Azərbaycanda ümumi təhsilin inkişafı
Azərbaycan təhsilinin intibahı tariximizdə Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi
dövrə təsadüf edir. Ulu Öndərin ən
böyük xidmətlərindən biri Azərbaycan təhsil
sisteminin yerli kadrlar hesabına milliləşdirilməsi idi.
Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyət illəri
xalqımızın tarixində dönüş nöqtəsi
olub, ölkəmizdə ilk növbədə, təhsil, mədəniyyət,
incəsənət, milli-mənəvi dəyərlərin
qorunması və inkişaf etdirilməsi, quruculuq və tərəqqi
dövrü kimi xarakterizə edilir.
Ulu Öndər XX əsrin 70-ci illərinin
başlanğıcından etibarən quruculuq
missiyasını cəsarətlə öz üzərinə
götürən böyük bir şəxsiyyətdir. Heydər
Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində
kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində
sonrakı uğurlarının bünövrəsini
qoymuşdur.
Azərbaycan təhsilinin özəyini təşkil edən
ümumi təhsilin qarşısında XX əsrin 60-cı illərinin
sonlarında yeni vəzifə- ümumi icbari orta təhsilə
keçmək məsələsi qoyuldu, lakin bu qərarın
verilməsi dövründə icbari təhsilin bu pilləsinin
maddi-texniki və kadr təminatı zəif idi. Çünki təhsildə
çalışan müəllimlərin yalnız 45 faizi ali təhsilli idi. Məktəblərin sayı az idi. Mövcud infrastruktur
dövrün tələblərinə cavab vermirdi. Belə bir dövrdə, belə bir şəraitdə
respublikamıza rəhbər seçilən Heydər
Əliyev ölkədə sosial-iqtisadi və mədəni
yüksəlişə gedən yolun məhz təhsildən,
maarifdən keçdiyini dərindən hiss edərək, əsas
diqqəti bu sahəyə yönəltdi.
Respublikada bu sahənin inkişafına nail olmaq məqsədilə
dövlət başçısının
imzaladığı “Gənclərin ümumi orta təhsilə
keçməsini başa çatdırmaq və ümumtəhsil
məktəbini daha da inkişaf etdirmək haqqında” (1972);
“Kənd ümumtəhsil məktəbinin iş şəraitini
daha da yaxşılaşdırmaq tədbirləri haqqında”
(1973) qərarlar mühüm rol oynadı. Qərarların
qəbulundan sonra onların dönmədən həyata
keçirilməsi təmin edildi ki, bu da qısa bir vaxtda
ümumi təhsilin inkişafında əsaslı kəmiyyət
və keyfiyyət dəyişmələri ilə nəticələndi.
XX əsr Azərbaycan tarixinin böyük nailiyyətlərindən
biri ölkəmizdə müasir tipli tədris-tərbiyə
müəssisələrinin formalaşması sayıla bilər,
bu sahənin hərtərəfli inkişafı Heydər
Əliyevin çoxşaxəli fəaliyyəti ilə
bağlıdır.
Heydər
Əliyevin təhsil sahəsində sovet dövründəki fəaliyyəti,
əsasən, aşağıdakı istiqamətləri əhatə
edirdi:
Azərbaycan
SSR-in maarif sisteminin ştat heyəti yerli kadrlar hesabına
milliləşdirilir, respublikanın hər yerində, xüsusən
kənd yerlərində müasir tipli məktəblər
inşa edilir, müəllimlərə qayğı göstərilir,
müəllimlərin işə təyinat sistemi genişləndirilir,
təyinatla kənd yerlərində işləyən müəllimlərə
mənzil kirayə haqqı verilir və digər güzəştlər
edilir, gənclərin ali təhsil almalarına şərait
yaradılır, kənd yerlərini mütəxəssislərlə
təmin etmək məqsədilə gənclər ali məktəblərə
müsabiqədənkənar qəbul etdirilir, ali təhsil
ocaqlarının sayı artırılır, onların
maddi-texniki bazası gücləndirilir, Azərbaycan təhsilinin
qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə
əlaqəsini qurmaq və genişləndirmək
üçün səylər göstərilirdi.
Heydər Əliyev, ilk növbədə, Azərbaycan SSR
Maarif Nazirliyinin tərkibini milliləşdirməyə
uğurla nail oldu. Yüksəkixtisaslı kadrlara tələbat
artırıldı. Azərbaycanlı təhsil
işçilərinin nazirlik sistemində işə qəbulu
gücləndirildi. İşdə
nöqsanlara yol verənlər tutduqları vəzifələrdən
azad edilirdilər. Xalq maarifi müəssisələrinin
saxlanılmasına ayrılan xərclər 1969-cu ildən
başlayaraq hər il daim
artırılırdı.
