Yubilyar alimin elmi və
bədii
yaradıcılığında
Dərələyəz
Mahirə Nağı qızı Hüseynova
– 65
Filologiya elmləri doktoru, professor Mahirə
Hüseynova Azərbaycan dilçiliyinin inkişafında
xüsusi yeri olan dilçi-türkoloqlardandır. Belə ki,
dilçiliyimizin, eyni zamanda türkologiyanın elə bir sahəsi
yoxdur ki, professor M.Hüseynova öz tədqiqatları ilə
münasibət bildirməsin. İstər fonetika, istər
leksikologiya, istər morfologiya, istər sintaksis, istərsə
də Azərbaycan dilinin punktasiyası ilə bağlı
apardığı tədqiqatları elmi ictimaiyyətin həmişə
diqqətini cəlb edir. Bununla belə hətta
dilçiliyimizin bir neçə istiqamətində apardığı yeni
araşdırmaları ilə öz məktəbini
yaratmışdır.
Professor Mahirə Hüseynovanın elmi yaradıcılığında Dərələyəz mövzusu ayrıca bir yer tutur. Daha dəqiq desək, Dərələyəz mövzusu onun elmi yaradıcılığının ana xəttini təşkil edir. Bu da təbiidir. Mahirə Hüseynovanın babası, Dərələyəz mahalının el ağsaqqalı İbrahim Mirzəlioğlu, anası, əslən Keşişkənd rayonunun Qovuşuq kəndindən olan, el-obanın sayılıb seçilən, el anası Nazlı xanım, dayısı, Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunun Qovuşuq kəndindən olan “Şöhrət” ordenli, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, dilçi-türkoloq Həsən Mirzəyevdir. M.Hüseynovada Dərələyəz mahalına olan sevgisi Nizamini, Füzulini əzbərdən bilən İbrahim Mirzəlioğlundan, anası Nazlı xanımın laylalarından, dayısı Həsən Mirzəyevin Qərbi Azərbaycanla, xüsusi olaraq Dərələyəz mahalı ilə bağlı tədqiqatlarından, eləcə də doğma yurda olan sevgi və həsrətindən formalaşmışdır. Elə “Keçəydim” şeirində doğma yurda bağlılığını, doğma yurd həsrətinin göynərtisini poetik dillə təsvir edir, poeziyada əbədiləşdirir, tarixləşdirir professor Mahirə Hüseynova:
Şərur, səndən diləyimdir bu dəfə,
Başqa ruhda, başqa yöndə keçəydim.
Arpa
körpü, sular dursun səf-səfə,
Əhd edəydim,
Arpakəndə keçəydim.
Axurludan o
tərəfə yol açıq,
Dillənəcək
yol sənindir, yola çıx.
Alxanpəyə
üstündə bir alaçıq,
Qurub,
qalıb gün enəndə keçəydim.
Ağvəng,
sənin müştağınam, nə vaxtdı,
Yatmadım
ki, qərib ruhum oyaqdı.
Ağdərənin
quru adı dayaqdı,
Ürəyimdə
söz dinəndə keçəydim.
Dayanıbsan
Selimçayın yanında,
Bəy
duruşun hopub qalıb canında,
Zaman
dinib, oynayacaq qanında,
Ağkənd,
Selim gədiyindən keçəydim.
Ağçakəndin
yaraları danışsın,
Gördükləri
zarı-zarı danışsın.
Viran
qalmış daş-divarı danışsın,
Tutub
atın yüyənindən keçəydim.
Daşarxacı,
suyun niyə lillənib,
Kəlləqaya
səngərində göllənib.
Qarışaydım
söhbətinə dillənib,
Axta,
dadıb çörəyindən keçəydim.
Qaraşuma
toxunaydı ayağım,
Dəmirtəpə
bircə hovur yaylağım,
Salsal
üstü, bulaq başı oylağım,
“Oxay”- deyib, Qoşavəngdən
keçəydim.
