"Azərbaycan müəllimi": 90 ilin izi"

ilə kitabı necə ərsəyə gəldi?

 

Azərbaycan müəllimi-90

 

Yaşanmışlıq... Qəzetin yazdıqlarından öncə saralan səhifələri danışır yaşananları. 90 ildə nələr var, nələr, kimlər var, kimlər... Bu il sentyabr ayının 2-də “Azərbaycan müəllimi” qəzetinin 90 yaşı tamam oldu. Təntənəli şəkildə qeyd edilən yubiley tədbirləri çərçivəsində bir kitab işıq üzü gördü: “Azərbaycan müəllimi”: 90 ilin izi ilə” .

“Azərbaycan müəllimi”ndə ayrı-ayrı illərdə çap olunmuş minlərlə maraqlı, kəsərli, maarifləndirici, sanballı məqalə arasından seçilən 220 məqalə, 35 fotonun əks olunduğu nümunələr saralmış qəzet səhifələrdən ağappaq kitab vərəqlərinə köçürüldü. Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun elmi redaktoru, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin layihə rəhbəri olduğu kitabın müəllif-tərtibçiləri qəzetin əməkdaşları Oruc Mustafayev və Çingiz Səfərlidir.

 90 ilinin izinə düşən qəzetin şöbə redaktoru Oruc Mustafayev “Azərbaycan müəllimi”nə müsahibəsində həmin kitabla bağlı danışıb.

  

Azərbaycanın taleyini yaşamış bir qəzet

 

- Oruc müəllim, “Azərbaycan müəllimi” qəzetinin 90 illik fəaliyyətini cəmləşdirərək bir kitab ərsəyə gətirdiniz. Öncəliklə, xeyirli-uğurlu olsun. Maraqlıdır, saralmış qəzet səhifələrini ağappaq kitab vərəqlərinə çevirmək fikri haradan ağlınıza gəldi, bu, kimin təşəbbüsüdür?

 - Bilirsiniz ki, “Azərbaycan müəllimi” ölkəmizin mətbuat tarixində öz dəst-xətti və inkişaf yolu, ənənələri olan bir mətbu orqanıdır. Və Azərbaycanın taleyini yaşamış bir qəzetdir. Ölkəmizin son 90 ildə keçdiyi keşməkeşli yolu “Azərbaycan müəllimi” də keçib, çətinlikləri də, fərəhli anları da yaşayıb. İstər ötən əsrin 30-cu illərində savadsızlığın ləğvi, ilk məktəblərin açılması, müəllim hazırlığı, maarif və təhsil sahəsində ilk addımlar, qanlı-qadağalı İkinci Dünya müharibəsi, daha sonra dinc həyata keçid və yenidən başlayan quruculuq, sonrakı dövrlərdə müstəqilliyimizin qazanılması, üzləşdiyimiz siyasi xaos və böhran, sabitlik, tərəqqi və inkişaf dövrü, Vətən torpaqlarının işğalı və nəhayət, 44 günlük Vətən müharibəsinin qürurlu anları, ərazilərimizə qayıdış, Qərbi Azərbaycana qayıdış arzularının gerçəkləşməsi istiqamətində milli hədəflərimiz “Azərbaycan müəllimi”nin bu illərdəki fəaliyyətinin önəmli istiqamətləridir. Qəzetin keçdiyi 90 illik yolu layiqincə qeyd etmək barədə düşünməyə başladığımız ilk gündən belə bir fikir formalaşmışdı. Amma saytımızın redaktoru Çingiz Səfərli ilə müzakirələrimiz nəticəyönümlü oldu. Kitabın hazırlanmasına qərar verdik. 

 - Bu qədər qısa müddətdə reallaşdırılması prosesin qərarvermə mərhələsinin asan getdiyindən xəbər verir?

 - İlk gündən təşəbbüsümüz Elm və Təhsil Nazirliyində dəstəkləndi. Qəzetimizin adına layiq iş görməli idik. Xüsusən, dəstək və etimad böyük olanda məsuliyyət də ağırlaşır. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin dəstəyini xüsusi qeyd etməliyəm.

 - Bəs iş prosesi? Asan olmayıb hər halda ki, məzuniyyətinizi də bu işə sərf etdiniz.

 - Başqa yolu yox idi, keçmiş əlifba ilə yazılan məqalələri yenidən işləməli, korrektə və redaktə etməliydik. Sadəcə fotoların seçilməsi nə qədər vaxt apardı. 100-dən çox şəkil seçmişdik, ancaq cəmi 35-i kitabda öz əksini tapdı. Araşdırma boyunca çox maraqlı məqalələrə, tanınan imzalara, müəlliflərə və hətta məşhur şəxslərin uşaqlıq fotolarına rast gəlirdik. Kitabın özəlliyini saxlamaq üçün hər birini olmasa da, rastıma çıxdıqca dayana bilməyib paylaşdıqlarım da oldu.Təhsil tariximizin ilk illərinə aid olan yazıların, arxivlərdən seçmələrin nə qədər maraq oyandırdığını, reaksiyalara səbəb olduğunu gördükcə daha da həvəsləndim.