1969-cu ilin sentyabrında respublikamızda 120 yeni məktəbin
açılışı olmuşdur. 1969-cu ildən
1982-ci ilə qədər olan dövrdə Azərbaycanda məktəb
binalarının tikilməsi və uşaqların məktəblərə
cəlb edilməsi daim yüksələn xətlə
inkişaf etmişdir. Beləliklə, Heydər Əliyev
hakimiyyətə gəldikdən az sonra Azərbaycanda
olan orta məktəblərin ümumi sayı 1130-a
çatdırıldı. Həmin tədris
ilinin başlanğıcında 1mln. 130 min
şagird dərsə başlamışdır.
Azərbaycan Respublikasında 1971-ci ildə 1905 səkkizillik,
1303 orta məktəb fəaliyyət göstərirdi. 1972-ci il sentyabr ayında
verilən məlumata görə, 1382 orta və 1843 səkkizillik
məktəb öz şagirdlərini qəbul etmişdi. Göstərdiyimiz rəqəmlər əvvəlki
illərlə müqayisədə xalq maarifi sahəsində
böyük sıçrayış demək idi. Təhsildə belə inkişafa respublika rəhbərliyinin
xalq maarifinə, ümumi təhsilin inkişafına bilavasitə
qayğısı nəticəsində nail olunmuşdur.
Azərbaycanlı qızların məktəbə cəlb
edilməsinə xüsusi diqqət yetirilməsi nəticəsində
təhsil sistemində təhsilli qadınların xüsusi
çəkisi sürətlə artırdı. Azərbaycan
qadınları respublikanın ictimai-siyasi və təsərrüfat
həyatında mühüm rol oynayırdılar.
Artıq 1978-ci ildə Azərbaycanda 770 min ali və orta təhsilli
qadın var idi.
Təhsilin keyfiyyətini yüksəltmək
üçün respublika rəhbəri Heydər Əliyev həm
kadr siyasətini, həm də yeni məktəb
binalarının tikintisini diqqət mərkəzində
saxlayırdı. Heydər Əliyev bu məsələləri
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
büro iclaslarında hərtərəfli, geniş müzakirə
obyektinə çevirir və bununla bağlı qəti qərarlar
qəbul edirdi.
Heydər
Əliyevin sədrliyi ilə 1973-cü il
avqustun 28-də keçirilən Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin bürosunun iclasında
respublika ərazisində yeni məktəb binalarının
tikintisinə dair qərar qəbul edildi. Bu qərara
əsasən 1977 və 1980-ci illərdə 276 min şagird
yeri olan müasir tipli məktəb binaları tikilməli idi.
1969-1978-ci illərdə Azərbaycanda orta məktəblərin
sayı artmış, ucqar kəndlərdə kənd məktəblərinin
sayı 680-dən 1264-ə
çatdırılmışdır. 1979-cu ilin siyahıya
alınmasına görə şəhər əhalisinin
savadlılığı 100%, kənd əhalisinin
savadlılığı isə 99% təşkil edirdi.
1970-1980-ci
illərdə respublikada aparılan güclü məktəb
tikintisi ikinci növbədə oxuyanlar üzrə göstəricinin
yaxşılaşdırılmasına təkan verdi.
Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan
90 ümumtəhsil məktəb binası tikilmişdisə,
1975-ci ildə 48200 nəfərlik 100 məktəb binası
inşa edilmişdi. Nəticədə şagirdlərin 2-ci
növbədə oxumaq göstəricisi 1978-ci ildə 30,8%-ə, 1980-cı ildə 28,1%-ə, nəhayət,
1985-ci ildə isə 24,9%-ə çatdırıldı ki,
bununla da şagirdlərin 75,1%-nin 1-ci növbədə təhsil
almaq imkanı əldə edildi. Heydər Əliyev Azərbaycan
müəllimlərinin XI qurultayındakı
çıxışında qeyd edir ki, 1979, 1980-1981-ci illərdə
hər il Azərbaycanda 35 min şagirdin
oxuması üçün şəraiti olan məktəb
binaları tikilmişdi. Bu da hər il
üçün 50-60 məktəb binasının tikintisi demək
idi. Həmin illərdə Heydər Əliyevin
uzaqgörən siyasəti nəticəsində 350 mindən
çox şagird yeri olan 849 məktəb binası tikilib
istifadəyə verilmişdi. Nəticədə ümumtəhsil
məktəblərində təhsil alan şagirdlərin
sayı 1970-ci ildəki 368 mindən 1980-ci ilin əvvəllərində
710 min nəfərədək, məktəbəqədər tərbiyə
müəssisələrinin sayı 1969-1982-ci illərdə
1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə
110 mindən 147 minə qədər artmışdı.
