2021-ci ilin inqilabi kəşfləri
Nobel mükafatı
laureatlarının adları açıqlandı
İsveçin paytaxtı Stokholmda
Nobel Mükafatları Komitəsi ənənəyə
uyğun olaraq, ayrı-ayrı elm sahələrində 2021-ci il üçün Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. Oktyabrın 4-də
ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatının adı məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən,
İsveçin Karolinsk İnstitutu tərəfindən elan
edildiyi kimi, fiziologiya və tibb üzrə mükafata
“Temperatur və toxunma reseptorlarını kəşf etdiyinə
görə” amerikalı Devid Culius layıq görülüb.
Professor D. Culius karyerası ərzində
təsir, ağrı və istilik kimi insan hisslərinin necə
işlədiyini, eləcə də sinir uclarının
istiliyi necə hiss etdiyini öyrənib.
“Bu kəşf bizim sinir sistemimizin istilik,
soyuq və mexaniki qıcıqlandırıcıları necə
qəbul etdiyinə dair anlayışlarımızın
sürətlə genişlənməsinə səbəb olan
intensiv tədqiqat fəaliyyətinin
başlanğıcını qoyub”, - deyə Nobel
Mükafatları Komitəsi bəyan edib.
***
Fizika sahəsində Nobel
mükafatına “Dünyada iqlim dəyişikikləri kimi
mürəkkəb fiziki sistemləri anlamağa kömək edən
tədqiqatlarına görə” ABŞ-ın Prinston
Universitetindən Sykuro Manabe, Almaniyanın Maks Plank
İnstitutundan Klaus Hasselmann, İtaliyanın Roma Sapiensa
Universitetindən Corc Parisi layiq görülüblər.
Akademiya
qeyd edib ki, Manabe
və Hasselmannın işləri "Yerin iqlimi və bəşəriyyətin
ona necə təsir etdiyi haqqında biliklərimizin
bünövrəsini yaradıb". Professor Manabe atmosferdəki karbon
qazının artmasının Yer səthində istiliyin artmasına
səbəb olması mövzusunda araşdırmalara rəhbərlik
edib. Professor K. Hasselmann hava və iqlimin bir-biri
ilə əlaqəsini ortaya çıxaran model yaradıb.
C. Parisi
isə karyerası boyunca kompleks nizamsız materiallarda gizlənmiş
nümunələri aşkar edərək elm və
riyaziyyatın bütün sahələrində rast gəlinən
bir-birinə əks və tamamilə təsadüfi fenomenləri
anlamağa imkan verən tədqiqatlar aparıb. "S. Manabe və
K. Hasselmann iqlim və insanların ona necə təsir etdikləri
haqqında biliklərimizin əsasını qoydular",- deyə İsveç Kral Akademiyası
bildirib.
***
Kimya sahəsində
Nobel mükafatına “Asimmetrik orqanokatalizin inkişafına
görə”
Almaniyanın Maks Plank İnstitutundan Bencamin List və
amerikalı, Prinston Universitetinin professoru Devid Makmillian layiq
görülüb. Nobel Mükafatları Komitəsinin
açıqlamasında qeyd olunub ki, uzun müddət elm
adamları yalnız iki növ katalizatorun - metallar və
fermentlərdən ibarət olduğuna inanıb.
Bir-birindən asılı olmayaraq, Bencamin List və Devid
Makmillian üçüncü növ - kiçik üzvi molekullara
əsaslanan asimmetrik organokataliz hazırlayıb. "Bu,
kimyanı nəinki, ekoloji cəhətdən daha təmiz edib,
həm də asimmetrik molekulların istehsalını
asanlaşdırıb" - deyə Nobel Mükafatları Komitəsinın
açıqlamasında qeyd olunub.
***
Oktyabrın
7-də İsveç Akademiyasının qərarı ilə 2021-ci il
üçün ədəbiyyat üzrə Nobel
mükafatına İngiltərədə yaşayan
tanzaniyalı yazıçı Abdulrazak Gurnah layiq
görülüb. O, bu mükafata “Müstəmləkəçiliyin
nəticələrinə və mədəniyyətlər və
qitələr arasındakı uçurumda bir
qaçqının taleyinə yanaşmada barışmaz və
şəfqətli mövqeyinə görə” layiq görülüb.
