Elmi
inkişafın dəyər zənciri
Müasir
tədqiqat institutu modelinin yaradılması elmi-texniki
inkişafın əsas komponentlərindən biridir
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı fərmanı
ölkədə elmin inkişaf zəncirinin qurulması
üçün zəmin yaradır. Fərmandan
irəli gələn struktur dəyişikliyi elmin
inkişafı üçün dəyər zəncirinin
formalaşdırılmasına şərait yaradır. Ümumiyyətlə, elmi inkişafın və ya
elmi məhsulun son məqsədi dayanıqlı sosial və
iqtisadi inkişafa xidmət etməlidir. Elmin
prioritet sahələrini, problemləri və ehtiyacları məhz
sosial-iqtisadi inkişaf müəyyənləşdirir. Lakin eyni zamanda burda əks-əlaqə də
müşahidə olunur; Elm öyrənilməmiş yeni məhsullar
və servis bazarları imkanları yarada bilər. Elmin
inkişaf strategiyasının və siyasətinin mərkəzində
elmi tədqiqatların son istifadə oluna bilən kommersiya məhsuluna
çevrilməsi
dayana bilməlidir. Sözsüz ki,
bu, qətiyyən akademik azadlığın məhdudlaşdırılması
deyil, əksinə elmi tədqiqatların keyfiyyətlə
yanaşı həll etməyə
çalışdığı problemlərin miqyasını
və yaradacağı imkanların tədqiqatçılar tərəfindən
nəzərə alınması ilə nəticələnir.
Beləliklə, elmin
inkişaf siyasəti elmi tədqiqatların kommersiya məhsuluna
çevrilməsi üçün dəyər zəncirinə
daxil olan bütün komponentləri, o cümlədən maliyyələşmə,
intellektual hüquqların qorunması, ekspertiza, elmi-texniki
insan potensialı, innovasiya mərkəzlərinin
funksionallığı, tədqiqat infrastrukturu, mələk
investorların, vençur fondların və özəl
sektorun cəlb olunması da daxil olmaqla, bütün prosesləri
tənzimləyə və koordinasiya etməyə yönəlir.
Qeyd olunanları nəzərə
alsaq, elmin əsasən dörd istiqamətdə
inkişafının labüd olduğunu aydın görmək
olar:
1) Prioritet elm sahələrinin
müəyyən olunması;
2) Elm siyasətinin yenilənməsi
və tənzimlənməsi;
3) Maliyyələşmə
və infrastrukturun səmərəli idarə olunması;
4) Elmi sahələrdə
insan kapitalının inkişafı.
Elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı sözügedən fərman sadalanan istiqamətlər
üzrə fəaliyyətlərin həyata keçirilməsi
üçün geniş imkanlar yaradır və müxtəlif
tərəflərin iştirakını dəstəkləyir. Prioritet
elm sahələri əvvəlcə alimlərimiz tərəfindən
AMEA-da müəyyən olunduqdan sonra həmin prioritetlərə
müvafiq elm siyasətinin yenilənməsi və tənzimlənməsi
Elm və Təhsil Nazirliyi tərəfindən həyata
keçiriləcəkdir.
Elm siyasətindən
irəli gələn inzibati işlərin icrası, gündəlik
problemlərin həlli, vətəndaş şikayətləri
və eləcə də dəstək xarakterli fəaliyyətlərin
Elm və Ali Təhsil Agentliyi tərəfindən
reallaşdırılması nəzərdə tutula bilər. Mühüm olan
elm sahələrində insan kapitalının inkişafı və
tədqiqatların aparılmasının isə elmi tədqiqat
institutlarında və ali təhsil müəssisələrində
baş verməsi daha məqsədəmüvafiqdir.
Prioritet elm sahələrinin
müəyyən olunması
Prioritet elm sahələri
müəyyən olunarkən tətbiqi və eksperimental tədqiqat
(elmi-texniki) sahələr ilə fundamental elmi tədqiqatlar
arasında əhəmiyyətinə görə
bölgünün aparılması vacibdir. Belə
ki, müvafiq sahədə müxtəlif ölkələrin təcrübələrini
araşdırarkən aydın olur ki, tədqiqat büdcəsinin
85-90% tətbiqi tədqiqatlara, 10-15% isə fundamental elm sahələrinə
ayrılması müşahidə olunur.
Tətbiqi tədqiqat
sahələri.
Prioritet tətbiqi elmi sahələrin müəyyən
olunması ölkənin iqtisadiyyatının və sənayesinin
inkişafına, ictimai maraqlara və ölkənin müqayisəli
üstünlüklərinə əsaslana bilər. Bu sahələr seçilərkən həmin sahələrdə
indiyə qədər olan təcrübə, infrastruktur və
resursların nəzərə alınması məqsədəuyğundur.
