İtaliyada STEAM
“Avropa
Regionlar Komitəsi”nin (European Committee of the
Regions) son hesabatında göstərilir ki, STEAM təhsilinin
gücləndirilməsi Avropa İttifaqı ölkələrinin
iqtisadiyyatının inkişafına töhfə verə biləcək
sahələrdən biridir. Hesabatda 25 tövsiyə
yer alır və incəsənətin dəqiq elmi fənlərlə
bir sıraya daxil edilməsi xüsusilə İtaliya dövləti
üçün bir fürsət kimi qiymətləndirilir.
STEAM təhsilinin tətbiqi texnologiyalar və
tarixi-mədəni irsin cəlb olunduğu sektorlarda, mədəni
irsin təkmilləşdirilməsi və qorunması sahəsində
də mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, İtaliya incəsənətinin iki
böyük şəxsiyyəti - Leonardo da Vinçi və
Mikelancelo təkcə rəssam və heykəltəraş
deyil, həm də ixtiraçı, mühəndis və alim
olublar. Onların dahiliyi və təcrübəsi
göstərir ki, elmlə sənət arasında heç bir
sərhəd yoxdur.
Tələbələrin
Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA)
son 2018-ci il hesabatına əsasən,
Avropa İttifaqında hər 5 şagirddən 1-dən
çoxunun riyaziyyat və ya təbiət elmləri, oxu
üzrə kifayət qədər biliyi yoxdur. STEAM
öyrənmə modulları xüsusən də orta məktəblərdə
şagirdlərin maraq və idrak resurslarını inkişaf
etdirir, onlara dünyanın mürəkkəbliyini dərk etməyə
yollar göstərir, hazırkı dövrün, iqlim dəyişikliyi
kimi problemlərin öhdəsindən gəlmək
üçün düzgün vasitələrlə təmin
edir.
Qeyd
edək ki, İtaliya şagirdləri PISA (Programme for
International Student Assessment) beynəlxalq qiymətləndirmə
proqramının nəticələrinə əsasən oxu,
riyaziyyat və dəqiq elmlər üzrə 30-cu sıralarda
yer alırlar.
STEM/STEAM
təhsilə keçid
İtaliya
təhsilini STEAM sahəsinə yönləndirməyə
çalışan bir neçə təşəbbüs
mövcuddur.
Bunlardan biri 2015-ci ildə İtaliya hökuməti
tərəfindən qəbul edilmiş “Rəqəmsal məktəb
milli planı”dır. Həmin plana əsasən
STEAM təhsilin təkmilləşdirilməsi məsələsi
ölkə təhsilində əsas istiqamətlərdən
birinə çevrilib. Bu təhsil haqqında qanun
hazırda İtaliya Təhsil, Universitet və Tədqiqat
Nazirliyinin rəhbər sənədidir və məqsədi rəqəmsallaşdırma
yolu ilə İtaliya təhsil sisteminə yeniliklər gətirmək,
təlim, bacarıq və məşğulluq baxımından
təklif etdiyi imkanları vurğulamaqdır. Plan 4 əsas
addımdan - alətlər, bacarıqlar, müşayiət, təlimdən
ibarətdir və müəyyən sahələrə
bölünmüş bir sıra məqsəd və fəaliyyətlərə
nail olmaq üçün təşkil edilmişdir. Planda yer almış “Rəqəmsal texnologiyalar,
sahibkarlıq və iş” sahəsi bacarıqlar və məşğulluq
baxımından rəqəmsal uçurumu təşviq etmək
və aradan qaldırmaq, STEAM sahəsində karyeraları
inkişaf etdirmək, məktəblə şagirdlər
arasında əlaqəni gücləndirmək məqsədi
daşıyır.
İtaliyada
mövcud olan STEAM Laboratoriyası layihəsi “Rəqəmsal məktəb
milli planı”nın bir hissəsidir və
bütün səviyyələrdə olan şagird və tələbələr
üçün STEAM-da rəqabətli yolların sınaqdan
keçirilməsinə həsr olunmuş sinif otaqları təqdim
edir. Plan çərçivəsində “Biz
gözəl mexanizmlər yolu ilə gedirik” layihəsinə əsasən
ibtidai sinif uşaqları emalatxanalarla əhatə edilir, burada
uşaqlar ətrafdakı reallıqdan məlumat əldə edə
bilən obyektləri layihələndirir, yaradır və
proqramlaşdırır, onları təhlil etmək
üçün hazır məlumat halına gətirirlər.
Leonardo
STEAM Laboratoriyası orta məktəb şagirdlərini STEAM təhsilə
yönləndirən yoldur. Burada uşaqlar dahi alimin
yaradıcılığı ilə yaxından tanış
olur, robot texnikası və kodlaşdırma elementlərini
öyrəndikdən sonra görülən işləri sənədləşdirən
Leonardo maşını qururlar və fərdiləşdirirlər.
