Birincilərin birincisi
Uğur qazanan gənclərimizi
tanıyaq
Başa vurduğumuz tədris ili müəyyən çətinliklərinə
baxmayaraq ölkəmizin təhsil sistemində bir sıra
uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən
istedadlı uşaqların aşkara
çıxarılması, bilik və bacarıqlarının
stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq
səriştələri və yaradıcılığın
inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin
təşkili nəticəsində şagirdlərimiz bir
sıra beynəlxalq əhəmiyyətli olimpiadalarda uğurlar qazanaraq öz layiqli töhfələrini veriblər. Cari tədris ili həm də Respublika fənn
olimpiadalarının qalibləri olan 8 istedadlı gənc -
“Birincilərin birincisi” adına
layiq görülən şagirdlərimiz üçün də
yaddaqalan olub. Öz uğurları ilə diqqətçəkən
gənclərimizi oxuculara təqdim edirik.
“Uğurun sirri daim optimist olmaq və
çalışmaqdır”
Ranal Qurbanov, Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbin şagirdi: - 2 may 2004-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə gedib. Daha sonra təhsilini Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib. 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə və bürünc medala layiq görülüb. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib olub. 2021-ci ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə I yerə layiq görülüb və qızıl medal qazanıb. “ Birincilərin birincisi” adını qazandığı üçün Fəxri fərmanla təltif olunub.
Ranal Qurbanov 2021-ci ildə FLEX təqaüd proqramında iştirak edib və ABŞ-da təhsilini davam etməyə dəvət alıb. 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək 1600 baldan 1530 bal yığıb. Arzusu həkim olmaqdır. Kitabları və mütaliəni çox sevir. Həmyaşıdlarına tövsiyəsi zamanlarını düzgün planlamaları, faydalı keçirmələri, fəal həyat tərzi sürmələridir. Onun üçün uğurun sirri daim optimist olmaq və çalışmaqdır.
“KAIST Universitetində
təhsil almağı planlaşdırıram”
Xanım Yaqublu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi: - Respublika fənn olimpiadalarında 4 dəfə iştirak edib, 3 dəfə qızıl medal qazanıb. İştirak etdiyi 7 Beynəlxalq olimpiadada 5 gümüş, 2 bürünc medala layiq görülüb.
- Respublika fənn olimpiadaları final mərhələsi beynəlxalq olimpiada formatında keçirilən və hər mərhələsində getdikcə daha maraqlı və çətin olan müsabiqədir. Bu müsabiqənin Beynəlxalq olimpiada nailiyyətlərimi qazanmağımda böyük rolu olduğunu deyə bilərəm. Final mərhələdə açıq sualların yoxlanılmasında və qaliblərin seçilməsində xüsusi diqqət göstərdikləri, dördüncü dəfə bu olimpiadada iştirakıma şərait yaratdıqları üçün münsiflər heyətində təmsil olunan bütün müəllimlərə təşəkkür etmək istərdim. Cənubi Koreyanın KAIST Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırıram.
“Qalib hissini
yaşamaq çox qürurvericidir”
Yunis
Əliyev, Mingəçevir şəhər Ruslan Muradov
adına Texniki-humanitar liseyin şagirdi: - 2004-cü il iyulun 6-da Mingəçevir
şəhərində anadan olub. 2010-cu ildə Mingəçevir
şəhər Ruslan Muradov adına
Texniki-humanitar liseyin 1-ci sinfinə daxil olub. Bu il həmin məktəbi
əla qiymətlərlə bitirib.
- 2019-cu
ildən başlayaraq Respublika fənn olimpiadalarında
iştirak edirəm. 2 dəfə fənn olimpiadalarının
finalçısı
olmuşam. Bu il isə tarix fənni üzrə respublikada ən
yüksək nəticəni əldə edərək “Birincilərin
birincisi” adına layiq görülmüşəm. Təəssüratlarıma gəldikdə isə, həqiqətən,
qalib hissini yaşamaq çox qürurvericidir. Məncə,
bu uğuru əldə etmək üçün çox
çalışmaq, əzmkar, ən əsası inadkar olmaq
lazımdır. Hədəfim yüksək balla
istədiyim ixtisasa daxil olmaqdır. Üzərimdə
əməyi olan bütün müəllimlərimə təşəkkür
edirəm.
