Poeziyamızda
Ramiz Rövşən ZİRVƏSİ
Söz
mənadan asılıdır, məna sözdən hər zaman
Bir-birindən
asılıdır, necə ki, cism ilə can.
Məhəmməd
Füzuli
Gözəl
şeirlərin, bitkin poetik fikirlərin məni
duyğulandırdığı, hisslərimi təlatümə
gətirdiyi zamandan bəri həmişə
düşünmüşəm ki, sözün qüdrətindən
yaranan poeziya incilərindən zövq almaq və onları qiymətləndirə
bilmək taleyimə bəxş olunmuş qəlb xoşbəxtliyidir
və o da xəyalımdan keçib ki, məlum söz və
ifadələri musiqi kimi səslənən şeiriyyat çələnginə
çevirənlər, yəqin ki, sehrbazdılar, adi adamlar
deyillər. Və belə düşündüyüm dəqiqələrdə
nədənsə böyük Səməd Vurğunun himn səviyyəli
“Azərbaycan” şeirini xatırlayırdım. Uşaqdan
böyüyə hamının yaddaşına hakim kəsilmiş
adi sözlərdən cəmləşən bu poetik
şedevri, əlbəttə, əsl şair yarada bilərdi.
El
bilir ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən.
Anam,
doğma vətənimsən.
Ayrılarmı
könül candan?!
Azərbaycan,
Azərbaycan!
.... Hər
bir insanın tərcümeyi-halı var, istər geniş
olsun, istərsə qısa. Rəsmi tərcümeyi-hallar
ömrün statistikasıdır, bunlarda insanın xarakteri,
düşüncəsi, mövqeyi və əqidəsi, təbii
ki, əks olunmur. Bununla belə, obrazlı bir deyim var ki,
yaradıcı insanın keçdiyi sənət yolu,
yaradıcılıq amalı onun mənəvi tərcümeyi-halıdır.
Məsləki tərcümeyi-halı olanlar necə də
xoşbəxtdirlər.
Bu sətirləri
yazarkən qismətinə ürəklərin
ağrısını, qəmini, sevincini, kədərini, qəlblərdə
dilim-dilim alovlanan sevgilərin, məhəbbət və
ayrılıqların yanğısını,
acılı-şirinli ömür anlarını, “gəlimli-gedimli”
fəlsəfəsi ilə möhürlənmiş
dünyanın gərdişini, həyati həqiqətləri
heyrətamiz poetik təfəkkürünün
işığından keçirib talecə müxtəlif “çeşid-çeşid”
insanları poeziyasının sehrli aləmi ilə ovsunlamaq,
onları ruhən saflaşdırmaq, dünən, bu gün, gələcək
və əbədiyyat haqda, mənəvi ucalıq və vicdan
təmizliyi barədə düşüncələrlə
qovuşdurmaq missiyası düşmüs müdrik bir
şairin - Azərbaycan ədəbiyyatı tarixinin son iki qərinəsinin
möhtəşəm ədəbi sütunlarından, söz
nəhənglərindən olan Ramiz Rövşənin bəzən
narahat, üsyankar, bəzən də təbəssümlü,
məmnun siması gözlərim önündə
canlanmaqdadır.
Taleyinə
ilahidən həqiqi şairlik qismində ağır yük
düşən Ramiz Rövşən kimi yaradıcı
insanlar, təbii ki, tanrının seçilmişləri və
sevimliləridir. Həm də bəxti belə
yazılmışlar istəsələr də, o taledən
qaçış qapıları üzlərinə
bağlıdır, bu əzablı yolun həyatlarının
sonunadək onları izləyəcəyi reallığı ilə
barışmaq məcburiyyətindədirlər. Doğrudan da,
sifarişlə məhəbbət, sevib-sevilmək
mümkün olmadığı kimi, şəxsi istəklə
də şair olmaq mümkünsüzdür.
Xalq
öz şairlərini yaradıcılığı ilə bərabər,
həm də mənsub olduğu mənəvi keyfiyyətlərinə
görə tanıyıb dəyərləndirir. Şairin
daxili aləmi, xisləti, düşüncələri, həyata,
insanlara münasibəti yazdıqlarında, eləcə də
“söz-əməl” fəlsəfəsində səhifə-səhifə
açılır. Xarakter bütövlüyü, əqidə
dönməzliyi, azadlıq eşqi həqiqi şairə bəxş
edilən xoşbəxtlikdir. Həqiqi, əsl şeir də əsl
şairin qələmindən pərvazlana bilər. Bu mənada
“həqiqi şair insanlığın müəllimidir” deyənlər
heç də yanılmırlar. Şeiri “həyatın ən
böyük möcüzəsi” adlandıran dahi Azərbaycan
şairi Məhəmmədhüseyn Şəhriyarın bu
beyti daha müdrik səslənir:
Şair
xalqın səsi, əsrin səsidir,
Vətənin
ağsaçlı sərkərdəsidir.
