Ümummilli Liderin milli
vətənpərvərlik konsepsiyası
Xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin zəngin nəzəri irsində və əməli
dövlətçilik təcrübəsində milli tərbiyə,
milli vətənpərvərlik konsepsiyası mühüm yer
tutur. Milli tərbiyənin başlıca qayəsi, ilk
növbədə, gənclərin dövlətçilik,
müstəqillik, azadlıq və onların qorunması
uğrunda mübarizlik ruhunda tərbiyə olunmasından ibarətdir.
Ulu Öndər Heydər Əliyevin məruzə,
nitq və çıxışlarında müstəqil Azərbaycanın
milli tərbiyə, milli vətənpərvərlik
konsepsiyasının mühüm komponentləri, təməl
prinsipləri öz əksini tapmışdır. Heydər
Əliyev Azərbaycan gənclərinin Birinci forumunda söylədiyi
nitqində (2 fevral 1996-cı il) milli-mənəvi
tərbiyənin proqramını, onun
reallaşdırılması imkanları və yollarını
müəyyən etmişdir. Ulu Öndər gənclərin
qarşısında duran əsas vəzifələrdən
birinin mənəvi tərbiyə, vətənpərvərlik
tərbiyəsi məsələsi olduğunu göstərmişdir.
Ümummilli Liderimizin milli tərbiyə ilə
bağlı konseptual baxışlarında vətənpərvərlik
aparıcı yer tutur. Bu məsələyə
böyük əhəmiyyət verən Ulu Öndər vətənpərvərliyin
mahiyyətini açıqlayarkən göstərir ki, “Vətənpərvərlik
böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə
sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik”.
Heydər
Əliyev vətənpərvərliyin təkcə Vətən,
yurd sevgisi ilə məhdudlaşmadığını qeyd edərək
onun məzmununa, ilk dəfə olaraq, milli vətənpərvərlik
anlayışını da daxil etmiş, gənclərimizi
milli ruhda tərbiyələndirməyi vacib
saymışdır: “Gənclərimiz milli ruhda tərbiyə
olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi
yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli ənənələrimizi yaxşı bilməlidir.
Milli dəyərlərimizi, milli ənənələrimizi
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Heydər Əliyev bu keyfiyyətlərə
ana dilimizi - Azərbaycan dilini sevməyi, mükəmməl
öyrənməyi də əlavə
edərək gənclərimizə tövsiyə edirdi ki,
“Öz ana dilimizi - Azərbaycan dilini yaxşı mənimsəmək
lazımdır, bu dili sevmək lazımdır. Çünki
öz dilini bilməyən adam öz
tarixini yaxşı bilməyəcək, bizim ədəbiyyatımızı,
mədəniyyətimizi, mədəni köklərimizi bilməyəcək,
milli-mədəni ənənələrimizi bilməyəcək.
Onları bilməsə, o, vətənpərvər
olmayacaq, onda milli vətənpərvərlik duyğuları,
hissiyyatı olmayacaqdır”.
Ulu Öndər “Müstəqil Azərbaycanın gələcəyi
gənclərdir” mövzusunda söylədiyi nitqində fikrinə
yekun vuraraq göstərir ki, ümidvaram, bizim gənclərimiz
tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan
dilimizi mükəmməl mənimsəyəcək və
bunlar hamısı hər bir gənc Azərbaycan
övladında yüksək vətənpərvərlik hissləri
yaşadacaqdır. Heydər Əliyevin milli vətənpərvərlik
ideyası milli-mənəvi tərbiyənin mühüm tərkib
hissəsi kimi daha geniş məzmuna malikdir. Ulu öndər
gənclərə müraciət edərək deyirdi: “Hər
bir gənc Azərbaycanın müstəqil gələcəyini
təmin etmək üçün Vətəni sevməlidir,
ölkəni sevməlidir, torpağı sevməlidir,
xalqımızı sevməlidir, millətimizi sevməlidir,
dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi
sevməlidir”.
Ulu
Öndərə görə, bunları sevə bilməyən
adam, onları özü üçün
mənəvi əsas edə bilməyən gənc həyatda
özünə yer tapa bilməyəcək və şübhəsiz
ki, ölkənin ictimai-siyasi həyatında, müstəqil Azərbaycanın
inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir.
