“Psixi sağlamlığı korlanan uşağın təhsil uğuru öz imkanlarından aşağı olacaq”

Emel Sarı: “Autizmin müalicəsində xüsusi təhsil və reabilitasiya böyük əhəmiyyət kəsb edir”

Son illər yaşam tərzimizdə baş verən dəyişikliklər, texnologiyadan düzgün istifadə olunmamasının yaratdığı fəsadlar uşaq və yeniyetmələr arasında psixi pozuntular və deviant (fərdin cəmiyyətin geniş qəbul edilmiş normalarına zidd olan hər hansı bir hərəkəti) davranışların artmasına səbəb olur. Bu problemlər valideynlərlə uşaqlar arasında da müəyyən gərginliklərin yaranmasına yol açır, həmçinin uşaqların təhsilalma prosesinə maneçilik törədir. Uşaq və yeniyetmələrin qarşılaşdığı bu cür psixoloji problemlərlə bağlı Türkiyənin uşaq və yeniyetmələr üzrə tanınmış psixiatr həkimi, dos.dr. Emel Sarının müsahibəsini təqdim edirik.

Tanıtım. Emel Sarı 1979-cu ildə Türkiyənin İzmit şəhərində anadan olub. İzmit xarici dil təmayüllü orta məktəbi  bitirib.  Uludağ Universitetinin tibb fakültəsinin uşaq və yeniyetmələrin psixi sağlamlığı və xəstəlikləri şöbəsində ixtisaslaşıb. 2017-ci ilin fevral ayından İstanbul şəhərində yerləşən Üsküdar Universitetində baş müəllim və NP İstanbul Beyin Xəstəxanasında uşaq psixiatrı kimi fəaliyyət göstərməyə başlayıb.  Psixologiya və uşaq inkişafı ixtisası üzrə təhsil alan tələbələrə “Uşaqlarda psixopatologiya və davranışın idarə edilməsi” fənnini tədris edib. Psixologiya və nevrologiya sahəsində təhsil alan  bir çox doktorantın elmi işlərinə rəhbərlik edib. 2018-ci ildə dosent elmi adına layiq görülüb.

NP İstanbul Beyin Xəstəxanasında  Autizm Spektr Pozuntusu (ASP)   sahəsində tədqiqatlarını davam etdirib. Autizmdə rTMS müalicə üsulları üzərində elmi tədqiqatlar aparıb   Autizm Spektr Pozuntusu  rTMS və sensor inteqrasiya müalicələrinin səmərəliliyi”  mövzusunda nevrologiya aspirantının dissertasiyasına rəhbərlik edib.

Hazırda diqqət çatışmazlığı və hiperaktivlik sindromunda neyron iltihabı markerləri  autistik spektr pozuntusunda müalicə və genetik tədqiqatlarda farmakogenetik tədqiqatın rolu layihələri üzərində işləyir.

“Bir fərqlilik var, amma nə?”, “Yüksək funksional autizm və Asperger pozuntusu diaqnozu qoyulmuş uşaq və yeniyetmələrin valideynləri və müəllimləri üçün bələdçi” monoqrafiyalarının, həmçinin uşaqlarda və yeniyetmələrdə alkoqol/maddə asılılığının əlaqəli xəstəlikləri,  yeniyetmələrdə tənhalıq və üçlü P-müsbət valideynlik proqramı haqqında kitablarda yazılan fəsillərin müəllifidir.

- Emel xanım, öz ixtisas sahəniz haqqında bir az məlumat verərdiniz...

- Uşaq və yeniyetmə psixiatriyası doğulduqdan 18-20 yaşa qədər  uşaqların neyro-inkişaf pozuntuları, emosional və davranış problemləri ilə məşğul olan elm sahəsidir. Uşaq və yeniyetmə psixiatriyası sağlam psixoloji iqlimin yaradılması və uşaqların psixi sağlamlığı istiqamətində elmi-praktik fəaliyyət göstərir.

- Müasir dövrdə artan texnoloji asılılıq uşaqlarda depressiya, yuxu pozuntusu, aqressiya, sosial narahatlıq, diqqət çatışmazlığı və s. psixoloji problemlərə səbəb olur. Bu asılılığı azaltmaq və qarşısını almaq üçün hansı terapiya üsullarından istifadə edirsiniz?

- İlk növbədə, valideynlərə övladlarının texnologiyadan daha  erkən yaşlardan onların nəzarəti altında istifadə etmələrini tövsiyə edirik. Çünki uşaqlarda texnologiya asılılığı yarandıqdan sonra ondan xilas olmaları çox çətin olur. Buna görə də erkən uşaqlıq dövründən etibarən uşaq və yeniyetmələrin valideyn nəzarətində texnologiyadan düzgün istifadə vərdişlərinə yiyələnmələri vacibdir. Uşaqlara həyatda texnologiyadan başqa, bir çox maraqlı fəaliyyət növləri olduğunu dərk etdirmək lazımdır. Bunun üçün onlara idman və incəsənətlə bağlı fəaliyyətləri, asudə vaxtlarını təbiətdə keçirməyi, heyvanları sevməyi və qorumağı, qulluq etməyi, çiçək və bitki yetişdirmək kimi bir çox fərqli, faydalı vərdişlər aşılamalıyıq.