 

Arxivdəki “Azərbaycan müəllimi”

 

- Qəzetin arxivini necə, haradan tapdınız? Ən əsası, bütün nömrələrini tapa bildinizmi? Arxiv təəssüratlarınız maraqlıdır. Qəzetin arxivi əlçatandırmı? Harda saxlanılır və hansı adlarla? Arxivi tapmağınızda kömək edənlər oldumu?

 - Düzü, arxiv gündəliyimiz çox zəngindir. Bu işə qəzetin redaksiyasında olan arxiv nüsxələrindən başladıq. 1946-cı ilə aid nüsxələri tapa bilməyəndə axtarışları genişləndirib ilk nüsxənin dalınca düşdük. O qədər güclü istək vardı ki, həmin nömrə harada olsa, arxasınca gedəcəkdim. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 1946-cı ilin ilk nömrəsinə rast gəlsəm də, sonrakı nüsxələrini tapmaq üçün M.F.Axundov adına Milli Kitabxanaya “köçdüm”. Qeyd edim ki, istər Mərkəzi Elmi Kitabxanada, istərsə də Milli Kitabxanda axtarışlarıma qarşı olan böyük marağı görməmək mümkün deyildi. 90 yaşlı qəzetin arxiv nüsxələrini mənimlə bərabər axtardılar desəm, yalan olmaz. Qəzetimizin ötən 90 ilinin izini tapmaqda dəstək olan bütün kitabxana əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onların səbri və dəqiqliyi sayəsində “azmadan” araşdırmamızı yekunlaşdırdıq. Milli Kitabxanada qəzetimiz 3 ayrı adla təsnifatlandırıldığından axtarışlar 3 ad üzrə aparıldı və lazımi materialları əldə edə bildik. Məsələn, Qəzet 1934-cü il 2 sentyabr tarixindən “Qommunist Məarifi” (“Kommunist maarifi”) adı ilə dərc olunub. Sonra daha çox pedaqoji yönümlü olması nəzərə alınaraq 1938-ci ildən “Müəllim qəzeti” kimi çıxıb. Qəzet 1938-ci ildən 1941-ci ilin iyul ayının ortalarına kimi bu adda nəşr olunub. 1946-cı ilin aprelindən artıq “Azərbaycan müəllimi” kimi dərc olunmağa başlayıb. Təsəvvür edin ki, 3 fərqli adda çıxmış qəzetin arxiv nüsxələrini tapmalı, toplamalı idim. Üstəlik, bu fərqli adları ayrı-ayrı yerdə tapacağım da ağlıma gəlməmişdi.

 - Müharibə dövrünün təhsil qəzeti nədən yazırdı?

 - 1941-ci il 20 iyun sayında qəzet ənənəvi mövzularında yazılar, eləcə də 1941-1942-ci dərs ilinin tədris planını dərc edib. İki gündən sonra Böyük Vətən müharibəsi başlayıb. İyunun 26-da çap olunmuş növbəti nömrənin səhifələri isə düşmənə nifrət və qəzəb ruhunda idi. Müəllimlər, tələbələr, oğlanlı-qızlı hərbi komissarlıqlara tələsir, Xalq Maarif Komissarlığı isə tam gücü ilə fövqəladə iş rejiminə keçmişdi. Bütün bu məqamlar müharibənin ilk aylarında bir neçə sayı dərc olunmuş qəzetin səhifələrində öz əksini tapıb. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar qəzetin əməkdaşları cəbhəyə yollanıb.

 

Kitab təhsil tədqiqatları üçün

də geniş mənbə rolunu oynayır

 

- 90 ildir nəşr olunan bir qəzetin səhifələrinin hər birinə artıq bələdsiniz. Deməli, təhsil sisteminin gəldiyi 90 illik yolu da mənimsəmisiniz. Bəs bu kitabı oxuyacaq oxucu təhsilin 90 ili ilə tanış ola biləcəkmi?