“Ailəmə, müəllimlərimə
minnətdaram”
Nazim
Çələbiyev, İ.Hacıyev adına”Tərəqqi”
texniki-humanitar liseyin şagirdi: - 6 fevral 2004-cü ildə Mingəçevir
şəhərində anadan olub. 2010-cu ildə
Bakı şəhəri 159 nömrəli tam orta məktəbin
1-ci sinfinə daxil olub. 2021-ci ildə İ.Hacıyev adına “Tərəqqi”
texniki-humanitar liseyi qızıl nişanla bitirib. “Fövqəladə
hadisə şagirdlərin gözü ilə” mövzusunda keçirilən
inşa-yazı müsabiqəsində 1-ci yerə layiq
görülüb. 2021-ci il Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilən buraxılış imtahanında 285.3 bal
toplayıb. Builki Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat
fənni üzrə I yeri tutaraq
“Birincilərin birincisi” nominasiyasını qazanıb.
- Düşünürəm ki, ənənəvi
olaraq hər il keçirilən Respublika fənn
olimpiadaları şagirdlərin bilik və
bacarıqlarını nümayiş etdirməsinə şərait,
öz biliklərini artırmağa stimul yaradır. Mən təhsilə
verilən dəyəri, diqqəti, qayğını gördükcə daha da həvəslənirəm.
Təhsilə göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə öz təşəkkürümü
bildirirəm.
Məqsədim öz peşəsinə dərindən
yiyələnmiş bir hüquqşünas olmaqdır. Qazandığım
uğurlara görə ailəmə, müəllimlərimə
minnətdaram.
“İkinci dəfə “Birincilərin
birincisi” oldum”
Əziz
Hüseynov, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin
şagirdi: - 2004-cü il oktyabrın 12-də Gəncə
şəhərində anadan olub. İlk təhsilinə 2010-cu
ildə Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə
başlayıb. 2016-cı, 2017-ci və 2018-ci illərdə informatika üzrə Respublika fənn
olimpiadalarında iştirak edib və qızıl medal
qazanıb. ABŞ-da keçirilən “Genius
Olympiad”da robototexnika üzrə qızıl medala layiq
görülüb. 2019-cu ildə Sloveniyada
keçirilən Avropa yeniyetmələrin informatika
olimpiadasından respublikamıza ilk gümüş medal gətirib. Həmin ilin noyabrında
Bolqarıstanda keçirilən informatika olimpiadasında gümüş, 2020-ci ilin
yanvarında Qazaxıstanda keçirilən Beynəlxalq
Jautikov Olimpiadasında bürünc medallara layiq
görülüb. 2020-ci ildə informatika üzrə Respublika fənn
olimpiadalarında yenidən
qızıl medal qazanaraq “Birincilərin birincisi” olub. Elə həmin ildə də Beynəlxalq
İnformatika Olimpiadasında (İOİ) son 9 ildə, uzun
aradan sonra ölkəmizə bürünc medal
qazandırıb.
Ə.Hüseynov
2021-ci ildə Sinqapurda onlayn keçirilən Beynəlxalq
İnformatika Olimpiadasında iştirak edərək bürünc medal
qazanıb və adıçəkilən olimpiadada iki dəfə
medal qazanan ilk azərbaycanlı olub.
- Builki fənn olimpiadası məsələlərin
çətinliyinə görə çox gərgin
keçdi, mümkün 500 baldan 399 bal toplayaraq qızıl
medal qazandım və ikinci dəfə “Birincilərin birincisi”
nominasiyasının qalibi oldum. Qalibləri təhsil
naziri Emin Əmrullayev təbrik və təltif etdi. Onu da deyim ki, bu nailiyyətlərim ilə Cənubi
Koreyanın KAIST Universitetinə tam təqaüd ilə qəbul
olmuşam.
“Gələcək hədəfim
peşəkar mütəxəssis olmaqdır”
Murad Xəlilli,
Bakı şəhər 244 nömrəli tam orta məktəbin
şagirdi: - 23 may 2004-cü ildə Bakı şəhərində
anadan olub. 2021-ci ildə Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbi
qızıl nişanla başa vurub. “Əlaçı”,
“Xəmsə” intellektual oyunların qalibi olub.
