Yeni pedaqoji təfəkkür işığında:
düşündürən məqamlar
XXI əsrdə təhsil anlayışı
klassik çərçivələri
aşaraq yeni məzmun, yeni yanaşma tələb edir. Əgər keçmişdə məktəbin
əsas vəzifəsi
şagirdə məlumat
ötürmək idisə,
bu günün məktəbi şəxsiyyət
formalaşdırmaqdan, həyati
bacarıqlar yaratmaqdan,
gələcəyi öyrətmək
kimi daha mürəkkəb missiyanın
həyata keçirilməsindən
ibarətdir. Məşhur
təhsilşünas Pasi
Salberq müasir təhsil düşüncələrini
bölüşərkən yazırdı ki, “təhsilin məqsədi şagirdlərə məlumat
ötürmək deyil,
onların düşünmə
və əməkdaşlıq
bacarığını inkişaf
etdirməkdir”. Odur ki, qloballaşma, rəqəmsal inqilab, əmək bazarının
dəyişməsi və
süni intellektin həyatımıza sürətlə
daxil olması artıq sadəcə bilik əldə etməyi deyil, öyrənməyi öyrətməyi
zəruri edir. Bu isə öz
növbəsində müasir
təhsilin tamamilə
yeni fəlsəfə
əsasında formalaşdığını
göstərir. Bu fəlsəfə isə aşağıdakı prinsiplərin
nəzərə alınmasını
tələb edir.
Şəxsiyyətyönümlülük. Təhsil hər bir şagirdin fərdi potensialını üzə çıxarmağa, onun maraq və ehtiyaclarına cavab verməyə yönəlir.
Kompetensiya əsaslılıq. Təhsilin məqsədi yalnız məlumat toplamaq deyil, onu tətbiq etmək, problem həll etmək, yaradıcılıq və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Bərabər imkanlar və inklüzivlik. Təhsil hər kəs üçün əlçatan, ədalətli və maneəsiz olmalıdır.
Dayanıqlı inkişaf dəyərləri. Təhsil cəmiyyətin sosial-iqtisadi rifahı ilə yanaşı, ekologiya, mədəni irs və insan haqları kimi sahələrə də məsuliyyətlə yanaşmanı öyrədir.
Ömürboyu öyrənmə fəlsəfəsi. XXI əsrin təhsili insanın yalnız məktəb illəri ilə məhdudlaşmır, bütün həyat boyu davam edən prosesə çevrilir.
Bu fəlsəfə həm də müəllimlərin rolunu dəyişir. Məlum olduğu kimi, müəllim indi yalnız bilik mənbəyi deyil, öyrənmə mühitinin təşkilatçısı, bələdçi, ilhamverici bir şəxsdir. Müəllim-şagird münasibətləri tərəfdaşlıq xarakteri daşıyır, şagird passiv dinləyici yox, öyrənmənin aktiv iştirakçısı kimi formalaşır.
Azərbaycan təhsilində aparılan son islahatlar - ümumi təhsil kurikulumları, müəllimlərin diaqnostik qiymətləndirilməsi, STEAM layihələri, rəqəmsal resursların istifadəsi, inklüziv təhsilin genişlənməsi göstərir ki, ölkəmiz bu fəlsəfəni qəbul etmiş və onun tətbiqi istiqamətində addımlar atmaqdadır. Lakin XXI əsr çağırışları bitmir. Süni intellekt, “ağıllı” texnologiyalar, distant və hibrid öyrənmə modelləri, sosial-emosional öyrənmə kimi sahələr təhsil fəlsəfəmizin daha da yenilənməsini tələb edir. Doğrudur, yeni elektron vasitələr, xüsusən “Süni intellekt müəllimləri əvəz etmir, amma onların işini dəyişdirir. Müasir təhsil fəlsəfəsi insanın yalnız bilik daşıyıcısı deyil, həm də yaradıcı qərar verən varlıq kimi yetişməsini hədəfləməlidir” (Andreas Şleyxer).
Bütün bunlar göstərir ki, XXI əsrin təhsili yalnız nəticəyə, prosesə, məzmuna deyil, dəyərlər sisteminə də yönəlməli, milli kimlik və ümumbəşəri dəyərlər arasında balansı qoruyaraq hər bir gəncin inkişafına xidmət etməlidir.
İnnovativ pedaqogika nədir?
“İnnovativ” sözü latınca innovatio - “yenilik, dəyişiklik gətirmə” deməkdir. Pedaqogika elmində isə bu anlayış təhsil prosesinin məqsəd, məzmun, metod, texnologiya və idarəetmə baxımından yenilənməsi, daha səmərəli və yaradıcı yanaşmaların tətbiqi kimi başa düşülür. Yəni innovativ pedaqogika sadəcə texniki vasitələrin sinfə gətirilməsi deyil, öyrətmə və öyrənmənin fəlsəfəsini dəyişmək deməkdir.