Cəmi
49 il ömür yaşayan, həyatından çətinlik və
məhrumiyyətlər əskik olmayan dahi şairimiz Mirzə
Ələkbər Sabirin “Şairəm, əsrimin ayinəsiyəm”
ədəbi proqram ruhlu misrası, bəlkə də, həqiqi
şairlərin yaradıcılıq yolunu istiqamətləndirən
və işıqlandıran bir mayakdır. Əsrin,
dövrün aynası olmaq ağır yükdür və bu
yükü daşımaq şərəfinin sevincini
yaşamaq heç də hər kəsə nəsib olmur.
...Düşünürəm
ki, belə sevinc zirvəsində məskun olmaq haqqını
Ramiz Rövşən çoxdan qazanıb. Qanlı-qadalı
illəri arxada qalsa da, şura-bolşevik ideologiyasının
güclü təsiri hələ də duyulan ötən əsrin
60-90-cı illərində şeirlərində sovet rejiminin vəsfinə
bir misra belə tapılmayan bəzi yaradıcı şəxslər
var idi ki, onların arasında Ramiz Rövşənin prinsipial
mövqeyi qəlbinin səsinin əks-sədası olaraq
xüsusilə seçilirdi. Özünün etirafıdır
ki, “Şair olmaq hər şeydən çətindi, vallah
çətindi.”
Oxucunu
düşündürən, vəcdə gətirən,
saflaşdıran, qəlbini, hisslərini tərbiyə edən
şeir, həqiqi mənada kəşfdir, ixtiradır. Görkəmli
ingilis şairi Bayronun bəlkə də rəmzi mənada səslənən
“Bir damcı mürəkkəb bir milyon insanı
düşündürə bilər” fikrini eyni ilə Ramiz
Rövşənin timsalında bu ixtiraçı şairin
ixtira-şeirlərinə aid etmək mümkündür. Esselərinin
birində şairin bədii-estetik cəhətdən
cilalanmış gözəl bir müddəası var ki, “Hər
şeirin öz çəkisi, öz boyu var. Və şeirin
boyu misraların sayı ilə deyil, yay kimi sıxılıb
o şeirin içinə yığılan, az qala bərkiyib
maddiləşən hisslərin, duyğuların dərinliyi
ilə ölçülür”. Yəni:
Şeir
açılmamış bir mərmi kimi
Birdən
ürəkdə də partlaya bilər.
Şübhə
yox ki, insan ovqatının, emosional halının, “qəmlə
köklənən” anlarının təsirindən doğan,
“bərkiyib maddiləşən hisslərin, duyğuların dərinliyi”ni
ifadə edən şeirlər yalnız nəfəsi “nəfəslik
axtaran”, qəlbən, ruhən azad olan, “Allahla bəndə
arasında dayanan” şairin bədii təxəyyülünün
məhsulu ola bilər. Olanları, olub-keçənləri cəsarətlə
deyib-yazmaq azad ruhun nişanəsidi (hələ komminist rejimi
zamanında “Mən bulağam, tapşırıqla axmıram”
yazmış ulu şairimiz Rəsul Rza yada düşür).
Bu mənada ədəbiyyatımızın həkim təbiətli,
incə ruhlu şairi Abbas Səhhətin mahiyyətcə ibrətamiz
Şair
odur ki, həqiqətlərə dildadə ola,
Şairin
fikri, xəyalı gərək azadə ola.
misraları
məhz Ramiz Rövşən poeziyasının boyuna
biçilib, şeirlərinin böyük əksəriyyəti
insanları mənəvi azadlığa səsləyir. Necə
ki, eşqi, məhəbbəti hər dəm bəlağətlə
aləmə car çəkməzlər, azadlıq ruhunu da əldə
bayraq etməzlər, çünki azadlıq dildə yox, əsl
şairin yaradıcılığının nüvəsində,
idealındadır. Mənim düşüncəmlə, Ramiz
Rövşənin şeir dünyası azad ilhamın
işığına bürünmüş sehrli bir aləmdir.
