Müharibə və ədəbiyyat
Tuhaf
şey!.. Nerəyə getsən, hər nəyə
baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma...
Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda,
bütün gözlər intizarda... Kürreyi-ərzin, şu
canavar yatağının bir bucağı, bir nöqtəsi
yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz
gurultulardan mütəəssir olmasın! Yanardağlardan
seçilməyən toplar, insanları deyil, səhraların
vəhşilərini belə dəhşətlər içində
bıraqıyor. Dünyamız, şimdiyə
qadar hənuz böylə qorqunc bir bəlayə rast gəlməmiş,
böylə müdhiş bir inqilab görməmiş. İskəndər, Napaleon kibi cihangirlər,
Çingiz, Teymur kibi bahadırlar məzarlarından baş
qaldırıb da şu müharibəyi seyr etsələr,
şübhəsiz ki, heyrət və təəssürdən
kəndilərini alamazlar. Zatən bu müharibə, bir
müharibə deyil də, müsri bir bəladır, bir
taundur, aləmşümul bir fəlakətdir... Fəqət bu fəlakət hər kəsi bir dərəcədə
düşündürmiyor, hər ölkədə bir tə'sir
bıraqmıyor. Birini güldürürkən,
digərini ağlatıyor. Birini mə'yus
və müztərib ediyor da, digərini qəhqəhə və
müzəffəriyyətlə sevindiriyor.
Bütün dünya gözdən keçiriləcək
olursa, hər şeyin dəyişdiyini, hər halın
başqalaşdığını görməmək
mümkün deyildir. Bu dəyişmənin, bu
başqalığın yeganə səbəbi isə, əlbəttə,
içində bulunduğumuz müharibədir.
Müharibəyin hazırdakı müvəffəqiyyəti,
bir çoqları texnikada, texnikanın mükəmməlliyində
görüyorlar. Halbuki bu qalibiyyətləri yalnız
texnikada deyil, başqa qüvvətlərdə də
aramalıdır. Çünki yalnız
yaqıb-yıqıcı toplar, növicad çəpəllinlər,
boğucu qazlarla iş aşmaz. Bunlar ilk
baqışda gözə çarpdığı için hər
kəsi düşündürüb duruyor. Halbuki bu müdhiş silahlardan daha müdhiş
almanların müharibədəki yeni nəzəriyyələri,
yeni planları, əskərindəki kəskinlik və
bütün məmləkət xalqındakı əhvali-ruhiyyədir.
Bu ölkənin əhvali-ruhiyyəsində isə,
fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin
tə'siri inkar olunmayacaq şeylərdəndir.
Rus-Japon müharibəsində, bə'zi mütəfəkkirlər,
japonların qalibiyyətini onların komandanlarında, zabitlərində
deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində,
müəllimlərin xalqa vermiş olduğu tərbiyədə
aramışlardı. Şübhəsiz ki, bu nəzəriyyə almanlara,
alman ordusuna daha ziyadə şamil olsa gərək...
Bizdə
- Rusiyada ibtidai, orta və ali məktəblərin
azlığı bir nöqsan təşkil etdiyi kibi, bu məktəblərdə
keçilən bütün elmlər, bütün fənlər
də olduqca səthi və nəzəridir. Halbuki
almanlarda böylə olmayıb da bütün-bütünə
bunun əksinədir. Orta və ali məktəblər
kənara dursun, ibtidai köy məktəblərində belə
hər elm, hər fənn son dərəcə səmimi bir tətbiqat
və əməliyyat ilə keçilir. Yalnız
darülfünunlar deyil, köylərdə də səyyah bir
professora təsadüf edilir. İctimai, fənni,
ədəbi konfranslar verilir. Fənni həqiqətlər
olduqca tətbiqi bir surətdə göstərilir. Və ona görə də hər bir alman yalnız
dinləməklə qalmaz, dinlətmək də istər.
Görməyi kafi bulmaz, göstərməyi də
arzu edər. Hələ onlarda ibtidai məktəblərin
məcburi olması, oğlan-qız, kimsənin müstəsna
tutulmaması, daha başqa bir feyz, daha başqa bir fəzilətdir.