Dağ
bir ayrı, göy bir ayrı, yer ayrı,
Arpaçayın
suyu burda bir ayrı.
Kətanköynək
cəvizlərin diyarı,
Qovuşuğun
həndərindən keçəydim.
Pirbuladan
o tərəfə beş addım,
Beşikqaya,
canına can qataydım.
Amağuya
qədər gedib çataydım,
Çanaxçıdan,
Göyərçindən keçəydim.
Sağ tərəfdə
Lüləpərin ocağı,
Beş
addımda Qarabəyli bulağı,
Qabaxlıya
yetmək üçün, uzağı,
Kəsə
gedib Ələyəzdən keçəydim.
Əkin-biçin
halal evin dirəyi,
Kotanlıda
kəsəm buğda çörəyi.
Dağlar
görsün yağıların ürəyi,
Boynübükük
dağ Ərgəzdən keçəydim.
Sofuyolu,
izim səndə qalaydı,
Od
tutaydım, közüm səndə qalaydı.
Oxuyaydım,
sözüm səndə qalaydı,
Təpər
gələ, Kömürlüdən keçəydim.
Bir enəydim
Qızölənin başından,
Yol
tutaydım Cəvizlinin tuşundan.
Dastan
yazıb torpağından, daşından,
Ayısısi,
Göyqəcəldən keçəydim.
Dəyirmanda
axar suyu sovulan,
Adamları
perik düşən qovulan,
Haldan
düşən, ağzı-burnu ovulan,
Dərdi
batman lal Ərgəzdən keçəydim.
Adlayaydım
aşırımı, gədiyi,
“Şah
Abbas”da bir asaydım hədiyi.
Həsən
Mirzə dönə-dönə dediyi,
Bal qoxuyan
Əyricədən keçəydim.
Dərələyəz,
ana yurdum, mahalım,
Nə ki
dərdi-sərin varsa, mən alım.
Olmaz ondan
sonra möhnət, məlalım,
Bu yol ilə
Göyçəgöldən keçəydim.
AMEA-nın
prezidenti akademik İsa Həbibbəylinin M.Hüseynova
haqqında söylədiyi bir
fikirdə böyük bir həqiqət var: “Mahirə
Hüseynovanın dünyagörüşünün
formalaşmasında və taleyində görkəmli alim və
tanınmış ictimai xadim Həsən İbrahimoğlu Mirzəyevin xüsusi rolu
olmuşdur. Həm ailə mühitində, həm də elmi-ədəbi mühitdə
professor Həsən Mirzəyev Mahirə xanım
üçün əsl ustadlıq və müəllimlik
nümunəsi kimi qəbul edilmişdir. Filologiya elmləri
doktoru, professor Həsən Mirzəyevin elmi-pedaqoji mühitdə
və cəmiyyət həyatında sözsüz nüfuzu,
haqq sözünü axıradək müdafiə etməsi
çoxsaylı tələbələri və davamçıları kimi Mahirə
müəllim üçün də ibrətamiz dərslərə
çevrilmişdir”. Bu, bir həqiqətdir. Professor
M.Hüseynova dilçi-türkoloq Həsən Mirzəyevin Dərələyəzlə
bağlı tədqiqatlarını davam etdirərək zirvələrə
qaldırdı desək, heç də səhv etmərik.
Dərələyəz
Naxçıvan xanlığında, indi Ermənistan adlanan Qərbi Azərbaycanda
ta qədimdən yalnız azərbaycanlıların
yaşadığı mahallardan
biri kimi mənbələrdə aydın şəkildə əksini
tapır. Mahal indiki
Keşişkənd (Yeğeqnadzor) və Paşalı (Vayk)
rayonlarını əhatə edirdi. 1920-ci ilə qədər
Dərələyəz mahalı Azərbaycanın tərkibində
olmuşdur. Zəngəzur, Göyçə mahalları ilə
birlikdə Dərələyəz mahalı da Azərbaycandan
alınıb 1920-ci il noyabrın 29-da
Sovet Rusiyasının əli ilə yaradılan Ermənistan
SSR-nin tərkibinə verilib. Dərələyəz mahalı
indiki Ermənistanın Basarkeçər (Vardenis), Qaranlıq
(Martuni), Vedi (Ararat), Qarakilsə
(Sisyan), Azərbaycanın Sədərək, Şərur, Babək,
Şahbuz, Kəlbəcər rayonlarının əhatəsində
yerləşir. Dərələyəz toponimi Azərbaycan
dilində “iki dağ və ya təpə arasında,
çuxur” mənasında işlənən dərə
sözü ilə alagöz türk etnonimi əsasında
yaranmışdır.