Bu aləmdə sevgi-məhəbbət də, ayrılıq
da, nifrət də, dərd, qəm, kədər də, insan
taleyi və insan münasibətləri də bəzək-düzəksiz,
həyati reallıq zəminində təqdim olunur.
Deyirlər
söz sözü çəkər,
Çəkmək
olmur nadan sözü.
Mən
neynirəm üstü şəkər
Altı
zəhər dadan sözü.
Deməyin
ki, neçə söz var,
Kobud
söz var, incə söz var.
Dünyada
tək bircə söz var:
Kişi
sözü, adam sözü.
...Şairlik
halı! Bu incə mətləblərdən xəbər verən,
dərin psixoloji tutuma malik ifadəni poeziya leksikonuna Ramiz
Rövşən gətirib və bu ifadənin bətnində
qəlb çırpıntıları, sevincli, iztirablı
anlar, üsyankar dəqiqələr, acı həqiqətlər,
insan taleləri gizlənib, şeirləri dualarına
çevrilib. “Şairlik halı” da şairə heç vaxt
xilaf çıxmayıb, həmişə onu “düzü
düz, əyrini əyri” yazmağa səsləyib. Onun kimi əsl
şairlər tanrının seçilmişləridirsə,
demək, onlar həm də tanrıdan nazil olmuş “Qurani-Kərim”in
təbliğatçılarıdır, əxlaqi-mənəvi
təmizlikləri və pak əqidələri ilə millətin
səsidirlər.
Dünya
şöhrətli yazıçı Çingiz Aytmatovun sərrast
ifadə olunmuş bir fikri - “dövrün əsən yellərinə
istedad yelkəni ilə sinə gərmək, xalqın nitq hissəsində
feil olmağı bacarmaq” fikri eyni ilə Ramiz Rövşənin
şəxsiyyətinə, xislətinə, mənəvi aləminə
xas olan keyfiyyətdir. Ona hamı “fəlsəfi şair”
gözüylə baxır, hər misrasında məna (bəzən
sətiraltı məna) axtarır. Çünki onun
dünyaya, insana, insan münasibətlərinə, həyati-mənəvi
dəyərlərə, sevgiyə də, nifrətə də
baxışları çox hallarda fərqlidir, qəbul edilən
“qəliblər”ə rəğmən “standartdankənar” təsiri
bağışlayır, hamını düşünməyə
vadar edir:
Nə
çoxmuş dünyanın yükü;
sevgisi
yük, nifrəti yük.
Görüşəndə
- söhbəti yük,
ayrılanda
- həsrəti yük.
Bu
dünya bir yük ağacı,
hər
yükün kökü insanmış.
İnsanın
yükü dünyaymış,
dünyanın
yükü insanmış.
....Doğru
deyirlər ki, müraciət etdiyi, qələmə
aldığı mövzudan asılı olmayaraq, Ramiz
Rövşənin nəzmə çəkdiyi hər bir
şeiri, əslində, hazır ssenarilərdir, bunlara istinadən
maraqlı, duyğulu, məhrəm məqamların ifadəsinə
çevrilən süjetlər yaratmaq mümkündür. Və
çox diqqətçəkəndir ki, bu şeirlərin
böyük əksəriyyətində insan ömrünün
yaddançıxmaz fraqmentləri, insan həyatında silinməz
izlər buraxan anlar öz əksini tapır. O da
maraqlıdır ki, şairin sevgi şeirlərindəki
münasibətlər - keçmişdə olanları qəflətən
göz önünə gətirən təsadüfi
görüşlərin yaratdığı reaksiyalar, hiss və
təəssüratlar, eləcə də uğursuz məhəbbət
olayları, ayrılıqların təsirindən doğan həm
iztirab, habelə təsəllisayaq məmnunluq duyğuları
o qədər həyati reallıqla, pafossuz, riyadan uzaq, mərdanə,
səmimi formada tərənnüm edilib ki, bu hal həmin
şeirlərin bədii-estetik təsir gücünü,
oxucunun müəllifə inamını qat-qat artıran amilə
çevrilib, - desək, yanılmarıq.
Sən
mənim şerimin nəfəsi oldun,
Heyif,
şeirim sənin qəfəsin oldu.
Çırpındın
misralar məngənəsində,
Çırpıldın
qafiyə divarlara sən.
