıram. Nəticəmi
ilbəil artırmışam. 2018-ci ildə 45 bal
idisə, 2019-cu ildə 55 bal topladım.
Ötən il işləyən müəllimlərə
icazə verilmədiyi üçün imtahanda iştirak edə
bilmədim. Bu il yenidən
burdayam”.
“Hədəfimə
çatdım”
...90 dəqiqə sonra. Budur, vaxt bitdi. Vaxtın bitdiyini sistem özü xəbər verir. İmtahanın bitdiyini göstərən
xəbərdarlıqla yanaşı,
namizədin qeyd etdiyi cavabların nəticəsi də ekranda görünür.
Arzu Kərimovanın nəticəsi onun üzünü güldürür:
“Nəhayət, bu il istəyimə çatdım. 60 bal topladım”.
1986-cı
il təvəllüdlü
namizəd hədəfinin
mümkün ən yüksək balı toplamaq olmasının səbəbini belə izah edir: “2008-ci ildən Hacıqabul rayon Cavad Cavadov adına
Atbulaq kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərirəm. Ancaq ailəm
Qaradağ rayonunun Ələt qəsəbəsində
yaşayır və 3
azyaşlı uşağımın
mənə ehtiyacı
var. Hacıqabulda müəllimlik
fəaliyyətimi davam
etdirmək körpə
uşaqlarla çətinlik
törədir. Onun
üçün imtahanda
yaxşı nəticə
göstərib qəsəbəmizdə
yerləşən məktəblərin
birində işləmək
istəyirəm. Ən
yüksək balı toplamalıydım ki, iş
yerimi yaşayış
yerimə uyğun dəyişə bilim”.
Azərbaycan Müəllimlər İnstitutunun
Zaqatala filialının
məzunu uğurunu imtahanlara hazırlığı
ilə əlaqələndirir:
“Asan olmadı, əziyyət çəkdim.
Axı, hədəfim böyük
idi. Əsas odur, hədəfimə çatdım”.
Bu imtahanda 60 bal toplaması onun özgüvənini artırıb:
“İmtahan sualları
asan, orta və çətinlik dərəcəsindəydi. Hətta əksəriyyəti
düşündürücüydü deyə bilərəm.
Buna baxmayaraq, ən yüksək balı
toplaya bildim. Bu da o deməkdir ki, insan hazırlıqla
hər şeyə
nail ola bilər.
Öz üzərində yaxşı
çalışan müəllim
mütləq uğur qazanar”.
“Mən şagirdlərimi, onlar da məni
sevirlər”, - deyən
namizədin sözlərinə
görə, onu özünə nümunə
götürənlər çoxdur:
“Onlarla şagirdim Azərbaycan dili və ədəbiyyatı
ixtisasını, ən
əsası, müəllimliyi
seçib. Müəllim
üçün bundan
böyük hədiyyə
nə ola
bilər? Müəllimliyi mənə də
Şirvan şəhərində
tarix müəllimim olmuş Məhbubə Mirzəyeva sevdirib. Sevinirəm ki, mən Məhbubə
müəllimimi hər
uğurumda xatırladığım
kimi, məndən stimul alıb müəllimliyi seçən
şagirdlərim də
məni unutmayacaqlar”.
“Şagirdlərimin
əksəriyyəti yüksək
balla ali məktəblərə
qəbul olunublar”
Azərbaycan dili və ədəbiyyatı fənni
üzrə imtahanların
bu seansında özünü xoşbəxt
hiss edən daha bir müəllim. İkinci 60 balın sahibi Ruslan Mustafayevlə də söhbətləşirik.
O, Şəkidəndir. Azərbaycan
Müəllimlər İnstitutunun
Şamaxı filialının
Azərbaycan dili və ədəbiyyatı
ixtisası üzrə
məzunudur: “2012-ci ildən
müəlliməm. Ayrı-ayrı təhsil müəssisələrində
çalışmışam. Şagirdlərimin əksəriyyəti
yüksək balla ali məktəblərə
qəbul olunublar”.
Sadəcə şagirdləri yox,
özü də imtahanlardan üzüağ
çıxıb: “Həm
2019-cu ildə, həm
də 2020-ci ildə müəllimlərin işə
qəbulu üzrə müsabiqəsində iştirak
edib 54 bal topladım. Ancaq heç birində
daimi əsaslarla işə qəbul oluna bilmədim. Nəhayət, bu il imtahanda
60 bal topladım. Buna görə də çox sevinirəm”.
R.Mustafayev deyir ki, imtahanlara hazırlaşarkən
əsas diqqətini metodikaya ayırıb: “Təvazökarlıqdan uzaq
olmasın, ixtisasım
üzrə hazırlığa
heç ehtiyac duymadım. Bütün vaxtımı kurikulum
üzrə hazırlığa
həsr etdim”.
R.Mustafayev hesab edir ki, bu hazırlığa
dəyib: “İmtahan olduqca şəffaf keçdi. Azərbaycan dilindən sadəcə
bir sual vaxtımı aldı.
Metodikadan düşən sualları
cavablandırarkən heç
bir çətinliyim olmadı”.
Müəllimliyi sevərək seçdiyini
vurğulayan R.Mustafayev
deyir ki, ali təhsil
müəssisələrinə qəbul zamanı da pedaqoji ixtisasları
qeyd edib: “Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı
hələ uşaqlıqdan
qarşıma məqsəd
qoymuşdum. Əmim də bu fənn üzrə çox nüfuzlu müəllimlərdən biri
olub. Onun təsiri ilə mən də, bacım da bu
peşəyə yiyələnmişik”.