 - Şübhəsiz ki, “Azərbaycan müəllimi”nin keçdiyi 90 illik tarixə işıq salan bu kitab maarifimizin inkişaf yollarını əhatə edir. Bu yol əslində  Azərbaycan təhsilinin, məktəbinin, müəlliminin keçdiyi yoldur. Maarifçilik tariximiz, ölkəmizdə ötən əsrin 30-cu illərində təhsil sahəsində görülən işlər, məktəblər, dərsliklər, yeni müəllim hazırlığına dair məsələlər bir çox cəhətdən bu gün üçün də aktual və maraqlıdır. Kitabda ölkəmizin təhsil tarixi qəzetin adına uyğun olaraq 3 fəsildə dövriləşdirilib. Bütün fəsillərdə ilk maarifçi-pedaqoqlarımızın məktəb və müəllim, tədrisin təşkili, dərsliklərin yazılması və təkmilləşdirilməsi, məktəbdə qiymətləndirmə, təlim-tərbiyə, müəllim və şagirdlərin bədii estetik zövqünün inkişafı, məktəbdənkənar fəaliyyətin təşkili ilə bağlı məsələlər, eləcə də problemlərə tənqidi yanaşma aparıcı istiqamət təşkil edib. Bütün bunlar 90 yaşlı qəzetin uzunillik fəaliyyətində oxucular üçün maraq kəsb edən sahələrdir. Bu baxımdan, kitab təhsil tədqiqatları üçün də geniş mənbə rolunu oynayır.

  - Qəzetin ilk nömrəsini oxudunuzmu? Ümumiyyətlə, qəzetdə belə bir fikrə rast gəldinizmi, bu qəzet necə olub çıxmağa başlayıb, fikri ortaya atan kim olub?

 - 1934-cü il sentyabrın 2-də, bir bazar günü ölkənin ilk pedaqoji qəzeti oxucularının görüşünə gəlib. Onu da deyim ki, 30-cu illərdə respublikada cəmi bir pedaqoji jurnal – “Yeni məktəb” və cəmi bir pedaqoji qəzet - “Qommunist Məarifi” nəşr olunurdu. Qəzetin necə çıxması və dərc olunmasını zəruri edən amillərə gəlincə, deməliyəm ki, ilk pedaqoji qəzetin dərci təklifini Azərbaycan Xalq Maarif Komissarlığı irəli sürüb. Məsələ onda idi ki, 30-cu illərdə savadsızlığa qarşı mübarizədə, qızların məktəbə cəlb olunmasında pedaqoji mətbuatın üzərinə böyük vəzifə düşürdü. Qəzetin maarifləndirici rolu əhəmiyyətli dərəcədə böyük idi. Bu dövrdə maarif sahəsində təbliğat-təşviqat tədbirlərinin aparılması, digər tərəfdən müəllimlərə elmi-metodiki yardımların göstərilməsi aktual məsələ idi. Ona görə də pedaqoji mətbuata ciddi ehtiyac vardı. Belə bir şəraitdə meydana gələn “Kommunist məarifi” həm maarif işinin gücləndirilməsinə xidmət edir, həm də müəllimlərə tədris proqramları və metodik yardım göstərirdi.

 Qəzet ilk nömrəsindən başlayaraq ölkədə məktəb işinin inkişafı sahəsində qərarların həyata keçirilməsi uğrunda qəti mübarizəni özünün başlıca məramı kimi qarşıya qoyur. Qəzetin nəşrə başlaması münasibətilə ilk səhifəsində “Mədəni inqilabın yeni mübarizinə” adlı təbrik məktubu verilib, redaksiya heyətinə “Bakraboçi” qəzetinin təbrik məktubu dərc olunub. İlk səhifədə yer alan “Yeni qələbələrə doğru” və “Qəti dönüş yaratmalı” başlıqlı ilk yazılarda qəzet yeni tədris ilinə hazırlıqlı başlamağa çağırış edirdi. Elə buradaca “Məktəblərin dərs ilinə hazırlıq gedişi barədə” Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Zaqafqaziya Ölkə Komitəsinin məlumatı yerləşdirilib. Qəzet ilk sayından məktəb qarşısında duran mühüm vəzifələri – şagirdlərə  elmlərin əsaslarını dərindən mənimsətmək, məktəb rejimini möhkəmlətmək, ümumi icbari təhsilin hər yerdə həyata keçirilməsini təmin etmək vəzifələrini öz fəaliyyət proqramı kimi qəbul edir, məktəb işində məsul vəzifələrin uğurla yerinə yetirilməsində müəllimlərə, maarif işçilərinə operativ köməklik edirdi. Cəmi 4 səhifə həcmində çıxan qəzetin ilk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı vəzifəsində çalışan Mahmud Ağayev olub. İlk vaxtlarda 5 min tirajla çıxan qəzetin nüsxələrinin sayı sonrakı illərdə 20 minə çatıb. Qəzetimizi müttəfiq respublikalarda da oxuyublar. Xarici ölkələrdə isə 44 abunəçisi olub.

 

Ardı var

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2024.- 4 oktyabr, ą36.- S.6.