Axır
ki, şerimin daş qəfəsindən
Quştək
uçub getdin ...
Getdin
hara sən? ...
Ramiz
Rövşənin birbaşa neçə-neçə
yaradıcı insanların sanki taleyini ehtiva edən, bu talelərin
faciəsini, iztirablarını, ürək göynərtilərini
yaşadan şeirləri (“Başı kəsik gözəl
kötük”, “Burda bir göl vardı” və s.) böyük mətləbləri
sadə dillə demək məharətindən yaranmış əsl
sənət nümunələridir. Bu şeirlərin təsiri
ilə xəyala daldıqda talelərini “Qara əl”lərin
sındırdığı kimlər yada düşmür?!
Hüseyn Cavid, Heydər Hüseynov, Mikayıl Müşfiq,
Firudin bəy Köçərli, Əhməd Cavad, Məhəmməd
Hadi, Abbas Səhhət... siyahını hələ nə qədər
uzatmaq olar...
Ramiz
Rövşənin digərlərində çox az rast gəlinən
bir məziyyəti də var: o, şeirlərində feilin əmr,
vacib formaları ilə yekunlaşan fikirlərlə oxucunu
buxovlamır, onun düşünmək səlahiyyətini məhdudlaşdırmır,
“ola bilər”, “bəlkə”, “bəlkə də” ara sözləri
ilə düşünüb nəticə
çıxarmağı oxucunun öz ixtiyarına buraxır,
ona sanki bir “nəfəslik” verir.
Ölüncə
neçə-neçə qapıdan keçir adam,
Dünya
üz tutduğumuz qapılarla doludu.
Bəlkə
də üzümüzə çırpılan qapılardan
Üzümüzə
açılan qapılar qorxuludur.
Ramiz
müəllimin elə şeirləri də var ki, bunlardan
hamının mahiyyət etibarı ilə eyni cür nəticə
çıxarması, sadəcə, qeyri-mümkündür.
“Göy üzü daş saxlamaz”, “İlan balası”, “Bulud”,
“Addım”, “Mən bir tozam” və s. bu kimi şeirləri hər
kəsin daxili dünyasında müxtəlif cür əks-səda
verə bilər. “Göy üzü daş saxlamaz” şeirindəki
göyə daş atılmasını “hədər zəhmət”,
“mənasız iş”, “uşaq şıltaqlığı”
anlamında başa düşənlərin olması da
mümkündür, burada fəlsəfi məna axtaranların
da. Ola da bilər ki, şeirdəki “daş”, obrazlı desək,
təmizliyə, aydınlığa, insan taleyinə atılan
(“daş atan bilirmi nə günah eylər”) böhtan, danos,
şər-xəta anlamında, eyni zamanda bumeranq mənasında
qəbul edilsin. Şairin sözüdür: “Özünə
qayıdır hər şey, özünə”.
“Tanrı
özü yazıb yazılanları
Ha
pozmaq istəsən, bir xeyri yoxdur”.
“İlan
balası” şeiri həmin fəlsəfənin
inikasıdır. Çox güman, təsvir edilən ilan
balası qismətinə özündən asılı
olmayaraq amansız tale yazılmış insanları simvolizə
edir. Qəlblərində xeyirxahlıq olsa da, dillərinin “zəhəri”
onlara qarşı hiddət doğurur, belələrini
çoxları sevmir. Necə ki, adamlar ilan gördükdə
heç vaxt zəhərinin dərdlərə dərman
olduğunu düşünmədən onu qovmağa, məhv
etməyə çalışırlar. Həqiqətpərəst
insanların ömrünə, taleyinə məhz bəzi əqrəb
xislətlilərin bir damcı zəhərləri ilə son
qoymaları faktları isə tarixdən yaxşı məlumdur.
Həyatın gərdişinə bax ki, belələrinin qismətinə
çox vaxt vəzifə kürsülərində oturmaq
düşürdü, sinələrini orden-medallar bəzəyirdi.
Şeirin sonluğu tale, təbiət, xarakter etibarı ilə
həyatda, cəmiyyətdə birmənalı qəbul edilməyənlərə
qarşı şairin münasibətini çox aydın ifadə
edir:
Bəlkə
də, ən acı həqiqət elə
sənsən
yer üzündə, ilan balası.
Sənsən
haqqın yolu bu yer üzündə,
tanrı
özü seçib bu yolu bəlkə.
