“Azərbaycanımızı layiqli təmsil etmək
üçün əlimizdən
gələni etdik”
Çində təhsil alan Tural
Əliyev: “Şanlı Zəfərdən sonra Azərbaycanın
beynəlxalq münasibətlərdə rolu ardıcıl
olaraq artmaqdadır”
Dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimizin xoş sorağını eşitmək hər birimiz üçün iftixar mənbəyidir. Gənclərimizin təhsil aldıqları xarici universitetlərin elm, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı, ictimai fəallığı ilə seçilmələri onların potensial imkanlarından xəbər verir. Əcnəbi ölkələrdə təhsillə yanaşı, milli dəyərlərimiz, maraqlarımız naminə fəallığı ilə seçilən tələbələrimiz kifayət qədərdir. Onlardan biri də Çinin Siçuan Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr təhsili alan Tural Əliyevdir. Müsahibimizlə söhbətimizə onun ilk təhsil illərindən başladıq.
Tanıtım. 2 mart 1994-cü ildə Bakı şəhərində
anadan olub. 2001-2012-ci
illərdə Bakıdakı şəhid Arif
Vəliyev adına 258 nömrəli orta məktəbdə
təhsil alıb. Məktəbdə oxuduğu
dövrdə bir çox
tədbirlərin və layihələrin fəal
iştirakçısı, müsabiqələrin qalibi olub. 2004-2009-cu illərdə
Vaqif Mustafazadə adına 2 saylı incəsənət
məktəbində “Rəssamlıq” ixtisası üzrə
biliklərə də yiyələnib. Eyni
zamanda bir çox yerli və xarici sərgilərin
iştirakçısı və qalibi olub.
- 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin “Amerikaşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsində təhsil almışam. Təhsil müddətində müxtəlif vaxtlarda ABŞ-ın Viskonsin-Medison Universitetində ixtisasım üzrə biliklərə yiyələnmişəm, universitetdən kənarda tarix, diplomatiya, hüquq sahəsində bir çox layihələrin, beynəlxalq tədbirlərin fəal iştirakçısı olmuşam, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” adına layiq görülmüşəm. 2017-ci ildə hərbi xidmətdən geri döndükdən sonra Çində təhsil almağa qərar verdim. Daha sonra Siçuan Əyaləti Hökumət Təqaüd proqramını qazanıb. 2017-2021-ci illərdə Siçuan Elm və Mühəndislik Universitetində “Qida mühəndisliyi” ixtisası üzrə magistr təhsili almışam. Universitetdə oxuduğum müddətdə müxtəlif tədqiqat sahələrini əhatə edən məqalələrim dərc olunub. Son illərdə dünyada baş verən proseslərdən sonra qida mühəndisliyi sahəsi üzrə doktorantura oxumaq şansım olsa da, ikinci dəfə diplomatiya sahəsi üzrə magistr təhsili almağa qərar verdim. Bu dəfə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında bağlanmış “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində təqaüdü qazandım. 2021-ci ilin sentyabr ayında Çinə gəldiyim ilk gündən etibarən arzusunda olduğum Siçuan Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr təhsilinə başladım.
Həyatımda çox müsbət dəyişikliklər baş verib
- Hökumətlərarası Təqaüd Proqramının təhsilinizdə rolu, əhəmiyyəti barədə. Bu proqram sizin üçün nə kimi imkanlar yaratdı?
- İlk növbədə qeyd edim ki, HTP çərçivəsində bu günədək 100-dən çox Azərbaycan vətəndaşı ÇXR-də təhsil alır. Ümumilikdə isə ÇXR-də 500 nəfərə qədər Azərbaycan vətəndaşı fərqli proqram və təqaüdlər vasitəsilə təhsil alıb və almaqdadır. Şəxsi təcrübəmə gəlincə, cəmi 1 aydır HTP çərçivəsində təhsil almağıma baxmayaraq, həyatımda çox müsbət dəyişikliklər baş verib. Həm Çinin ən çox sevdiyim bölgəsi, həm də arzusunda olduğum universitetdə oxuduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Artıq bir neçə tədbirdə fəal iştirakçı qismində çıxış etmişəm. Bu təqaüd proqramı müqaviləsi Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında bağlandığı üçün, öz üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Növbəti üç il ərzində vətənimizi layiqli təmsil etmək üçün əlimdən gələni edəcəyəm.
Azərbaycan həqiqətlərini
dünyaya
çatdırmaq
hər birimizin borcudur
- Son təqdimatınız barədə məlumat verərdiniz zəhmət olmasa...