Aparılan genişmiqyaslı işlər nəticəsində
1979-cu ildə ümumtəhsil məktəblərinin şəbəkəsi
1965-ci illə müqayisədə üç dəfədən
çox artaraq 765-dən 2117-yə qədər yüksəlmişdir. Bu dövrdə
1145 ibtidai məktəb orta məktəbə
çevrilmişdir. Ümumi təhsil sahəsində
aparılan kardinal işlərdən biri təhsilin məzmununu
özündə əks etdirən dərslik məsələsi
olmuşdur. 1978-ci ildən ümumtəhsil
məktəbləri şagirdlərinin dərsliklə təminatı
pulsuz həyata keçirilmişdir.
Məktəblərdə ayrı-ayrı fənlər
üzrə fənn kabinələrinin təminatı bu illərdə
əsaslı şəkildə tam başa çatdı. Məktəblərin
texniki və elmi-metodik vasitələrlə təminatı da
xeyli yüksəlmişdir.
Heydər Əliyev azərbaycanlıların harada
yaşadıqlarından asılı olmayaraq, əhalinin
aşağı və orta deyil, yüksək təbəqəsində
mövqe tutmasını arzulayırdı. O belə hesab edirdi ki, azərbaycanlı
mütəxəssislər Azərbaycanın milli sərvətidir.
Azərbaycan rəhbərinin bilavasitə gərgin fəaliyyəti
nəticəsində respublikamız savadlılar diyarına
çevrilmişdi. Təhsil sahəsində gərgin əməyinin nəticəsini
görən Heydər Əliyev deyirdi: “Azərbaycanda ən
böyük nailiyyət ondan ibarətdir ki, bizdə bu gün
savadsız adam yoxdur, ölkəmizdə hər
hansı bir bölgəyə, rayona, kəndə, hətta
hansı bir dağ kəndinə getsəniz, orada savadsız
adam tapa bilməzsiniz. Azərbaycanda xalqın
ümumi təhsil səviyyəsinin, mədəni səviyyənin
yüksəlməsi XX əsrdə özünü çox
bariz şəkildə göstərmişdir”.
Heydər Əliyev sonralar ötən əsrin 70-ci illərinin
təhlilini verərkən qeyd edirdi ki, ideologiyadan,
ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan
xalqının bir neçə nəsli təhsil almış,
böyümüş, yüksək səviyyələrə
çatmış, böyük elm və mədəniyyətə
sahib olmuşlar. Bunların hamısı
xalqımızın milli nailiyyətidir və indi bizim Azərbaycan
Respublikasının intellektual potensialını təşkil
edir.
Böyük
iftixar hissi ilə bildiririk ki, istər Azərbaycandan kənar,
istərsə də respublika daxilində (C.Naxçıvanski adına Hərbi Lisey) milli hərbi kadrların
hazırlanması sahəsində Heydər Əliyevin xidmətləri
misilsizdir. Məhz 1970-1980-ci illərdə Azərbaycanda
yaradılan hərbi məktəblər, eləcə də
respublikadan kənarda təhsil almış milli kadrlar
hesabına bu gün müstəqil Azərbaycanın ordu
quruculuğu və milli hərbi sistemi formalaşmış, o
illərdə yaradılan təməl üzərində
qurulmuşdur. C.Naxçıvanski adına
hərbi məktəb bu gün də fəaliyyətini davam
etdirir, hər il yüzlərlə gənc bu hərbi məktəbi
bitirib, ali hərbi məktəbdə öz təhsillərini
davam etdirirlər. Bu məktəbin məzunları
həm Birinci Qarabağ müharibəsində, həm də
İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsində igidlik
göstərmişlər. 2003-cü il
aprelin 21-də Heydər Əliyev Sarayında
C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyində
çıxış edən Ümummilli Lider demişdir: “Sizə
səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi
Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər
yaşayıramsa, ona bax bu cür baxacağam”.
1978-ci ildə Azərbaycan müəllimlərinin IV
qurultayı keçirildi. Qurultayda Heydər
Əliyev geniş nitq söylədi. Ulu
Öndərin nitqində Azərbaycan məktəbinin
keçdiyi tarixi inkişaf yolu, mövcud vəziyyəti dərindən
təhlil edilir, perspektivləri və qarşıda duran vəzifələrin
həyata keçirilmə yolları göstərilirdi. Heydər Əliyev Azərbaycan xalqının
inkişaf etməsində və tərəqqisində məktəb
və təhsilin roluna xüsusi əhəmiyyət verdiyini
qeyd edirdi.
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin
inkişafında misilsiz xidməti olan Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə
bu sahəyə diqqət və qayğısını əsirgəməmiş,
daim milli elmimizin və təhsilimizin himayədarı kimi
çıxış etmişdir. Heydər Əliyev
elmin, təhsilin inkişafına milli zərurət kimi
yanaşır, xalqın intellektual səviyyəsinin
artırılmasının ən vacib vəzifə olduğunu
qeyd edirdi.