Yüz
cür sifətiylə, yüz cür üzüylə
dünya
səndən keçib durulur bəlkə...
...Deyirlər,
“şairi şair edən iztirab və dərdləridir”. Məşhur
türk şairi Yunus Əmrənin sözləridir ki
Dərman
axtardım dərdimə
Dərdim
mənə dərman imiş.
Ramiz
Rövşən də “dərdsiz ürəyi susuz dəyirman”
adlandırır. Deyir ki:
Göz
yaşları süzüldükcə
Adamın
quru üzünə.
İçimizdə
batan dərdlər
Bir-bir
çıxır su üzünə.
Həm
ürəyə, həm çöhrəyə süzülən
göz yaşlarının ifadəsi olaraq “dünyada çox
şeyə əli çatmadığından dərdin yekəsindən
yapışan” şairin qəlbində məskunlaşmış
qəm, kədər onun həyatdan vaxtsız getmiş qələm
yoldaşlarına, görkəmli sənətkarlara, əzizlərinə
ithaf etdiyi, habelə dünyada olub-keçənlərə,
“yiyəsiz qəm”ə, “ağlanmayan dərd”ə, “biganəlikdən
quruyan göl”ə, “küçənin tinindəki əl
açan qarı”ya həsr olunmuş fəlsəfi
yüklü şeirlərində dərdli ovqat
açıq-aydın hiss edilir:
Ələ
qələm alan kimi,
Sətirlər
qaralan kimi
Köynəyə
sızan qan kimi
Kədərim
varağa çıxır.
Bəzən
qəmli hallar şairi üsyankarlıq həddinə
çatdırır:
Qapılar
vardı ki, yerə diz qoyub,
Qıfılına,
kilidinə üz qoyub
Öpmək
istəyirdim, öpə bilmədim.
Qapılar
vardı ki, qıcıb dişimi,
Yumruğumu,
təpiyimi, başımı
Çırpmaq
istəyirdim, çırpa bilmədim.
...“Mən
şair işləmirəm!”. Bu çox nadir və dəyərli
ifadə də Ramiz Rövşənə məxsusdur və bu
sözlər mənəvi azadlıqdan, müstəqillikdən,
vətəndaş mövqeyindən tutmuş qəlb
rahatlığına, baş ucalığına qədər
çox mətləblərə söykənir. Səmimiyyət
- şairin yaradıcılığının məhək
daşıdır. Şərqin böyük mütəfəkkiri
Mövlana Cəlaləddin Ruminin əsl mahiyyətində səmimiyyət
dayanan “Ya göründüyün kimi ol, ya da olduğun kimi
görün” fəlsəfi müddəasını Ramiz
Rövşənin şəxsiyyətinin, həyat yolu və
taleyinin güzgüsü adlandırsaq, heç də səhv
etmərik. O nə yazıbsa hamısını ürəyinin
hökmü ilə, qəlbinin səsinə qulaq asa-asa,
yaşadığı hansısa ovqata köklənərək
yüksək səmimiyyətlə qələmə alıb.
İnsan həyatının son qütbü-ölüm haqqında
yazıları belə, oxucunu bədbinliyə, pessimizmə
aparmaq niyyəti güdmür (hərçənd ki, belə məzmuna
malik şeirlərin bəzisi bizə heç vaxt məlum
olmayacaq hisslərin həyəcanından, güclü təsirindən
yaranıb), əksinə, həyat haqqında düşünməyə
sövq edir. Belə demək mümkünsə, ömrün
müvəqqətiliyi, ölümün
qaçılmazlığı insanın bəsirət
gözünü açan, bu dünyaya nəyə görə
gəldiyini anladan həqiqətlərdir və bu reallıq gəncindən
tutmuş yaşlısınadək hamının
düşüncəsinə hakimdir. Yaradıcı şəxslər
isə bu həqiqəti sadəcə olaraq bədiiyyatla ifadə
edirlər.
