Sadə İNSAN, böyük
MÜƏLLİM
Azərbaycanda
informatika elminin inkişafında xüsusi
xidmətləri olan alim - Ramin Mahmudzadə
Bir gün dünyaya gələn insan bir gün də
onu tərk edir. Bu iki gün arasındakı ömür payında onun gördüyü işlər,
əməllər, dediyi
sözlər, düşündüyü
fikirlər, iştirak
etdiyi hadisələr insanların xatirələrində
qalır. Elə insanlar vardır
ki, onlar haqqındakı xatirələr
adi bir şey
kimi ötüb keçir. Elə insanlar da vardır ki, onlar haqqında xatirələr insanların
qəlblərinə təsir
edir və göz yaşlarına səbəb olur.
Biz avqust ayının 8-də
gözəl bir insanı itirdik. Ramin Mahmudzadə
həyatını bitirdi
və əbədiyyətə
qovuşdu. Bu kədərli hadisədən
mütəəssir olan
insanlar onu son mənzilə yola saldılar. Coşqun,
gözəl və yaradıcı bir həyata son qoyuldu...
Ramin Mahmudzadə
1935-ci il avqustun 31-də Bakı şəhərində görkəmli
ədəbiyyatçı Əli
Nazimin ailəsində
dünyaya gəlmişdi.
O, 1956-cı ildə Azərbaycan
Dövlət Universitetinin
Mexanika riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə isə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirmişdir.
Təhsilini bitirdikdən sonra əmək fəaliyyətini
Azərbaycan Dövlət
Universitetində davam etdirmişdir. Ramin Mahmudzadə
BDU-nun ən qocaman müəllimlərindən biri
idi. Onun 60 ildən yuxarı
pedaqoji stajı var idi. Sözün əsl mənasında o, gözəl insan və böyük müəllim idi. Ona müəllimlərin müəllimi
desək daha düzgün olardı.
XX əsrin
ikinci yarısından
yeni yaranan kompüter elmləri (informatika) Azərbaycanda da sürətlə öyrənilməyə və
inkişaf etdirilməyə
başladı. Ramin müəllim
bu istiqamətin ölkəmizdə inkişaf
etdirilməsində ən
böyük rol oynayan insanlardan biridir. Onu Azərbaycanın ilk proqramçısı adlandırmaq
olar. Ramin müəllim kompüter
elmlərini dərindən
başa düşən,
onu ürəkdən sevən, çox böyük həvəslə
öyrənən və
onu öz tələbələrinə böyük
qayğıkeşliklə öyrədən
bir şəxs idi. Hal-hazırda Azərbaycanın ali və orta məktəblərində
onun yazdığı
və hazırladığı
kitablarla dərs keçilir. Onun düşüncələri və bu elmə
olan böyük məhəbbəti sanki, bu kitablara hopmuşdur.
Bu böyük məhəbbətin qığılcımları
Azərbaycan xalqının
yeni nəsillərinə
kompüter elmlərini
öyrənməyə ilham
verəcəkdir.
Ramin müəllim
bizim fikrimizdə və qəlbimizdə ağsaçlı, gülərüz,
yüksək enerjili,
daim sevdiyi elmi öyrənməyə və öyrətməyə çalışan
çox qayğıkeş
bir insan kimi qalacaqdır. İnanmaq olmur ki, bu
gözəl insan daha kafedraya gəlməyəcək, özünün
yumorlu, ağıllı
və müdrik kəlmələri ilə
heç kimin qəlbini daha sevindirməyəcək. Biz onu görəndə çox
sevinirdik. Yaxınlaşıb hal-əhval tutur
və kompüter elmlərindəki yeniliklər
barədə fikir mübadilələri edərdik.
Onun çox güclü hafizəsi var idi, bütün yenilikləri daim izləyər və öz facebook səhifəsində yazardı.
Hamı bilir ki, kompüter
elmləri ən sürətlə inkişaf
edən və yeniləşən elmdir. Ramin Mahmudzadə
bu elmin inkişaf dinamikasını
tutardı, yenilikləri
birinci öyrənib digər müəllimlərə
də öyrənməyi
tövsiyə edərdi.
Paskal, C, C++ , Java, CA,
Python, və s. proqramlaşdırma
dillərini böyük
həvəslə Azərbaycan
gənclərinə öyrədərdi.
Onu xarakterizə edən ən əsas cəhətlərdən biri
sadəliyi idi. Heç vaxt
özünü dartmaz,
böyüklə böyük,
kiçiklə kiçik
kimi danışardı.