***
Oktyabrın
8-də Osloda 2021-ci il üzrə Nobel
Sülh mükafatının sahiblərinin adları
açıqlanıb. Mükafatın demokratiya və
davamlı sülh üçün əsas şərt olan ifadə
azadlığının qorunması sahəsində səylərinə
görə filippinli və rusiyalı jurnalistlər Maria Ressaya
və Dmitri Muratova verilməsi qərara alınıb.
***
Oktyabrın 11-də Nobel Mükafatları Komitəsi 2021-ci il üçün iqtisadiyyat
elmləri üzrə mükafatın sahibinin adını
açıqlayıb. İsveç Dövlət
Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi mükafata “Səbəb-nəticə
əlaqələrinin təhlilinə metodoloji töhfələrinə
görə” amerikalı
iqtisadçı alimlər Coşua Angrist və Guido
İmbens, eləcə də
“Əmək iqtisadiyyatına verdiyi empirik töhfəsinə
görə” David Kard layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri
sahəsində ən nüfuzlu mükafat hesab olunur.
İsveç bankının 300 illiyi
münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə
1969-cu ildə verilib.
Qeyd edək ki, mükafatın təqdimat
mərasimi dekabrın 10-da İsveçin və Norveçin
paytaxtlarında Alfred
Nobelin doğum günündə keçiriləcək.
Ötən ildə olduğu kimi, bu il də hər nominasiyada
Nobel mükafatının pul məbləğı 10 milyon kron (1.19 milyon ABŞ
dolları) təşkil edəcək.
Fiziologiya və tibb üzrə laureat
Devid
Culius 1955-ci ildə Nyu-Yorkun Brayton-Beach rayonunda anadan olub. Buradakı Abraham Linkoln orta məktəbini bitirib.
Atası mühəndis, anası isə ibtidai
sinif müəllimi olub. 1977-ci ildə
Massaçusets Texnologiya İnstitutunda bakalavr, 1984-cü ildə
Berkli Kaliforniya Universitetində fəlsəfə doktoru dərəcəsi
alıb. 1990-cı ildən San-Fransisko
Kaliforniya Universitetinin professorudur. ABŞ Milli Elmlər
Akademiyasının (2004), Amerika İncəsənət və
Elmlər Akademiyasının (2005) üzvü, Macarıstan
Elmlər Akademiyasının xarici üzvüdür. Tibb sahəsində
bir sıra nüfuzlu elmi mükafatlara (Qayrdner, Rosenstil, Kavli,
tibb sahəsində irəliləyişə görə və
s.) layiq görülüb.
Fizika üzrə laureatlar
Sykuro Manabe 1931-ci ildə
Yaponiyanın Ehime prefekturasının Uma rayonunun Sinritsu kəndində
anadan olub. Bakalavr, magistr və fəlsəfə
doktoru elmi dərəcələrini Tokio Universitetində
alıb. İqlim sahəsində tədqiqatlar aparmaq
üçün ABŞ-a gedib.
1997-ci ilədək ABŞ Hava Bürosunda
çalışıb.
1997- 2001-ci illərdə Yaponiyada qlobal dəyişikliklər
tədqiqatları sistemində qlobal istiləşmə
şöbəsinə rəhbərlik edib. 2002-ci
ildə dəvət olunmuş elmi işçi kimi Prinston
Universitetinin Atmosfer və Okean Elmləri Proqramında
çalışmaq üçün ABŞ-a qayıdıb.
O, həmçinin 2007- 2014-cü illərdə Naqoye
Universitetinin xüsusi dəvət olunmuş professoru kimi
çalışıb. Hazırda Prinston Universitetində baş meteoroloq vəzifəsində
çalışır.
S.Manabe
ABŞ Milli Elmlər Akademiyasının üzvü, Yaponiya Elmlər
Akademiyasının, Avropa Akademiyasının və Kanada Kral Cəmiyyətinin
xarici üzvüdür.
Klaus Hasselmann (alman fiziki, okeanoloq, meteoroloq, klimatoloq,
statistic) 1931-ci ildə
Almaniyanın Hamburq şəhərində anadan olub.
1955-ci ildə Hamburq Universitetini bitirib, fizika və riyaziyyat üzrə
təhsil alıb. 1955-1957-ci illərdə
Gettinqen Universitetində və Max Plank Mayelərin Dinamikası
İnstitutunda fizika və hidrodinamikanı öyrənib.
