Sağlam rəqabət
və innovativ fəaliyyət
V Qrant müsabiqəsi qaliblərinin
uğur hekayələri
Məlum olduğu kimi, artıq bir
neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü
ilə ölkəmizdə Təhsildə inkişaf və
innovasiyalar üzrə qrant müsabiqələri
keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi
dəyişikliklərin, islahatların davamı olaraq bu
müsabiqələrin başlıca məqsədi təhsil
müəssisələrində, təhsilverənlərdə
sağlam rəqabəti və innovativ fəaliyyəti
stimullaşdırmaqdan, yeni ideyaların dəstəklənməsindən
ibarətdir. Bu il keçirilən V Qrant
müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz
qalib layihələri də təhsil müəssisələri
və müəllimlərimizin innovativ
axtarışlarının bəhrəsi kimi qiymətləndirilə
bilər.
“Sinifdənxaric və dərsdənkənar
məşğələlərin təşkilində mental-
arifmetika dərnəyinin rolu”
Son illərdə
müəllimlərimiz arasında təşəbbüskarlığın
və yaradıcı axtarışların genişlənməsinə
təkan vermiş Təhsildə inkişaf və innovasiyalar
üzrə qrant müsabiqəsinin builki qalibləri
arasında aktuallığı ilə seçilən layihələrdən
biri “Sinifdənxaric və dərsdənkənar
məşğələlərin təşkilində
mental-arifmetika dərnəyinin rolu “ mövzusuna həsr olunub.
Layihənin müəllifi, Bakı şəhər 136 nömrəli
tam orta məktəbin tədris işləri üzrə
direktor müavini Əli Mehdiyev mövzunun əhəmiyyəti
və hədəfləri barədə danışır:
- Şagirdlərin hərtərəfli inkişafı və
sosial aktivliyini təmin etmək üçün xüsusi
profilli dərnəklərə ehtiyac vardır. Yeni tipli dərnəklərin
təşkilində məqsəd şagirdlərdə səriştələrin
formalaşdırılması istiqamətində dərsdənkənar
fəaliyyətin düzgün təşkili ilə hər bir
şagirdin istedad və qabiliyyətinin üzə
çıxarılması, yaradıcılıq
imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir.
Bundan ötrü hər bir şagirdin meyil və
marağı, istedad və qabiliyyətini müəyyən etməklə
yanaşı onlar üçün dəstəkləyici
mühitin yaradılması vacibdir. Bu mənada
“Mental-arifmetika” dərnəyi də uşaqlarda sürətli
zehni və şifahi hesablama qabiliyyətlərinin inkişaf
etdirilməsini hədəfləyir. Bu dərnəkdə
uşaqlar hesab maşınından istifadə etmədən əvvəlcə
abakus (hesab aləti-şotku) üzərində və sonra da
şifahi (zehndə) hesablamalar aparır, cavabları saniyələr
içində doğru deyə bilirlər.
Bu dərnək 4-12 yaş arası uşaqlar
üçün nəzərdə tutulub. Məqsəd
hər bir uşaqda olan, lakin işlədilməyən bəzi
hissiyatları oyatmaqdır. Əvvəlcə uşaqlara
abakus (hesab aləti) öyrədilir, sonra isə beyində
şifahi sürətli və doğru hesablamalar (toplama,
çıxma,vurma, bölmə) yerinə
yetirilir və bu zaman abakusa ehtiyac qalmır. Mental-arifmetika
uşaqların: 1.Yaddaşını gücləndirir,
2.Sürətli hesablama bacarığını
formalaşdırır, 3.Yaradıcılığını
artırır, 4.Məntiqi düşüncəsini dərinləşdirir,
5.Beynin sol və sağ yarımkürələrini inkişaf
etdirir (eyni vaxtda), beynin bütövlüyünü qoruyur,
6.Riyazi hesablama gücünü artırır, öyrənməmə
qorxusunu aradan qaldırır.
“3D Artırılmış Reallıq
vasitəsilə əyləncəli öyrənmə”
Xocavənd
rayon Əmirallar kənd tam orta məktəbin ibtidai sinif
müəllimi Ayla İsmayılovanın müsabiqəyə
təqdim etdiyi layihə kifayət qədər maraq kəsb edən
və innovativliyi ilə seçilən “3D
Artırılmış Reallıq vasitəsilə əyləncəli
öyrənmə” mövzusuna həsr
olunub. Layihə ümumi təhsilin ilkin səviyyəsində
tədrisin modernləşməsi və təkmilləşməsində
mühüm əhəmiyyət daşıyır.