Tələbələrin çox böyük
dostu idi. Hətta uzun illər bundan əvvəl dərs dediyi tələbələr
də onunla əlaqə saxlayar və həmişə onu məhəbbət
və hörmətlə
xatırlayardılar. O, tələbələrə
mehribançılıq göstərir,
onlarla çox yaxın idi. Vaxt vardı o, tələbələrlə turist
səfərlərinə gedərdi,
onları olimpiadalara aparardı, onlarla bir masada
duz-çörək kəsərdi.
Sadələyinə görə mən onu dünya şöhrətli azərbaycanlı
alim Lütfi Zadə ilə müqayisə edə bilərəm. Mən Azərbaycanın
fəxri olan bu böyük alimlə şəxsən
görüşmüş, söhbətlər etmiş
və uzun müddət məktublaşmışam.
Həm Lütfi Zadə, həm də Mahmudzadə öz ömürlərini
kompüter elmlərinin
inkişaf etdirilməsinə və
öyrənilməsinə sərf
etmişlər. Hər iki
alim azərbaycanlıdır
və öz dünya baxışlarına
görə çox sadə insanlar olmuşlar. Lütfi Zadə 97, Mahmudzadə
isə 87 yaşında
vəfat etmişdir.
Lütfi Zadə çox sevdiyi həyat yoldaşı
Fey xanımın ölümündən
sonra heç bir il keçməmiş
dünyasını dəyişdi.
Mahmudzadə də çox sevdiyi həyat yoldaşı Şəfiqə xanımın
ölümündən heç
bir il ötməmiş vəfat
etdi. Hər iki azərbaycanlı
alim peşəsini, öz elm sahəsini həddən artıq sevirdi. Hər ikisinin soyadı Zadə sözü ilə bitir, hər ikisi elmdə, təhsildə insanların qəlbində
dərin izlər qoyaraq dünyanı
tərk etdi.
Ramin müəllimin güclü
yumor hissi vardı. Biz onun
xətrini çox istəyirdik, daim maraqlı söhbətlər
edirdik. O, öz duzlu zarafatlarından qalmazdı. Təhsil prosesində də
tələbələri gülə-gülə,
zarafatyanı maraqlandıraraq
ciddi biliklərə doğru aparırdı.
Bu əvəzsiz
insan həm müəllimlərə, həm
də tələbələrə
atalıq qayğısı
göstərirdi. Hər hansı bir çətinlik olanda hamı onun yanına gedirdi. Tbilisi şəhərində
keçirilən dünya
olimpiadasına gedən tələbələrin
cibinə öz şəxsi vəsaitindən
pul qoyur və onlara dəyərli məsləhətlər
verirdi.
Göründüyü kimi, bu böyük insan həyatı boyu bütün varlığı
ilə Azərbaycan elminə və təhsilinə
xidmət etmişdir. Biz onunla elmi
seminarlar keçirmiş,
bir sıra innovativ layihələrə
birlikdə rəhbərlik
etmişik. Qəlbi saf,
ürəyiaçıq və
xoşrəftar olan belə bir insanla
həmkar olmağı
özümüz üçün
böyük xoşbəxtlik
hesab edirik.
Bu qədim
dünyaya milyonlarla insanlar gəlir və gedir. Ramin Mahmudzadənin
də ömrü bir qığılcım kimi yandı və söndü.
Ömür bir
qığılcım
Həyat bir
andır
Çalış qığılcıml
Çıraqlar yandır.
Ramin müəllimin qığılcımları
artıq minlərlə
azərbaycanlı gənclərin
ürəyində əbədi
şölənəcək çıraqlar yandırmışdır. Bu çıraqlar Azərbaycan
xalqını böyük
və işıqlı
gələcəyə aparacaqdır.
Bakı Dövlət Universitetinin tarixinə Ramin Mahmudzadənin adı qızıl hərflərlə
əbədi həkk olunacaqdır.
Bir də
görürsən ki,
açılan solur
Düşünən bir beyin bir
torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur.
Sirrini açmayır sirdaşa dünya.
Biz gəldi
gedərik sən yaşa dünya!!
Məşhur şairimiz Səməd Vurğunun bu ölməz sözləri
heç bir vaxt öz mənasını
itirmir.
Bakı Dövlət
Universitetində yüzlərlə
müəllim dərs
deyib və bundan
sonra da dərs deyəcəkdir. Lakin Ramin Mahmudzadə kimi dəyərli alimlərimiz haqqındakı
xatirələr əbədi
olaraq yaşayacaqdır.
Belə gözəl insanlar dünyaya çox az
gəlir. Azərbaycan xalqı onların
qədrini bilir, dəyər verir və xatirələrini daim əziz tutur.
Fuad
QURBANOV,
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin baş
müəllimi
“Azərbaycan müəllimi”.- 2022.- 12 avqust.- S. 5.