Suisid - müasir
dünyanın qlobal problemi
Bu ictimai bəlanın
profilaktikasına yönələn maarifləndirmə tədbirləri
qlobal çağırışdır
Ümumdünya Səhiyyə
Təşkilatı 10 sentyabr - İntiharla Beynəlxalq
Mübarizə Günü ərəfəsində özünə
qəsd edənlərin əməllərinin profilaktikası ilə
bağlı Milli strategiyası olan ölkələri beynəlxalq
aləmin diqqətinə çatdırıb. Say çox deyil, təxminən 40 ölkə. Əldə
olunan nəticələrdən məlum olur ki, hər 40 saniyədən
bir insan həyatı
qeyb olur.
Qənaətimə görə, təkcə dövlət
orqanları yox, vətəndaş cəmiyyəti - KİV,
QHT-lər, internet xəbər portalları bu istiqamətdə
səmərəli fəaliyyət göstərməlidirlər. Daha çox
bu əməlin profilaktikasına yönələn maarifləndirmə
tədbirləri həyata keçirilməlidir.
Son 10 ildə
intihar hallarının geniş yayılması - bəzi
ölkələrdə 100000 əhaliyə 10,5, bəzən də
100000 əhaliyə 5-30 fakt düşür.
Özünü öldürmə-suisid müasir cəmiyyətin
qlobal problemidir. Son 50 il ərzində
dünyada intihar faktları 60% artmış, yaş
kateqoriyasına görə 14-18 yaşda olanlar acı təəssüflə yadda
qalır. Bu yaşda olanlar mövcud dəyərləri
başqa cür düşünür, yeniyetmə
dövrünə xas ifrat tələblər irəli
sürür və həmyaşıdları ilə olan
münasibətləri inkişaf etdirməkdə çətinlik
çəkirlər.
Həyat təcrübəsi olmayan, psixi durumu hələ
bərkiməmiş belə yeniyetmələr həddi
buluğ həyatına başlarkən yaranmış problemli
situasiyalara son dərəcə emosionallıqla reaksiya verir və
düzgün olmayan qərar qəbul etməklə həyatını
təhlükəyə atırlar (ata bilərlər).
Latın sözü olan suisid (sui-caedere “özünü
öldürmə”) qəsdən şəxsin həyatına
xitam verməsi kimi qəbul olunur. Elm suisidi belə şərh edir:
Suisid-aşkar və ya qeyri-aşkar şəraitdə şəxsin
həyatından könüllü məhrum olması ilə
bağlı hərəkət və ya hərəkətsizliyidir.
Akademik mülahizələrdə süisid mikrososial
münaqişə şəraitində şəxsin
özünü saxlaya və ya sosial-psixoloji mühitə alışa bilməməsi nəticəsində
suisidal fəallığın artması kimi vurğulanır.
Son onilliklərdə internetin inkişafı ilə
insanlar arasında virtual münasibətlər də
artmış, real həyatda qarşılıqlı təmas
azalmağa başladıqca həssas təbəqəyə
malik insanlarda ruhən sıxıntılar, tənəzzül
dövrü baş qaldırır. Həyatın
böhranlı dövründə gənclər çox asan
yolla saytlara daxil olub həmsöhbət axtarışına,
problemlərinin virtual qaydada həllinə başlayırlar.
Belə şəraitdə süisid
hallarının rahat təbliği mümkün olur.
Dünyada
hər gün 3 min adam könüllü
olaraq həyatdan məhrum olur. Özünü
öldürməyə cəhdlərin sayı isə 20 dəfədən
çox qeydə alınır. Müasir
dövrdə intihar hallarına görə RF siyahıda
liderlik edir, Belarus ikinci, Litva isə üçüncü yerdədir.
Azərbaycana gəlincə, 2014-2018-ci illərdə və
cari ilin 7 ayında ölkədə 2 min 831 intihar faktı qeydə
alınıb.
