Bir şeirin
xatiratı
Elmi araşdırma
Cavid əfəndinin
yaradıcılığı o qədər genişdir ki, hər bir
düşüncəli oxucu
ora özü üçün fərqli
yolunu tapır, müəyyən özünəməxsus
yollarla onun yaradıcılıq dəryasına
baş vurur. Kimisə onun
fəlsəfi düşüncələrindən,
kimisə poetik tapıntılarından, kimisə
ədəbiyyatımıza gətirdiyi yeniliklərdən
yola çıxır.
Şəxsən mənim üçünsə
yeniyetməlik dövrümdə
Cavid əfəndinin qəsrinə bir şeirlə özümə
yol açmışdım.
Bir şeir. Məni Cavid əfəndiyə
məhz bu şeir gətirdi.
Azərbaycan XX əsrin birinci yarısı poeziyasında
lirikanın, romantikanın
təzahürlərindən danışarkən əsasən,
ya da xeyli
şeir düşür. "Yenə
o bağ olaydı"dan
tutmuş, "Qara paltarlı qadın"a qədər... Hər biri də poetik
tapıntılarla zəngin,
duyğusal, dərin məzmunlu şeirlər, ali poeziya
nümunələri.
Amma mənə
elə gəlir ki, Cavid əfəndinin
haqqında danışmaq
istədiyim şeiri bu siyahıda ilk yerlərdən birində,
hətta ilk yerdə durmalıydı, amma, nədənsə, diqqətdən
kənarda qalıb. Bəlkə də
buna səbəb dilindəki müəyyən
qəlizliklər olub.
Lakin ərəb-fars ibarələrini
anlamaqda çətinlik
çəkməyən istənilən
bir oxucu bu şeirin altındakı lirikadan, romantik duyğulardan və ən əsas da bütün
hiss və duyğuların,
təsvirlərin klassik
nizamlı formada və ən çətin vəzni iz olan əruzda
necə yüksək peşəkarlıqla çatdırmasından
riqqətə gəlməyə
bilmir.
Əsmə, dur! Əsmə,
ey nəsimi-bahar!
Uyuyor, yari-işvəkar
uyuyor.
Dalğalandıqca zülfi-zərrin tar,
Sarıyor pənbə hüsnü altın nur.
O gözəl çöhrənin
əsiri ikən,
Əcaba, qısqanırmısan bəndən?!
Bağçada yuxuya getmiş bir məsum gözəlin təsviri və bu səhnəni
müşahidə edən
estet ruhlu şairin xəyal və düşüncələri
necə zərif və duyğusal şəkildə təqdim
edilib.
Şair şeirə bahar nəsiminə müraciətlə
başlayır və işvəli yarın şirin yuxusuna mane olmamağa çalışır
və küləyin qısqanclığından təəccüblənir.
Növbəti bənddə quşlara
müraciət edilir, onların da susmasını xahiş edir, "növbaharın bu nazənin qızı"nın güllər çiçəklər
arasında yuxuya getməsini ən gözəl bir lövhə olduğunu bəyan edir. Elə bir gözəllik ki, hətta səmada pərvaz edən quşlar da belə gözəl
lövhəni həsrətlə
seyr etməlidirlər.
Əsmə, bir dur! Bıraq, bıraq uyusun
Nevbaharın şu nazənin qızını.
Ötüşən quşlar! İştə siz də susun!
Susun artıq! Şu zöhrə yıldızını
Seyr edin iştiyaqü həsrət ilə,
Bu gözəl levhə
sonra düşməz
ələ.
Bu çiçəklikdə, siz
əmin olunuz,
Böylə bir gül yetişməmiş
əsla.
Kim bilir, düşsə cənnətə yolunuz,
Bulunur bəlkə böylə bir sima,
Bulunur bəlkə böylə bir afət!
O da şayani-şübhədir,
əlbət...
Növbə günəşə çatır, hətta günəşin şüalarının
belə gözəlin
yatmasına mane ola biləcəyindən
narahatdır şair ürəyi. Ona görə günəşi
buludlar arxasında gizlənməyə və
bu gözəlin yuxusuna mane olmamağa çağırır.
Günəş! Ey xilqətin gözəl gəlini!
Uyuyor iştə nazlı həmşirən!
Sən də dur! Saçma
bir ziyalərini,
Sən də bir an için çəkil, gizlən!
Bir az əylən
bulutlu dünyadə,
Mane olma bu tifli-nevzadə.
Bəstəri-nazi həp çiçəklərdir,
Oxşayor iştə gül yanaqlarını.
Yeşil
otlar öpər dəqiqədə bir
Pənbə, tombul, lətif ayaqlarını.