1957-ci ildə Gettingen Universitetində doktorluq dərəcəsi
alıb. 1957-1961-ci illərdə Hamburq
Universitetinin Hərbi-Dəniz Memarlığı
İnstitutunda təcrübəçi-tədqiqatçı vəzifəsində
çalışıb. 1999-cu ildən Max Plank Meteorologiya İnstitutunun fəxri
üzvüdür. Qlobal istiləşmə sahəsində əsərlərindən
ən çox sitat gətirilən 2 alimdən biridir.
Hazırda Maks Plank Hamburq
adına Meteorologiya İnstitutunun professoru olan K.Hasselmann
İsveç Kral Elmlər Akademiyasının (xarici), Avropa Geonuk və Kral
Meteorologiya Cəmiyyətinin fəxri, Avropa Elmlər və
İncəsənət Akademiyasının, Alman Meteorologiya Cəmiyyətinin
və Tətbiqi Riyaziyyat və Mexanika Cəmiyyətinin
üzvüdür. Elmi nailiyyətlərinə
görə bir
çox elmi mükafatlara layiq
görülüb.
Corcio Parisi 1948-ci ildə Romada anadan olub. 1970-ci ildə
Roma Sapienza Universitetini bitirib. 1971-1981-ci illərdə Milli Nüvə Fizikası
İnstitutunda , həmçinin dəvətli elmi
işçi kimi Kolumbiya
Universitetində (1973-1974), Ali Elmi
Tədqiqatlar İnstitutunda (1976-1977) və Paris Ali Normal
Məktəbində (1977-1978) çalışıb. 1981-1992-ci illərdə Roma Tor Verqat Universitetində
nəzəri fizika üzrə professor olub, hazırda Sapienza
Universitetinin kvant fizikası professorudur. İtaliya . Fransa , ABŞ Elmlər akademiyalarının
üzvüdür. 2018-ci ildə İtaliya Respublikası Elmlər
Akademiyasının
prezidenti seçilib. Elmi tədqiqatları
bir çox mükafatlarla qeyd olunub. O, Feltrinelli (1986), Dirak (1999), İtaliya Baş
nazirinin ı (2002), Enriko Fermi
(2003), Danni Haynemanın
(2005), Volf mükafatlarına (2021) , Boltsman medalına
(1992) layiq görülüb.
Kimya üzrə
Alman
kimyaçısı Bencamin List 1968-ci ildə anadan olub. O, orqanokatalizin, kimyəvi
reaksiyaların sürətləndirilməsi və onların səmərəliliyinin
artırılması metodunun müəlliflərindən
biridir. 1993-cü ildə Berlin Azad Universitetini
bakalavr, 1997-ci ildə Höte Universitetini magistr dərəcəsi
ilə bitirib. Doktorluq işini
ABŞ-ın La-Xoye şəhərində Skripps Tədqiqat
İnstitutunda yerinə yetirib. Postdoktor tədqiqatçısı
kimi 1997-1998-ci illərdə ABŞ-da çalışıb.
2003-cü ildə Maks Plank adına
Kömür Tədqiqatları İnstitutunda qrup rəhbəri
kimi fəaliyyətə başlamaq üçün Almaniyaya
qayıdıb. 2005-ci ildə isə homogen kataliz şöbəsinə
rəhbərlik edərək institutun direktorlarından biri,
2012- 2014-cü illərdə isə icraçı direktoru
olub. 2004-cü ildən Köln Universitetinin
üzvi kimya üzrə fəxri professorudur. B.List 2 dəfə
Avropa Tədqiqat Şurasının (ERC) qrantını
alıb. Bu qrantların ümumi məbləğı 4,5 milyon avro təşkil edir. Ümumilikdə
isə, son 10 il ərzində ERC –in qrantını
almış 10 alim Nobel mükafatına layiq görülüb.
David
Makmillan 1968-ci ildə Şotlandiyanın Belşill şəhərində
anadan olub. Britaniya-Amerika üzvi
kimyaçısıdır. Qlazqo
Universitetini bitirib (kimya, bakalavr, 1991). Doktorluq tədqiqatlarını
Kaliforniya və Harvard universitetlərində aparıb. Karyerasına
1998-ci ildə Kaliforniya Universitetində başlayıb. 2000-ci ildə Kaliforniya Texnologiya İnstitutuna
keçib. 2006-cı ildən Prinston
Universitetinin kimya kafedrasında professor vəzifəsində
çalışır.