 

 

 

- Məlum olduğu kimi, ailədə və cəmiyyətdə uğur gözləntilərinin artması şagirdlər üzərində təzyiq yaradır, imtahan həyəcanını artırır. Belə hal uşaq və yeniyetmələrdə müxtəlif psixi problemlərə səbəb olur. Bu təzyiqi azaltmaq üçün valideynlərə nə tövsiyə edirsiniz?

- Hər bir uşaq fərqli dərəcədə yaradıcı xüsusiyyətlərə malikdir. Misal üçün, bəzi uşaqlar elm sahəsində daha çox bacarıqlıdır, bəziləri isə idmana və ya musiqi, rəsm, rəqs kimi incəsənət növlərinə daha artıq maraq göstərirlər. Bu mənada valideynlər övladlarının bacarıq və maraqlarının fərqində olmalıdırlar, onları daim müşahidə etməlidirlər. Övladlarının güclü xüsusiyyətlərini dəstəkləməli və zəif gördükləri cəhətləri ilə bağlı professional dəstək alaraq onları gücləndirməlidirlər.

 

 

 

Ancaq uşaqlardan öz imkanlarından və potensiallarından daha çox uğur gözləmək, uşağı buna məcbur etmək, beləliklə də uşaqa təzyiq göstərmək düzgün deyil. İmtahan dövründə uşaqların stress yükü artır. Bu zaman onların zövq aldığı hər şey əllərindən alınaraq yalnız imtahandan yüksək nəticə göstərmələrini gözləmək uşağın psixi sağlamlığına mənfi təsir göstərir. Psixi sağlamlığı korlanan uşağın təhsil uğuru da öz imkanlarından aşağı olacaq. Bu səbəbdən hətta imtahan mərhələsində də intizamlı bir çalışma proqramı təşkil olunmalı və uşaqlar müəyyən zaman kəsiyində zövq aldıqları fəaliyyətlərə təşviq edilməlidir.

- Son zamanlar, bütün dünyada autizmli uşaqların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bir həkim kimi bunun səbəbini nə ilə əlaqələndirirsiniz?

- Autizm neyro-inkişaf pozuntusudur, simptomları erkən uşaqlıq dövründə özünü bürizə verir. Səbəbi bir çox genetik amillərlə yanaşı, ətraf mühitin bioloji faktorlarının qarşılıqlı təsiri nəticəsində uşağın fərqli beyin inkişafına sahib olmasıdır. Son illərdə autizm hallarının artması diqqəti cəlb edir və bunun səbəbləri araşdırılır. Aparılan araşdırmalarda uşaqlarda autizm simptomunun artmasına səbəb olan faktorlar arasında gec yaşda olan evliliklər, yəni fərdlərin daha gec yaşlarda valideyn olması faktoru da müəyyən edilmişdir. Bununla belə, həyat tərzinin dəyişməsi, havanın çirklənməsi, bir çox ekoloji zərərli maddələrə məruz qalma kimi amilləri də bu simptomun artma səbəbləri kimi qeyd edə bilərik. Bu səbəblərdən başqa, autizmin indi daha geniş şəkildə tanınması və daha əvvəllər nəzərə alınmayan, lakin hazırda diaqnozu qoyulan yüngül xüsusiyyətlərə malik hallar kimi amillər də bu simptomun artmasının səbəbləri arasındadır.

- Autizmli uşaqlar üçün xüsusi psixoloji müalicə üsulları varmı?

- Autizmin müalicəsində xüsusi təhsil və reabilitasiya böyük əhəmiyyət kəsb edir. Uşağa verilən xüsusi təhsilin intensiv və davamlı olması çox vacibdir. Autizm hələ ki, hər hansı bir dərman və ya müalicə üsulu ilə tamamilə sağalan xəstəlik deyil. Ancaq uşağa xas olan və uşağın inkişaf sahələrini düzgün dəstəkləyən terapevtik üsullarla simptomlarda müəyyən yaxşılaşdırma və yüngülləşməyə nail olmaq mümkündür. Autizm diaqnozu qoyulmuş hər bir uşaqda simptomların müxtəlifliyi və şiddəti fərqlidir. Nitq-idrak inkişaf səviyyəsi, sosial qarşılıqlı əlaqə bacarıqları, təkrarlanan davranışlar və bunlarla müşayiət olunan hiperaktivlik, narahatlıq, yuxu problemləri, aqressiv davranışlar kimi bir çox problemlər hər uşaq üçün ayrıca nəzərdən keçirilməli və uşağa xüsusi uyğun dəstək proqramı tətbiq olunmalıdır.

- Valideynlər arasındakı münaqişələr və gərginlik uşaqlara nə dərəcədə təsir edir?