2014-cü ildə 490, 2015 -ci ildə 499, 2016-cı ildə 507,
2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə
316 intihar hadisəsi baş verib. 2014-2018-ci illərdə və
cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərin
66,4 faizi (1879) kişilər, 27,7 faizi (785) qadınlar təşkil
edir.
MDB
ölkələri arasında Rusiyada hər 100 min nəfərə
düşən intiharların sayı 31, Belarusda 26,2,
Qazaxıstanda 22,5, Qırğızıstanda 8,3, Özbəkistanda
7,4, Türkmənistanda 6,7, Moldovada 4,7, Tacikistanda 2,5 fakt təşkil
edir. Analoji müqayisədə həmin faktların sayı
Ukraynada 22,43, Gürcüstanda 8,2 fakt təşkil
edir.
Belə qənaətə gəlinib ki, intihar halları
Çinin uzaq əyalətlərində yaşayan kənd
sakinləri arasında daha çox baş verir. Mərkəzi
şəhərlərdə baş verən 1 intihar halına
qarşı kənddə 3 nəfər durur. İntiharların ümumi sayının 50%-i kənddə
yaşayan gənc qadınların payına düşür.
Avstraliyalılar
arasında isə il ərzində 1280 nəfər
könüllü həyatına qəsd edir və ya intihar həddinə
çatdırılır. Ölkədə
özünü öldürmə halları həm
yaşlılar, həm də gənclər arasında
artımla müşahidə edilir. İntiharlarla
bağlı qaynar xətlə daxil olan zənglərin sayı
da yüksəkdir. Ay ərzində belə zənglərin
sayı 47 mini ötür. İl ərzində
500 min adamın (bəzən daha çox) qaynar xəttə zəngi
qəbul edilir.
İntiharların artımı 1990-cı ildən
başlayaraq diqqəti cəlb etməyə başlayıb. Bu, daha çox ictimai
kataklizmlər, dağıdıcı xarakter daşıyan
çevrilişlər və insan davranışlarının nəzarətdən
çıxması ilə yadda qaldı.
Bəzi mütəxəssislərin nəzərinə
görə, gənclərin və yeniyetmələrin alkoqollu
içkilərdən asılılığı onların
psixikasının pozulmasına təsir edir.
Bəzən
ali təhsil müəssisələrində təhsil alan gənclər
həyatın arzuolunmaz “qaydaları” ilə rastlaşdıqda
düşüncələrinə xas “həyat
nağılı” dağılır və mürəkkəb
situasiyada müvazinətlərini saxlaya bilməyib, kimdənsə
kömək olacaqlarını da bilmədiyindən
özünə qəsdə cəhd edirlər.
Ekspertlərin vahid fikrinə görə, həyatla
vidalaşmağa aparan əsas səbəblərdən biri
yoxsulluq, işsizlik, ağır xəstəliklərə məruz
qalma, evdə-ailədəki problemləri həll edə bilməmək,
həyatdan doymaq və s.aid edilir. Lakin özünə qəsdlərin
80%-i şəxsin psixikasında ciddi
çatışmazlıqlar, əsəb gərginliyi
yaşanan, alkoqol və narkomanlığa aludə olanlar
arasında baş verir.
Təcrübədə sağlam insanların da həyatlarına
qəsd etmə faktlarına rast gəlinir. Uğursuz
sevgi həyatı, boşanmalar, yaxın adamın
ölümü, münaqişələr, işdə çətinliklər
bu səbəblərdəndir. Çox təəssüf
ki, hamı özündə güc və iradə tapıb həyatın
qeyri-adi çətinlikləri qarşısında tab gətirə
bilmir,yaşanan problemləri həll etmək
bacarığında olmur.
İntihar əməllərini doğuran mühüm və
real səbəblər sırasına psixi xəstəliyə
məruz qalma, psixi durumda yaşama və psixoəsəb vəziyyətində
həyatın davam edilməsini də daxil etmək olar.
