Bizim Afət müəllimimiz...
Sadə yaratmışdır onu təbiət,
Sadəni sevərlər belədir adət.
(Səməd Vurğun)
Dostluq və dostlar haqqında çox deyilib, çox yazılıb. Hələ nə qədər də deyiləcək və yazılacaq. Amma nə qədər yazılsa da, bu ülvi duyğunun sədaqəti və sınağı üçün kifayət etməyəcək, çünki insanlar müxtəlif xarakterli olduğu kimi onların hiss və duyğuları da sonsuz və tükənməzdir. Dostlar üçün düşüncənin eyni olması vacib amillərdən biridir, çünki əsl dostlar müxtəlif cisimlərdə bir ruhdur.
Klassiklərimizdən olan Nizami Gəncəviyə görə, dost rahatlıq verən bir məlhəmdir. Əsl dostluq mənəvi fədakarlıqdır. Onun üçün məsafənin, nə də yaşın heç bir önəmi yox, çünki dostluğun qolları bir-birini dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
Deyirlər, dost dar gündə tanınar. Təkcə dar gündəmi? Məncə, əsl dost elə xoş gündə də tanınar. Sənin sevincini öz sevinci bilib xoş gününə sevinsin, xoşbəxt anlarının, günlərinin sirdaşı olsun... Çoxmu belələri?! Bu sualı kiməsə versən, ani olaraq gözləri yol çəkər, düşünər, dost hesab etdiyi şəxs haqda səhv edib-etmədiyini yəqinləşdirmək istər. Ona görə ki, dostluq bir günlük, beş günlük vaxta sığmır, onun məhək daşı elə zamanın özüdür. İllər keçdikcə onun dəyəri daha da artar. Əgər həqiqi dostun varsa, demək varlısan, xəzinə sahibisən və o xəzinə də sənindir... Dünyanın bütün ləl-cəvahirat xəzinəsi əsl dosta bərabər tutula bilməz.
...Mən Afət Bakıxanovanı tanıyanda ali məktəb tələbəsi idim. Universitetdən Bakı şəhəri 190 nömrəli tam orta məktəbə pedaqoji təcrübəyə göndərilmişdik. Afət müəllim X sinifdə dərs deyirdi. İlkin müşahidələrim zamanı şagirdlərinin onu çox sevdiyini sezdim. Ona bir qədər qibtə hissi ilə baxaraq: - “Kaş mənim şagirdlərim də məni beləcə sevəydi”, - deyə düşündüm.
Çox keçmədi ki, iki aylıq təcrübə müddətində Afət müəllim ilə aramızda səmimi bir münasibət yarandı. O, müəllimlik peşəsinin sirlərini təcrübəçilərinə, o cümlədən mənə də sevə-sevə öyrədirdi... Bu müddət ərzində bizləri özünə o qədər öyrətmişdi ki, təcrübənin son günü heç kim 190 nömrəli tam orta məktəbdən, xüsusən Azərbaycan dili və ədəbiyyat müəllimləri - Afət müəllim, Ramizə müəllim, Qənirə müəllim, tədris işləri üzrə direktor müavini Sveta müəllimdən ayrılmaq istəmirdi. Lakin qəlbimizdə 190 nömrəli tam orta məktəbə xoş bir xatirə ilə yenidən doğma universitetə qayıtdıq.
Ali məktəbi fərqlənmə diplomu ilə başa vurub, mənə çox doğma olan 190 nömrəli tam orta məktəbə üz tutdum. Arzum bu məktəbdə işləmək idi. Direktor Sona Tağıyevaya müraciət etdim. Məlum oldu ki, Azərbaycan dili və ədəbiyyat fənnindən vakansiya var və müsabiqədə iştirak etməliyəm. Mən bu müsabiqədə uğur qazanaraq 190 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başladım.
Artıq qarşımda yeni bir səhifə açılmışdı: orta məktəb, ali məktəb illərim günbəgün məndən uzaqlaşırdı. Düşünürdüm ki, təhsil illərində öyrəndiklərimi fəaliyyətimdə tətbiq edib uğur qazanmaq ali məqsədim olmalıdır, bir halda ki, Tanrı məni məhz 190 nömrəli tam orta məktəbə işə qəbul olunmaqla mükafatlandırıb. Və nə yaxşı ki, ətrafımda sağlam düşüncəli insanlar, müəllimlər, sonradan əsl dostluğu onun simasında tapdığım Afət xanım Bakıxanova vardı...
Biz onunla uzun illər bir kabinetdə işlədik: qayğılarımız bir, məsləkimiz bir, arzularımız bir... Həyat onda gözəl olur ki, səni “sən kimi” qəbul edən, yanında mənəvi rahatlıq tapdığın qəlb sirdaşın olsun. Onda dünyanın bütün dərdləri, çətinlikləri də asan olur. Günün nə vaxt bitdiyini, dərslərin necə keçdiyini hiss etmirdik. Bircə onu bilirdik ki, şagirdlərimizə deməyə hələ çox sözümüz var. Özümüzə, onların uğurlu gələcəyinə inanırdım. Bu inamı məndə ailəmizdə atam, iş fəaliyyətimdə isə Afət Bakıxanova yaratmışdı.
