NURLU ÖMRÜN YOLLARI

 

Bütün varlıqların zirvəsi Ana

 

Dünyada bir neçə müqəddəs varlıq mövcuddur: vətən, ana, müəllim… Demək olar ki, bütün qələm sahibləri ananı vəsf ediblər. Bəli, ana elə müqəddəs varlıqdır ki, vətənə də Ana Vətən deyirlər.

 

Biz elə bir müqəddəs varlıq olan anadan söz açırıq ki, vətənin tamlığı, bütövləşməsini təmin edən İlham Əliyev kimi liderə analıq edib. Eyni zamanda, min ildə bir dəfə doğulan, Şərqdə öndər, Qərbdə diplomat olan, ömrünün qalan hissəsini Azərbaycan dövlətçiliyinin hifz edilməsinə, xalqın xoşbəxtliyinə sərf etmiş Heydər Əliyev kimi şəxsiyyətə dayaq olub.

Akademik Zərifə Əliyeva anaların anası, yüksək intellektə malik ziyalı, vəfalı ömür-gün yoldaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftolmoloq, bir sözlə, Allahın öz bəndəsinə bəxş elədiyi bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir insandır. Zərifə xanım bütün həyatını, əməli fəaliyyətini Azərbaycanda təbabət elminin inkişafına həsr etmiş, göz xəstəliklərinin tədqiqi sahəsində elmi kəşflərin müəllifi kimi dünyada tanınmışdır. Zərifə xanımın zəkasının dərinliyi və aydınlığı, geniş erudisiyası, zəngin klinik təcrübəsi zəngin elmi yaradıcılığında öz əksini tapmışdır.

 

Elmin çırağı

 

Akademik Zərifə xanım Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq, onun dünyada tanınması işində gərgin əmək sərf etmişdir. Loğman həkim çalışırdı ki, ölkəmizin oftalmoloqları əsla dünya oftalmologiyası səviyyəsindən geri qalmasın və digər ölkələrin həkimləri ilə bərabər, müasir oftalmologiya elminin inkişafında yaxından iştirak etsinlər, beynəlxalq simpoziumlarda yeni və maraqlı çıxışlarla özlərini tanıtsınlar.

Məşhur oftalmoloq-alim M.Krasnov Zərifə xanım Əliyevanın görmə orqanlarının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqat əsərlərini yüksək qiymətləndirərək demişdir: “Əcəl bu görkəmli alimə bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri olacaqdı”.

Zərifə xanım Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik, 1977-ci ildə Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda, “Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərin görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikaların alimlərinə nadir hallarda verildiyi bir vaxtda Zərifə xanım peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, bu nüfuzlu mükafatla təltif edilən ilk qadın alim idi. Böyük xidmətləri, çoxillik elmi tədqiqat işlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdi.

 

Nur seli

 

Fitri istedada malik olan görkəmli alim Zərifə xanım zərifliyin və humanizmin timsalı olmaqla yanaşı, dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratmaqla praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoydu. Onun “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” kimi qiymətli məqalələri və monoqrafiyaları indi də aktualdır, təbabətə, insanlara gərəklidir. Əməkdar elm xadimi Zərifə xanımın dünya miqyasında yüksək qiymətləndirilən əsərləri də var: “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yol intaksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”. Zərifə xanım Əliyevanın çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

 

O, insanlara yaxşılıq etmək üçün gəlmişdi

 

Zərifə xanım Əliyevanın həyat yolu böyük ziyalı və dövlət xadimi Əziz Əliyevin ailəsindən və işıqlı bir kənddən – Şahtaxtıdan başlamışdı. Zərifə xanım bu ailənin tapındığı ən yüksək dəyərləri özündə ehtiva etmiş xanım, gəlin kimi Əliyevlər ailəsinin qapısından içəri qədəm basanda artıq çox dəyərli bir xəzinə sahibi idi. Bu xəzinənin qiymətli daş-qaşı onun əxlaqı, intellekti, ailəsinə sədaqəti, milli mentaliteti, həyat yoldaşına böyük məhəbbəti və ölkəsinə sonsuz sevgisi idi. O, Əziz Əliyevin ailəsində ağıllı, kamallı, həmyaşıdlarına örnək göstərilən bir gənc kimi böyümüşdü. Ən başlıcası isə sevgisi, amalı yolunda cəfalara dözmüşdü. Onun həyat sevgisi – ailəsinə, xalqına, ölkəsinə və peşəsinə sevgidə təzahür etdiyindən, bəşəri bir dəyər alırdı və onu ilahiləşdirirdi. Çünki o, Tanrının bəxş etdiyi ömür payını insanlığa xidmət üçün ayrılmış vaxt kimi dəyərləndirirdi. Zərifə Əliyeva milli ünsiyyət mədəniyyətimizin etalonu və əxlaqi zirvəsində durdu. O, insan qəlbinə təbii bir incəlik və həssaslıqla daxil olmağı bacardı. Bir həkim kimi onun xəstəyə yanaşma prinsipi belə idi: “Xəstəyə düzgün münasibət həkim sənətinin mahiyyətlərindədir… Həkimin gündəlik zəhməti onu əhatə edən insanlarla, birinci növbədə, xəstələrlə davranış formasını bilməyi tələb edir”. Sanki onun həyat yolu böyük həkimlərin, zəka sahibləri olan təbiblərin taleyindən keçir, zaman-zaman məşhur həkimlərin əməllərində özünü təsdiqləyir. Zərifə xanım öz həyat yolunu insanlara işıq bəxş etmək kimi ali keyfiyyətlər üzərində qurmuşdu. Loğmanlığın birinci şərti bəlkə də səbir və təmkinlə bağlıdır. Bütün bunlar isə Zərifə xanıma xas olan keyfiyyətlərdir.

