Qara Qarayev - akademik, pedaqoq
Ustadımız
biz tələbələrə sonsuz həssaslıqla diqqət
ayırırdı
Biz müstəqil
vətənimizdə Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının 100 illik yubileyini qeyd edirik. Lakin yarım əsr bundan öncə
azad deyildik, çünki vətənimiz Sovet Sosialist
Respublikaları birliyinin tərkibində 15 ölkədən
biri idi. 70 il ərzində sovetlər dönəmində
yaşamışıq. O zaman “Qırmızı Əmək
bayrağı” ordeni ilə təltif
olunmuş konservatoriyamız bu gün isə Bakı Musiqi
Akademiyası adlanan təhsil ocağımız Üzeyir bəyin
adını daşıyır. Musiqi məbədimiz 1971-ci ildə
yarım əsrlik yubileyini qeyd edəndə, mən bəstəkarlıq
fakültəsinin birinci kurs tələbəsi idim.
Xatırlayıram ki, sözügedən bayram əhvallı
günlərdə Qara Qarayevin bizə dərs keçdiyi 309
nömrəli sinif otağına çox sayda çəkiliş
qrupları gələrdi.
Nəticədə isə, yubileylə bağlı kitab və bukletlərdə bəstəkarlıq üzrə təlim keçən tələbə və aspirantlar həm tam heyətdə, həm də azsaylı tərkibdə ustadımızla birgə fotolarda əks olunmuşdu. Mən də bu çəkilişlərin iştirakçısı idim. Xoşbəxtlikdən belə anlarda müəllimim royal arxasına, öz yanına mütəmadi olaraq məni dəvət edərdi. Sonralar da müxtəlif hadisələrlə bağlı sinfimizdə çəkilişlər keçiriləndə Qara Qarayev mənə: “Gəl, öz növbətçi yerini tut” - deyərək royal arxasında, öz yanında yer ayırar, oturdardı.
O xoşbəxt illərə dönərkən qeyd etməliyəm ki, ustadımız öz tələbələrinə, biz gənclərə sonsuz həssaslıqla diqqət ayırırdı. O zaman da indi olduğu kimi, konservatoriya rektorluğunun, professor və müəllim heyətinin çox önəm verdiyi məsələ tələbələrin ali təhsili və tərbiyəsi idi. Bizi, tələbə və aspirantları ümumittifaq konfranslara, baxışlara, müsabiqələrə cəlb edirdilər. Lazım gələndə digər konservatoriyalara da ezam olunurduq.Bəstəkar tələbələri SSRİ Bəstəkarlar İttifaqının qurultaylarına, hətta 1972-ci ildə Polşada keçirilən “Varşava payızı”na da aparmışdılar. Çox böyük qayğı və diqqət ilə əhatə olunmuş xoşbəxtlər idik.
Konservatoriyanın ab-havası da qeyri-adi idi. Məsələn, günlərin
birində məni o zamankı rektor Soltan Hacıbəyov musiqi
məbədimizin dəhlizində görərkən ayaq
saxladı və hal-əhval tutaraq əlavə etdi: “Sən həmişəki
kimi təhsilinlə məşğul ol. Bizim səninlə
bağlı çox geniş planlarımız var”. Bəli, qeyd etdiyim kimi, bu, son dərəcə
xeyirxah və qeyri-adi həssas münasibət idi,
çünki elə Soltan müəllimin oğlu
İsmayıl da Qara Qarayevin sinfində həmin vaxt bəstəkarlıqdan
təlim keçirdi. Rektorumuzun isə son dərəcə
obyektiv olması mənə ünvanlanmış sözlərdə
özünü tam büruzə verirdi. Çünki
o, layiq saydığı tələbələri öz
balasından ayırmırdı. Gənclərə
ünvanlanmış səmimi qayğı və içdən
gələn diqqət Üzeyir bəyin adını
daşıyan konservatoriyanın ənənəsi idi. Beləliklə də, örnək və bizə
nümunə olan insanların əhatəsində
saflaşır, yetkinləşirdik. Dəhlizlərdə
və sinif otaqlarında professorlardan Kövkəb Səfərəliyevanı,
Şövkət Məmmədovanı, Cövdət
Hacıyevi, Cahangir Cahangirovu, Səid Rüstəmovu,
Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Mayor
Brenneri, Xəyyam Mirzəzadəni, Azər Rzayevi, Məmməd
Saleh İsmayılovu, İzabella Abezqauzu, Süzanna Şeyni,
Xanlar Məlikovu, Aida Tağızadəni, Elmira Nəzirovanı,
İvetta Plyamı, Elmira Səfərovanı, Rauf
Atakişiyevi, Aqşin Əlizadəni, Simuzər Quliyevanı,
Rafiq Quliyevi və bir çox ləyaqətli, dəyərli
müəllimlərimizi görməyə uşaqlıqdan adət
etmişdik.