Eyni zamanda tətbiqi tədqiqat sahələri
ölkənin çoğrafi mövqeyi, milli sərvətləri,
sənayesinin strukturu və milli təhlükəsizlik problemləri
ilə uyğunlaşdırılmalıdır.
Fundamental tədqiqat
sahələri.
Prioritet fundamental elmi tədqiqatlar qlobal trendlərə,
həmin sahələrdə indiyə qədər olan təcrübəyə
və uzunmüddətli dayanıqlı inkişaf hədəflərinə
əsaslanır. Prioritet fundamental elmi tədqiqatlar
gələcəkdə tətbiqi və eksperimental tədqiqatlara
dəstək vermək məqsədi də daşıya bilər.
Bu tədqiqatlar həm də uzunmüddətli
iqtisadi inkişafda ölkənin xarici texnoloji ehtiyaclardan
asılılığının azaldılması ilə də
nəticələnə bilər.
Kommersiyalaşma
aparıcı qüvvə kimi
Məhz kommersiya təşkilatlarının
aparıcı rol oynayacağı, universitet, tədqiqat
institutları, texnoparklar və innovasiya mərkəzlərinin
birgə inteqrasiyasına əsaslanan milli elm-innovasiya sisteminin
qurulması elmin inkişafı üçün tədricən
dayanıqlı imkanlar yarada bilər. Elmi nəticə,
erkən texnoloji model, məhsulun dizaynı və məhsulun
bazara çıxması mərhələləri sondan əvvələ
doğru bir-birini izləyə bilməlidir. Mərhələlərarası keçidlərin nəticəsi
dəqiq müəyyən olunaraq, patent, ixtiranın
funksionallığı, innovativ məhsul və kütləvi
istehsal olunan məhsul mərhələləri arasında əlaqələri
təşviq edən strukturların yaradılması məqsədlərə
çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Böyük
dövlət şirkətlərinin səmərəli fəaliyyətinin
təşkili elmi-texniki həll yollarına əsaslanan
innovativ yanaşmalara birbaşa bağlıdır. Təcrübə
göstərir ki, şirkətlərin nəzdində olan
araşdırma - inkişaf bölmələrinin tədqiqat
institutları ilə birgə fəaliyyətinin təşkili
daha səmərəli hesab olunur. Elmi tədqiqat
institutlarında əldə olunan tədqiqat nəticələri
şirkətlərin araşdırma və inkişaf
laboratoriyalarında innovativ məhsula çevrilmək
üçün optimallaşdırılır.
Hazırda ölkəmizdə səmərələşməsi
nəzərdə tutulan dövlət şirkətlərində elmi-texniki həll yollarına
böyük ehtiyac var.
Müasir tədqiqat
institut modeli
Elmin
inkişafının əsas aparıcı qüvvəsi
şübhəsiz ki, alimlərdir. Aydındır
ki, məmurlar daha çox tənzimləmə, koordinasiya və
dəstək funksiyalarının icraçılarıdır.
Məhz buna görə də fundamental elmi və
qabaqcıl texnologiyalar ilə bağlı tədqiqatları
yüksək səviyyədə yerinə yetirə bilən
müasir tədqiqat institutları modelinin yaradılması
elmi-texniki inkişafın əsas komponentlərindən biridir.
Mövcud tədqiqat
institutlarının potensialının, laboratoriya, avadanlıq
və cihazlarının dəyərləndirilməsi, prioritet
sahələrə uyğun imkanların inteqrasiyası və
ya birgə istifadəsini təmin edə bilən sistemə
ehtiyac vardır. Tədqiqat
institutları ilə sənaye, texnoparklar və inkubasiya mərkəzləri
arasında davamlılığı təmin etmək
üçün universitet və tədqiqat institutlarında tədqiqat
menecerləri aktiv rol oynamalıdır.
Tədqiqat
institutlarına olan tələblər və şərtlər,
strateji fəaliyyət planları, hədəflər və
qiymətləndirmə kriteriyaları müəyyən
olunmasına da ehtiyac vardır. Tədqiqatların
mərkəzləşmiş koordinasiyası və innovasiya
potensialı təmin olunarsa, fundamental tədqiqat və
qabaqcıl texnologiyalar tədqiqatlarının hər birinin
ayrı ayrılıqda resurs ehtiyacları müəyyən
olunmaqla institutlarda investisiyaların cəlb olunması ilə
bağlı stabil mexanizmlər yaradıla bilər.