Ümummilli Lider Heydər Əliyevin milli vətənpərvərlik
konsepsiyasında
insanın Vətənə, xalqa, millətə,
dövlətə, insana, milli-mənəvi dəyərlərimizə
hörmət və sevgi hissi sədaqətlilik hissi ilə
qırılmaz vəhdət təşkil edir və tərbiyə
işində vacib bir tələb kimi nəzərə
alınmalıdır.
Ulu Öndər Heydər Əliyevin milli tərbiyə ilə
bağlı nəzəri-pedaqoji irsində vətənpərvərlik
və Azərbaycançılıq ideyaları sıx birləşir;
azərbaycançılıq hissi Azərbaycan sevgisində,
Ana Vətənə məhəbbətdə təzahür
edir. “Azərbaycanı sevmək - azərbaycançılıq
hissiyyatını özündə cəm etmək deməkdir”
kimi səciyyələndirən Heydər Əliyev bunu onunla əsaslandırırdı
ki, dünyanın çox ölkələrində azərbaycanlılar
yaşayır. Onlar da azərbaycanlılardır,
onlarda da azərbaycançılıq hissləri
yaşamalıdır, onlar da Azərbaycanla bağlı
olmalıdırlar. Ulu Öndər əlavə edirdi ki,
Azərbaycan dövləti yaşadıqca, inkişaf etdikcə,
böyüdükcə bütün dünyada yaşayan azərbaycanlılar
bizim müstəqil Azərbaycanla əlaqəni daha da
artıracaq, inkişaf etdirəcək, hər bir azərbaycanlı
harada yaşamasından asılı olmayaraq özünü azərbaycanlı
kimi dərk edəcəkdir.
Ulu Öndərin böyük inamla, uzaqgörənliklə
ifadə etdiyi bu sözlər artıq özünü
doğrultmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin və onun milli
dövlətçilik kursunu, azərbaycançılıq
ideyasını uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, möhtərəm İlham
Əliyevin apardıqları müdrik dövlətçilik,
uğurlu xarici siyasət, diplomatiya və diaspora fəaliyyəti
sayəsində dünya azərbaycanlıları Azərbaycançılıq
ideyası ətrafında sıx birləşərək
müstəqil Azərbaycanın inkişafı, möhkəmlənməsi
naminə həmrəylik göstərir, birgə mübarizə
aparırlar. Ulu Öndərin “azərbaycançılıq”
ideyası dünya azərbaycanlılarının fəal
mübarizəsində bundan sonra da qiymətli ideoloji proqram
rolunu oynayacaqdır.
Milli vətənpərvərlik heç də dünya
azərbaycanlılarının doğma Vətən sevgisi, həmrəyliyi
ilə məhdudlaşmır. Heydər Əliyevin
milli vətənpərvərlik ideyası həm də Azərbaycanda
yaşayan bütün millətlərin birliyini, həmrəyliyini,
doğma Vətənə - Azərbaycana sevgi və sədaqətini
nəzərdə tutur. Ulu Öndər bu münasibətlə
deyirdi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin
doğma Vətənidir. Azərbaycan vətəndaşları,
Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan
bütün millətlərin birliyini dərk edirik. Mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda
millətlər arasında olan əlaqələr dostluq əlaqələridir,
bir-birinə hörmət, ehtiram əlaqələridir və
biz bu əlaqələri inkişaf etdirəcəyik,
yaşadacağıq, qoruyub saxlayacağıq”. Ulu Öndər bunu Azərbaycanın çoxmillətli,
çoxdilli ölkə kimi xüsusiyyətləri ilə izah
edir və göstərir ki, Azərbaycanın bu xüsusiyyətlərini
qoruyub saxlamaq bizim borcumuzdur, gənclərimizin vəzifəsidir.
Azərbaycançılıq ideyası təkcə
Azərbaycandakı Azərbaycan etnosunu əhatə etmir, həm
də orada yaşayan bütün millətləri, milli
azlıqları birləşdirir.
Fəxrlə
demək olar ki, Azərbaycanda yaşayan bütün millətlər
(ermənilər istisna olmaqla) azərbaycanlılarla həmrəylik
şəraitində yaşamış, Vətənin çətin
anlarında - I Qarabağ və Vətən müharibəsində
döyüşlərdə iştirak etmiş, bir qismi isə
böyük şücaət göstərərək orden və
medallarla təltif edilmişlər. Bunu Ulu
Öndər Heydər Əliyevin və onun layiqli siyasi varisi
İlham Əliyevin uğurlu milli dövlətçilik, milli
birlik və həmrəylik siyasəti ilə izah etmək olar.