İştə böylə bir mühitdə
böyüyən, böylə bir ölkədə yaşayan
tələbə və talibələr ikmalitəhsildən
sonra, bir də kəndi filosofları, ədibləri tərəfindən
yazılmış əsərləri mütaliəyə
başlarlar. Şübhəsiz ki, ən
faydalı düşüncələr, ən ciddi mühakimələr
də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə
əldə edilə bilir. Çünki
düşünməyə başlayanlar, xilqət və təbiətdə
bir qayə, bir nəticə arayan gənclər, yalnız
mütaliə sayəsində kəndi məsləkini tə'yin
edə bilir, kəndi aradığını bulur.
Əgər bir millətin fəlsəfə və ədəbiyyat
kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə
yazılmışsa, şübhə yoq ki, o millət, o nəsil
cərəyana qapılıb da həp o yolda hərəkət
edər və mümkün deyil, aqıntıya qarşı
bir dürlü kürək çəkəməz. Məsəla, bir gənc bir
şe'r, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq
olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş
olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənir
və o ruhda yaşamağa yeltənir və o məsləkdə
yaşamaq istər və bu yazılan əsərlər isə,
adəta, aləmşümul bir müəllim yerinə
keçər, qarelərin ruhlarına nüfuz etməyə
başlar.
İştə məzkur əsərlər zəhərli,
əxlaqsız, gevşək bir mevzu tə'qib edərsə,
er-gec bütün oqucularını da zəhərləmiş
olur. Kəskin, ciddi və mətin bir yolda
yazılmışsa, şübhəsiz, qaredə də eyni
fikri, eyni duyğuyu oyandırmış olur.
Ədəbiyyat, bir millətdəki əhvali-ruhiyyənin
in'ikası deməkdir. Gələcək nasıl isə,
şimdiki ədəbiyyat və fəlsəfənin tə'sir
və nüfuzuna qapılır və hiç bir dürlü
də qurtuluş imkanı bulamaz.
Şimdiki iranlılar, bilxassə farslar, göz
önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi
təhlil edilsin, bütün şəhərlər,
bütün köylər, əfyunçuluq, şürbilik, səfsətə
və laübalilik içində yuvarlanıb gediyor. Müstəsna olaraq az bir qismi çıqdıqdan sonra, hər kəsdə,
hər qafada bir ətalət, bir məskənət
görülüyor. Əcəba ruhları əzməkdə
olan bu gevşəklikləri, bu səfaləti doğuran
kimdir, nədir, hanki səbəblərdir?
-
Şübhəsiz ki, ədəbiyyat...
Ruhanilər və hakimlərin korluq və bəcəriksizliyi
də tə'sirsiz deyil, amma eyicə diqqət buyurulsa ən
mühüm səbəb, yenə ədəbiyyat və mətbuatdır.
Firdevsi, Sə'di,
Nizami, Hafiz, Xəyyam kibi nadireyi-fitrətlər müstəsna;
onlardan sonra gəlib də dünyayı beş
quruşa almayan zahidməslək ədiblər, laübali və
məsxərəçi şairlər, əxlaqsız və
yaltaq məddahlar, əcəba hanki rəzalət qaldı ki,
yapmadılar? Nə saçmalar, nə əfsanələr
uydurmadılar?!
Bu hal
Türkiyədə də əskik olmamış... Bir kərə tarixi-ədəbiyyat gözdən
keçirilsə, Ruhi kibi laübali məşrəblər, Nəf'i
kibi yayqaraçılar, Nabi kibi ölgün bir fikir
daşıyan fəlsəfəçilər, Nədim kibi səfahətpərvər
xərabatilər kəndi yazıları ilə türklərin
sağlam və sarsılmaz ruhlarını pozub gevşətdilər.
Şinasi devrinə gəlincəyə qadar, bəlkə
ondan da sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini
izlədilər.
Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi
meydan aldı.
Həm də fransızların az-çoq ciddi və
məharətli ədəbiyyatı deyil, hoppa, dəgərsiz
və çürük əsərləri tə'qib olundu, tərcümə
edildi və kəndiligindən xüsusi əsər yazanlar belə,
bir dürlü təqliddən yaqayı
sıyıramadılar. Həm də əskilik
ilə yeniliyi, əcəmilik ilə fransızlığı
qarışdıraraq iki çürük, iki əxlaqsız
uçurum arasında qaldılar. Yalnız
Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kibi məşahir,
bir də milli ən'ənələri, milli duyğuları
dinləyən bə'zi gənc ruhlar, gənc qələmlər
köhnəlikdən, müqəllidlikdən
sıyrılmağa başladılar. Namiq Kəmal kibi
özünü hər kəsə sevdirə bilən
böyük bir hünərvəri belə pək
küçük, pək darruhlu buldular və haqları da
var...