...Nobel
mükafatı laureatı İosif Brodskinin “Poeziya-ən
yaxşı sözlərin ən yaxşı
düzümü deyil, dilin ali mövcudluq formasıdır”
fikri ilə, geniş mənada düşünsək,
razılaşmaq olar, çünki, həqiqətən də,
dil öz yüksək məqamını-cilalanıb
büllurlaşmış ədəbi dil səviyyəsini, əsasən,
bədii sənət və elm adamlarının
yaradıcılığında tapır. Dilin möhtəşəmliyi
isə lüğət tərkibinin zənginliyi, sözlərin
məna çalarlarının rəngarəngliyi, sinonimlər
bolluğu, dərin fikirləri, hissiyyat aləmini kamillik səviyyəsində
dolğun ifadə edə bilmək tutumu ilə
ölçülür. Dil bir qaladırsa, sözlər onun
müqəddəsliyini, mənəvi dəyərlərini,
özünəməxsus ruhunu, təmizliyini, gözəllik və
şirinliyini, yad elementlərə qarşı mübarizliyini
qoruyan “müsəlləh əsgər”lərdir. Həqiqətən,
“Söz Allahdan gələn və Allaha ismarlanan bir
varlıqdır” (Ənvər Abbasov-tədqiqatçı
dilçi-alim).
...Ramiz
Rövşənin fəlsəfəsində söz təmiz
vicdanların, azadlıq aşiqlərinin, mənəvi
idealların, saf əqidələrin, insan ləyaqətinin, qəlbləri
bürüyən sevincli-iztirablı anların səsi olaraq
ilahi məqam səviyyəsinə yüksəldilir.
Aşağıdakı misraları“ şair işləyən”lərə
yox, daim “şairlik halında” olanlara məhz əbədi
çağırış kimi səslənir:
Aldanma
heç kimə, satma heç kimə.
satsan,
öz ömrünü sən Allaha sat!..
Amma
Allaha da satma sözünü,
demə
ki, satdığın varaqda sözdü.
Allah
necə alsın özü-özünü
Allahın
Canı yox, Allah da Sözdü...
Allahı
dünyayla barışdırmısan,
qıraqda
gəzməsin gözün Allahı.
Dünyanı
Allahla bölüşdürmüsən;
Allahın
qulusan, Sözün Allahı...
Böyük
alman filosofu İ.Kantın belə bir mülahizəsi var ki,
“Dahillik olmayan yerdə poeziya ola bilməz”. Bu fikirlə, bəlkə,
mübahisə etmək də olar. Amma dünyanın ən
önəmli təfəkkür sahiblərindən biri olan Kant
bu fikri irəli sürərkən, çox güman, hər
cür poeziyanı yox, məhz əbədiyaşar poeziyanı
nəzərdə tutub. Mövsümi poeziyaların, onların
“şair işləyən” nümayəndələrinin
heç vaxt əbədiyyat qazana bilməməsini sübuta
yetirməyə isə ehtiyac yoxdur.
Ramiz
Rövşən poeziyası, ədalətlə desək, əbədiyaşarlıq
zirvəsinə artıq çoxdan yüksəlib, bu poeziya
qeydsiz-şərtsiz əsl poeziya hesab edilirsə, demək,
dahiliyin mövcudluğu şəraitində yaranıb.
Görkəmli ədəbiyyatşünas - alim, filosof Asif
Əfəndiyev (Asif ata) vaxtilə televiziyadakı çıxışında
belə bir fikir işlətmişdi ki, “Dahilik-zəmanənin
dərd-qəmini, əzab-əziyyət yükünü
öz çiyinlərində daşımaqdır”. Ramiz
Rövşən də yazır ki:
Yük
altında göynəyir kürəyimin qabarı,
Yük
altında təngiyir hər addımda nəfəsim.
Nə
atmağa qıyıram, nə gücüm var aparım
Hayandasan,
di gəl çıx, ay bu yükün yiyəsi.
...Düşünmək
olar ki, o yük şairin Tanrı qarşısında öhdəliyinin
yüküdür, tale yüküdür və bu yükü
şairə qismət edən onu daim pənahında
saxlayır. Şair özü gözəl deyib:
Haqq
sözə nökərik nökər,
Biz
çəkən yükü kim çəkər?!
Qanımız
halaldı, əgər
Köynəyimiz
bayraq olsa!
Sənət
aləmində “ardıcıllar”, “...məktəbinin
davamçıları” ifadələrini həmişə
eşitmişik...
