“Maarifçi”lərin şəbəkəsi
yaranır
III "Maarifçi"
tələbə-məzun təcrübə
proqramı yakunlaşdı
III “Maarifçi” tələbə-məzun təcrübə
proqramı yekunlaşıb.
42 gənc 4 aylıq təcrübəsini uğurla
başa vurub və hər biri nazir Emin
Əmrullayevin imzası
ilə Elm və Təhsil Nazirliyinin sertifikatlarına
layiq görülüb.
Sertifikatları onlara elə nazir özü təşkil olunan görüşdə
təqdim edib.
252 saatlıq mərhələdən 42 nəfər
uğurla çıxdı
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli III “Maarifçi” tələbə-məzun təcrübə proqramının keçdiyi yola qısa nəzər salıb. O, məlumat verib ki, proqrama 3542 nəfər müraciət edib. Onlardan 2037 nəfər imtahan mərhələsinə qatılıb. İmtahanlardan uğurla keçən 318 nəfər müsahibə mərhələsinə dəvət edilib. 252 saat çəkən müsahibə mərhələsinin nəticələrinə görə 49 nəfər seçilsə də, 4 aylıq təcrübə dövründə 42 nəfər uğurla iştirak edərək sertifikata layiq görülüb: “Sevindirici haldır ki, bu dəfə biz həm “Maarifçi”lərin sayını, həm də proqramın coğrafiyasını genişləndirdik. Bu il ölkəmizin müxtəlif regionları, o cümlədən Naxçıvan Muxtar Respublikası əhatə olunub”.
M.Kərimli əlavə edib ki, I və II “Maarifçi” proqramına 59 nəfər qatılmışdı. III “Maarifçi” proqramı ilə ölkə “Maarifçi”lərinin sayı 101 nəfərə çatıb: “Artıq bizim 101 nəfərdən ibarət “Maarifçi” şəbəkəmiz var”.
24 nəfərin Elm və Təhsil Nazirliyində işə qəbul edildiyini vurğulayan Aparat rəhbəri bəzi “Maarifçi”lərin artıq dövlət qulluqçusu olduğuna diqqət çəkib.
Mətin Kərimlinin rəqəmlərlə ifadə etdiyi “Maarifçi” yoluna bir neçə dəqiqəlik videoçarxla da nəzər salınıb. Gənclərin karyera üçün atdıqları ilk həyəcanlı addımlar təqdim edilib. Təqdimat istər proqram iştirakçılarının, istərsə də, nazirlik rəhbərliyinin birgə fəaliyyətinin ən maraqlı məqamlarını əks etdirib.
Hələ də dövlət qulluqçusu olmaq istəyirsən?
Nazir Emin Əmrullayev gənclərin düşüncələrində 4 aylıq təcrübənin hansısa dəyişikliklər yaradıb-yaratmaması ilə maraqlanıb. Onlarla söhbəti proqramın nə qədər faydalı olması üzərində qurub. “Proqram onlar üçün nə dərəcədə faydalı oldu? Proqramın sonunda gələcəyi ilə bağlı qərarını dəyişənlər varmı? Karyeralarına dövlət qulluqçusu olaraq davam etmək istədiyinə hələ də əmindirlərmi? Gənclərin təhsil sektorunda dərhal dəyişmək istədikləri 3 şey nədir?” - kimi suallar ətrafında qurulan müzakirələrdə maraqlı məlumatlar, təbəssüm yaradan faktlar ortaya çıxıb. Gənclər təcrübə dövründə maraqlarına səbəb olan hadisələrdən danışıb, suallarına cavab tapıblar.
Görüşü yekunlaşdıran nazir Emin Əmrullayev gənclərə uğurlar arzulayıb: “Həyatda uğurlu olmaq asan deyil. Əslində, çətin olan uğuru qazanmaq yox, onun davamlılığıdır”.
Nazir gənclərə tövsiyə edib: “İllər keçdikcə insanın baxış bucağı dəyişir. Əslində, dəyişməlidir, bundan qorxmaq lazım deyil. Çünki reallıqlar da dəyişir”.
Görüşdən sonra gənc “Maarifçi”lər 4 aylıq təcrübə ilə bağlı fikirlərini, görüşlə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.
