Qaraqoyunlu dərəsinin ilk
tələbəsi, ilk alimi...
Əməkdar
müəllim, professor Niftalı
Mehralı oğlu Qocayev
1936-cı il oktyabrın 18-də Gəncə quberniyasının Qazax qəzası, Dilican
nahiyyəsinin Qaraqoyunlu dərəsinin (indiki Ermənistanın İcevan
rayonunun) Göyərçin kəndində
sadə kəndli ailəsində- Mehralı kişi
ilə Gözəl xanımın ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini həmin kənddə alan Niftalı Qocayev orta təhsilini o dövrdə
regionun qabaqcıl məktəblərindən
sayılan Gölkənd kəndində davam
etdirir və həmin kənddə yaşayan xalası Ayişə xanımın
evində yaşayır.
Kənd məktəbinin riyaziyyat müəllimi Məhəmməd Nəbiyevin yaratdığı böyük maraq gənc Niftalını dəqiq elmlərə fokuslayır. Bədnam ermənilərin əhatəsində nə qədər çətin olsa da, bir neçə pilləli yoxlamalardan uğurla keçən Niftalı Qocayev məktəbi qızıl medalla bitirir və həmin illərdə məktəbi medalla bitirən ilk azərbaycanlı kimi Qaraqoyunlu dərəsinin tarixinə düşür. Ancaq bu “ilk”lər onu həyatı boyu izləyir. O, regionun Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika (o zaman Fizika-riyaziyyat fakültəsinin fizika bölməsi) fakültəsinə daxil olan ilk məzunu, universitetdə adlı təqaüdlə (o dövrdə ən yüksək status olan Lenin təqaüdü ilə) oxuyan ilk tələbəsi, bütün Qaraqoyunludan BDU-da ilk müəllim, o dövrün rekordlarını yeniləyərək 26 yaşında -1962-ci ildə dissertasiya müdafiə edən ilk azərbaycanlı biofizik, həm də regionun ilk alimi, ilk kafedra müdiri, ilk dekanı, ilk laboratoriya müdiri olmuşdur.
Bütün bu “ilk”lər Qaraqoyunlu dərəsindən 100-ə yaxın azərbaycanlı gəncin bu yolla gəlməsinə, alim kimi yetişməsinə, xalqın gərəkli övladlarına çevrilməsinə müstəsna təsir göstərmişdir. Nə qədər çətin olsa da, həmin uşaqların hamısı Niftalı müəllim kimi hörmət sahibi olmaq arzusu ilə şəhərə oxumağa gələrkən, demək olar ki, hamısı regiondan Bakıda “ilk evi olan” Niftalı Qocayevin qayğısından bəhrələnmişdir: ya onun evində yaşamış, ya köməkliyi ilə yataqxanaya düzəlmiş, ya onun köməyi ilə imtahanlara hazırlaşmış, ya ixtisas seçməyə məsləhət almış, ya da hansısa digər yardımından yararlanmışdır. Bu adamların hamısının Bakıdakı “ata ocağı” Niftalı Qocayevin geniş ürəyi, darısqal mənzili olmuşdur.
Ağsaqqalların dediyinə görə, olduqca istedadlı uşaq olan Niftalı həm də çox zəhmətkeş, məqsədi uğrunda mübariz keyfiyyətlərə malik olmuşdur. İkinci Dünya müharibəsindən sonrakı illərdə Ermənistanın ucqar kəndində perspektivsiz gələcəyi hiss edən N.Qocayev bu vəziyyətdən çıxmaq yolunu həm yaxşı oxumaqda, həm də rus dilini mükəmməl öyrənməkdə görür. Bu məqsədlə müstəqil şəkildə rus dilini öyrənməyə başlayır. O dövrdə kənddə rus dilini bilən də yox idi ki, gedib kiminləsə ünsiyyətə girib bu vərdişi təkmilləşdirsin. Bu zaman Sibirdən kəndlərinə 10 il sürgündə yatmış və bu müddətdə rus dilini öyrənmiş yaxın qohumları İslam kişi qayıdır. Gənc Niftalı imkandan yararlanaraq bu adamla hər gün görüşür, onunla rus dilində söhbət edir, kəndin poçtuna gələn və heç kəsin oxumadığı “Pravda” qəzetini alıb İslam kişi ilə onu bərkdən oxuyur, tərcümə edir, kənd adamlarına danışır. Bununla da, həm camaatın hörmətini qazanır, həm də məktəbli ikən qısa müddətdə rus dilini mükəmməl öyrənir. O dövrün tələblərinə görə rus dilini yaxşı bilmək isə geniş üfüqlər açırdı. Sonralar rus dilində yazılmış elmi ədəbiyyatları sərbəst oxuyub mənimsədiyinə görə tələbə yoldaşlarından xeyli irəlidə olanda, SSRİ EA Leninqrad filialının “Yüksəkmolekullu Birləşmələr İnstitutu”nun aspiranturasına daxil olanda, dünya şöhrətli məşhur alim akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edəndə, keçmiş SSRİ-nin bütün ali məktəblərində tədris edilən “Optika” dərsliyi yazaraq rus dilində dərslik yazmış yeganə azərbaycanlı kimi tarixə düşəndə kənddə İslam kişi ilə keçirdiyi günləri tez-tez xatırlayacaqdı...
