Sinifdə də, səngərdə də

qəhrəman müəllim

 

“Vətəni necə sevməyi və onu necə qorumağı

şagirdlərimə öyrətməkdən qürur duyuram”

 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində çalışan 45 müəllim 44 günlük Vətən müharibəsində iştirak edib. "Azərbaycan müəllimi" müharibə iştirakçısı olan müəllimlərlə həmsöhbət olub. Hacıqabul rayonunun Qızılburun kənd tam orta məktəbində çağırışaqədərki hazırlıq fənnini tədris edən Əlişad Əlifov Əfqanıstanda sülhməramlı qüvvələrdə xidmət etdiyini və II Qarabağ müharibəsi başlayanda Vətənə qayıdaraq, düşmənə qarşı vuruşduğunu deyir: "Vətən uğrunda döyüşlərdə qolumdan və gözümdən yaralanmışam. Vətəni necə sevməyi və onu necə qorumağı şagirdlərimə öyrətməkdən qürur duyuram".

 

“Torpaqlarımızın düşməndən azad

olunmasında iştirak etməyimlə fəxr edirəm”

 

Hacıqabul rayonu Muğan qəsəbə tam orta məktəbin coğrafiya müəllimi İlkin Ağamalıyev 8 ildir pedaqoji fəaliyyətlə məşğuldur.

 "Vətən müharibəsinin iştirakçılarından biriyəm. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. 30 il erməni işğalında olan torpaqlarımızın düşməndən azad olunmasında iştirak etməyimlə fəxr edirəm. Bu ülvi missiyanın yerinə yetirilməsi zamanı canından keçən hər bir əsgərin, hər bir zabitin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm".

 

“Şagirdlərimə Vətəni qorumağın necə

müqəddəs bir vəzifə olduğunu izah edirəm”

 

 Daha bir müharibə iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Xeyrulla Hüseynovdur. O, Salyan rayon 6 nömrəli tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində işləyir.

 "Şagirdlərim tez-tez Vətən müharibəsi barədə suallar verirlər. Onların suallarını cavablamaqdan heç vaxt yorulmuram. Çünki Vətən müharibəsinin tariximizin şanlı səhifələrindən olduğunu bilir və şagirdlərimə də Vətəni qorumağın necə müqəddəs bir vəzifə olduğunu izah edirəm" - deyə o bildirib.

 

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə

qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı”

 

 Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin fiziki tərbiyə müəllimi Ruslan Əhmədov da qəhrəmanlıq salnaməmizin yazılmasında əməyi olan müəllimlərimizdəndir.

 "Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Çiyin yoldaşlarımızın şəhid olması yaddaşımıza həkk olundu. Allah şəhidlərimizə rəhmət etsin!" - deyir Ruslan müəllim.

 

“Şagirdlərə döyüş yolum haqqında

böyük fəxarət hissi ilə danışıram”

 

Vətən müharibəsi iştirakçılarından olan Rəşad Tağıyev isə Salyan rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktorudur. O günləri böyük qürur hissi ilə xatırladığını deyən R.Tağıyev bildirir ki, həmin vaxtı əsgər və zabitlərdə olan döyüş ruhu, vətən eşqi sözlə ifadə edilə bilməzdi: "Ali Baş Komandanın dəmir yumruğu və Azərbaycan ordusunun əsgər və zabitlərinin şücaəti bu tarixi qələbəni qazanmağımıza gətirib çıxardı. Şagirdlərə döyüş yolum haqqında böyük fəxarət hissi ilə danışıram. Onlara şəhid olmuş Azərbaycan oğulları haqqında mütəmadi məlumat verirəm. Bu söhbətlər şagirdlərdə vətənpərvərlik hissini daha da artırır. Onlarda vətənə daha da dərin məhəbbət yaradır".

 

“Şagirdlərimə Vətən uğrunda canımızdan belə

keçməyə hər an hazır olduğumuzu deyirəm”

 

Biləsuvar rayon Bağbanlar kənd tam orta məktəbin direktoru Nazim Sadıqov da Vətən müharibəsində iştirak etmiş qəhrəman təhsil işçilərimizdəndir. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb: "Ali Baş Komandan tərəfindən medallarla təltif olunmuşam. Rəhbəri olduğum Bağbanlar kənd tam orta məktəbin şagirdlərinə Qarabağda gedən döyüşlərdə Vətən uğrunda qürurla, ləyaqətlə döyüşdüyümüzü, Vətən uğrunda canımızdan belə keçməyə hər an hazır olduğumuzu deyirəm. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

 

“Vətənpərvərlik ruhunda tərbiyə etdiyimiz

şagirdlərimizlə çiyin-çiyinə vuruşaraq düşməni məhv etdik”

 

2013-cü ildən müəllim olaraq çalışan, hazırda Neftçala rayon Yuxarı Qaramanlı kənd R.Əliyev adına tam orta məktəbin direktoru Vüqar Qələşov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.  "Hazırda baş leytenant rütbəsindəyəm. 2014-2016-cı illərdə Azərbaycan ordusu sıralarında hərbi xidmət keçmişəm. Xidmət müddətində 2016-cı ilin aprelində Şanlı Zəfərin başlanğıcı olan Aprel döyüşlərində öz bölməm ilə iştirak edərək heç bir itki vermədən düşmən mövqelərinə sarsıdıcı zərbələr vurmuşuq. Bu döyüşlərdən sonra işlədiyim təhsil müəssisələrində bu qələbəmizi şagirdlərimə sevə-sevə açıqlayaraq onların vətənpərvərlik ruhda tərbiyə olunması üçün əməli işlər görmüşəm. Nəhayət Vətən müharibəsi başlayanda ehtiyatda olan bir zabit olaraq qələmimi silaha dəyişərək vətənpərvərlik ruhunda tərbiyə etdiyimiz şagirdlərimizlə çiyin-çiyinə vuruşaraq düşməni məhv etdik. "Cəbrayılın azad olunması", "Xocavəndin azad olunması", "Şuşanın azad olunması", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam. Bu gün ölkəmizi azad və suveren görmək hər birimizi sevindirir, 30 illik yaralarımızı unutdurur".

 

Tural NƏSİROV,

Şirvan-Salyan üzrə regional təmsilçi

 

Azərbaycan müəllimi.- 2024.- 4 oktyabr, ¹36.- S.5.