Axışıb ən küçük
sular xəndan,
Ninni söylər
o şux için hər an.
Şair hətta bağçadakı
kiçik arxların belə məhz o yatmış gözəl üçün layla dediyini bildirir. Və bəndin
sonunda çox maraqlı və fərqli bir bədii təxəyyül
məhsulu ortaya qoyur. Bu saf,
təmiz, pak gözəlin indi yuxuda hansı aləmlərdə əylənib
güldüyünü təsəvvürdə
canlandırmağa çalışır.
Uyuyor...
bixəbər şu vəlvələdar,
Şu səfasız,vəfasız
aləmdən.
Uyuyor...
baq nə xoş, gülər yüzü var,
Şaşırır şübhəsiz bu halı görən.
Şimdi
röyadə kim bilir, bu mələk,
Hanki aləmdə
əylənir gülərək.
Uyuyor...
pək sevimli, pək məsum,
Bir çocuq
ruhu var şu fitrətdə.
Hələ rast gəlməmiş
bu taleyi-şum
Böylə bir nazəninə xilqətdə.
Hüsni-mütləq enərsə yer yüzünə,
Qonar ancaq bunun gülər üzünə.
Əvvəlki bəndin son iki misrası sanki Cavid əfəndinin estetik görüşlərinə
bir açar rolu oynayır. Çünki sevimli ilham pərisini
seyr edərkən onun gözəlliyinin həm də səmavi mənşəyə
malik olduğunu bildirir. Yəni kainatda mütləq
gözəllik adlı
bir ideya varsa, o ideya yerə enərkən bu gözəlin çöhrəsində həll
olunar.
Və nəhayətdə,
Cavid əfəndinin poetik dühasındakı
dramaturgiya elementlərini
də müşahidə
edirik.
Final və kulminasiya. Sevimli ilham
pərisinin bağçada
gül-çiçəklər arasında şirin yuxusuna mane olmaması üçün bütün
ətrafdakı varlıqlardan
sakit olmaqlarını
xahiş edəndən
sonra, finalda şair öz ürəyinə müraciət
edir. Və həyəcanla döyünən
ürəyinə yalvarır
ki, sən də çırpınıb
vurma, dayan,
hətta həyatım
da getsə, səs salma, çünki xəyallarımın
aşinası, amalımın
qayəsi olan gözəl sükut içində yuxuya gedib...
Uyuyor...
Of! Ey bəlalı könül,
Çırpınıb durma! Sən də sus artıq,
Vurma, sus! İştə susdu həm
bülbül.
Dur, həyatım da getsə, dur azacıq,
Uyuyor çünki aşinayi-xəyal,
Uyuyor çünki qayeyi-amal...
Bu şeirin ab-havasında
dünya poeziyasında
çoxsaylı şeirlər
var, lakin əminliklə deyə bilərəm ki, bu poeziya nümunələrinin
heç birində bu qədər zəriflik, duyğusallıq
və ən əsas da ilahi
bir saflıq yoxdur.
Yatmış gözəl obrazı ümumilikdə dünya mədəniyyətində ən
çox işlənən
arxetiplərdəndir. Çünki yatmış gözəllik
həm də sükunətin içində
olan, bütün neqativ və mənfi çalarlardan məhrum olan bir gözəllikdir.
Burada naz, qəmzə, məkr, hiylə yoxdur. Sadəcə bir gözəllik
var. O gözəllik ki,
sənə öz pozitiv enerjisini bəxş edir, amma əvəzində heç nə götürmür. Kollektiv təhtəlşüurda
bu cür arxetiplər çoxdur və Cavid əfəndi
bu arxetiplərdən ən saf, ən
təmiz olanını
götürüb və
müasir Azərbaycan
ədəbiyyatının ən
lirik və həzin şeirini yaradıb.
Fəlsəfə yüklənmiş poetik nümunələrdən fərqli
olaraq, bu tip şeirlər şərhə
izaha gəlmir, təsvir olunan lövhələri heç
bir vəchlə izah eləmək mümkün deyil. Sadəcə oxumaq, xəyalda canlandırmaq və mənəvi zövq almaq lazımdır.
Mənsə kölgədə qalan bu gözəllik nümunəsinə sadəcə
bir daha diqqət cəlb eləmək istədim.
P.S. Onu da qeyd
edim ki, Cavid əfəndinin yaradıcılığında bu cür unikal
incilər çoxdur,
müəyyən səbəblərdən
diqqətdən kənarda
qalıb. Amma əminəm ki,
zaman keçdikcə bu şeir nümunələri
də poeziyamızda öz layiqli yerini alacaq.
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2022.-
22 oktyabr.- S.5.