Təhsil aldığım müddətdə Tələbə
Elmi Cəmiyyətinin, aspirantura dövründə isə gənc
alim və aspirantlar qurumunun sədri vəzifələrini icra
edirdim. Olurdu ki, sözügedən elmi işimlə əlaqədar
təhsil naziri Qurban Əliyevin keçirdiyi müşavirələrə
konservatoriyamızın prorektoru, sonralar isə rektor əvəzi
vəzifəsində çalışan Bilqeyis Məmmədova
ilə birgə gedərdik.
Bunu da əlavə
etməliyəm ki, təhsil aldığım illərdə əlaçı
olduğuma görə
Üzeyir Hacıbəyov adına təqaüdə
də layiq görülmüşdüm. Bütün
bunları artıq tarixə çevrilmiş, keçən əsrin
70-ci illəri, Qara Qarayev kimi nəhəng simanın musiqi məbədimizdə
pedaqoji fəaliyyətini icra etdiyi, mənim isə
konservatoriyada təhsil aldığım, bilavasitə
şahidi olduğum dövr olduğuna görə qələmə
alıram.
Musiqi
ocağımızda son dərəcə ali
müəllim-tələbə münasibəti, saf ülvi
ab-hava var idi. Elə 60-cı illərdə də bəstəkar Cövdət
Hacıyevin rektorluğu zamanında konservatoriyamızın fəaliyyəti
son dərəcə nümunəvi idi. Bütün
qeyd etdiklərimi əyani görmüşdüm.
Çünki xüsusi musiqi qabiliyyəti olan uşaqlar
üçün yaradılmış Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
təhsil alırdım. Bu orta ixtisas musiqi məktəbi
də konservatoriyanın binasında yerləşirdi. Mən sözügedən məbəd-məkanında
öncə məktəb şagirdi, sonradan isə konservatoriyada
tələbə və aspirant həyatımı
yaşamışdım.
Məktəb illərində piano üzrə müəllimim
İvetta Adolfovna Qudelislə keçdiyim ixtisas dərslərim
axşam saatlarına düşürdü. İbtidai
siniflərdə təhsil alarkən dərsimin bitməsi ilə
əlaqədar atama zəng edirdim ki, məni
qarşılasın. Bu səbəbdən
konservatoriyanın ikinci mərtəbəsində telefonla təchiz
olunan professor-müəllim otağına
çıxırdım. Günlərin
birində Müslüm Maqomayevin sözügedən otaqda divar
qəzetinə rəsm çəkdiyini gördüm. Zəng etmək üçün icazə aldım.
Həmin vaxt onun qeyri-adi rəssamlıq qabiliyyətini də kəşf
etdim: o, yaddaşına arxalanaraq rəsmi adi karandaşla vatman
kağızına ustalıqla həkk edirdi.
Məktəb illərində məni atam dərslərə
aparıb-gətirərdi. Günlərin birində
atamın gəlməsini gözləyirdim. Birdən Bülbülü
konservatoriyadan çıxan gördüm. O, pilləkənlərlə
düşdü, mənim yanımdan keçəndə ayaq
saxladı, əli ilə saçlarıma sığal çəkərək
dedi: “Qızım, sən bəstəkar olacaqsan”. Açığı, çox təəccübləndim.