Professor Niftalı Qocayev 1993-1995-ci illərdə
Ərzurum Atatürk və İstanbul
universitetlərində dəvətli professor
olaraq fəaliyyət göstərmiş və
həmin illərdə türk dilində 2
cildlik “MolekülünYapısı”
monoqrafiyalarını, həmçinin özünün
müəllifi olduğu “Molekulyar
fizika” və “Optika” dərsliklərini
türk dilinə çevirərək
nəşr etdirmişdir. Elmi
kadrların hazırlığı sahəsində də N.M.Qocayevin fəaliyyəti
diqqətə layiqdir. Onun elmi
rəhbərliyi ilə yüzlərlə bakalavr
və magistr tələbələri diplom və dissertasiyalar
müdafiə etmiş, fizika
üzrə 21 elmlər doktoru və fəlsəfə doktoru
dissertasiya işlərinin elmi
rəhbəri olmuş,“Bioloji
fəal molekulların və onların komplekslərinin quruluş-funksiya əlaqələrinin tədqiqi”
üzrə Elmi Məktəbin yaradıcısı və rəhbəridir,
Rusiada nəşr olunan
“Biofizika”, “Molekulyarnaya
bioloqiya”, “Fiziçeskaya
ximiya”, “Bioorqaniçeskaə ximiya”, “DAN SSSR”, “Rossiyskiy Allerqoloqiçeskiy jurnal”,
“Nanotexnika”, Amerika, Avropa və Asiyada nəşr
olunan “Journal of Molecular Graphics
and Modelling”, “J. of Peptide and
Protein Research”, “Studia Biophysica”, “J.of Spectrocopy Letters”, “J. of Molecular Structure”, “J.of Peptide Science”
və “AsianJ. Of Shemistry” kimi Tomson-Reuters siyahısına daxil
edilmiş mötəbər elmi jurnallarda dərc olunmuş 400-dən çox
elmi məqalənin müəllifidir. Bunlar içərisində
COVID -19 və xərçəng
xəstəliklərinə qarşı dərman kimi tövsiyə olunan çoxfunksiyalı Glu-Gln-Arg-Pro-Argpentapeptidinə
həsr olunmuş və yüksək impaktfaktorlu
“Journal of MolecularGraphics and Modelling”
jurnalında çap olunacaq məqaləni
(Evaluation of anti-cancer and anti-covid-19 properties of cationicpentapeptideGlu-Gln-Arg-Pro-Arg,
fromrice bran protein and its d-isomeranalogsthroughmoleculardocking
simulations. Vol. 108, Novenber
2021, 107999) xüsusi qeyd
etmək olar. Bu elmi-tədqiqat işi Türkiyənin İstanbul
və Kültür Universitetləri, BDU nəzdindəki
Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu,
AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən
yerinə yetirilmişdir.
Professor Niftalı Qocayev Azərbaycan, rus və türk dillərində yazılmış
21 dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir.
Onlar içərisində
keçmiş SSRİ Ali Təhsil
Nazirliyinin qrifi ilə Moskvada “Vısşaya Şkola” nəşriyyatı tərəfindən 1979-cu ildə nəşr olunmuş və 2016-cı
ildə ikinci nəşri çapdan çıxmış “Optika”,
həmçinin 4 cildli
“Ümumi Fizika kursu” dərsliklərini xüsusilə qeyd etmək olar. Niftalı müəllim 1966-cı ildə
dosent, 1979-cu ildə professor elmi adlarını almış, 1967-1968-ci illərdə
Azərbaycan Dövlət
Universiteti nəzdindəki
“SSRİ Ali Məktəb Müəllimlərinin
İxtisasını Artırma
Fakültəsi”nin dekanı,
1968-1984-cü illərdə “Optika və molekulyar fizika” kafedrasının müdiri
vəzifələrində işləmişdir.
Professor N.M.Qocayev 1980-2005-ci illərdə Molekulyar Biofizika Elmi-Tədqiqat
Problem Laboratoriyasının müdiri, 2005-2020-ci illərdə
BDU nəzdindəki Fizika
Problemləri Elmi-Tədqiqat
İnstitutunun “Nəzəri
fizika şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır.
Bu günlərdə 85 yaşı tamam olan Niftalı müəllim 62 ildir ki, fizika üzrə universitet tələbələrinə dərin məzmunlu, yüksək keyfiyyətli mühazirələr oxumaqla tələbələrinin sevimlisinə çevrilmişdir. Məlahətli və yapışıqlı səs tembri, dərin bilik, analitik düşüncə, aydın zəka, böyük təcrübə bu insanın mühazirələrini Səməd Vurğunun şeirləri kimi axıcı, rəvan, şirin edir. Bu gün onun belə mühazirələrini dinləmək istəyən tələbələrin arzusunu reallaşdırmaq üçün professora ustad dərsləri xahişi ilə müraciət edən ali məktəb rəhbərləri onlarladır. Hamı qəlbi də, görkəmi də cavan olan bu ağsaqqal alimi heç olmasa, bir dəfə dinləmək istəyir. Ancaq ömrünün 62 ilini bağladığı doğma Bakı Dövlət Universiteti onun “ata ocağı”dır, özünü bu ocaqdan ayrı təsəvvür eləmir. Biz də onu hələ 15 il Bakı Dövlət Universitetinin auditoriyalarında, laboratoriyalarında görmək istəyirik. 100-dən sonra baxarıq...
Fikrət
ŞİRİYEV,
BDU-nun dosenti
Azərbaycan müəllimi.- 2021.-
15 oktyabr.- S.14.