Bu mənada,
düşünürəm ki, görəsən, Ramiz
Rövşəni hansı şairin (şairlərin)
ardıcılları, hansı məktəbin
davamçıları siyahısına daxil etmək olar?! Hərçənd
ki, onun yaradıcılığında ulu şair Rəsul Rza
məktəbinin təsiri hiss olunur, bununla belə, mövzu
aktuallığı, dünyəvi olaylara fəlsəfi
münasibət, təfəkkür çevikliyi, adidə
qeyri-adini duyma, görmə bacarığı, deyim və təsvir
tərzi, sözdən, sözün məna
çalarlarından ustalıqla istifadə baxımından
yenilik, novatorluq ruhu inkarolunmazdır və belə olan halda
Ramiz Rövşən yaradıcılığı özü
möhkəm özül üzərində qurulmuş bir məktəbdir.
...Bu
yazını lap əvvəl virtual müsahibə formasında
hazırlamağı nəzərdə tutmuşdum, sonra fikirləşdim
ki, özünü şəxsən tanımadığım
üçün bəzi suallara cavabda onu qane etməyən məqamlara
toxuna bilərəm, yaxşı alınmaz. Amma bənzərsiz
şeiriyyatına ürəkdən bağlandığım
bu böyük şairlə nə vaxtsa
yaşadığımız şəhərdə
görüşmək fikri məni tərk etmir. Axı
“ayrıca şəhərimiz yox”dur.
Yazını
bu yerdə bitirmək də olardı (əslində, Ramiz
Rövşənin ədəbi yaradıcılığına
belə adi bir məqalə yox, ciddi tədqiqat əsərləri
yazılmalıdır), lakin çoxdandı ürəyimdə
gizlənən bir arzu da vardı, görəsən, şeir
qoşmaq məndə alınar, ya yox?! Çünki aqillərdən
biri deyib ki, “bütün insanlar ürəklərində
şairdirlər”. Fikirləşdim ki, məqamdır,
düşünüb bir forma da
tapdım: misraları şairin adı və soyadının
birinci hərfləri ilə başlanmaqla onun dilindən
söylənən öz aləmimdə bir şeir əmələ
gətirməyə çalışdım:
Rəbbim
verdi bu taleyi, mənə sevinc bəxş eylədi,
Azadlıq
biçdi ruhuma, məni qanadlı eylədi.
Mənli-mənsiz
bu dünya da elə həmənki dünyadı,
İçimdən
keçdi ağrısı, ürəyim qubar eylədi.
Zalımların
adətidi, daim zəhər püskürərlər,
Rahatlıq
nədi bilməzlər, ancaq ədavət səpəllər.
Ölüm
haqdı, gələn gedər, gedən gəlməz,
Var-dövlətdən
bərk yapışma, ömrün bir anına dəyməz.
Şairin,
şeirin, sənətin qiymətini “arif olan sərraf” bilər,
Əlində
hökm olana dastan da yazsan, umma ki, qədrin bilər.
Nələr
keçdi ömrümüzdən, kimlər ötdü
yanımızdan,
Niyyətim,
əqidəm, məsləkim heç enmədi ucalıqdan.
...Hər
bir şair arzulayır ki, oxucuları, pərəstişkarları
çox olsun, yazdıqları rəğbətlə
qarşılansın, şeirləri dillər əzbəri
olsun.
Ramiz
Rövşən o xoşbəxt şairlərdəndir ki,
yaradıcılığa başlayandan ta bugünümüzə
qədər həmişə oxucu bolluğu ilə əhatə
olunub, şeirləri minlərlə insanın dilinin əzbəridir,
istər yaşlı, istərsə də gənc nəsil tərəfindən
ona xüsusi məhəbbət bəslənilir, kitabları
bir göz qırpımında alınır, əldən-ələ
gəzir.
Hərdən
düşünürəm ki, Ramiz Rövşən şair
olmasaydı, görəsən, hansı peşənin sahibi ola
bilərdi?! Onun böyük şairlərimizə həsr
etdiyi esselərini oxuyandan sonra bu qənaətə gəlirsən
ki, şair olmasaydı Ramiz Rövşən, yəqin ki,
sanballı, mahir ədəbiyyat tədqiqatçısı
kimi məşhurlaşardı. Amma bizim ədəbiyyatımızın
xoşbəxtliyidir ki, tale ona möhtəşəm şairlik
istedadı bəxş edib və təxminən minillik tarixi
olan poeziya xəzinəmiz artıq qırx ilə
yaxındır ki, onun da poetik inciləri ilə zənginləşir
və hələ bundan sonra da zənginləşməkdə
davam edəcəkdir.
Aydın
ƏHMƏDOV,
Azərbaycan
Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar
müəllim
“Azərbaycan
müəllimi”.- 2022.- 5 avqust.- S. 8.