- Şübhəsiz ki, təhsilim dövründə
uğurlarım arasında mənim üçün xüsusi əhəmiyyətə
malik olanlardan biri Respublika fənn olimpiadaları olub. Uşaqlıqdan
coğrafiyaya olan xüsusi marağım sayəsində təhsil
aldığım müddətdə fənn biliklərimi daha
da təkmilləşdirə bildim. X sinifdə
coğrafiya fənni üzrə olimpiadaya qatıldım və
bürünc medal qazandım. Bu il daha
çox çalışaraq qızıl medal qazanmağa nail
oldum, həmçinin “Birincilərin birincisi” nominasiyasına layiq
görüldüm. Məktəbimin, valideynlərimin, fənni
dərindən öyrənməyimə kömək olan müəllimim
Xəyalə xanımın,
BŞTİ-nin təşkil etdiyi “İstedad qazandır”
layihəsi çərçivəsində dəstəyini əsirgəməyən
Eldəniz müəllimin ümidlərini doğrultduğum
üçün çox sevindim. Bu 2 il ərzində
iştirakçılara xüsusi şəraitin
yaradılmasında əməyi keçən hər kəsə
təşəkkürümü bildirirəm. Builki
müəyyən çətinliklərə baxmayaraq
olimpiadanın bütün mərhələlərinin
qüsursuz keçdiyini deyə bilərəm.
Gələcək hədəfim müvafiq sahələr
üzrə peşəkar mütəxəssis olmaqdır. Burada əldə
etdiyim təcrübələrin hədəfimə
çatmaqda müəyyən rol oynayacağına
inanıram.
“Olimpiada əla təşkil
olunmuşdu”
Ayhan
Süleymanzadə, Türkiyə Dəyanət Vəqfi Baki
Türk liseyinin şagirdi: - 14 iyul 2004-cü ildə Bakıda
anadan olub. Paytaxtdakı 82 nömrəli tam orta məktəbə
gedib. Daha sonra orta təhsilini Türkiyə
Dəyanət Vəqfi Bakı Türk liseyində davam etdirib.
Ayhan bir sıra
beynəlxalq olimpiadalarda iştirak edib, uğurlar
qazanıb. Sonuncu dəfə 17-24 iyul 2021-ci il
tarixlərində Litvada keçirilən Beynəlxalq Fizika
Olimpiadasında bürünc medala layiq görülüb.
- VIII
sinifdən başlayaraq Respublika fənn olimpiadalarında
iştirak edirəm. Son 4 il ərzində fənn olimpiadalarında 2
qızıl, 1 gümüş,1 bürünc medal
qazanmışam. Builki olimpiadada qızıl medalla
yanaşı “Birincilərin birincisi” nominasiyasının qalibi
olmuşam. Əvvəlki illərdə olduğu kimi, bu il də olimpiada əla təşkil
olunmuşdu, münsiflər heyəti çox ədalətli
idi. Hədəflərimə gəlincə, ali təhsilimi Cənubi Koreyanın
KAIST Universitetində davam etdirəcəyəm.
14 medallı istedad
Toğrul
Abbasov, Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin şagirdi: - 2005-ci il iyulun 6-da
Sumqayıt şəhərində anadan olub. Bir
sıra nüfuzlu beynəlxalq olimpidalarda ölkəmizi
uğurla təmsil edib.
- Respublika
fənn olimpiadalarına hazırlıqla VII sinifdən məşğul
olmağa başlamışam. Yerli olimpiadalarda 2
qızıl, 1 gümüş medal qazanmışam. Beynəlxalq olimpiadalarda 3 qızıl, 3
gümüş, 4 bürünc medala layiq
görülmüşəm. Cari ilin 14-24 iyul tarixlərində
isə 62-ci
Beynəlxalq Riyaziyyat Olimpiadasında bütünc medal
qazandım. Təhsil Nazirliyi tərəfindən
Respublika fənn olimpiadalarının təşkil olunması
istedadlı, bacarıqlı şagirdlərin aşkar
olunmasında mühüm rol oynayır. Hədəfim
gələcəkdə ən prestijli universitetlərin birində
təhsilimi davam etdirməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2021.- 30 iyul.- S.8.