Öyrənilməmiş
və ya az öyrənilmiş sahələrin
tədqiq olunmasında tədqiqat institutlarında sərbəst
tədqiqat mövzusu seçimi mexanizminin hazırlanması,
elmi nəticələrə əlçatanlığın təmin
olunması, daxili və xarici institutlararası əməkdaşlığın
təşviq olunması mexanizmlərinin yaradılması, eləcə
də ali təhsil müəssisələri ilə mövcud tədqiqat
institutları arasında resursların birgə istifadəsi
mexanizminin qurulması da mühim məqamlardandır.
Tədqiqatların idarə
olunması sisteminin yaradılması
Milli elmi-texniki tədqiqatlar
sahəsində qərarvermə mexanizminin müəyyən
olunması labüddür. Belə ki,
bu mexanizmlər tədqiqatların iqtisadi-sosial inkişaf
ehtiyaclarına uyğunluğunu və kommersiyalaşma
potensialını müəyyən etməyə imkan verəcəkdir.
Biznes müzakirələri və normativ
müşavirlik xidmətləri də bu sistemin mühüm
hissəsidir. Milli səviyyədə tədqiqatların
koordinasiyası təmin olunmalı, elmi-texniki inkişaf siyasəti
ilə sosial-iqtisadi inkişaf siyasətləri üst-üstə
düşməklə, elmi-innovativ iqtisadiyyatın inkişafına
zəmin yaratmalıdır.
Elmi-texniki tədqiqatların
idarəolunması və qiymətləndirilməsi sistemi bərabərhüquqlu
rəqabət, əlçatanlıq və ədalətlilik
prinsipləri əsasında elə yenilənməlidir ki,
yüksək potensiallı tədqiqatçılar və gənclər
üçün cəlbedici olsun. Tədqiqat
institutları və universitetlər professor-müəllim heyətinin
məhsuldarlıq səviyyəsini, onların fəaliyyətini
qiymətləndirərək məqsədlərinə nə dərəcədə
nail olduqlarını müəyyən edə və əldə
etdikləri nəticələri rəqiblərinin nəticələri
ilə müqayisə də edə bilməlidirlər.
Dövrümüz elm və
ali təhsil müəssisələrində
fəaliyyətin qiymətləndirilməsinin mühüm yer
tutmasını tələb edir. Beləliklə,
universitetlərin və tədqiqat institutlarının müəllim-professor
heyətinin akademik fəaliyyətinin qiymətləndirilməsi
və inkişaf etdirilməsində, ümumilikdə bu prosesin
yönləndirilməsi üçün tədqiqat sahəsində
fəaliyyət göstəricilərinin qiymətləndirilməsi
və dövri monitorinq sisteminin qurulmasına ehtiyac vardır.
Elm və ali
təhsildə əsas fəaliyyət göstəricilərinin
çərçivəsi iqtisadiyyatda istehsal nəzəriyyəsinə
əsaslanır ki, bu da “giriş-proses-çıxış
yanaşması” adlanır. Bu nəzəriyyəni
nəzərə alaraq, elm və təhsil prosesi
daxilolmaları (məsələn, tələbələr,
professor-müəllim heyəti, büdcə, bina və
avadanlıqlar) nəticəyə (məsələn, daha
yüksək dərəcəli tələbələr, məzunlar
və peşəkarlar, yüksək keyfiyyətli tədqiqat)
çevirən istehsal prosesi kimi nəzərdən
keçirilə bilər. Eyni zamanda, bu proses daha geniş
iqtisadi və sosial prosesin bir parçasıdır.
Maliyyələşmə
sistemi və infrastruktur
Şirkətlərdə
elmi və innovasiyaları dəstəkləyən maliyyə və
vergi siyasətinin yaradılması, tədqiqat və
araşdırmaların təşviqi, innovative məhsullara
görə güzəştlər, elmi-texniki tədqiqat
institutları ilə əməkdaşlığın təşviqi
və KOB-ların elmi-texniki tədqiqatlarının
kommersiyalaşmasına dəstək mexanizmləri elmin
inkişaf ekosisteminin vacib komponentlərindəndir.
İdxal olunmuş
texnologiyaların assimilyasiyası və yerli səriştələr
əsasında yenidən innovasiyanın təşviqi, yerli
elmi-texniki innovasiyaların qorunması tədbirləri -
eyniadlı məhsulların idxalına rüsum, hədəfə
uyğun məhsul istehsalı və idxal olunan
texnologiyaların re-innovasiyası, dövlət
satınalmaları vasitəsilə yerli texnologiyaların
inkişafının təşviqi, yerli innovativ məhsul və
xidmətlərin prioritet olması və “ilk al”
qaydasının yerli innovativ məhsullar üçün tətbiqi
də elmi-texniki inkişaf üçün mühüm təşviq
mexanizmlərindən ola bilər.