A.İsmayılova layihəsinin hədəfləri barədə
fikirlərini bölüşür:
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla
bağlı əsas
hədəflər öz əksini tapıb, innovativ
inkişaf modelinin reallaşmasi üçün ölkəmizdə
artıq mütərəqqi addımlar atılmaqdadır. V
qrant müsabiqəsinə təqdim etdiyim “3D
Artırılmış Reallıq vasitəsilə əyləncəli
öyrənmə” layihəsinin
məqsədi ibtidai sinif müəllimlərinə
dərs prosesində “Quiver Vision” - 3D Artırılmış
Reallıq texnologiyalarından istifadə olunmaqla oyun əsaslı
öyrənmənin üstünlüklərini mənimsətmək,
dərs prosesinin daha uğurlu təşkili və icrasını təşviq etməkdir.
Layihənin
əsas vəzifəsi ibtidai sinif müəllimlərinə 3D Artırılmış Reallıq texnologiyalarından istifadə
qaydaları və “oyun əsaslı öyrənmə” təlimlər
keçmək, onların bu istiqamətdə dərs planı
qurmaq, dərs keçmək vərdişlərini möhkəmləndirmək
üçün “açıq dərs”lərini təşkil
etmək, dinləmək və qabaqcıl müəllimlərin
iş üsullarını paylaşmaq; təlim nəticələri
zəif və inklüziv yanaşmaya ehtiyacı olan ibtidai sinif
şagirdlərinin təhsil prosesinə olan marağını
artırılmasına nail olmaqdır.
Layihənin davamlılığı, işin daha sürətli
olması və Xocavənd rayon məktəblərinin mütəmadi
olaraq istər yerli, istərsə də beynəlxalq
olimpiadalara hazırlaşmaları üçün
yaradılmış bu mərkəzdə müxtəlif istiqamətli
ödənişsiz təlimlər təşkil olunacaq. Bu təlim mərkəzində,
ilk növbədə, 10 təlimçi müəllim
hazırlanacaq. Təlimləri Peşəkar
İnkişaf Karyera Mərkəzinin əməkdaşları
həyata keçirəcək.
“Beynəlxalq Coğrafiya
Olimpiadasına hazırlaşmaq üçün testlər
toplusu”
Salyan
rayonu Peyk kənd tam orta məktəbinin coğrafiya müəllimi
Aytən Balamedovanın V Qrant
müsabiqəsinə təqdim etdiyi “Beynəlxalq Coğrafiya
Olimpiadasına hazırlaşmaq üçün testlər
toplusu” layihəsi şagirdlərimizin
beynəlxalq coğrafiya olimpiadalarına hazırlğının
stimullaşdırılmasına və bu sahədə yeni təcrübənin
təşviqinə həsr olunub:
- Beynəlxalq
coğrafiya olimpiadasına hazırlaşmaq istəyən
şagirdlər üçün testlər toplusunu
hazırlamaq məqsədi ilə bu layihəyə
başladıq. Beynəlxalq coğrafiya olimpiadalarında
istifadə edilmiş suallar və onların həlləri bu
topluda tədqim olunacaq. Nəzərə
alsaq ki, beynəlxalq coğrafiya kurikulumu milli kurikulumdan əsaslı
dərəcədə fərqlənir, təqdim edilmiş
suallarda da ciddi fərqlər mövcuddur. Milli
kurikulum üzrə hazırlanmış olimpiada
suallarının beynəlxalq kurikulum suallarından əsaslı
şəkildə fərqləndiyini nəzərə alsaq,
beynəlxalq olimpiada suallarının tərcüməsinə
və həlləri ilə verilməsinə böyük
ehtiyac vardır. Hazırladığımız bu toplu həm beynəlxalq
olimpiadalara, həm də respublika fənn olimpiadalarına
hazırlaşan şagirdlər və onların müəllimləri,
eləcə də respublika fənn olimpiadalarının
suallarını tərtib edən müəllimlər
üçün də çox faydalı olacaq. Onu da
qeyd edim ki, test toplusu
milli coğrafiya kurikulumunun beynəlxalq coğrafiya
kurikulumuna keçidi üçün faydalı bir vəsait
olacaqdır.
Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşan
şagirdlər üçün Azərbaycan dilində belə
bir toplu yoxdur.
Bu topluda istifadə edilən suallar beynəlxalq
olimpiada səviyyəli suallardır. Toplunu hazırlamaq
üçün böyük heyət iş görəcəkdir.
Burada ingilis dili və coğrafiya mütəxəssislərinin
birgə fəaliyyəti həyata keçiriləcək. Layihənin ölkə
coğrafiyası üçün əhəmiyyətini nəzərə
alsaq, görüləcək işlərin çox və məsuliyyətli
olacağını deyə bilərik.