Suisidə
təsir edən digər obyektiv səbəblərdən
aşağıdakıları göstərmək olar:
- Sosial
şəbəkələrdə özünə qəsdin təbliğ
edilməsi, sosial qruplarda, fərdlər arasında
qarşılıqı əlaqənin daralması;
- Yeniyetmələrin
problemləri ilə bağlı informasiyaların təbliğ,
təşviq və
münasibətlərə zidd
çağırış xarakterdə tirajlanması,
(qurbanı inandırmağa çalışırlar ki,
çıxış yolu həyatdan getməkdir. Ən
doğru yol və problemin həlli özünə qəsddədir
və s.);
- Suisidin
qurbanını inandırmağa çalışırlar ki,
özünə qəsddən sonra sosial şəbəkələrdə
nüfuzu artacaq, ondan çox yazacaqlar və s…
Beləliklə, internet və virtual məkana nəzarət
zəif olduğundan yeniyetmələrin intihara yolu
reallaşır.
Sosial şəbəkələrə nəzarətin zəifliyi
səbəbindən suisidin “dəbdə” olduğu qənaəti
rahat təbliğ olunur, destruktiv dəstələr - birliklər
və qruplar bu məqsədlə birləşirlər.
Kiber suisid halları ilə mübarizə aparan bəzi
ölkələrin təcrübələrindən bəlli
olur ki, internet vasitəsilə özünə qəsd edənlərə
“yardım etmək” çətin olur. Qarşısını almağa
istiqamətlənən mühüm üsullardan biri ümumtəhsil
müəssisələrində bu cinayətə-suisidal
davranışlara qarşı profilaktik tədbirlərin həyata
keçirilməsi
müasir problem kimi tədrisidir.
Bu mənada
aşağıdakı kompleks, pedaqoji və təşkilati-metodik
xarakterli tədbirlərin görülməsi də əhəmiyyət
kəsb edir:
- Suisidə
meyilli şəxslərin aşkar edilməsi üçün
monitorinqlərin keçirilməsi;
-
Müasir informasiya mühitinə uyğun profilaktikanın təkmil
formalarından istifadə edilməsi;
-
İntiharların profilaktikası sahəsində
bacarıqlı pedaqoq və valideynlərin səriştəsindən
istifadə edilməsi;
- Bu
işdə mütəxəssislərin (koordinasiyası)
kompleks əlaqəsi prinsipinə əməl olunması;
-
Pedaqoqların, psixoloqların, sosial və tibb işçilərinin
həddi buluğa çatmamışların və valideynlərin
işləri üzrə komissiyanın
qarşılıqlı əlaqəsinin gücləndirilməsinin
təmin edilməsi və s...
Kəmiyyət göstəricilərinə görə
bütün dünyada intihar hallarının 79%-i sosial
inkişafı aşağı və ya orta səviyyədə
olan ölkələrin payına düşür. Sosial
inkişafı yüksək olan ölkələrin vətəndaşları
arasında kişilər qadınlardan 3 dəfə çox
intihara əl atırlar. Amma gəlir səviyyəsi
aşağı və ya orta həddə olan ölkələrdə qadınlarla kişilərin
payı bərabərdir. ÜST-nın qanaətinə
görə, 15-29 yaşda olan yeniyetmələr və gənclər
arasında olan intiharlar yol-nəqliyyat hadisələrində həlak
olanlardan sonra ikinci yerdə qeydə alınır. 15-16 yaşlarda qeydə alınan intihar faktlarında
isə qızlar çoxluq təşkil edir.
İntiharlar özünü asma, hündürlükdən
atma, zəhərləmə, odlu silahdan istifadə etməklə
və s.üsullarla həyata keçirilir. İntihar hallarının
azalmasına təsir edən əsas və özünü təsdiqləmiş səbəblərdən
biri özünə qəsdə aparan vasitələrə
çıxışın və ondan istifadənin məhdudlaşdırılmasıdır.
Məsələn, dərman preparatlarına, odlu
silaha əlçatanlığı qapamaq və s.