“Proqram gələcək
hədəflərim üçün
sükan rolunu oynadı”
Aytən Ağasıyeva proqrama Naxçıvan Muxtar Respublikasından qatılıb, Naxçıvan Elm və Təhsil Nazirliyində təcrübə keçib: “İnsan resursları və sənədlərlə iş şöbəsində təcrübə keçdim. Yeni dostluqlar, maraqlı əlaqələr qurdum. Proqram gələcək hədəflərim üçün sükan rolunu oynadı”.
Aytən
Naxçıvan Dövlət
Universitetinin məzunudur.
O, burada “Fizika müəllimliyi” ixtisası
üzrə təhsil alıb. “Təhsildə qiymətləndirmə və
monitorinq” ixtisası üzrə magistr dərəcəsi alıb.
Fəal tələbəlik
həyatı yaşayıb,
konfranslara qatılıb,
tez-tez elmi mühitdə təmsil olunub. Nazirlə görüşü arzularından
birinin reallaşması
kimi qiymətləndirir:
“Nazirlə eyni mühitdə olmaq, canlı əlaqə qurmaq hər tələbənin, hər
məzunun arzuladığı
bir haldır”.
“Universitetdə aldığım
nəzəri bilikləri
“Maarifçi” təcrübə
proqramı çərçivəsində
tətbiq etmək imkanım
yarandı”
Türkan
Əsədova isə Abşeron-Xızı Regional Təhsil
İdarəsində keçdiyi
4 aylıq təcrübə
dövründə maraqlı
faktlarla qarşılaşıb:
“Tədrisin keyfiyyəti
sektorunda təcrübə
keçdim. Bu vaxta qədər bir sıra başqa təcrübə proqramlarına
da qatılmışam. Amma ən maraqlı, faydalı olan “Maarifçi” oldu. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə SABAH qruplarında
bakalavr təhsili almışdım. Universitetdə
aldığım nəzəri
bilikləri 4 ay ərzində
“Maarifçi” təcrübə
proqramı çərçivəsində
tətbiq etmək imkanım yarandı”.
Gənc
“Maarifçi” iştirakçısı
olduğu təcrübə
proqramlarını da müqayisə
edib: “Maarifçi”ni digərlərindən fərqləndirən
əsas xüsusiyyət
ondan ibarətdir ki,
biz burada özümüzü
tamhüquqlu əməkdaş
kimi hiss etdik. Bizim üçün elə mühit yaradıldı, elə münasibət göstərildi
ki, təcrübəçi olduğumuzu hiss etmədik”.
Nazirin iştirakı ilə keçirilən tədbirlər
və görüşlər
Türkan Əsədova
üçün yaddaqalan
olub.
“Vətəndaş müraciətləri
ilə işlədim və bu, mənə
karyera istiqamətində böyük
inkişaf qazandırdı”
Günel
Mahmudova Qarabağ
Regional Təhsil İdarəsində
Vətəndaş müraciətləri
ilə iş sektorunda təcrübə
keçib və 4 aylıq bu dövrü
uğurla başa vurub: “Bu təcrübə
proqramına qatılmaq
və 42 nəfərdən
biri olaraq sertifikat almaq mənim üçün qürurverici oldu. Məncə, gələcəkdə
dövlət qulluqçusu
olmaq istiqamətində
bu 4 aylıq təcrübə potensial imkanlar yaratdı. Üstəlik, vətəndaş
müraciətləri ilə
işlədim və bu, mənə karyera
istiqamətində böyük
inkişaf qazandırdı”.
İşlədiyi bölgənin Qarabağ
olması isə iş prosesini onun üçün xüsusilə maraqlı edib: “İşğaldan azad olunan ərazilərdə
yaşayan insanlarla işləmək gələcəkdə
uğur imkanlarını
artırır. Hər
vətəndaş müraciəti
insanı bir az da çox inkişaf etdirir. Çünki vətəndaşların
müraciətlərindən asılı olaraq bütün şöbə
və sektorlarla işləyib daha böyük təcrübə
qazandım”.
Günel
Bakı Dövlət Universitetində “Jurnalistika”
üzrə bakalavr, “Beynəlxalq jurnalistika və informasiya siyasəti” ixtisası üzrə magistr təhsili alıb. Gələcək planları
təhsil sahəsi ilə birbaşa bağlıdır: “Həyatımın
sonrakı mərhələsində
Elm və Təhsil Nazirliyi və onun struktur bölmələrində
işləmək istəyərəm”.