Ümummilli
Liderimiz Heydər Əliyevin milli dövlətçilik və
vətənpərvərlik ideologiyasının mühüm
komponentlərindən biri də dövlət rəmzləri ilə
bağlıdır. Azərbaycanın dövlət
rəmzlərinə - bayraq, gerb və himninə hörmət
və ehtiram hisslərinin aşılanması milli tərbiyə,
o cümlədən - vətənpərvərlik tərbiyəsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Ulu Öndər respublikanın təhsil işçiləri və
ali məktəblərə daxil olmuş tələbələrlə
görüşdə söylədiyi nitqində (31 avqust
1999-cu il) bu məsələdən bəhs edərək
demişdir: “Biz öz himnimizi, bayrağımızı
özümüz qədər sevməliyik. Çünki
bu bizim Vətənimizə, millətimizə, dövlətimizə
olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.
Ulu Öndər dövlətçilik rəmzlərinin
tətbiqi ilə bağlı öz mülahizələrini də
bildirmişdir. Dövlət himni ilə
bağlı deyirdi ki, himnimizi dinləmək yox, oxumaq
lazımdır. Himn çalınan vaxt
insanlar bu himnin sözlərini oxumalıdırlar, bunun əhəmiyyəti
var; bir var ki, onu dinləyəsən, bir də var ki, o
mahnının, musiqinin sədaları altında o sözləri
oxuyasan. “Bunlar da insanlarda vətənpərvərlik
hissinin daha da möhkəmlənməsinə kömək edir.
Eyni zamanda bu, ona görə vacibdir ki, himnimizə
xüsusi hörmətin təzahürüdür”. Ulu
Öndər bütün məktəblərin - ali
və orta məktəblərin şagird, tələbə və
müəllimlərinin Azərbaycanın himnini
oxumalarını, həm də xorla, ayaq üstdə
oxumalarını təşkil etməyi bir vəzifə kimi
qoymuşdur.
Bayrağımıza münasibətdə Heydər
Əliyev deyirdi ki, “Azərbaycanın bayrağı sadəcə
bayraq deyil. O,
bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə,
xalqa, dövlətə olan məhəbbətə bərabər
olsun”. Ulu öndər tövsiyə edirdi ki, gərək
Azərbaycan dövlətinin bayrağı tək rəsmi yerlərdə,
məktəblərdə yox, hər bir evdə olsun, hər bir
ailənin əziz bir hissəsi olsun, hər bir ailə Azərbaycan
bayrağına itaət etsin.
Dövlət
rəmzləri ilə bağlı Ulu Öndər Heydər
Əliyevin proqram xarakterli görüşləri vətəndaşlarımızda,
xüsusən gənclərdə milli vətənpərvərlik
və azərbaycançılıq hisslərinin, Vətənə,
millətə, xalqa, dövlətimizə sevgi və sədaqət
ruhunun tərbiyə olunmasında böyük əhəmiyyət
kəsb edir, təhsil-tərbiyə işinin müstəqil
dövlətçilik prinsiplərinə uyğun
qurulmasına xidmət göstərir. Bu
baxımdan, Ümummilli Liderin milli dövlətçilik rəmzlərinin
mahiyyəti və tətbiqi ilə bağlı irəli
sürüb əsaslandırdığı konseptual fikir və
tövsiyələrin təhsil müəssisələrində
sistemli öyrənilməsi gənclərin dövlətçilik,
milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz
rol oynayır.
Azərbaycanda
dövlət atributlarının təbliği və tədrisi
işini gücləndirmək, sistemli şəkildə qurmaq
məqsədilə Heydər Əliyev 1998-ci il martın 13-də
“Azərbaycan Respublikasının dövlət
atributlarının təbliği işinin gücləndirilməsi
haqqında” Sərəncam
imzaladı. Bu sərəncam Ulu Öndərimizin
milli müstəqillik və dövlətçiliyimizin rəmzlərinin
ölkə vətəndaşları, xüsusən Azərbaycan
gəncliyi tərəfindən dərindən öyrənilməsinə
nə dərəcədə yüksək qiymət və əhəmiyyət
verdiyinin əyani sübutudur.