Hələ ikinci sinifdə oxuyurdum. Gələcəkdə bəstəkar olmağımdan
isə tam xəbərsiz idim.
Oqtay Zülfüqarovla da məktəb illərində
görüşmək mənə nəsib olub. Oqtay müəllim
Bülbül adına məktəbə,
kiçikyaşlı məktəblilərlə
görüşə gəlmişdi. O illərdə Oqtay
müəllimin “Yolka” mahnısı çox populyar idi. Müəllifin öz müşayiəti ilə bu
mahnını ifa etdim. Oqtay Zülfüqarov
mahnının notlarının üstünü yazdı, mənə
bağışladı və dedi: - “Sən bəstəkar
olacaqsan”. Həyatımda ikinci dəfə idi ki,
bu sözləri eşidirdim. Yenə də
təəccübləndim, amma bu etirafları möhkəmcə
yaddaşıma həkk etdim.
Zaman keçdi. Konservatoriyanın növbəti əlli
illiyinə qədəm basdıq. Ötən zaman boyunca demək
olar ki, bütün musiqi-nəzəri və praktik fənlərdən,
hətta bəstəkarlıq kafedrasında ixtisas fənnindən dərs demişəm. Qeyd edim ki, tələbələrim arasında iki
gözündən əlil olan İlqar Əhmədov kimi gənc
bəstəkara da ixtisas üzrə təlim keçmişəm.
O zaman kompozisiya fənnini tədris etməyimin səbəbi, ustadım Qara
Qarayevin mənə böyük inamı və etimadı idi.
Çünki bəstəkar məzunum İlqar Əhmədov
konservatoriyanı bitirəndə Qara Qarayevin
dünyasını dəyişdiyi 1982-ci il
idi. Deməli, Qara müəllimimlə
çiyin-çiyinə, eyni kafedrada 1977-1982-ci illərdə
ixtisas fənnini aparırdım. Xarici tələbələrə
də bəstəkarlıqdan təlim keçirdim. Bunlardan iraqlı Kövkəb Həmzəni və
suriyalı Əli Qəfrini xatırlayıram.Mütləq
qeyd etməliyəm ki, bəstəkarlıq təlimi üzrə
təcrübəni konservatoriyanın nəzdində “Xalq
konservatoriyası” adlı bir qurumda qazanmışdım.
Məni oraya müəllimlərim yönləndirmişdi.
Bu, böyük sınaq və məsuliyyət
idi. Paralel olaraq mükəmməl təcrübə
əldə etdim. Xalq konservatoriyasında
ildən-ilə müəllim kimi püxtələşərək,
hətta bəstəkarlıq kafedrasının müdiri vəzifəsinə
qədər yüksələ bilmişdim. Sözügedən konservatoriyada musiqi qabiliyyətli,
amma digər peşə sahibləri olan gənclər təhsil
alırdılar.
Şagird və tələbə həyatımdakı
kimi, sonradan müəllimlik fəaliyyətim dövründə
də diqqət və qayğı ilə əhatə
olunmuşdum.
Hətta o vaxtlar bəstəkarlıq kafedrasının
müdiri olan Xəyyam Mirzəzadə bizi, bəstəkarlıq
üzrə təlim keçmiş bir neçə məzunu o
zaman fəaliyyətdə olan kamera xoru cəmiyyəti ilə tanış etdi, möhkəm
yaradıcılıq əlaqələrimizin qurulmasının
təməlini qoydu. Bunun nəticəsində
xor əsərlərimiz bu cəmiyyət tərəfindən
konsert ifalarını tapdı, nəşr olundu və səs
yazısına alındı.