Afət Bakıxanova 12 dekabr 1943-cü ildə (Şüvalandakı 156 nömrəli məktəbin direktoru, keçmiş Lenin ordenli Allahverdi Bakıxanovun ailəsində) anadan olub. O, Azərbaycanın ilk maarifçi ədəbi simalarından olan Abbasqulu ağa Bakıxanovun varisi, Bakı xanlarının nəslindəndir. A.Bakıxanova özünün genetik kodu olan əsilzadəliyi ilə yaşadı, ətrafındakıların dərdinə şərik oldu, köməksizin əlindən tutdu, böyük bir ailəni himayəsinə aldı (bu işdə həyat yoldaşı Xanlar Manıyevin də köməyini qeyd etmək yerinə düşər). Azərbaycanın ilk Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli tam orta məktəbin ilk direktoru Sona xanım Tağıyevadan sonra ikinci direktoru oldu. Direktorluq fəaliyyətində Afət xanımın Əməkdar müəllim adına layiq görülməsi onun maarifçi nəslinin davamçısı, vətənpərvərliyi, ləyaqəti, xeyirxahlığı isə Azərbaycan xanlığının soyundan olduğunun sübutudur.
O, bax beləcə yaşadı: təmiz vicdanla, namusla, şagirdlərinin qayğısı və sevgisi ilə... Qəlbində bütün uşaqlara mərhəmət və məhəbbətdən bir taxt quraraq yaşadı, onları övladları - Şəfəq, Qüdsi və Azərdən ayırmadan yaşadı, heç kəsdən iltifat və hörmət qarşılığı gözləmədən, ummadan yaşadı... Onunla söhbətdən heç kəs doymurdu. Allah ona elə bir istedad bəxş etmişdi ki, o tükənmirdi, duyğularının gözəlliyinin sözlə ifadəsi bitmirdi. Birgə işlədiyimiz illər ərzində neçə-neçə uğurlar qazandı, saysız-hesabsız tədbirlər keçirdi, dərslik müəllifi oldu. Axı bir məktəbə 59 il rəhbərlik etmiş Sona Tağıyevadan sonra rəhbərlik etmək adi məsələ deyildi. Bu, hər kəsdən daha çox məsuliyyət tələb edirdi...
Bütün bu uğurlara isə səbəb onun yalnız sənətini sevməsi olub. Uzun illər təhsil sahəsində çalışan bir müəllim kimi dönüb geriyə baxanda o yolda Afət Bakıxanovanın yalnız zəhməti, əziyyəti, bir də peşəsinə olan sevgisini görürəm. Uca Tanrıya qəlbində yerləşdirdiyi bu sevgi üçün yalnız təşəkkür edirəm, çünki bu sevginin istisindən minlərlə şagirdləri bəhrələndi.
İnsanın hansı sahədə çalışmasından asılı olmayaraq görülən hər bir iş onun qəlbinin istəyi və hökmü ilə yerinə yetiriləndə nəticəsi də gözəl olur. Bu nəticə isə şagirdlərə, məktəbə, insanlara xidmətdən ibarət idi.
İyulun 14-də səhər təxminən saat 9.48-də qızı Şəfəq xanımdan ismarıc gəldi: bir damla göz yaşı... Bərk həyəcanlandım... bir qədər nə edəcəyimi bilmədim... İnsanın öz doğmasını itrirməsi çox çətin olur, bir halda ki, onun yoxluğu həyatımda tam bir bir boşluq yaradacaqdı. Mən bu bəd xəbərə özümü alışdırmaq istəmirdim. İçimdə bir ağrı onunla son görüşə yollandım...
İndi bu gen, yalan dünyada, hər kəsə naxələf çıxan dünyada qəlbimdə Afət müəllimə sonsuz ehtiram, sayğı və sevgi ilə onsuz - onunla birgə yaşayıram. Bütün xatirələrimin əvvəli də, sonu da Afət xanımla başlayır, amma bitmir. Mən onunla “yox olan” kimi deyil, məhz VAR OLAN dost, rəfiqə kimi yenə də söhbətləşirəm, dərdləşirəm. Dediyim hər kəlmə sözə olan reaksiyasını, xoş baxışını da görürəm, çünki o, həmişə yanımdadı, qəlbimdədi... İnsan onda əbədi yoxluqda qeyb olur ki, onu xatırlayacaq bir kimsəsi olmasın. Afət Bakıxanova isə hər bir şagirdinin, ailəsinin, nəvə-nəticələrinin qəlbində əbədi yaşayacaq, çünki onun haqqında danışılacaq söhbətlər, xoş xatirələr bitməyəcək, doğmaları üçün bir nura, işığa çevriləcək, dönə-dönə yad ediləcək, hər dəfə də qəlblərdən bir ağrı keçəcək, dillərdə isə “bizim Afət müəllimimiz” pıçıltıları gələcək nəsillərə ötürüləcək və onu sevərək yaşayanları bir ömür boyu daima xeyirxahlığa, vətənpərvərliyə, əsilzadəliyə səsləyəcək...
Həyat var ki, ölüm qədər zəhərli,
Ölüm var ki, həyatdan da dəyərli.
(Hüseyn Cavid)
Qənirə ƏMİRCANOVA
“Azərbaycan müəlli”.- 2022.- 19 avqust.- S. 6.