Prinston Universitetinin əməkdar
universitet professoru, London Kral Cəmiyyətinin (2012) və
ABŞ Milli Elmlər Akademiyasının (2018), Edinburq Kral Cəmiyyətinin
(2013)
üzvüdür. 2009-2014-cü illərdə
“Chemical Scienceruen” jurnalının baş redaktoru olub. 2012-ci ildən Amerika İncəsənət və
Elmlər Akademiyasının üzvüdür. Kral Kimya
Cəmiyyətinin Yüz illik (2019), eləcə də ABŞ və
dünyanın çoxsaylı elmi cəmiyyət və
fondlarının nüfuzlu mükafatlarına layiq
görülüb.
Ədəbiyyat üzrə laureat
Abdulrazak Gurnah 1948-ci ildə
Hind okeanının Zənzibar adasında anadan olub. 1963-cü
ilin dekabrında Britaniya müstəmləkəçiliyindən
sülh yolu ilə azad edildikdən sonra Zənzibarda baş
vermiş inqilab nəticəsində müsəlman əhalisinə
qarşı təzyiqlər artıb. Gurnah təzyiqlərə
məruz qalan etnik qrupun üzvü kimi məktəbi bitirdikdən
sonra on səkkiz yaşında ölkəsini tərk edib və
Britaniyaya sığınıb. Təqaüdə
çıxana qədər Gurnah İngiltərənin Kent
Universitetində ingilis və postkolonial ədəbiyyat
professoru idi. Gurnahın on roman və bir
sıra hekayələri çap olunub. Əsərlərini
ingilis dilində yazan Abdulrazak Gurnah dünyada “Cənnət” və
“Fərarilik” adlı romanları ilə tanınır.
Sülh üzrə laureatlar
Amerika-Filippin jurnalisti
Mariya Rosa 1963-cü ildə Manila şəhərində
(Filippin) anadan olub. 1973-cü ilin dekabrında daimi yaşayış
üçün ABŞ-a köçüb. Prinston
Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi
alıb. 1986-cı ildə Fulbrayt qrantı
sayəsində Filippin Universitetinin aspiranturasında təhsil
alıb. 1987-1991-ci illərdə Filippin
Universitetinin Kütləvi Kommunikasiyalar Kollecində müəllimlik
edib. 2005-ci ildə ABS-CBN xəbər qrupunun baş
vitse-prezidenti olub, altı il ərzində
Filippində ən böyük xəbər şirkətinə
rəhbərlik edib. 2012-ci ildə Filippinin aparıcı online xəbər
resurslarından biri olan rappler.com onlayn platformanın həmtəsisçisi
olub. Hazırda
platformanın baş direktoru və prezidentidir. 2018-ci ildə "Azadlığın Qızıl qələmi"
Ümumdünya qəzet Assosiasiyasının mükafatına
layiq görülüb. 2018-ci ildə "Time
" jurnalının versiyasına görə “İlin
adamı”, həmçinin əsrin
ən nüfuzlu qadınlarından biri elan edilib.
Dmitri
Muratov 1961-ci ildə Kuybışev (indiki Samara) şəhərində
anadan olub.1983-cü ildə Kuybışev Dövlət
Universitetinin ( Samara Dövlət
Universiteti) filologiya fakültəsini bitirib. 1987-ci ildə
"Komsomolskaya pravda" qəzetinin fəhlə gənclər
şöbəsinin müdiri, 1990-1992-ci illərdə isə informasiya və siyasət
şöbəsinin redaktoru olub. Bir müddət
D. Muratov qəzet və televiziya işini birləşdirib.
Belə ki, o, 1997-ci ildə "Mətbuat Klubu" (ATV – ORTV)
proqramının, 1998-1999- cu illərdə isə "NTV"
telekanalında həftəlik "Məhkəmə gedir"
proqramının aparıcısı
olub. 2017- ci ildən "Novaya
qazeta" nəşrinin Direktorlar Şurasının sədri,
2019-cu ilin noyabrından baş
redaktorudur.
İqtisadiyyat
üzrə laureatlar
David Kard
1956-cı ildə
Kanadanın Qelf şəhərində anadan anadan olub. Hazırda
Kaliforniya Berkli Universitetində elmi tədqiqatlar aparır.
Coşua Angrist 1960-cı ildə Ohayo ştatının
Kolumbus şəhərində anadan olub. Massaçusets
Texnologiya İnstitutunda çalışır.
Guido İmbens 1963-cü ildə
Niderlandın Eyndhoven şəhərində anadan olub. Hazırda Stanford Universitetində fəaliyyət
göstərir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2021.- 15 oktyabr.- S.16.