Bu yerdə, ustadım Qara Qarayevin tövsiyə və vəsiyyətlərinə
üz tutmaq istərdim.Bunlar gənc nəslə olan ülvi
bir münasibətdən doğulmuşdu. Beləliklə,
o zamankı yaşlı həmkarlarımızın bizimlə
qurduğu təmas məhz ustadımızın yuxarıda
sözügedən vəsiyyətlərindən
qaynaqlanmışdı.Yəni, Qara müəllimin gənc bəstəkarlara
yönlənmiş səmimiyyətindən, atalıq
qayğısından yaranmış, istiqamətlənmiş
davranışından.
Ümumiyyətlə,
XX əsrdə musiqi mədəniyyəti Azərbaycanda son dərəcə
intensiv inkişaf
edirdi. Konservatoriyamızın nəhəng, ali pedaqoqu Qara Qarayev bu prosesi “optimal”
adlandırırdı. Çünki onun təbirincə desək:
“Bir nəslin ömür fəaliyyətində musiqinin bir
neçə dövrü biri digərini əvəz etdi”. Bu
xüsusda da baş verənləri Qara Qarayev
konservatoriyanın yüksək tədrisi, milli kadrların fəal şəkildə
yetişməsi ilə sıx bağlayırdı. Qara müəllim bəstəkarların dörd nəsil
nümayəndələrinin eyni vaxtda
yazıb-yaratmasını da müsbət hal kimi önə
çəkir, vurğulayardı. Bunlar - yaşlı,
orta, gənc
və xoşbəxt insanlar saydığı, gənclik
dövrünə qədəm basan yaradıcı insanlar idilər.
Yəni bizlər, o zamanın yeniyetmələri, konservatoriyamızın
tələbələri.
Dahi bəstəkar əmin idi ki, gənclər coşqun
ruh yüksəkliyi nümayiş edənlər, axtarış
həvəsində olanlardır. Ona bu fikirləri söyləməyə,
bu qənaətə gəlməyə haqq qazandıran əsaslı
pedaqoji təcrübəsi idi: Qara Qarayev 35 ildən artıq bəstəkarlıq
kafedrasının dinamik inkişafda fəaliyyət göstərən
dahiyanə ixtisas müəllimi idi. Pedaqoji iş nə qədər
çox vaxt aparırdısa da, Q.Qarayev bu fəaliyyətindən
usanmırdı. Ustadımız bunu haqlı olaraq yaradıcılığının
ayrılmaz və vacib sahəsi sayırdı. O, Azərbaycan mədəniyyətinə
saf coşğu və səxavətlə xidmət edirdi!
Qara Qarayev yaradıcı insanların zamanla həmahəng
addımlaya bilməsi üçün qətiyyətlə
hesab edirdi ki, sənətkarlar müasir elmin nailiyyətlərindən
xəbərdar olmalıdır. Qara müəllim təəssüfləndiyi
bir məsələni də belə etiraf edərdi: Hər
hansı peşə ilə məşğul olan ən ali
mütəxəssislər belə, digər elm sahələrinin
bütün
nailiyyətlərini, təbii ki, tam şəkildə,
həmçinin peşəkar səviyyədə dərk edə
bilmir. Lakin o, həm də sənətkarın müasir dünyanı
dialektik şəkildə anlamalı olmasını
vurğulayırdı. Bu səbəbə də,
təbiətşünaslığın, fəlsəfənin ən
yeni sistematik bilgiləri haqda hər peşə sahibinin
mütləq aydın təsəvvürləri olmasını
arzulayırdı.Onun bu yöndə apardığı maarifləndirmə
işləri də heç zaman yadımdan
çıxmır. Belə ki, keçən
əsrin 70-ci illərində Qara Qarayev konservatoriyamızın
kiçik zalında müasir musiqi ilə bağlı silsilə
mühazirələr də oxumuşdu. Bu mühazirələr
əsl məktəb idi: ali, mükəmməl
və son dərəcə dərin fəlsəfi saatlar. Bütün deyilənləri o, öz təcrübi
yanaşması ilə də biz tələbələrinə əyani
tərzdə, həssas deyimləri ilə göstərərdi.