İştə, türk-fars ədiblərinin kəndi
millətinə, millətin əhvali-ruhiyyəsinə olan tə'sir
Ingiltərədə, Fransada, İtaliyada, Almaniyada, Rusiyada və
sair məmləkətlərdə də eyni dərəcədə
şamil və hökmfərmadır.
Məsəla
ingilizləri alalım: onların ötədən bəri,
cihangiranə bir əməl arqasınca qoşmaları, hər
yerdə nüfuz qazanıb da hər ölkədə rol
oynamaları, siyasi qüvvətlərə mədyun olduğu
kibi, fəlsəfi, ədəbi tə'sirlərdən də
varəstə deyildir.
İngilizlər məğrurdur, soğuqqanlıdır,
düşüncəli və durbindir. Əlbəttə
bunlar, bu sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə
race sifətlərdir. Lakin Şekspir kibi
dahilərin əməlpərvər, aləmşümul əsərləri,
Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin,
sarsılmaz və kəskin fəlsəfələri,
şübhəsiz ki, hər ingilizdə, bütün xalq
ruhunda böyük və səmimi bir tə'sirə malikdir.
Fransanın da Jan Jak Russo kibi həssas və məriz bir
ruha malik olan filosofları, bir taqım xəyalpərəst,
hoppa şairləri bə'zi əxlaqsız, modaçı
romançıları, şübhəsiz ki, fransız həyatına,
fransız mühitinə tə'sir etməmiş deyildir.
İtaliyaya
gəlincə, əski italyanlarla işimiz yoq... Biz
şimdiki italyanları yalnız musiqiçi -
çalğıçı tanıyoruz. Çalğının
bəslədiyi ruh və əxlaq hər yerdə, hər kəscə
bəlli olduğundan, onlardan, onların oynayacağı roldan
bəhs etmək lüzumsuz görüldü.
Rus-alman mühitinə gəlincə, bu mühitdəki həyat
və ədəbiyyat daha başqadır. Rus-alman
sözü araya gəlir-gəlməz, həm ədib, həm
filosof olmaq üzrə iki böyük sima, iki nüfuzlu
mütəfəkkir qarşımızda dikilib durur. Onların biri məşhur Tolstoy, biri də alman
filosofu Nitşedir.
Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və
Almaniyada oynadığı müvəffəqiyyət, inkar
edilməyəcək bir nüfuz və qüvvətə
malikdir.
Tolstoy qocaman və möhtəşəm romanlarilə,
ufacıq, sadə risalələrilə, munis bir qayeyi-əməl,
məsihapəsəndanə bir məslək izləmiş, izlədiyi
qayeyi-əməli, düşündüyü məsləki,
rusiyalılara, bilxassə ruslara bəyəndirmiş,
milyonlarca qarelərini, İncili-şərifin əvfedici tə'limatilə
yaşatmağa çalışmış, az-çoq müvəffəq
də ola bilmişdir.
Məzkur Nitşeyə gəlincə o, daha başqa bir
yol, daha başqa bir qayeyiəməl tə'qib etmiş.
Onun əsərlərində,
Tolstoyun düşündüyü "mərhəmətlərdən"
əsər yoq...
O, zəiflərin
əzilməsini qayət təbii bulur. Məhəbbət,
mərhəmət kibi duyğuların xəyalpərəstanə,
mə'nasız şeylər olduğunu isbata
çalışır, həm də isbat etməkdən aciz
qalmaz.
Ona görə də Tolstoy Nitşeyə yarımdəli
alman - deyə tənqid və müaxizə edir və onun məcnunanə
əsərlərinin Rusiyada təb' və nəşrinə, tərcümə
edilməsinə, nüfuz qazanmasına qızmaqdan bir
dürlü kəndini alamaz. Və onun
yürütməkdə olduğu fəlsəfənin
yaqıcı zəhərdən başqa bir şey
olmadığını da ilavə edir.
Lakin eyi düşünülürsə Nitşe fəlsəfəsinin
batini pək də zahirinə bənzəməyərək,
daha səmimi bir mərhəmət və məhəbbətlə
nəticələnir.
O, Tolstoyun
düşündüyü nüqtəyə acı olmaqla bərabər,
daha kəskin və həqiqi adımlarla iləriləmək
istər: "Hər kəsin məqsudu bir, amma rivayət
müxtəlif..."