Layihədən gözlənilən nəticə odur ki,
hazırlanacaq test toplusu beynəlxalq coğrafiya
hazırlıqları üçün əsas vəsaitlərdən
biri olacaq. Beynəlxalq coğrafiya olimpiadalarına
hazırlaşan şagirdlər bu vəsaitdən yararlana biləcəklər.
Bu vəsait coğrafiya fənni üçün
çox böyük töhfə vermiş olacaq. Olimpiada üçün bütün mövzulara aid
sualları bir arada və izahları ilə birgə görmək
həqiqətən də şagirdlər üçün
çox faydalıdır. Belə ki, ənənəvi
sual formatının dəyişdirilərək, beynəlxalq
sual tipli suallardan istifadə etmək imkanı yaranacaq.
“Mənim peşəm mənim
gələcəyimdir!”
İsmayıllı
rayonu Yeniyol kənd S.Abbasov adına tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Vəfa Vahabovanın
V qrant müsabiqəsinin qalibi olan
“Mənim peşəm mənim gələcəyimdir!”
layihəsinin isə artıq
icrasına başlanılıb. V.Vahabova layihə çərçivəsində
həyata keçirilən işlər barədə ətraflı
məlumat verdi:
- Layihə
çərçivəsində ənənəvi peşə
və sənət sahələrinə marağın
artırılması, yeniyetmə və gənclərin peşə
seçimində vaxtında, əmək bazarının tələblərinə
uyğun qərar verilməsi kimi hədəf istiqamətləri
müəyyən edilib. “Mənim peşəm mənim
gələcəyimdir!” adlı maarifləndirici flayerlər
hazırlanıb və yaxın zamanlarda İsmayıllı
rayonunun ümumtəhsil məktəblərinin şagirdləri
arasında yayılması nəzərdə tutulub. 3 ay müddətində İsmayıllı rayonunda
icra ediləcək layihəni həyata keçirməkdə məqsəd
yuxarı sinif şagirdləri arasında peşə təhsilinə
maraq yaratmaq və peşə təhsilinin ictimai nüfuzunu
artırmaqdan ibarətdir.
Layihə çərçivəsində oktyabrın 10
-da Yeniyol kənd tam orta məktəbinin 20-yə yaxın
VII-IX sinif şagirdləri üçün seminar baş tutub. Oktyabrın
19-da isə Təzəkənd kənd tam orta məktəbinin
30-a yaxın VII-IX sinif şagirdləri üçün təşkil
olunacaq seminarda məktəblilərə müxtəlif peşə
sahələri haqqında ətraflı məlumatlar veriləcək,
düzgün peşə seçiminin əhəmiyyətindən
bəhs olunacaq. Təlim
iştirakçılarının peşə təhsili
mövzusunda təsəvvür və anlama səviyyəsinin
ölçülməsi, ilkin təhlil (diaqnostik sorğu,
müsahibələr) təlimçiyə şagirdlərdə
yaranmış dəyişiklikləri müəyyən etməyə
imkan verəcək. Peşə təhsilinə
marağı artırmaq üçün müxtəlif
peşə sahələrinin dərindən
araşdırılması və öyrədilməsinə
nail olacağıq. Təlimçi tərəfindən
iştirakçılara layihə çərçivəsində
görüləcək işlər barədə ətraflı
məlumatlar veriləcək, şagirdlər yerli səviyyədə
problemlərin həllinə cəlb ediləcəklər.
Layihə iştirakçısı olan 30-a yaxın
şagirdin “Azərxalça” ASC-nin İsmayıllı
filialına və İsmayıllı Peşə Məktəbinə
ekskursiyası təşkil olunacaq. Ekskursiya zamanı məktəblilər müxtəlif
peşələrin sirlərinə dərindən yiyələnəcəklər.
Layihənin sosial şəbəkədə səhifəsi
də yaradılıb. Səhifədə layihə
çərçivəsində görülən işlər
vaxtaşırı olaraq işıqlandırılır.
Layihə istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin formalaşmasına imkan yaradacaq. Maarifləndirici seminarlar nəticəsində peşə təhsilinin əhəmiyyəti məktəblilərə daha dərindən çatdırılacaq. Şagirdləri müəyyən peşə sahələri ilə tanış etdikcə onlarda bu peşələrə maraq artacaq, onlar passiv, asılı həyat tərzindən aktiv, bacarıqlı həyat tərzinə keçəcəklər. Peşələri tanıdıqca özlərinin aid olduğu sahəni seçəcək və nəticədə öz peşələri ilə yüksələcəklər. Seminarların keçirildiyi ərazilərdə məktəblilərin peşə seçiminə özgüvəninin yüksəldilməsi təmin olunacaq. Bununla yanaşı, peşə təhsilinin ictimai nüfuzu da yüksələcək.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2021.-
15 oktyabr.- S.10.