- Şübhəsiz, ailədaxili məişət münaqişələri uşaqların psixi sağlamlığına təsirsiz ötüşmür. Belə ki , uşaqlara öz fərdi inkişaf xüsusiyyətləri ilə birgə, həm də ailələrindəki ab-hava, davranışları, məişət münaqişələri, fiziki və emosional istismar və laqeydlik kimi bir çox amillər təsir edir. Ailədəki münaqişələr bəzən uşaqda psixi problem yaratmasa da, uşağın həyata və münasibətlərə baxış tərzinə, onun gələcək ictimai münasibətlərinə və ailə həyatına öz təsirini göstərir.

- Yeniyetmə övladlarının düzgün ünsiyyət qura bilmələri üçün ailələrə nə məsləhət edərdiniz?

- Yeniyetməlik uşaqlıqdan və yetkinlikdən fərqli özünəməxsus xüsusiyyətləri olan bir dövrdür. Bu dövrdə uşaqlarda fiziki dəyişikliklərlə yanaşı, beyin inkişafının sürətlənməsi səbəbindən emosional və davranış dəyişiklikləri baş verir. Uşaqlar həmyaşıdları ilə vaxt keçirməyə, onlar tərəfindən qəbul olunmağa, ailədən çox həmyaşıd qrupuna aid olmağa önəm verməyə başlayırlar. Bəzən onların valideynləri ilə də münaqişəsi ola bilər.Valideynlər bilməlidirlər ki, uşağın bu dövrdəki davranışı beyin inkişafı ilə əlaqəlidir və vaxt keçdikcə tənzimlənəcək. Qaydaları və sərhədləri müəyyən edərkən nəzərə alınmalıdır ki, o, artıq uşaq deyil və müstəqil fərd olmağa meyillidir. Bununla belə, valideynlər sağlam ünsiyyət yolu ilə öz yeniyetmə övladlarına qaydalara tabe olmaq və öz vəzifələrini yerinə yetirməklə paralel şəkildə müstəqillik qazana biləcəklərini onlara hiss etdirməlidirlər. Bu dövrdə valideynlər uşaqlarla konfliktə girməməli, ani emosional partlayışlar zamanı onlara sakitləşmək üçün vaxt verməli, istənilən vəziyyətdə onlara dəstək olacaqlarını hiss etdirməlidirlər

- Diqqət çatışmazlığı və hiperaktivlik pozuntularının müalicəsi üçün hansı terapiya və müalicə üsulları mövcuddur?

- Diqqət çatışmazlığı, hiperaktivlik də neyro-davranış psixi xəstəlikdir. Simptomlar, diqqəti cəmləmək və davranışa nəzarət etmək üçün cavabdeh olan beynin frontal bölgəsinin gecikmiş inkişafı nəticəsində baş verir. Xüsusilə məktəb dövründə diqqəti dərsə cəmləməkdə çətinlik, hiperaktivlik, səbirsizlik, instinktlərinə nəzarət edə bilməmək, nəticələrini düşünmədən hərəkət etmək kimi əlamətlərlə özünü bürizə verir. Bu, genetik səbəblərdən yaranan bir xəstəlikdir və tez-tez ailənin digər fərdlərində də oxşar simptomlar müşahidə olunur.

Diqqət çatışmazlığı və hiperaktivlik uşağın təhsil prosesinə və sosial həyatına mənfi təsir edəcək qədər şiddətlidirsə, mütləq müalicə edilməlidir. Müalicədə ilk sırada dərmanlar gəlir. Diqqət müddətini uzadan və davranış nəzarətini artıran dərmanlar mütləq uşaq və yeniyetmə psixiatrları tərəfindən verilir və uşaq bu dövrdə mütləq həkim müşahidəsi altında olmalıdır. Ümumiyyətlə, dərman müalicəsi ilə yanaşı, psixoterapiya üsulları ilə dərman müalicəsini gücləndirmək, ünsiyyətin yaxşılaşdırılmasına fokuslanmaq, uşağın diqqətini təkmilləşdirmək və “dayan, düşün,sonra hərəkətə keç” psixoterapiya üsullarından istifadə etmək lazımdır.

 

 

 

- Emel xanım, Azərbaycandan da çoxlu pasiyentlərinizin olduğunu bilirik. Bu pasiyentlər daha çox hansı problemlərlə bağlı sizə müraciət edir və azərbaycanlı valideynlərə hansı təklifləriniz var?

- Azərbaycandan olan uşaq pasiyentlərimdə tez-tez autizm spektr pozuntusu , diqqət çatışmazlığı, hiperaktiv pozuntu, tədris prosesində çətinliklər kimi neyro-davranış, obsesion (vəsvəsə, səksəkə), depressiya və narahatlıq kimi emosional və davranış problemləri ilə rastlaşıram. Ailələr, ümumiyyətlə, problemləri ilkin mərhələdən hiss edir, müalicəyə meyilli olurlar, lakin düzgün müalicə üsulları tapmaqda çətinlik çəkdiklərini müşahidə edirəm. Uşaq və yeniyetmə psixiatriyasında bir çox problemlərin müalicəsi üçün FDA tərəfindən təsdiqlənmiş dərman müalicəsi mövcuddur. Ona görə də ailələr müvafiq dəstək və müalicə tapmaqda ümidlərini itirməməlidirlər.

Tariyel SÜLEYMAN

“Azərbaycan müəllimi”.- 2022.- 12 avqust.- S. 8.