R.Mustafayev müəllimlik
fəaliyyətində gələcək
planlarından da danışdı: “Bir müəllim kimi məktəbdə bütün
bilik və bacarıqlarımı xalqımızın
sevimli balalarının
gələcək inkişafı
yolunda sərf edəcəyəm. Şagirdlərimin bədii təxəyyülünü
hərəkətə gətirən
xüsusi tapşırıqlardan
istifadə edəcək,
onları məntiqi, tənqidi və yaradıcı təfəkkürü
stimullaşdıran fəaliyyətlərə
cəlb edəcəyəm.
Dərslərimi mövcud təhsil
proqramının tələblərinə
uyğun quracağam.
Vəzifə borcumu uğurla
yerinə yetirəcəyəmə
inanıram”. R.Mustafayev
məqsədinə çatmaq
üçün lazım
olan enerji və qabiliyyətə
sahib olduğuna inanır:
“Müəllimliyə və
uşaqlara sevgim kifayət qədərdir. Düşünürəm ki, müəllim
şagirdlərini bilikli,
savadlı, bacarıqlı,
tərbiyəli, səriştəli,
məsuliyyətli bir vətəndaş-şəxsiyyət kimi formalaşdırmağa
çalışmalı, öz
fənnini sevdirməyi
bacarmalıdır”.
Təkrar imtahanlar olacaq
17 gündür davam edən imtahanlarda yüksək bal toplayıb
uğurundan fərəhlə
danışanlarla yanaşı,
narazılıqlarını dilə gətirənlər
də var. Xüsusən,
iyulun 5-dən baş tutan müəllimlərin
işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə
edilmiş suallarla bağlı narazılıqlar
ayrıca araşdırılıb.
Aparılmış elmi-statistik tədqiqat
çərçivəsində müxtəlif fənlər
üzrə 5 040 test tapşırığı
əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik
dərəcəsi və
diskriminasiya əmsalı
təhlil edilib. Belə ki, iyulun
12-də ibtidai
sinif, 23 və
26-da Azərbaycan
dili və ədəbiyyat müəllimliyi
üzrə keçirilmiş
seanslarda istifadə edilən test tapşırıqlarının
bu fənlər üzrə digər tarixlərdə keçirilmiş
seanslarda istifadə edilmiş test tapşırıqlarından
çətinlik dərəcəsinə
görə fərqləndiyi
müəyyən edilib.
Bu seanslarda texniki xüsusiyyətləri baxımından
fərqlənən test tapşırıqlarına
görə namizədlərə
əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə
imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar
imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü
xarakter daşıyır.
Təkrar olaraq imtahanlarda
iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində
son imtahan nəticəsi
nəzərə alınacaq.
Təkrar
imtahan vermək arzusunda olan namizədlər iyulun 28-i saat 11:00-dan iyulun 30-u saat 23:59-dək şəxsi
səhifəyə daxil
olaraq “müraciət et” butonuna klikləməklə
qeydiyyatdan keçərək
təkrar imtahanda iştirak edə bilər.
Ümumiyyətlə, imtahanlarla bağlı narazılığı olan
bütün şəxslərə
öz haqqını müdafiə etmək imkanı yaradılıb. Belə ki,
iyulun 6-dan müəllimlərin
işə qəbulu müsabiqəsinin test imtahanı
mərhələsi ilə
bağlı apellyasiya
müraciətlərini araşdıran
komissiya işə başlayıb. İmtahanda
iştirak edənlər
şəxsi səhifələrində
növbəti gün saat 14:00-da aktivləşdirilən
müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya
müraciətlərinin məzmununu
ətraflı şəkildə
qeyd etməlidirlər.
Apellyasiya müraciəti komissiya
tərəfindən araşdırıldıqdan
sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə
göndərilir.
40 mindən çox şəxs imtahan verdi,
25 mindən çox şəxs isə verəcək
2021-2022-ci
tədris ili
üzrə müəllimlərin
işə qəbulu müsabiqəsinin test imtahanı
mərhələsi davam
edir. İyulun 5-dən
start götürən
prosesdə artıq 40
minə yaxın namizəd imtahan verib. Bu gün coğrafiya
və tarix fənnləri üzrə
3063 namizəd imtahanlara
dəvət olunub.
Artıq fizika, informatika, ibtidai sinif, riyaziyyat, kimya, təsviri incəsənət,
musiqi, Azərbaycan dili, rus dili,
texnologiya və Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi üzrə
namizədlər imtahanlara
qatılıb. Fizika üzrə imtahanlarda ən yüksək 59, informatika fənni üzrə 58, riyaziyyat üzrə 56, kimya üzrə 59 bal qeydə alınıb. İbtidai sinif üzrə müəllimliyə namizədlər
arasında 10, Azərbaycan
dili və ədəbiyyatı fənni
üzrə 2 nəfər
60 bal toplayıb.
Beləliklə, müəllimlərin işə
qəbulu imtahanları
avqustun 2-dək yekunlaşacaq. Növbəti günlərdə 25 000-dən artıq
namizədin imtahanlarda
iştirakı gözlənilir.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2021.- 30 iyul.- S.6.