KİV-də suisidin qarşısının
alınmasına səmtlənən maarifləndirmə,
tövsiyə xarakterli məlumatların yayılması,
yeniyetmə və gənclərin həyat məqsədlərilə
uzlaşan proqramların inkişaf etdirilməsi ictimai
marağa xidmət edir. Belə proqramlar onların stresdən
çıxış yolunu təqdir edə, intihara meyilli gənclərin
düşüncələrində dəyişikliklər edə
bilər.
Yuxarıda
qeyd edildiyi kimi, intihar hallarının qarşısını
almağa yönələn səmərəli və profilaktik
əhəmiyyət daşıyan mühüm tədbirlərdən
biri risk qrupuna aid şəxslərin özünə qəsdə
aparacaq alətlərdən istifadəyə
çıxışını məhdudlaşdırmaqdır.
Səhlənkarlıq, diqqətsizlik,
ehtiyatsızlıq və biganəlik halları olan yerlərdə
intihara cəhdlər həmişə çox olur. Bəzən həmin yerlərdə tibbi yardım əlçatmaz
olduğundan suisid reallaşır. ÜST-ün
“Özünə qəsdin profilaktikası ilə bağlı
tövsiyəsində” əyani şəkildə göstərilir
ki, risk qrupuna aid şəxslərin həyatı nəzarətdə
olanda intiharların azalması müşahidə edilir.
Şri
Lankada intiharlara meyilli şəxslərə tətbiq edilən
qadağalar nəticəsində faktlar 70% azalmış, 93000 nəfərin
həyatı xilas edilmişdir.
Koreya
Respublikasında intihar hallarının daha çox zəhərlənmə
yolu ilə törədilməsi “parakamoniakvat duzu olan
güclü herbisid” tabletin qəbulu ilə baş verdiyindən
bu herbisidin qəbuluna qoyulan qadağalar (əczaxanalardan bu dərmanların
buraxılması ciddi nəzarət altında həyata
keçirilib və ya satışına qadağalar
qoyulub) nəticəsində
intihar halları 2 dəfə azalıb. İntihar əleyhinə
mübarizənin əhəmiyyət kəsb edən istiqamətlərindən
biri də, özünə qəsdin profilaktikasının
milli strategiyasına uyğun monitorinqlərin keçirilməsidir.
ÜST-nın məlumatına görə, təşkilata
üzv olan 183 dövlətin yalnız 80-i keyfiyyət üzrə
qiymətləndirilməni həyata keçirib.
Səmərəli monitorinqin həyata keçirilməsi
intihar hallarının profilaktikasının da səmərəliliyinə
təsir edir.
Dünyada əhalinin psixi
sağlamlıqlarının mühafizəsi naminə vahid -
birgə fəaliyyətə başlanılsa müsbət nəticələr
də olar. Belə bir kampaniyanın
kuliminasiyası 10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq
Gününə təsadüf edir. Həmin gün hər
bir ölkə, intiharlarla bağlı hesabatını təqdim
etməklə onu doğuran səbəblərin də
qarşısını almağa kömək etmiş olur.
Özünü öldürmə halları indiki qədər
narahatlıq doğurmamış, müzakirə predmetinə
çevrilməmişdir. İntihar problemi
bütün dövrlərdə mövcud olsa da, aradan
qaldırılmasına istiqamətlənən tədbirlər
gözlənilən səmərəni verə bilməmişdir.
Suisidal davranış şəxsin deviant
davranışlarının bir forması və ya subyektiv
patoloji təfəkkür tərzinin məhsulu kimi özünə
qəsd halına keçir. Belə davranış
özünü könüllü həyatdan məhrum etməyə
yönələn cəhdin bilavasitə yerinə yetirilməsilə
başa çatır.
Bu gün intihar fenomeni günün ağrılı və
aktual mövzularından biridir. ÜST-nın statistik məlumatına
görə, suisidal aktların törədilməsi il ərzində bəzən 80 min fakt təşkil
edir. 15 milyondan çox insan müxtəlif səbəblər
ucbatından həyatlarından məhrum olurlar.