Müəllimimiz elmin və incəsənətin
bütün sahələri ilə bağlı təbii şəkildə
mülahizələr söyləyər, maraqlı etiraflar və
açıqlamalar edərdi. Onun mühazirələrinə
konservatoriyanın bütün kafedralarından professor-müəllim
heyəti, aspirantlar, tələbələr və hətta digər
təhsil müəssisələrindən və elm
ocaqlarından ziyalılarımız toplaşardı.
Dahi sənətkar
çox vaxt haqlı olaraq vurğulayardı: “Ətraflı
bilgilər insanların dünyagörüşünə, mənəviyyatına
təsir edir, sənətkarların isə
yaradıcılığında əks olunur”. Bu
baxımdan, Q.Qarayev “Sosiologiya” elmini xüsusilə vacib
sayırdı.
Yuxarıda qeyd etdiklərim ustadımızın bizə
keçdiyi dərslərdə də əyani olaraq izah
olunardı. Biz Qara müəllimdən mütəmadi olaraq
müxtəlif elmlərlə, incəsənət sahələri
ilə bağlı son dərəcə maraqlı
açıqlamalar eşidərdik.
Qara müəllimin SSRİ Ali Sevetinin deputatı kimi fəaliyyətinin
müəyyən dövrü mənim gözümün
qarşısında keçib. Müəllimimizin
xüsusi kitabçası var idi. Onun səhifələrinə
yanına gələn seçicilərdən eşitdiyi
problemlər yazıya alınırdı. Çox
vaxt dərslərimizə başlamazdan öncə
konservatoriyanın dəhlizində onunla görüşə gələn
seçiciləri görürdük. Elə
dərsimiz zamanı da hər kəs qapını
açıb Qara müəllimə ricasını
çatdıra bilirdi. Sənətlə
bağlı yazılarını, bəstələrini göstərmək
üçün də Qara müəllimin yanına gələnləri
görürdük, əsərlərini eşidirdik. Bir sözlə, Qara müəllimin sinif
qapısı və kövrək qəlbi insanlar və həmkarları
üçün hər zaman açıq idi. O, istirahətin
nə demək olduğunu bilməzdi: yaradıcılıqla
bağlı məsələlərlə yanaşı, istər
gündüz, istərsə də gecə köməyə
ehtiyacı olan insanların da problemlərini öncə qəlbi
və beyni ilə çözər, ardınca isə həyatda
real surətdə həll edərdi. Bəli,
Q.Qarayev ona üz tutanlara son dərəcə həssas münasibət
və qayğı göstərirdi.
Qara
Qarayev pedaqoq olaraq sinfinə yenicə qədəm basan tələbəsinə
ənənəvi olan belə bir sualla da müraciət edirdi:
“Siz musiqiyə xidmət etməyin son dərəcə
ağır fəaliyyət olduğunu dərk edirsinizmi? Belə məhrumiyyətlərə tam hazırsınızmı?
Axı siz nə bayram, nə bazar günlərində, nə də
ki məzuniyyətiniz zamanı dincəlməyəcəksiniz!
Bütün qüvvənizi yazıb yaratmağa, üzərinizdə
çalışmağa sərf etməli olacaqsınız! İndi, yolun astanasında durarkən bu suala öz
qarşınızda səmimi, düşünülmüş
tərzdə cavab verin. Tam qüvvənizlə işləməyə
hazır deyilsinizsə, onda bu peşədən əl
çəkin və digər faydalı işlə məşğul
olun. Musiqi sahəsinə özünüzü tam fəda etməsəniz,
əlinizdən heç bir müsbət iş gəlməyəcək!
Bunu da yadınızda saxlayın: heç kimin heç kəsin
zövqünü korlamağa ixtiyarı yoxdur. Odur ki, siz
hamıdan artıq bilikli, bacarıqlı və zövqlü
olmalısınız!”.
Bəli,
indiki Musiqi Akademiyamızın Qara Qarayev kimi Üzeyir sənətinin
və müəllimlik fəaliyyətinin davamçısı
var idi!
Elnara DADAŞOVA,
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, bəstəkar
Azərbaycan müəllimi.- 2021.- 29 oktyabr.- S.12.