Rusiyada
Nitşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin
üsluba, dərin düşüncəyə malik olan
Dostoyevski - o böyük dahi və ruhşünas belə
Nitşe yolunu, Nitşe ideyasını daha əvvəl ortaya
sürmüş. Şimdiki bərhəyat
ədiblərdən Leonid Andreyevin faciələrində də
az-çoq Nitşe ruhu görülməkdədir.
Iştə bunun için Tolstoy Nitşeyə
qızdığı kibi Andreyevə yazdığı bir məktubda
diyor ki: "Leonid! Leonid! Sən bəni
qorqutuyorsun, fəqət bən səndən qorqacaq
deyilim!"
Demək ki, qoca Tolstoy bu cümlə ilə məslək
və fikircə kəndinə müxalif sayılan, Nitşe
ruhuna yaqınlaşan Andreyevi bir dürlü
düşündürmək, müaxizə etmək istiyor.
Hər
halda Tolstoyun ən ziyadə nüfuz qazandığı bir
Rusiya olduğu kibi Nitşenin də ən çoq rol
oynadığı məmləkət, şübhəsiz
Almaniyadır... İştə, demək olur ki,
bu böyük mütəfəkkirlərin ən səmimi tə'sirləri
hər yerdən ziyadə kəndi məmləkətlərinə
olmuşdur.
Bu iki məmləkətdən hər birini gözdən
keçirəcək olsanız təbii, binlərcə, on binlərcə
darülfünunlara, rüşdi, e'dadi məktəblərə
rast gələrsiniz və milyonlarca tələbə və
talibənin elm arqasınca qoşulduğunu, məzkur məktəblərə
dəvam etdiyini görürsünüz.
Bəlli bir həqiqətdir ki, hər məktəbdə
bir çoq dərslər oqunduğu kibi ədəbiyyat, fəlsəfə,
tarixi-fəlsəfə dərsləri də keçiliyor və
hər məmləkətin ən məşhur ədibinin, ən
nüfuzlu filosofunun əsərləri və əsərlərində
qayə də birər-birər təhsil və tənqid edilir.
Eyni zamanda bütün gənc dimağlar (beyinlər) birər
fotoqraf kibi duyub bəllədiyi həqiqətləri
böyük bir məraq ilə alır və o həqiqətlər
get-gedə inkişaf edərək ümumi bir duyğu,
ümumi bir düşüncə, ümumi bir əhvali-ruhiyyə
təşkil edər.
İştə bu gün müharibə meydanında seyr
etməkdə olduğumuz yigitlər, qalibiyyət arqasınca
qoşan qəhrəmanlar, həp məzkur məktəblərin
məhsulu, həp məzkur darülfünunların pərvərdeyi-irfanıdır.
Demək ki, bugünkü müharibədə yalnız
toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat
və fəlsəfəsilə bəslənən beyinlər də
ayrıca haiziəhəmiyyətdir.
Fəqət
bugünkü müharibənin gələcək ədəbiyyata
icra edəcəyi tə'sir keçmiş ədəbiyyatın
bugünkü müharibəyə verəcəyi tə'sirin
qatqat fevqində olsa gərək...
Əvət, bugünkü müharibənin
hazırlamaqda olduğu zərbə, pək qorqunc, pək təhlikəlidir.
Şu müdhiş inqilabdan hiç bir qüvvət
qurtulamayacaq. Bütün elmlər, fənlər umulmaz dərəcədə
sarsılacaq, dəyişəcək. Şübhəsiz
ki, ədəbiyyat da bu aqıntıya qapılmaqdan kəndini
alamıyacaq. Bəlkə daha kəskin, daha sağlam
adımlarla yürüyəcək, daha doğru, daha mətin
bir yol izləyəcək... Və şimdiyə
qadar qaraladığımız saçmalar, bugunkü
parçatikə ala-bəzək ədəbiyyatımız da
büsbütün alt-üst olacaq. Gənc
münəqqidlərin nəzəriistehzasına uğrayacaq.
Həm də insafsız, mərhəmətsiz,
e'tinasız bir surətdə yırtılıb atılacaq.
Heyhat!.. Son nədamət isə
fayda verməyəcəkdir.
"Açıq söz",
25-26 oktyabr 1915
Hüseyn CAVİD
Ədəbiyyat qəzeti.-
2022.- 22 oktyabr.- S.4-5.