Professor
M.Hüseynovanın Dərələyəzlə bağlı
ilk tədqiqatları “Həsən
Mirzəyevin yaradıcılığında filologiya məsələləri”
dissertasiyasında əksini tapır. Yeri gəlmişkən,
onu da qeyd edək ki, H.Mirzəyev ilk dəfə olaraq Dərələyəz
mahalının toponimlərini və şivələrini tədqiqata
cəlb etmişdir. M.Hüseynovanın məhz
fəlsəfə doktorluğu dissertasiyasında H.Mirzəyevin Dərələyəz
mahalının toponimlərinə, eləcə də Dərələyəz şivələrinə dair araşdırmalarına filoloji
münasibəti onun tədqiqatlarında Dərələyəz
mövzusuna əbədi bağlılığının
stimulu oldu. Bundan sonra Dərələyəzə dair tədqiqatlarının
miqyasını genişləndirdi. Belə ki “XIX-XX əsr Qərbi
Azərbaycan aşıq və el şairlərinin
yaradıcılığının dil və üslub
xüsusiyyətləri (Dərələyəz mahalı
üzrə)” mövzusunda tədqiqatlarını ümumiləşdirərək
2017-ci ildə uğurla doktorluq dissertasiyası müdafiə
etmişdir. Məhz ilk dəfə olaraq professor M.Hüseynova Qərbi
Azərbaycanın Dərələyəz mahalı aşıq
və el şairlərinin əsərlərinin dil və
üslub xüsusiyyətlərini
küll halında elmi aspektdə
araşdırmış, mahalın aşıq və el
şairlərinin əsərləri əsasında Dərələyəzin folklor mühiti ilə elmi ictimaiyyəti, eyni zamanda
oxucuları tanış etmişdir. Dissertasiyada XIX-XX əsrlərdə
yaşamış Dərələyəz mahalının
aşıq və el şairlərinin əsərlərinin
kontekstində Qərbi Azərbaycanda baş vermiş
ictimai-siyasi hadisələr elmi aspektdə geniş şəkildə
araşdırılmışdır. Bu tədqiqatda poetik
onomastika sahəsində araşdırmalara yeni elmi
baxış sərgilənmiş və poetik onomastika ilə
bağlı aparılan araşdırmaların yeni istiqamətləri
müəyyənləşdirilmişdir.
Professor
M.Hüseynovanın “Müasir Azərbaycan dili: Aşıq və
el şairlərinin yaradıcılığında dialektizmlərin
öyrədilməsinə dair (Dərələyəz
mahalı üzrə) (2015), “Aşıq və el şairlərinin
leksikası (monoqrafiya)” (2016),
“Aşıq və el şairlərinin üslubi
frazeologiyası (monoqrafiya)” (2017), “Aşıq və el
şairlərinin üslubi sintaksisi (monoqrafiya) (2017),
“Aşıq və el şairlərinin üslubi morfologiyası
(monoqrafiya)” (2017), “Aşıq və el şairlərinin
poetikası” ( 2017), “Müasir Azərbaycan
dili: Aşıq və el şairlərinin
yaradıcılığının dil, üslub xüsusiyyətləri
(Dərələyəz mahalı üzrə”) (2018), “XIX-XX əsrlər
Azərbaycan aşıq və el şairlərinin əsərlərinin
linqvistik təhlili” (2018) əsərləri bilavasitə qədim
Azərbaycan yurdu Dərələyəz mahalı ilə bağlıdır.