Sosioloqların tədqiqatına görə, özünə
qəsdin qurbanları daha çox yeniyetmə və gənc
yaşda olanlar, yaş kateqoriyalarına görə 20-25, ikinci
yerdə 40-60 yaşda olanlar təşkil edir.
Suisid nəticəsində
həyatını itirənlərin sırasında - 70
yaşdan yuxarı
ahıl şəxslər də var.
Özünə
qəsdin növləri aşağıdakı kimi təsnif
edilir:
- Şəxsin (sosiumda) qarşılıqlı
münasibətlər dairəsinin daralması - Eqoistik hal.
- Fərdin
mənəvi dəyərlər sisteminin tam iflası, itirilməsi
- Anomik hal.
- Yüksək
məqsədə nail olmaq və ya ümumi maraq naminə məqsədə
çatmaq - Alturistik hal.
-
Özünü ittiham etmək ideyası nəticəsində
meydana çıxan - Günahı yumaq;
-
Özünün özəl düşüncə tərzini,
fikirlərini sübut etmək və hamıya
çatdırmaq, mövcud qaydaların səhv olduğunu
nümayiş etdirmək üçün - etiraz və s.
Adətən
suisidin növlərini üç kateqoriyaya bölürlər:
-
Nümayişkaranə akt;
- Həqiqi
özünə qəsd;
- Gizli
intihar (yanakı qəsd, birbaşa olmayan özünü məhv
etmə).
İlk növdə intihar, adətən qısa zamanda, tələm-tələsik,
affekt nəticəsində baş verir. Bu, elə bir
emosional vəziyyətdir ki, şəxs ya tam, ya da qismən
anlaqsız vəziyyətdə olur. Bəzən
də bu hərəkətilə kənar diqqəti
özünə cəlb etmək istəyir, məqsədinə
çatmaq, ictimaiyyətə özü haqda ərz eyləmək
və yaxud, ondan istəyini tələb etməklə, ala bilməklə
davam edir. Nümayişkaranə intihar bir
növ şantaj xarakteri daşıyır.
- Həqiqi
- intihar. Bu, nümayişkaranə intiharın
tam əksidir. Fərd həyatına xitam
verməkdə israrlı olur, dəqiq plan və qərarla
özünə qəsd edir. Məqsədi
nəyin bahasına olur-olsun həyatla vidalaşmaqdır.
Heç kimlə məsləhətləşmədən
və doğmalarının da reaksiyalarına fikir vermədən
bunu edir.
Üçüncü növ intihar - özünə qəsdin
yanakı növünə uyğun özünü
öldürməsidir. Belə bir vəziyyətdə, şəxs
şüurlu şəkildə suisidal davranışa yol verir.
Bu, davranışın elə bir modelidir ki, həyatla
vidalaşma təxirəsalınmaz olmur, amma bütün hərəkətlər
subyektiv qərar qəbul etməklə müşayiət
olunur. Özünə qəsdin yanakı
formasında subyekt ağır xəstəlikdən əzab
çəksə də, həkim müayinəsindən və
ya köməyindən bilə-bilə imtina edir.
Gizli suisid şəxsdə ictimai münasibətlərə
zidd bəzi hallardan - alkoqoldan və ya narkomaniyadan asılı
olması ilə davam edir. Bura həm də,
küçə hərəkət qaydalarına məhəl
qoymadan avtomobilin yüksək sürətlə idarə edilməsi,
tələb olunan ekipirovkalar və müvafiq hazırlıq
olmadan idmanın ekstremal növlərilə məşğul
olma aiddir.
Aşağıdakı hallarda hüquq məsuliyyəti
yarana bilər.
- Suisidə
sövq etməyə görə;
-
Özünü öldürmə həddinə
çatdırma - şəxsin ləyaqətinin mütəmadi
aşağılanması, şantaj və amansız rəftar
etmə, mənəvi, seksual və fiziki zorakılıqlarla
davam edən hərəkətlər;
- Suisidal
akta vasitəçilik;
- Özünə qəsd edən
şəxsə hamilik edən həkimin yardım etməməsi.