Gənc nəslin
milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində
Ümummilli Liderin konseptual görüşlərinin, qiymətli
fikirlərinin həyata keçirilməsində məktəbin,
müəllimin böyük rolu vardır. Onların
üzərinə mühüm vəzifələr
düşür. Tərbiyə işinə,
o cümlədən, vətənpərvərlik tərbiyəsinə
kiçik yaşlardan başlamağın vacibliyini qeyd edən
Ulu Öndər deyirdi ki, “Vətənpərvərlik hissləri
insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan
ibarətdir ki, xalqımız vətənpərvərdir.
O, ana bətnində vətənpərvərlik hisslərini
özündə toplayır”.
Heydər
Əliyev gənc nəsildə vətənpərvərlik
hisslərinin aşılanmasında tədrisin, tərbiyənin
rolunu yüksək qiymətləndirir və deyirdi ki, tədrisin,
tərbiyənin bu sahədə çox böyük əhəmiyyəti
vardır, xalqımızı, millətimizi, gənclərimizi
vətənpərvərlik hissi ilə tərbiyə etmək
təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin,
müəllimlərimizin borcudur. Ulu Öndər
uşaqlara hərtərəfli təhsil verməyi, orta məktəblərdə
keçilən bütün fənləri mənimsətməyi
vacib sayırdı. Bunların
hamısı ilə bərabər o, qeyd edirdi ki, bizim
xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını,
mənəvi dəyərlərini uşaqlara öyrətmək,
çatdırmaq, uşaqları məhz həmin ənənələr
ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs
borcudur.
Ümummilli Lider təhsillə yanaşı gəncləri
vətəndaş kimi gələcəyə
hazırlamağı məktəbə, müəllimə
tövsiyə edirdi. Respublika təhsil işçiləri ilə
görüşündəki niqtində (31 avqust 1999-cu il) o müəllimlərə müraciətlə
deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə,
uşalara təhsil verib onları gələcəyə
hazırlamaqdır. Amma bununla yanaşı ən
böyük məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır. Gərək hər bir
insan eyni zamanda həm də vətəndaş olsun.
Mütləq vətəndaş olsun! Sadəcə
ona görə yox ki, Azərbaycan vətəndaşıdır.
Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə
sadiq, xalqına sadiq
vətəndaş olsun. Ona görə
də orta təhsil sisteminə çox ciddi fikir vermək
lazımdır”.
Ulu
Öndər uşaq və gənclərin düzgün tərbiyəsi
üçün, vətənpərvərlər kimi
formalaşması üçün məktəbdə mənəvi
saflıq, düzlük, ədalət mühiti
yaratmağı, müəllimlərin, tərbiyəçilərin
əsl vətənpərvərlik nümunəsi göstərmələrini
vacib hesab edirdi: “Biz müstəqil Azərbaycanın gələcəyini
formalaşdırırıq. Bu gənc gərək
mənəviyyatca saf olsun. Ona görə də gərək
mənəvi saflıq orta məktəblərdə və ali məktəblərdə hökm
sürsün. Gərək o, vətənpərvərlik
hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə
tərbiyə olunsun. Ona görə də
gərək onun müəllimləri, tərbiyəçiləri
özləri vətənpərvər olsunlar, vətənpərvərliyi
gənclərə aşılaya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, Azərbaycanın
gələcəyinə sadiq vətəndaşlar olsunlar.
Bunların hamısı məktəblərdə,
universitetlərdə formalaşmalıdır”.
Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik,
milli müstəqillik ideyaları, milli tərbiyə, milli vətənpərvərlik
konsepsiyası, zəngin nəzəri irsi, şəxsi
nümunəsi və dövlətçilik fəaliyyəti gənc
nəslin vətənpərvərlik, azərbaycançılıq
ruhunda, milli və ümumbəşəri dəyərlər zəminində
tərbiyəsi baxımından qiymətli mənbədir. Müstəqil Azərbaycan
gənclərinin vətəndaşlıq, şəxsiyyət
bütövlüyü və kamillik örnəyi olan bu zəngin
mənbəni dərindən öyrənmək, gənc nəslin
vətənpərvərlik, azərbaycançılıq və Heydər
Əliyev nümunəsində tərbiyəsi işində
geniş istifadə etmək lazımdır.
Məcid İSMİXANOV,
BDU-nun pedaqogika kafedrasının
professoru
Azərbaycan müəllimi.- 2023.-
26 may.- S.5.