Alim Qərbi
Azərbaycan toponimlərinin
araşdırılmasına
daim xüsusi önəm verir və özü də
bununla bağlı sistemli tədqiqatlar aparır. Elə
2023-cü ildə çap olunmuş “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji
təhlili” monoqrafiyası elmi
tutumu ilə diqqəti cəlb edir və maraq doğurur.
Monoqrafiyada Qərbi Azərbaycanda türk mənşəli paleotoponimlərin tarixi köklərini,
fonetik, leksik, morfoloji tərkibini və semantik resurslarını
tarixi qaynaqlar əsasında elmi
müstəvidə tədqiqata cəlb etmişdir. Kitabda həmçinin
Dərələyəz mahalının etnotoponimlərinə də
ayrıca yer verilmişdir. Bu baxımdan Dərələyəz
mahalının türk mənşəli Ağdərə, Gökman,
Çul, Ardaraz, Keşişkənd və s. paleotoponimlərinin linqvistik aspektdə etimoloji təhlili
tamamilə yenidir və elmi həqiqəti özündə əks
etdirir.
Professor M.Hüseynova ilk dəfə olaraq XX əsrdə
Qərbi Azərbaycanın qədim
mahallarından biri olan Dərələyəz mahalında Azərbaycan
kəndlərinin, ərazinin köklü sakinlərinin-azərbaycanlıların erməni vandalizminin qurbanı
olduğunu tarixi faktlar əsasında
araşdırmışdır. O, bu
araşdırmalarını “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” (Bakı, 2024)
monoqrafiyasında ümumiləşdirmiş, Dərələyəz
mahalında xarabalığa
çevrilmiş kənd
adlarının tarixi-etimoloji təhlilini izah etmiş və elmi dəyəri ilə diqqəti
cəlb edən belə bir tədqiqat əsərini
oxucuların ixtiyarına vermişdir. Monoqrafiyada Dərələyəz
mahalının tarixən azərbaycanlıların
yaşadığı Kənzək, Gomur, Göyərçin,
Güneyvəng, Heşin, Horbadığ, Ağkilsə,
Axtacul, Canı, Amağu, Qabaxlı, Kotanlı, Köçbək,
Quşçu, Arpa, Bələk, Çivə və s. qədim
toponimlərin tarixini, Ermənistan dövlətinin urbisid və
etnosid siyasətindən, azərbaycanlıların Ermənistanın
etnik təmizləmə siyasətinin qurbanı olduğu
geniş və tarixi faktlarla
araşdırılmışdır. Ümumiyyətlə,
professor M.Hüseynova monoqrafiyada Dərələyəz
mahalının 100-dən çox türk mənşəli
toponimini tarixi-etimoloji aspektdə
təhlil etmiş, xüsusi elmi dəyəri olan nəticələri
ilə Qərbi Azərbaycan
toponimlərinin yeni istiqamətdə
araşdırılmasının əsaslarını müəyyən
etmişdir.
Professor
Mahirə Hüseynova Qərbi Azərbaycana, o cümlədən
doğma yurda - Dərələyəzə qayıtmaq arzusu ilə
yazıb yaradır. Onda olan bu inam gündən-günə
artır. Filologiya elmləri doktoru, professor Mahirə
Hüseynovaya yeni-yeni elmi və
bədii yaradıcılıq uğurları arzulayırıq.
Biz də
böyük əminliklə inanırıq ki, Ermənistan
dövləti tərəfindən min bir işgəncələrlə
Qərbi Azərbaycandan-tarixi-etnik torpaqlarından deportasiya
edilmiş 300 min azərbaycanlı ləyaqətlə öz
doğma yurdlarına qayıdacaq.
İbrahim
BAYRAMOV,
ADPU-nun
professoru, filologiya elmləri doktoru
Azərbaycan
müəllimi.- 2025.- 25 oktyabr, ¹40.- S.6.