Suisidal davranışların (fundamenti)
formalaşması psixotik reaksiyaya malik genetik faktorlarla da
bağlıdır. Belə anormal “vərəsəlik” həmin
ailədə böyüyən şəxsin gələcək
davranışlarında problemlər yaradır. Bu mühitdə yaşa dolan uşaq ya hədsiz ciddi
rejimdə böyüyür, yaxud da həyat öz axarına
buraxılır. Uşaq tələbatının
tanınmaması, uşaq hüquqlarının pozulması, ləyaqətin
alçaldılması, kiçik şəxsiyyətin işkəncələrə
tab gətirib, valideyn mərhəmətindən və nəvazişindən,
qayğılarından uzaq düşməsi, kənardan ona məhəbbət
və diqqətin olmaması təbii ki, suisidə gedən yolu
qısaldır.
Belə bir mənzərədə böyüyən
kiçik şəxslərin şəxsiyyəti də
başqa cür formalaşır, şəxsi portretinin
xarakterik cizgiləri qüsurla ərsəyə gəlir, tam
olmur.
Suisidi
doğuran sair səbəblər sırasında:
- Ailədə
qarşılıqlı anlaşmanın yoxluğu;
-
Qohumlarla münaqişəli vəziyyətin, mübahisələrin
olması və davam etməsi;
- Ər və arvadın ictimai mənəviyyata
zidd hərəkətləri;
- Sərxoşluq
və narkomanlıqdan asılılıq;
- Sevdiyi
adamın xəyanəti;
-
Uşaqlarla problemlərin məcrasına yönəldilməsində
çətinliklər;
-
Ağır psixi xəstəliklərə məruz qalan
ahıl şəxslərlə bir yerdə yaşamağa məcbur
olma;
- Ər tərəfindən
arvadın incidilməsi, mənəvi və psixoloji təzyiqin
olması, döyülməsi, qeyri-etik davranışlar;
-
Boşanma və ya (ərin, arvadın) ayrılma;
-
Yaxın qohumun ölümü;
- Ər və
arvadın və yaxud uşaqların davam edən ağır xəstəliyini
və s. göstərmək olar.
Təhsildə uğursuzluqlar, yaradıcı layihələrin
iflası, peşəkar sferada çətinliklər də
intihara apara bilər.
Cəmiyyətin arzulamadığı problemli məsələnin
KİV-də dövlət qurumlarının yaydığı
informasiyalardan kənar, səhih mənbəyə əsaslanmayan
faktların çap edilməsi, məlumatların bəzən
“görk” olacaq tərzdə verilməsi intiharlara
çağırış kimi də yozula bilər. Hərəkətlərini
və davranışlarını nəzarətdə saxlaya
bilməyən, iradəsi zəif, kövrək xarakterə
malik yeniyetmə və gənclər belə informasiyalardan “bəhrələnirlər”.
Qənaətimə görə, suisid hərəkətlərin
təbliğ və təşviq formasında, diqqət çəkən
başlıqlarla verilməsi cəmiyyətə zərərli
məlumat ovqatı bəxş edir. Fakt üzrə cinayət təqibinin
prokurorluq orqanları tərəfindən başlanılmasını nəzərə
alsaq, bu tip informasiyaların yayılmasını yalnız
müştəntiqin və ya prokurorun rəsmi məlumatına
istinad etməklə tirajlanmasının tərəfdarıyam.
Əks təqdirdə, informasiyanın dərci
istintaqın obyektiv gedişinə ziyan gətirə bilər.
Şəmsəddin ƏLİYEV,
İntihar və intihara cəhd edilməsi
hadisələrinin baş verməsinin
minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin
görülməsinə dair
Qurumlararası İşçi Qrupunun üzvü
Azərbaycan müəllimi.- 2021.- 29 oktyabr.- S.13.