Motivasiya prosedur və fəaliyyətlə
bağlı kompetensiyalar
Öyrənmə motivasiyası təlim prosesinin məhsuldarlığını
müəyyən edən
amillər arasında aparıcı yer tutur. Motivlər təlim prosesinin
başlıca hərəkətverici
qüvvələridir. Motivlər dedikdə, şəxsiyyəti
fəaliyyətə sövq
edən konkret niyyətlər, səbəblər
başa düşülür.
Fəaliyyətdə olan motivlərin
öyrənilməsi və
onlardan düzgün istifadə, şəxsiyyətin
inkişafını lazımi
tərəfə istiqamətləndirmək
pedaqoji əməyin özəyini təşkil
edir.
Maraq insan
fəaliyyətinə güclü
təsir edən motivlərdən
biridir. O, hərəkət,
fəaliyyət üçün
real səbəbdir. Təlimdə çoxlu maraqlar fəaliyyət göstərir.
Uşağı hər
hansı bir fəaliyyətə cəlb
etməkdən qabaq onu həmin işlə maraqlandırmaq
lazımdır: o, həmin
fəaliyyətə hazırdırmı,
qüvvələrini toplayıbmı? Əgər hazırdırsa, deməli, işi uşaq özü görəcək, müəllimin
vəzifəsi isə
onun fəaliyyətinə
rəhbərlik etmək
və istiqamətləndirməkdən
ibarət olacaq.
Şagirdlərin maraqları onların biliklərinin səviyyəsi
və keyfiyyətindən,
öz müəllimlərinə
münasibətindən asılıdır. Şagirdlər sevdikləri və hörmət etdikləri müəllimin fənnini maraqla öyrənirlər.
Əvvəlcə müəllim, sonra
onun fənni - bir çox insanların taleyini müəyyən etmiş
dəyişməz asılılıq
bundan ibarətdir.
Məktəblilərdə sabit
idraki maraqları formalaşdırmaq üçün
təcrübədən irəli
gələn müxtəlif
yol və vasitələr içərisində
aşağıdakılar xüsusilə
fərqlənir:
* həvəslə tədris
etmək;
* tədris materialının
yeniliyi;
* tarixilik;
* məktəblilərin həyat
planları və meyli ilə əlaqədar biliklərin
praktiki tətbiqini göstərmək;
* yeni təlim texnologiyalarından istifadə
etmək;
* sinifdə müsbət
mikromühitin yaradılması;
* şagirdlərə etibar
etmək;
* müəllimin pedaqoji
taktı və ustalığı;
* müəllimin öz
fənninə və şagirdlərə münasibəti;
* məktəb münasibətlərinin
humanistləşdirilməsi və s.
Tələbatlar motivlərlə üzvi əlaqədə mövcuddur. Tələbatların əsasında nəyə
isə olan ehtiyac durur. Tələbatlar aktivliyin mənbəyi
və onun hərəkətverici qüvvəsidir.
Müasir dövrdə öyrənənin
elm və informasiya tutumlu cəmiyyətdə
layiqli yer tutması üçün
tədris-təlim prosesində
onlarda hansı kompetensiyaların formalaşdırılmasının
qabaqcadan müəyyən
edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan konseptual kompetensiyaların formalaşmasında,
inteqrativ xarakterli tənqidi təfəkkürün
inkişafında müstəsna
rol oynayan fəal təlim metodlarından, yeni yanaşmalardan təhsil sistemində istifadə öz aktuallığı
ilə seçilir.
Konseptual
kompetensiyaların formalaşdırılmasında
yeni yanaşmalar içərisində təhsildə
səriştəli yanaşmanın
xüsusi yeri vardır.
Təhsil sferasında səriştəli
yanaşmanın tətbiqinə
keçən əsrin
60-70-ci illərində başlanılmış
və bu yanaşmanın tətbiqi
ilə bağlı materiallar toplanaraq pedaqoji ictimaiyyətin geniş müzakirəsinə
verilmişdir. Son illərdə problemin həllinə belə baxış təhsildə
milli-mənəvi xüsusiyyətlər
nəzərə alınaraq,
səriştəli yanaşmanın
mahiyyəti və məzmununun elmi əsaslarının işlənilməsini
əsas problem kimi ön plana çəkdi.
Təhsildə səriştəlilik - şərəf,
ləyaqət, məsuliyyət;
mükəmməl bilik;
aldığı biliyi
həzm etmək; ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq (ziyalı
olmaq); bunlara mane olan əməllərə
qarşı barışmaz
mövqe tutmaq bacarıqlarını formalaşdırır. Deməli, yüksək
səviyyədə səriştəlilik,
geniş bilik, bacarıq və vərdişlər toplusunun
formalaşdırılmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim
prosesinin keyfıyyətinin
yüksəldilməsinə və onun səmərəli
idarə olunmasına imkan verən əsas göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik
səviyyəsinin yüksəldilməsini
və bunun aktuallığını əmək
bazarında daimi artan tələblərin, çox böyük sürətlə dəyişən
texnoloji yanaşmaların,
eyni zamanda akademik və əmək mobilliyinin yüksəlməsi ilə
şərtləndirmək lazımdır.
