Seçim düzgün,
maraq böyük
Peşə təhsili
almaq istəyənlər
bir ildə 48 faiz artdı
“Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”na görə, növbəti 4 il ərzində peşə təhsili müəssisələrinə
qəbul olunanların
sayı 17140 tələbəyə
çatdırılacaq. Bu o
deməkdir ki, sənədin əhatə
etdiyi dövr ərzində peşə təhsili müəssisələrinə
qəbul olunan tələbələrin sayı
11000 nəfər, yəni
50 faiz artacaq. Özü də, sadəcə ilkin peşə təhsili alanların yox, həm də
yüksək texniki peşə təhsili ilə əhatə edilənlərin sayında
artım gözlənilir.
Peşə təhsilinin
4 il sonra
çatacağı “mənzil
başı”na gedən
yolun daşları isə çoxdan düzülür. Görülən işlərin nəticəsi
olaraq peşələrə
meylin sürətlə
artdığının şahidi
oluruq. Artımın peşə təhsili
müəssisələrinə tələbə qəbulundakı
əksinə baxaq.
Tələbə qəbulu
- 2022
2022-ci il tələbə qəbulu prosesində ilk mərhələ avqustun
12-də yekunlaşıb. 12
gün ərzində
www.portal.edu.az platforması vasitəsilə 22016 nəfər
qeydiyyatdan keçib.
Peşə təhsili müəssisələrinə
elektron tələbə
qəbulunu özündə
birləşdirən I mərhələnin
nəticələri yaxın
günlərdə açıqlanacaq.
Alınan nəticələr builki müraciətçi
sayının ötən
ilin analoji göstəriciləri ilə
müqayisədə 48 faiz
çox olduğunu göstərir. Nəzərə alsaq ki, boş
qalmış plan yerləri
üçün təkrar
müsabiqə təşkil
ediləcək və bu mərhələni əldən buraxanlar növbəti imkandan yararlanacaqlar, onda müraciətçi sayının
daha da artacağı
gözləniləndir.
Xatırladaq ki,
bu imkan, yəni peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə
tələbə qəbulunun
II mərhələsinin 30 avqust
- 5 sentyabr tarixlərində
baş tutması planlaşdırılır.
Onu da
qeyd edək ki, 2022/2023-cü tədris
ili üzrə
elektron tələbə
qəbulunun I mərhələsi
66 peşə təhsili
müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. Ayrılan yerlərin 2019-cu ildə
14148 nəfər, 2020-ci ildə
14795 nəfər, 2021-ci ildə
16590 nəfər olduğunu
nəzərə alsaq,
1 ildə plan yerlərinin
sayındakı 10 faiz
artımı aydın
görmək
mümkündür. Xüsusilə də, dövlət vəsaiti hesabına qəbul planının
1880 plan yeri artırılması
(13 faiz) peşə təhsilini gənclərimiz
üçün daha əlverişli edib.
Artım rəqəmlərdə:
yeni peşə təhsili müəssisələri
və ixtisaslar...
Son 3 ilin statistikasından görünən odur ki, artım bu qədər olmasa da, əvvəlki
illərdə də qeydə alınıb. Məsələn,
2021-ci ildə əvvəlki
ilə nisbətən
tələbə qəbulu
12.1 faiz artıb. Ümumilikdə son iki il ərzində
peşə təhsili
müəssisələrinə qəbul olunanların sayında 17.3 faiz artım baş verib.
Təbii ki, dinamikada əmək bazarının
tələblərinə uyğun
ixtisaslar üzrə tədrisin, ixtisaslı kadrlara ehtiyac duyulan peşələr üzrə təhsilin təşkilinin rolu böyükdür. Xüsusilə son dövrlərdə işğaldan
azad edilmiş ərazilərdə aparılan
yenidənqurma və bərpa işləri, icra edilən böyük layihələr
müxtəlif istiqamətlərdə
ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu il əmək bazarının, iqtisadiyyatın
ayrı-ayrı sahələrinin
tələbləri nəzərə
alınaraq cari tədris ilində yüksək texniki peşə təhsil səviyyəsi üzrə
2 (moda dizaynı; saç kəsimi və gözəllik xidmətlərinin təşkili),
texniki peşə təhsil səviyyəsi üzrə isə 4
(İKT üzrə texniki
dəstək mütəxəssisi;
Avtomobil mexantronikası
üzrə texnik; İnformasiya kommunikasiyaları
üzrə texnik; plastik qapı və pəncərə ustası) yeni ixtisasa tələbə qəbulu aparılır.