 

Zəmanəmizin təbibi

 

Bu nəcib insanın həyat yolunu öyrənməklə, cəmiyyət üçün əbədi örnək ola biləcək alimin və ananın zəngin aləminə daxil olarıq, onun kimliyini daha yaxından dərk edərik. Zərifə xanım Əliyeva da hər şeydən öncə ANA idi. Və ANA olaraq analıq duyğuları ilə yaşadığı həyəcanları təsəvvür etmək heç də çətin deyil. Zərifə xanım 1969-cu ildə Azərbaycanın birinci xanımı şərəfinə nail olmuşdur. O, həm də dünyanın ən böyük dövlətinin rəhbərlərindən birinin xanımı idi. O, bir Prezidentin xanımı və bir Prezidentin anasıdır. Böyütdüyü oğul cəmiyyətin arzuladığı şəxsiyyət oldu. Xalqa yaxın olmaq, insanları duymaq, cəmiyyətin nəbzini tutmaq… Bütün bunlar böyük özül üzərində ucalan İlham Əliyevi xarakterizə edən keyfiyyətlərdir. Deməli, Zərifə xanımın xalq və millət üçün ən böyük xidməti və dahiyanə əsəri Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevdir. O, Heydər Əliyevin əzəmətli əlinin sığalı, Zərifə xanımın şirin laylaları ilə böyüyüb. Hələ ata-ana ocağında ikən dövlətçilik dərsləri keçib. Elə buna görə də milli dövlətçiliyimizin qoruyucusuna çevrilib, Azərbaycanı dünya arenasında tanıtmaq üçün əzmini və iradəsini əsirgəməyib.

 

Heydər Əliyevin məsləkdaşı

 

Zərifə xanım həm zərif, həm də mərd qadın idi. O, dünyanın ən güclü şəxsiyyətlərindən olan Heydər Əliyevin xanımı idi. Heydər Əliyevin sevgisini qazanmaq, onun iztirablarını hiss etmək və dözümlü olmaq heç də asan deyildi. Bu ailə böyük bir sevgi əsasında təməl tapmışdı. Bu sevgidən müqəddəs bir ailə yaranmışdı. Həmin ailə millətə örnək və şərəf oldu. O ailənin tükənməz gücü, qüvvəsi hesabına Azərbaycan parçalanmaqdan xilas oldu. Tanrı Heydər Əliyevə elə güc, qüvvət vermişdi ki, onu yenmək, təslim etmək heç də asan deyildi. O, bütün bunların hamısına müqavimət göstərə bilirdi. Çünki onun böyük mənəvi dayağı, özü qədər mətin və güclü xanımı vardı. Taleyin qədəri elə Zərifə xanımın özünü də yaşayacağı bütün məqamlara hazırlamışdı. O, dövlət başçısının həyat yoldaşı və ölkənin birinci xanımı olarkən, artıq dövlətin və siyasi xadimin ölkəsinə, vətəndaşlarına necə xidmət etməsini yaxşı bilirdi. Bir şey də aydındır ki, çox tanındığı üçün də daim diqqət mərkəzində olan siyasi liderlərdən birinin xanımı olmaq şərəfini daşımaq çox da asan məsələ deyildi. Zərifə Əliyeva Azərbaycan qadını, əsl azərbaycanlı ana olaraq həyat yoldaşının qalxdığı zirvələrə qürurla baxırdı. Zərifə xanım Əliyeva ömrünün son anına qədər üzərinə düşən məsuliyyəti şərəflə daşıdı və təkcə Heydər Əliyev üçün, İlham və Sevil Əliyeva üçün, Mehriban Əliyeva üçün yox, bütün Azərbaycan və azərbaycanlılar üçün ilahi bir qadın simvoluna çevrildi.

Zərifə xanım Əliyeva Azərbaycanda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən ana kimi unudulmazdır. O, milyonların anası olaraq Azərbaycan qadınının adına şərəf gətirdi, analığa yeni məzmun verdi, qadınlıq vəzifəsinə yeni vəzifə qatdı, onun mənəvi, ictimai məzmununu XX əsrdə mentalitetin ölçülərinə – özünə qaytardı, anaların etalonuna çevrildi.

 

Məqalə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

 

Səadət Sultan, yazıçı-publisist

 

Azad Azərbaycan.- 2023.- 7 dekabr, ¹40.- S.4.