“Fotoqrafiya Elmi” ilə şagirdlər foto
texnikalardan istifadə edərək Kainatın
yaranmasını öyrənməyə
çalışır, yekunda fotomüsabiqə keçirilir
və ən yaxşı fotoşəkillərdən ibarət
sərgi təşkil olunur.
“STEM
4 Future” (STEM 4 Gələcək) yeni nəsillərin STEM fənləri
üzrə bilik və marağını təşviq etmək
üçün yaradılmış layihədir. “Boeing”
universitet əlaqələri təşkillatı və Piza Sant'Anna Qabaqcıl
Araşdırmalar Məktəbi tərəfindən dəstəklənən,
“ScuolAttiva Onlus” təşkilatı tərəfindən
hazırlanmış bu layihə klassik və elmi liseyləri əhatə
edərək qabaqcıl tədqiqat və orta təhsilin yeni tədris
formalarını sınaqdan keçirmək məqsədilə
universitetlər, şirkətlər və məktəblər
arasında uğurlu əlaqəni təmsil edir.
Bu
günə qədər “STEAMonEdu” layihəsinin tərəfdaşı
“Stati Generali dell'Innovazione” İtaliya orta məktəbləri tərəfindən
hazırlanmış müxtəlif ən yaxşı təcrübələri
toplayıb.
Bunlar arasında uğurluları “Capozzi-Galilei” “COVID zamanı
oyunlaşdırma ilə -19 kilid”, “Məktəbə qayıt:
ekoloji təhsilə yeni yanaşma”, “Bazarda bir gün” və
“Daxili maddə”; Montalto Uffugo (Cosenza) IC “Taverna” ilə
“Keçmişdən bir mesaj”, “Yalan xəbər deyil
yaxşı xəbər”, “Olimpiada probleminin həlli...Problem
yoxdur!”, “Marzo delle STEAM” və Foiso Fois di Cagliari Hostel və
Officine DigitalArch layihəsi çərçivəsində ən
yaxşı STEAM təcrübələrini qeyd etmək olar.
İtaliya
dövləti 2020-ci ildə “STEAM 2020”
çağırışı çərçivəsində
4-19 yaş arası gənc qızlar və oğlanlar
üçün kurslar yaratmaq məqsədilə 2 milyon avro sərmayə
ayırıb.
STEAM
məktəbəqədər təhsil müəssisələrində
Məktəbəqədər
yaş insanın inkişafında həssas dövrdür və
elm, texnologiya, mühəndislik, incəsənət və
riyaziyyata marağın əsasını qoymaq
üçün ən uyğun vaxtdır. İtaliya
uşaq bağçalarında STEAM dərsləri model qurma,
simulyasiya vəziyyətlərini əhatə edir və 4
prinsipdən ibarətdir: yaradıcılıq, əməkdaşlıq,
tənqidi düşüncə və ünsiyyət.
Uşaqların böyüdülməsi və təhsili ailənin
prioritet vəzifəsi olduğu üçün valideynlər
də innovativ STEAM yanaşması ilə tanış
edilir və onlar layihə fəaliyyətlərinə fəal
iştirakçı kimi cəlb olunurlar. İtaliyanın
məktəbəqədər təhsil müəssisələrində
Erasmus+ proqramına əsasən STEAM dərsləri tədris
edilir. Bu proqram üzrə STEAM tədrisi
İtaliyadan başqa Bolqarıstan, İspaniya, Polşa,
Rumıniya, Şimali Makedoniya kimi digər Avropa ölkələrində
də tətbiq olunur.
İtaliyanın
məktəbəqədər təhsil müəssisələri
oyun əsaslıdır, uşaqlar ünsiyyət və
şifahi mübadilənin təşviq edildiyi şəraitdə
öyrənirlər. Uşağın hərtərəfli
inkişafını təmin etmək məqsədilə sosial
bacarıqlara və emosional inkişafa diqqət yetirilir. Müəllimlər və tərbiyəçilər
körpələrə öz öyrənmələrinin
baş qəhrəmanı olmaları, xəyal və planlar
qurmaları, təcrübədən kəşf etmələri
üçün şərait yaradırlar. Bağçalarda körpələrə dil və
riyaziyyatın əsasları öyrədilir, onlarda
düşündüklərini rahat və sərbəst şəkildə
izah etmək bacarığı inkişaf etdirilir. Yeni texnologiyaların tətbiqi, incəsənətin
müxtəlif növlərindən istifadə edərək
körpələrin yeni kəşflərə həvəsləndirilməsi,
şəxsi qurğuların, layihələrin
hazırlanması, proqramlaşdırılmasına xüsusi
diqqət yetirilir. Eyni zamanda uşaqlar
italyan adət-ənənələri haqqında öyrənirlər
və bunun üçün müəllimlər onlara hekayələr
oxuyur, insanların İtaliyada və digər ölkələrdə
necə yaşadıqlarını izah edirlər.