İntellektual
mülkiyyət hüquqlarının təkmilləşdirilməsi,
hüquqların qorunması, beynəlxalq sertifikat və
lisenziyaların alınmasına dəstək, elmi-texniki
innovasiyaları dəstəkləyən maliyyələşmə
sistemi, mələk investorlar və vençur kapital
bazarının inkişafı xüsusilə elmi nəticələrin
kommersiyalaşmasında əhəmiyyətli rol oynaya bilər.
İnfrastrukturun yenilənməsi
və birgə istifadə, tədqiqatlar ilə bağlı
resursların mərkəzləşmiş şəkildə
idarə olunması və birgə istifadə
platformasının qurulması, tədqiqat üçün
istifadə olunan laboratoriya avadanlıqları, cihazları və
digər texnologiyaların idxalında güzəştlərin
tətbiqi uzunmüddətli hədəflərə
çatmaqda əhəmiyyətli ola bilər.
Elm sahələrində
insan kapitalı
Hazırda cəmiyyətimizdə
müvafiq fərmanla bağlı ən çox müzakirə
olunan məsələ insan kapitalıdır. İnsan
kapitalı elmin inkişafının dəyər zəncirinin
yalnız bir komponenti olsa da, ən vaciblərindəndir. Bütün digər görüləcək işlər
birbaşa və ya dolayı yolla alimlərin və tədqiqatçıların
dəstəklənməsinə, onlar üçün tələb
olunan mühitin yaradılmasına xidmət edəcəkdir.
Ümumiyyətlə,
elmin inkişafı üçün ən güclü,
yaradıcı və savadlı gənclərimizin elmə
yönəlməsi baş verməlidir. Ən
yaxşı 1-2% daxil olan gənclərimiz elmə yönələrsə,
onlar üçün müvafiq mühit yaradılarsa, elmin
inkişafında çox qısa müddətdə müsbət
dinamika müşahidə ediləcəkdir. Zənnimcə, gənclərimizin potensialı kifayət
qədər böyükdür, görə bildiyimizdən daha
çoxdur. Son illərdə xeyli sayda gəncimiz
xarici ölkələrə xüsusilə təbiət elmləri
və texniki sahələrdə doktorantura təhsili almaq
üçün göndərilmişdir. Onlarla
görüşlərdən çox böyük potensiala və
enerjiyə sahib olduqları məlum olur. Dövlət
proqramından əlavə də xaricdə doktorantura təhsili
almış gənclərimiz kifayət qədərdir və
hazırda onların bir çoxu xarici ölkələrdə
çalışır. Bundan başqa, 2022-2026-cı illər
üzrə xaricdə təhsil dövlət proqramı da əsasən
elmi-texniki sahələrə yönəlmişdir ki, yaxın
gələcəkdə əsasən magistratura səviyyəsindən
məzun olan gənclərimiz potensialımızı bir az da çoxaldacaqdır. Magistratura təhsil
pilləsi üzrə ikili diplom proqramlarımızın da
sayı hər il artır. SABAH
bakalavr və magistratura proqramları gənclərimiz
üçün əvəzsiz imkanlar yaradır.
Parlaq tələbələrimiz
üçün artıq beynəlxalq elm olimpiadalarında
qalib olmaq adi hala çevrilməsi bu sahədə sistemli
işin qurulmasına dəlalət edir. Dəqiq
fənlərdə respublika və beynəlxalq olimpiada qaliblərimizin
zəkalarından istifadə edə bilməliyik. 10-15 il qabaq bu qədər beyin potensialımız
yox idi. Elm ilə təhsilin inteqrasiyası və
ümumi bir strategiyanın formalaşması gənclərimizə
elmə gəlmək üçün geniş imkanlar yaradacaqdır.
Onu da qeyd etməliyəm
ki, beynəlxalq və regional elmi-texniki əməkdaşlığın
genişləndirilməsi, qabaqcıl beynəlxalq tədqiqat
institutları ilə birgə elmi-texniki layihələrin
icrası, tədqiqatçıların beynəlxalq layihələr
və təşkilatlarda iştirakının təşviqi də
elm sahəsində insan kapitalının inkişafına xidmət
edən mühüm amillərdəndir.
Rüfət
ƏZİZOV,
Azərbyacan
Respublikasının Təhsil İnstitutunun direktoru, kimya elmləri
üzrə fəlsəfə doktoru
"Azərbaycan
müəllimi" qəzeti.-2022.-12 avqust.-
S. 3.