“Çağrı Mərkəzində
iş mənim üçün xüsusilə
faydalı oldu”
Şəbnəm Quliyeva isə Mərkəzi Aran Regional Təhsil
İdarəsinin İnzibati
sektorunda 4 aylıq təcrübəsindən məmnun
görünür: “Təcrübə
dövründə təhsil
ilə bağlı bir çox məsələlər gündəmimizdə
oldu. Vətəndaşlarla
işləməyi çox
sevirəm və bu 4 ayda da vətəndaşlarla
fəal şəkildə
işlədim. Çağrı
Mərkəzində iş
mənim üçün,
xüsusilə faydalı
oldu”.
Şəbnəm də hesab edir ki, yaradılan münbit iş mühiti bu proqramın ən cəlbedici tərəfi olub: “Bizimlə qurumun öz əməkdaşı kimi
davranmaları bizi ruhlandırırdı, işə
daha çox can yandırırdıq”.
“Maarifçi”də olmaq təcrübəmi zənginləşdirib,
bacarıqlarımı inkişaf etdirib”
İlqarə Mirzəyeva Bakı
Dövlət Universitetinin
SABAH qruplarında “Fizika
müəllimliyi” ixtisası
üzrə təhsil alıb. 4 aylıq təcrübə dövrünü
Quba-Xaçmaz Regional Təhsil
İdarəsində Tədrisin
keyfiyyəti sektorunda başa vurub: “Proqramda iştirakımı
həyatımda qazandığım
uğurlardan biri hesab edirəm. Real təcrübə yaşadıq,
yeni insanlarla tanış
olduq, təhsil sahəsinin içində
prosesləri izləmək
imkanımız oldu.
Bu imkan xüsusilə
dəyərlidir, çünki
kənardan görə
bilmədiyimiz bir çox məqamlara prosesin içərisində
cavab tapdıq”.
İlqarə deyir ki, belə
bir imkan olsa, yenə məmnuniyyətlə qatılar.
O, fəal tələbəlik
həyatından sonra maraqlı təcrübə
qazandığını bildirir:
“Tələbəlikdən bəri
çox fəal olmuşam. SABAH qrupları
nəzdində fəaliyyət
göstərən Sabah Yaradıcılıq
təşkilatının yaradıcısı
olmuşam. BDU-nun nəzdində
“Gənc Rəssamlar” dərnəyində əvvəlcə
müəllimlik, sonra
rəhbərlik etdim.
Bir çox layihələrdə,
könüllülük proqramlarında
iştirak etmişəm.
Bunlardan sonra “Maarifçi”də olmaq təcrübəmi zənginləşdirib, bacarıqlarımı
əhəmiyyətli dərəcədə
inkişaf etdirib”.
BDU məzunu sözlərinə
əlavə edərək
deyir: “Uşaqlıqdan
özümü televiziya
kanalında öyrədici,
maarifləndirici bir proqramın aparıcısı
kimi təsəvvür
etmişəm. Bu sahə
mənə yaxındır.
Universal olmağa çalışan,
özünü hər
sahədə görən
biriyəm. Qiraət yarışlarında iştirak
etmişəm. İncəsənət
də, təhsil də mənə eyni dərəcədə
yaxındır. Hesab edirəm ki, bütün sahələr arasında əlaqə var. İxtisaslar,
fənlər arasında
əlaqə qurarkən
ayrı-ayrı sahələr
arasında əlaqə
yaratmağı da öyrənmişik.
Mən sevdiyim, marağımı cəlb
edən işlərin
arasında oxşarlıq
tapıb onların uyğunluğunu yaratmağı
sevirəm. “Maarifçi”
proqramında məktəblilərlə,
müəllimlərlə işlədik
və məktəblilərin
əlavə bacarıqlarının
inkişafının əhəmiyyəti
hər birimizə məlumdur”.
İlqarə nə təcrübə
keçdiyi təhsil sektorunda,
nə də nazirlə görüşdə
özünü yad mühitdəymiş
kimi hiss etməyib: “Çox doğma bir ortam idi.
Olduqca xoşbəxtəm
ki, bu 4 ayı “Maarifçi” proqramında
oldum. Çox şadam ki, nazirlə görüşdə mən
də iştirak etdim”.
Ruhiyyə Daşsalahlı
Azərbaycan
müəllimi.- 2025.- 1 noyabr, ¹41.- S.3.