Məktəbəqədər
təhsil müəssisələrinin məqsədi
bütün uşaqların dünya vətəndaşı,
demokratik cəmiyyətin bir üzvü olmasına kömək
etməkdir.
Bundan irəli gələrək körpələrə
kiçik yaşlarından dünyanın bildiyimizdən daha
geniş olduğunu dərk etmələri üçün
zehni alətlər verilir, ekskursiyalar təşkil olunur, təcrübəyə
əsaslanan biliklər aşılanır.
STEAM
məktəblərdə
Hazırda
İtaliyanın həm dövlət, həm özəl orta təhsil
müəssisələrində Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində
STEAM təhsili tədris edilir. Bu layihəyə
2020-ci ilin sentyabrından start verilib və Avropa ölkələrində
STEAM metodologiyasının daha da
yaxşılaşdırılması və inkişafı,
orta məktəblərdə STEAM fənlərinin tədrisini
təşviq etmək üçün yeni innovativ
yanaşmaların tətbiqi məqsədini daşıyır.
Proqram çərçivəsində
şagirdlər ən son texnologiyalarla və iqlim dəyişikliyi
problemlərini öyrənməyə imkan verən cihazlarla təmin
olunur, onlardan istifadə qaydası öyrədilir. Həmçinin yaxın gələcəkdə
şagirdlər ilk dəfə olaraq peyk məlumatlarından məktəbdə
istifadə etmək imkanı əldə edəcəklər.
Məlumatlar Kopernik Avropa Yerin Müşahidə
Proqramı tərəfindən təmin ediləcək və
STEAM əsaslı məhsulların birgə yaradılması
prosesində şagirdlərə kömək etmək məqsədilə
onlardan istifadə ediləcək, nəticədə şagirdlərin
iştirakı ilə birgə yaradılmış iqlim dəyişikliyi
mövzusunda açıq mənbəli STEAM məhsulları dəsti
hasil olunacaq.
İtaliyada
ən uğurlu STEAM tədris edən təhsil müəssisəsi
STEAM Beynəlxalq Liseyidir (Liceo STEAM International).Təhsil kursu
kimi fəaliyyətə başlayan liseyin hazırkı
missiyası hiper-mürəkkəb dünyada fəal və
özünü uğurlu hiss edəcək mükəmməl
insanları formalaşdıra bilən məktəb olmaqdan ibarətdir.
STEAM Beynəlxalq Liseyində ibtidai sinifdən
başlayaraq İtaliyada innovativ təcrübə hesab edilən
“aktiv və praktiki tədris” mənimsənilməklə
şagirdlərə geniş bacarıqlar öyrədilir.
Bunu etmək üçün klassik “xətti”
didaktik model daha da təkmilləşdirilərək müəllimi
sinifdə frontal dərsə cəlb edən öyrənmə
və təcrübənin kəsişdiyi yeni tədris
üsulu formalaşdırılıb. Buna görə də
müxtəlif sahələrdə iş təhlili və
qabaqcıl tətbiqlər üzrə intensiv kurslara, konkret sahələrə
aid məhsulların yaradılmasına yönəlmiş ildə
üç layihənin həyata keçirilməsinə
geniş yer ayrılmışdır. Bunlar
maşınqayırma/mühəndislik, rəqəmsal,
bio-mühəndislik/davamlı xidmətlər layihələridir.
Bu orta təhsil müəssisəsində layihə
və resurslara, tədqiqatlara əsaslanan tədris həyata
keçirilir, proqramlaşdırma, kodlaşdırma, hakathon,
virtual oyunlaşdırma, robot texnikası, süni intellekt,
virtual reallıq kimi sahələrin öyrədilməsinə
xüsusi diqqət yetirilir. Liseydə
qızların imkanlarının artırılmasını təmin
etmək, onları erkən yaşlarından texniki-elmi fənlərə
həvəsləndirmək, bütün çətinlikləri
öhdəsinə götürərək gələcəyin əmək
bazarında rəqabət apara bilmələri
üçün mühüm işlər görülür.
STEAM Beynəlxalq Liseyinin məqsədi
şagirdlərdə 21-ci əsr bacarıqlarının
inkişafını təşviq etmək, tənqidi
düşüncədən əməkdaşlığa,
ünsiyyət bacarıqlarından yaradıcılığa və
fərqli düşüncəyə sahib gələcək nəsil
yetişdirməkdən ibarətdir.
