Rəqabətqabiliyyətli
və yüksəkixtisaslı peşəkar kadr
hazırlığı
Yeni Dövlət
Proqramına ilk qəbulun nəticələri
açıqlanıb
Müasir dövrdə bilik hər bir ölkənin
davamlı inkişafının təmin edilməsində bilik
iqtisadiyyatının və bu əsasda
yüksəkixtisaslı insan kapitalının
formalaşdırılması ali təhsil sistemi
qarşısında mühüm vəzifə kimi durur. Bu zərurət
ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılmasını, bu sahədə mühüm keyfiyyət
dəyişikliklərini və innovativ fəaliyyətin
güclənməsini şərtləndirir.
Bu mənada Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamı ilə
təsdiq edilmiş xaricdə təhsil üzrə dövlət
proqramları ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılmasında xüsusi əhəmiyyət
daşıyır.
Artıq 2022-2023-cü tədris
ili üzrə “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün
Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri
açıqlanıb.
Dövlət Proqramı
İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Azərbaycan
müəllimi”nə proqramın icrası və ilk nəticələri
ilə bağlı fikirlərini bölüşüb.
- Azərbaycan Respublikasının
Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün
Dövlət Proqramı”na ilk qəbul yekunlaşmış və
nəticələr müəyyən olunmuşdur. Dövlət
Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet
ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan
Respublikası vətəndaşı müraciət
etmişdir.
Müsabiqənin ilkin nəticələrinə
əsasən 80 nəfər namizəd bakalavriat səviyyəsi,
149 nəfər namizəd magistratura səviyyəsi üzrə
müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq
Dövlət Proqramına qəbul olmuş və proqram
iştirakçısı adını qazanmışdır.
Müsabiqə üzrə digər nəticələrin
növbəti həftələrdə ictimaiyyətə
açıqlanması nəzərdə tutulur.
- Proqrama qəbul zamanı
gənclərin daha çox hansı prioritet ixtisas istiqamətlərinə
maraq göstərdiyini qeyd edə bilərsiniz?
- Proqram
iştirakçılarının ən çox müraciət
etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə,
iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olmuşdur.
- Nəticələrə əsasən,
magistratura səviyyəsinə qəbul faizinin yüksək
olduğunu görürük. Bunu
gənclər arasında elmi tədqiqatlarla bağlı
ixtisaslara daha çox marağın olması ilə izah etmək
olarmı?
- Müvafiq Sərəncamda
da qeyd edildiyi kimi, Dövlət Proqramının hədəf
göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən
çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan Respublikası vətəndaşının xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsilinin təmin edilməsidir. Dövlət Proqramı
çərçivəsində xarici ali təhsil müəssisələrində
təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin
magistratura səviyyəsini əhatə edir.
- Proqrama yeni sənəd qəbuluna nə zaman
start veriləcək və daha çox hansı təhsil səviyyəsi və ixtisasları əhatə edəcək?
- Dövlət Proqramının illik
hədəf göstəricisində 400 təqaüdün
verilməsi və magistratura səviyyəsi üzrə
mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə
alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd
qəbulu elan olunur.
- Yeni Dövlət
Proqramının ölkənin sosial-iqtisadi inkişafına
töhfəsi və elm-təhsilin inteqrasiyasına dəstək
baxımından əhəmiyyəti barədə nə deyə
bilərsiniz?
- Dövlət
Proqramının əsas məqsədi gənclərə
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin
edəcək və qlobal çağırışlara cavab
verəcək müasir texnologiyaları çevik mənimsəyən,
praktiki bilik və bacarıqlara yiyələnən, müasir və
gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Oruc
MUSTAFAYEV
“Azərbaycan
müəllimi”.- 2022.- 12 avqust.- S. 1- 4.