Bu il peşə təhsili almaq istəyən şəxslər,
əsasən İKT, turizm,
sənaye və iaşə istiqamətlərində
olan ixtisasları seçməyə üstünlük
veriblər. Son illərin göstəriciləri
üzərindən aparılan
təhlil göstərir
ki, aşpaz, bərbər, dərzi kimi ənənəvi ixtisaslarla yanaşı, dövrün tələbləri
ilə ayaqlaşan qrafik dizayner, kompüter operatoru, əməliyyatçı mühasib
kimi ixtisaslara maraq olduqca böyükdür.
İxtisaslı kadrlara
ehtiyacın ödənilməsi
istiqamətində tədbirlər
yeni ixtisaslarla məhdudlaşmır.
Görülən tədbirlərin əsasında regionlarda da müasir standartlara cavab verən peşə təhsili müəssisələrinin
fəaliyyətinin təmin
edilməsi dayanır.
Bu da onu
deməyə əsas verir ki, peşə
təhsili müəssisələri
işğaldan azad edilmiş ərazilərin
bərpası, həmçinin
yeni yaradılan iqtisadi sektorların səriştəli kadr təminatında əhəmiyyətli
rol oynayacaq. Ötən il istifadəyə verilən 1200 tələbə
yerlik Bərdə Peşə Liseyindən sonra tikilməkdə olan Cəlilabad, Lənkəran və Füzuli peşə liseyləri müasir infrastrukturu ilə müxtəlif istiqamətlərdə
tədris vermək üçün əlverişli
imkanlar yaradır.
Bu gün
qətiyyətlə deyə
bilərik ki, peşə təhsili müəssisələrinə qəbulun
artırılması iqtisadiyyatın
vacib sektorları olan kənd təsərrüfatı, turizm
və xidmət sektorları ilə yanaşı, əmək bazarında informasiya və kommunikasiya texnologiyaları və sənayenin avtomatlaşdırılması
kimi sahələr üçün yüksəkixtisaslı
kadrlara olan tələbatın ödənilməsində
vacib rol oynayır.
Peşəsini işləyə-işləyə
öyrənənlərin sayı
artır
Kəmiyyətlə yanaşı, keyfiyyət də önəmlidir və bu, ən
müasir infrastruktura malik, yenilikləri və inkişafı özündə əks etdirən təhsil proqramlarının tətbiq
edildiyi peşə təhsil mərkzləri ilə təmin edilir.
Keyfiyyətin zəmanəti sayılan vasitələrdən biri də peşə təhsilində tətbiq edilən DUAL təhsil proqramlarıdır. Əmək bazarının
tələblərinə uyğun
ixtisaslı kadr tələbatının ödənilməsi
məhz həmin təhsil proqramlarının
əhatə dairəsinin
artırılması hesabına
ödəniləcək. Ötən tədris ilində 240 tələbəni
əhatə edən proqrama cari tədris
ilində 9 regionda 25 ixtisas üzrə 50 işəgötürənlə əməkdaşlıq çərçivəsində
920 tələbənin cəlb
olunması planlaşdırılır.
Dual Təhsil sistemi tələbənin tədris
ili boyunca
peşə təhsili
müəssisələrində nəzəri biliklərlə
yanaşı, qabaqcıl
şirkətlərdə işəgötürənlərlə
birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır.
Qeyd edək ki, proqram
müddətində tələbələr
ilk 1 ayı peşə
təhsili müəssisəsində
nəzəri biliklər
əldə edirlər. İkinci
aydan etibarən həftədə 3 gün
olmaqla peşə təhsili müəssisəsində
nəzəri biliklərə,
2 gün ərzində
isə iş yerində praktiki bacarıqlara yiyələnirlər.
Peşəkar olmağın yolu təcrübədir. Peşəkarlara olan ehtiyacı ödəməyin yolu isə müasir infrastrukturu və təhsil proqramları olan peşə təhsil mərkəzləridir.
4 il sonra
əmək bazarında
müasir peşə təhsil mərkəzlərinin
hazırladığı təcrübəli
kadrlar öz bacarıqları ilə yüksələcəklər.
Ruhiyyə
DAŞSALAHLI
“Azərbaycan müəllimi”.- 2022.- 19 avqust.- S. 5.