Ulu Öndər deyirdi ki, Azərbaycanda təhsil XX əsrdə
çox sürətlə inkişaf etmişdir və təhsilə
cəlb olunmayan uşaq, gənc, insan qalmamışdır. Bu, bizim
böyük nailiyyətimizdir ki, xalqımız tam
savadlıdır, tam təhsillidir. Biz gənclərimizi nə
qədər yüksək təhsilli etsək, həqiqi
yüksək təhsilli etsək, onların müəyyən
ixtisaslara mükəmməl yiyələnməsinə şərait
yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi,
Azərbaycan iqtisadiyyatının inkişafı, elmin
inkişafı, təhsilin inkişafı,
insanlarımızın rifah halı o qədər də
yaxşı olacaqdır. Gənclərimiz
mükəmməl təhsil almalı, həyatı dərindən
öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər.
Ona görə də təhsil sisteminə
çox diqqətli yanaşmaq lazımdır və bu sistemə
münasibət çox həssas olmalıdır.
Ulu
Öndər Heydər Əliyev ümumrespublika tədbirlərində daim
vurğulayırdı ki, həm orta məktəblərdə təhsilin
keyfiyyəti yüksəldilməlidir, həm də təhsil
ocaqlarında gənclərin təhsil almasına qayğı
artırılmalıdır. Gənclərin daha
da yaxşı oxuması, təhsil alması üçün
tələbkarlıq artırılmalıdır.
Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən
başlanan tarixi bir mərhələ bu gün haqlı olaraq
Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah
dövrü kimi qiymətləndirilir.
Heydər Əliyevin irsində böyüyən nəslin
fiziki mənəvi və əqli tərbiyəsi məsələləri
də geniş yer tutur. Ümummilli Liderimiz hesab edirdi ki, Azərbaycanın
milli tərbiyə Konsepsiyasında bu cəhətlər öz
geniş əksini tapmalıdır. Vətəndaşlarımıza,
xüsusən gənclərimizə dövlət
atributlarına dərin ehtiram hisslərinin
aşılanması cəmiyyətdə vətənpərvərlik
ruhunun yüksəldilməsi işinə bilavasitə xidmət
etdiyi önə çəkilirdi.
Heydər Əliyev irsində vətən sevgisi, azərbaycançılıq,
xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi
xüsusi yer tutur. Heydər Əliyevin şəxsi nümunəsi
və həyat təcrübəsi xalqına, ölkəsinə,
dövlətinə əsl sədaqətlilik örnəyidir.
Ümummilli
Lider deyirdi: “Vətənpərvərlik böyük məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil.
Vətənə sadiq olmaq, vətəni sevmək,
torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Vətənpərvər gənclərin
yetişdirilməsi təkcə təhsilin məzmununa deyil, məhz
mənəviyyat məsələsinə, mənəvi tərbiyə
işininin məzmununa daxildir. Deməli, hər
bir gəncdə azərbaycançılıq hissinin
formalaşdırılması milli tərbiyə
konsepsiyasının, eləcə də milli ideoloji siyasətin
əsas tərkib hissəsi kimi nəzərə
alınmalıdır. Hər bir azərbaycanlının
yaşadığı ölkədən, vətəndaşı
olduğu dövlətdən asılı olmayaraq,
dünyanın harasında azərbaycanlı varsa, onda azərbaycançılıq
hissi özünü göstərməlidir. Vətənpərvərlik hissini, milli
ideologiyamızı hər yerdə tətbiq etmək
üçün məktəblərdə Azərbaycan
xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək
lazımdır. Gənclərimiz öz
tarixini, öz tarixi keçmişini gərək yaxşı
bilsinlər. Çünki mənəviyyatımız,
gənclərin bugünkü və gələcək mənəviyyatı
bununla bağlıdır”.
Heydər Əliyev uzaqgörənliklə milli
tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik
anlayışını da daxil etmiş və onun məzmununu
müəyyənləşdirmişdir. Gənclərimizin
milli ruhda, milli-ənənəvi dəyərlər əsasında
tərbiyələnməsini vacib sayan Heydər Əliyev
göstərir ki, gənclərimiz tariximizi yaxşı bilməlidirlər,
tarixini bilməyən gənc vətənpərvər ola bilməz.
Natiq AXUNDOV,
pedaqogika üzrə
fəlsəfə doktoru, dosent, Əməkdar müəllim,
ARTİ-nin “Təlimin nəzəriyyəsi və metodikası”
şöbəsinin baş mütəxəssisi
Azərbaycan müəllimi .- 2023.-
11 avqust.- S.4.