STEAM
ali təhsildə
İtaliya
Avropanın ən çox əhalisi olan beşinci ölkəsidir
və 34 beynəlxalq reytinqə malik universiteti ilə
tanınmaqdadır.
İtaliyanın dünyada məşhur ən
yaxşı universitetlərindən Milan Politexnik, Bolonya, Roma
Sapienza, Padua, Vita-Salute San Raffaele universitetlərini, Pizada yerləşən
Sant'Anna Qabaqcıl Araşdırmalar Məktəbini, Piza Normal
Ali Məktəbini və s. göstərmək olar. Bu ali
təhsil müəssisələrində müxtəlif STEM ixtisasları tələbələrin
ixtiyarındadır. Təhsil sahələri riyaziyyat, fizika,
kimya, biologiya, kodlaşdırma, iqtisadiyyat, robot texnikası,
animasiya, kompüter elmləri, süni intellekt,
informasiya texnologiyaları, yer və ətraf mühit, mühəndislik
elmləri, aerokosmik sənaye, mexanika, maşınqayırma, həyat
elmləri, statistika, biotibbi elmlər, əczaçılıq
və s. ixtisasları əhatə edir.
Tələbələr
arasında STEM proqramlarının nisbətən
aşağı cəlbediciliyinə əsaslanaraq, ali məktəblər STEAM konsepsiyasını
təklif etməyə başlayıblar. STEAM əsaslı
kurikulum təkcə elmi konsepsiyalara yönəldilmir, həm də
tələbələrin tənqidi düşüncəsini,
dialoq mübadiləsini və anlaşmasını
stimullaşdırmaq üçün elm, texnologiya, mühəndislik,
riyaziyyat və incəsənətdən istifadə edərək
öyrənmə yanaşması ilə xarakterizə olunur.
Hazırda həm STEM, həm də STEAM təhsili Avropa
İttifaqı üçün təhsil və
təlim sahəsində strateji prioritet məsələdir.
İtaliya
ali məktəbləri həmişə ənənəvi
tədris metodlarına üstünlük veriblər. Müasir sinif texnologiyalarından istifadə ilə
bağlı müəllimlərin səriştə və
inamının müqayisəli tədqiqi İtaliyanın tədris
metodları ilə bağlı bir sıra faktları müəyyən
edir. İtaliyada STEM universitet
proqramlarını bitirmiş IT ixtisaslı işçiləri
ilə IT işçi qüvvəsi arasında böyük
uçurum var. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət
İndeksinə əsasən İtaliya 2020-ci ildə 28 Avropa
Üzv Dövləti arasında 25-ci yerdə qərarlaşıb.
Bundan
irəli gələrək “İnnovasiya” son zamanlar İtaliya
siyasətçiləri və idarəçiləri tərəfindən
ən çox istifadə edilən sözlərdən birinə
çevrilib, sanki pandemiya ölkəni və onun ən
yaradıcı təbəqəsini yenidən işə salmaq
üçün bu prosesi zəruri edib. Ölkənin təhsil,
universitet və tədqiqat naziri Qaetano Manfredi bu yaxınlarda
verdiyi müsahibədə qeyd edib: “Təhsil və tədqiqat
yenidən başlanması mümkün olan iki sahədir.
Qadınların hələ də az təmsil
olunduğu STEM ixtisaslarında dəqiq elm fənləri
üzrə daha çox məzuna ehtiyac duyulur. Hazırda
ölkəmiz və onun inkişafı üçün bu,
böyük bir problemdir və bizim investisiya, islahatlar
planımızın mərkəzinə qoyduğumuz əsas məsələdir”.
İtaliyada
gender fərqi mövzusu xüsusilə kritikdir. Kişi və
qadın məşğulluq nisbətləri arasındakı fərq
kişilər üçün 67,1%,
qadınlar üçün isə 49,2% təşkil edir ki, nəticədə
İtaliya Avropada sonuncu yerdə qərarlaşır. ATƏT-dən bildirilir ki, İtaliyada 2030-cu ilə qədər
qadınların məşğulluğu kişilərin məşğulluğuna
çatarsa, ölkənin ümumi daxili məhsulu ildə bir
faiz arta bilər. Beləliklə,
İtaliyada qarşıda duran ən vacib məsələlərdən
biri gənclərin, xüsusilə qadınların işini və
bacarıqlarını texnoloji sahələrə, dəqiq desək
iqtisadiyyatın keçdiyi STEM/STEAM sahələrinə
uyğunlaşdırmaqdan ibarətdir.
Lamiyə
ƏLİMƏRDANOVA
“Azərbaycan müəllimi”.- 2022.- 19 avqust.- S. 8.