Hazırda təhsildə səriştəli
yanaşma, tədris-təlim
prosesinin keyfiyyətinin
yüksəldilməsi və
onun səmərəli
idarəedilməsinin vasitəsi
olub, dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas
strateji istiqamətlərindən
biri kimi qiymətləndirilir.
Müxtəlif tip səriştəli yanaşma
səviyyəsinin psixo-pedaqoji
qiymətləndirilməsi öyrənənlərin,
müəllimlərin, məktəbin,
idarəetmə qurumlarının
səriştəlilik göstəricilərinin
müəyyənləşdirilməsinə
və ölçülməsinə
dair təkliflərin formalaşdırılmasına imkan
versə də, təhsildə səriştəlilik
probleminin tətbiqi və inkişafı ilə bağlı məsələlərin birgə
müzakirəsi və
diskussiyaların aparılması
yeni səmərəli
yanaşmaların tətbiqini
tələb edir. Təhsil sistemi qarşısında
duran əsas məqsədlərin həyata
keçirilməsi üçün
səriştəli yanaşmadan
istifadə edərək
müəyyən edilmiş
kompetensiyalar sisteminin tətbiqi nəticəsində
bilikli, bacarıqlı,
müstəqil düşüncəli
və özünüidarəetmə
qabiliyyətli şəxslərin
yetişdirilməsi məsələləri
aktuallaşdırıldı. Ona görə də təhsilini başa vurmuş öyrənən,
daimi dəyişən
dünyada həyati bacarıqlara yiyələnməli,
əmək bazarında
öz yerini tutmağa hazır olmalı, öyrənmənin
vacibliyini daim başa düşməli,
zamanın tələblərinə
uyğun müvafıq
bilik, bacarıq və vərdişləri
qazanmağı bacarmalıdır.
Bəs öyrənənlərdə,
ümumiyyətlə, insanlarda
hansı kompetensiyalar formalaşdırılmalıdır ki, səriştəli yanaşmadan istifadə olunaraq, birinci növbədə insanın
fəaliyyətində xüsusi
rol oynayan aşağıdakı səriştəlilik
göstəriciləri formalaşdırılsın:
* mürəkkəb formada
yazılı mətnləri
başa düşmək
üçün savadlılıq;
* ədədlər və
ölçülən kəmiyyətlərlə
işləmək, onları
saymaq və onlar üzərində müxtəlif əməliyyatları
yerinə yetirmək üçün ədədi
savadlılıq;
* müxtəlif şəraitdə
düzgün həyat
mövqeyinin seçilməsi
və yaşayış
tərzinin formalaşdırılması
üçün müvafıq
bilik, bacarıq və vərdişlərin
qazanılması;
* akademik biliklər sisteminə yiyələnmə.
Bunlardan başqa müasir cəmiyyətdə harmonik
fəaliyyət üçün
insanlar konseptual kompetensiyalara da malik olmalıdırlar. Belə kompetensiyalara,
əsasən, prosedur,
motivasiya və fəaliyyətlə bağlı
məsələlər daxil
edilir.
Başlıca vəzifə öyrənənləri
elə bilik, bacarıq və vərdişlər qazanmağa
istiqamətləndirmək lazımdır
ki, onlar problemin həlli üçün tələb
olunan materialları özləri axtarıb tapsınlar və öz təcrübəsi əsasında başqa fərdləri də öyrətmək imkanına
malik olsunlar.
Təhsildə səriştəli yanaşma,
müasir dövrdə
təlimin yalnız ayrı-ayrı fənlər
üzrə bilik və bacarıqların verilməsi kimi məqsədindən, həyatı
bacarıqların formalaşması
üçün tələb
olunan kompetensiyalara yiyələnmiş, rəqabətədavamlı
şəxsiyyətin yetişdirilməsi
kimi əsas məqsədə keçməklə,
təhsil paradiqmasının
dəyişdirilməsini ən
zəruri problem olaraq qarşıya qoyur.
Məktəb təcrübəsində şagirdlərdə
təfəkkürü inkişaf
etdirmək üçün
nəyi, nə üçün və necə öyrətmək
probleminə diqqət
artırılmalı və
bu fəaliyyətlər
həmişə diqqət
mərkəzində saxlanılmalıdır.
Dayanıqlı, yaradıcı düşünmə
bacarıq və vərdişlərinə malik
olmayan öyrənənlərdə
(əsasən aşağı
sinif şagirdlərində
və birinci, ikinci kurs tələbələrində),
eyni zamanda yaşlılarda təfəkkürlə
bağlı kompetensiyaların
imkanlarını genişləndirməklə,
sosial, elmi, praktik problemlərin səmərəli həllini
təmin etmək üçün inteqrativ xarakter daşıyan yaradıcı təfəkkürün
formalaşmasına xüsusi
diqqət yetirilməlidir.
Zülfiyyə
VƏLİYEVA,
ADPU-nun ETM-nin elmi işçisi, Əməkdar müəllim,
“Müəllimlərin peşəkarlıq
səviyyəsinin inkişaf
etdirilməsi” layihəsi üzrə
Milli məsləhətçi
“Azərbaycan müəllimi”.- 2022.- 19 avqust.- S. 6.