- Təhsil aldığım ixtisas son illərdə ölkəmizdə baş verən həqiqətləri bilavasitə və ya dolayı yolla çinli müəllimlər və tələbələr arasında müzakirə etməyimə yardım oldu. Qeyd etdiyim kimi, Siçuan Universitetində cəmi 1 aydır ki, magistr təhsilinə başlamışam. İlk gəldiyim gündən azərbaycanlı olduğumu bilən hər kəs Qarabağ münaqişəsi haqqında məlumat almaq istəyirdi. Nəhayət, 12 oktyabr tarixində Siçuan Universitetində baş tutan görüş zamanı mənə Çin dilində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi” mövzusunda çıxış verildi. Çıxışım 15-20 dəqiqə nəzərdə tutulmasına baxmayaraq, mövzu geniş və suallar həddindən artıq çox olduğundan bir saatdan çox çəkdi. Bilirsiniz ki, dünyanın bəzi ölkələrində olduğu kimi, xüsusilə Çində də müharibə ilə bağlı saxta xəbərlər yayılmışdır. Bütün sualları geniş şəkildə, faktlarla, qürurla cavablandırdım. Çıxışım çox xoşlarına gəldi və iki gün sonra başqa bir auditoriyada çıxış üçün dəvət aldım. Düşünürəm ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xaricdə yaşayan və yaxud təhsil alan hər bir Azərbaycan vətəndaşının borcudur.
Çində təhsil
Azərbaycanımızı tanıtmaq üçün
mənə verilən ən
böyük fürsətlərdən biridir
- Magistr təhsili aldığınız universitet və ixtisasınız barədə nə deyə bilərsiniz?
- Daha reytinqli digər universitetlərdə təhsil almaq şansım olmasına baxmayaraq, Siçuan əyalətinə olan sevgimdən bu əyaləti tərk etməmək qərarına gəldim. Çinin top-20 universitetləri arasında yer alan Siçuan Universiteti ölkənin cənub-qərbində olan Siçuan əyalətinin paytaxtı Çendu şəhərində yerləşir. Siçuan vilayəti ilə Azərbaycanın bir sıra qurumları arasında sıx əlaqələr var. Belə ki, keçən il Çin Xalq Respublikası Siçuan Universitetinin yüksək ixtisaslı tibb mütəxəssislərini koronavirus infeksiyasının (COVID-19) qarşısını almaq məqsədilə Azərbaycana göndərmişdir. Və xüsusilə vurğulamaq istərdim ki, Bakı və Çendu şəhərləri “Qardaşlaşmış şəhərlər”dir. Hazırda beynəlxalq münasibətlər fakültəsinin Cənubi Asiya Tədqiqat İnstitunda magistr təhsilinə başlamışam. Gələcəkdə diplomat olmaq üçün həm xarici, həm də çinli tələbələrə bütün imkanlar yaradılır. Elmi rəhbərim və digər professor, tələbə heyəti tərəfindən yüksək dəstək görürəm. Düşünürəm ki, burada təhsil almaq və yaşamaq Azərbaycanımızı tanıtmaq üçün mənə verilən ən böyük fürsətlərdən biridir.
Zaman artıq çoxdandır ki,
Azərbaycanın xeyrinə işləyir
- Bilirsiniz ki, Azərbaycan 30 illik işğala son qoyaraq tarixi Zəfərə imza atdı. Azərbaycanın bu Zəfərdən sonra beynəlxalq münasibətlər sistemində rolu və mövqeyini necə qiymətləndirərdiniz?
- Təəssüflər olsun ki, bu tarixi, şərəfli anlarda vətəndə ola bilmədim. Buna baxmayaraq mən və digər həmvətənlərimiz hər anı birlikdə müzakirə edir, şərəfli, hüznlü hissləri birgə yaşayırdıq, informasiya müharibəsində fəal mövqe ortaya qoyaraq, bu çətin günlərdə Azərbaycanımızı layiqli təmsil etmək üçün əlimizdən gələni əsirgəmədik.
Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb xarakterə malik olduğunu nəzərə alsaq, Şanlı Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlərdə rolu ardıcıl olaraq artmaqdadır. Bu tarixi qələbə regionda sülh üçün yeni imkanlar yaradıb, Cənubi Qafqazın siyasi siması və geosiyası mənzərəsi əsaslı şəkildə dəyişib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”. Dünya ölkələrinin rəhbərləri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Şərq xalqları arasında da Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Qərb ölkələrinin bəzilərində Azərbaycan əleyhinə bəzi çıxışlar olsa da, artıq bütün dünyaya gücümüzü göstərmişik, zaman çoxdandır ki, Azərbaycanın xeyrinə işləyir. Azərbaycanın dünyaya göstərdiyi müharibə təcrübəsi isə hələ uzun müddətdə əsas mövzulardan biri olacaqdır.
- Magistratura təhsilinizdən gözləntiləriniz, gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?
- Səmimi söyləsək, Çində HTP çərçivəsində aldığım təhsildən gözləntilərim böyükdür. Ümid edirəm ki, mənə olan inamı doğruldacaq və gələcəkdə beynəlxalq münasibətlər sahəsində uğurlu fəaliyyət göstərəcəyəm. Ən böyük hədəfim təhsilimi başa vurduqdan sonra vətənə qayıdıb, öz sahəm üzrə bilik və bacarıqlarımdan təhsil və ya digər sahələrdə istifadə etməkdir. Hələ ki, elmi tədqiqatlarıma fokuslanmışam. Son bir il ərzində beynəlxalq münasibətlər sahəsində 2 elmi məqaləm dərc olunub. Hazırda üzərində işlədiyim bir neçə layihə vardır. Məqsəd həm də Azərbaycan haqqında beynəlxalq münasibətlər sahəsi üzrə Çin dilində bir neçə məqalə dərc etdirməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2021.- 29 oktyabr.- S.9.