Ənənəvi pedaqogika uzun illər şagirdin əsasən bilik əldə etməsini və bu bilikləri yadda saxlamasını hədəfləyirdi. İnnovativ pedaqogika isə şagirdi öyrənmə prosesinin mərkəzinə qoyur və onun tənqidi düşünmə, əməkdaşlıq, kommunikasiya, yaradıcılıq, rəqəmsal savadlılıq kimi bacarıqlarını inkişaf etdirməyə yönəlir. Bu yanaşmada müəllim artıq məlumat ötürən deyil, öyrənmənin təşkilatçısı və motivasiyaedici lider rolunda çıxış edir.
İnnovativ pedaqogikanın əsas xüsusiyyətlərini belə qruplaşdırmaq olar:
Texnologiyaların inteqrasiyası: rəqəmsal
platformalar, virtual laboratoriyalar,
süni intellekt əsaslı öyrənmə
sistemləri.
Şagirdmərkəzli metodlar: layihə əsasında öyrənmə, “problem həlli”
yanaşması, tədqiqat
fəaliyyətləri.
Fənlərarası inteqrasiya: STEAM
(Elm, Texnologiya, Mühəndislik,
İncəsənət və
Riyaziyyat) və digər inteqrativ modellər.
Diferensiallaşdırılmış təlim:
fərqli qabiliyyət
və maraqlara uyğun fərdiləşdirilmiş
öyrənmə yolları.
Emosional
və sosial bacarıqların inkişafı:
empatiya, ünsiyyət,
əməkdaşlıq və
liderlik keyfiyyətlərinə
diqqət.
Kompentensiya əsaslı qiymətləndirmə:
şagirdlərin yalnız
biliyinə deyil, tətbiqetmə, yaradıcılıq
və problem həlletmə
bacarıqlarına qiymət
verilməsi.
Müasir
dünya təcrübəsi
göstərir ki, innovativ
pedaqogika həm akademik nəticələri,
həm də şagirdlərin təhsilə
marağını artırır.
Ken Robinsona görə,
innovativ pedaqogika yaradıcılığı və
marağı inkişaf
etdirir, bu isə nəticədə daha dərin öyrənmə və yüksək nəticələr
doğurur. Məsələn,
Finlandiya, Sinqapur, Estoniya kimi ölkələrdə
təhsil uğurlarının
əsas səbəblərindən
biri məhz innovativ yanaşmaların sistemli tətbiqidir.
Azərbaycan təhsilində də
son illərdə kurikulum
islahatları, elektron dərsliklər, “Rəqəmsal
bacarıqlar” və
STEAM mərkəzlərinin yaradılması, inklüziv
və distant təhsil
imkanlarının genişlənməsi,
müəllimlərin peşəkar
inkişaf proqramları
bu istiqamətdə mühüm addımlar kimi dəyərləndirilə
bilər. Lakin innovativ
pedaqogika yalnız texnologiya gətirməklə
bitmir. Bu, həm də müəllim hazırlığı, dərslərin
məzmunu, məktəb
mühiti və qiymətləndirmə mexanizmlərinin
yenilənməsi ilə
sıx bağlıdır.
Nəticə olaraq demək olar ki, innovativ pedaqogika gələcəyin
məktəbinin əsas
dayağıdır. Onun
uğurlu tətbiqi üçün həm elmi-metodoloji bazanın yaradılmasi, həm də dəyişikliklərə
açıq məktəb
mühiti və pedaqoqların yeni düşüncə
tərzinin olması zəruridir.
Biz onu yarada bilmişikmi?
İnnovativ pedaqogika haqqında
danışmaq asandır,
amma onu gerçək məktəb
həyatına tətbiq
etmək hər zaman çətin olmuşdur. İslahatların uğuru
yalnız yeni sənədlər,
qərarlar, proqramlarla
ölçülmür. Əsas
göstərici sinif otaqlarında baş verən dəyişikliklərdir.
Elə buna görə
də hər dəfə belə sual meydana çıxır:
“Biz innovativ pedaqogikanı
yaratmağa nə dərəcədə nail olmuşuq?”.
Əvvəla, etiraf etməliyik
ki, son onilliklərdə Azərbaycan
təhsili böyük
yol keçmişdir.
2008-ci ildən tətbiq
olunan ümumi təhsil kurikulumları şagirdyönümlü yanaşmanı
gücləndirmişdir. Elektron
dərsliklərin və
onlayn platformaların yaradılması dərs prosesini daha çevik etmişdir. STEAM
mərkəzləri, robototexnika
dərsləri, rəqəmsal
bacarıq kursları şagirdlərə yeni öyrənmə
mühiti bəxş etmişdir. Müəllimlərin
sertifikasiya və diaqnostik qiymətləndirilməsi,
onların peşəkar
inkişafına diqqət
də vacib addımlar kimi dəyərləndirilməlidir.
Bu nailiyyətlər göstərir
ki, innovativ pedaqogikanın
əsas elementləri artıq ölkəmizin təhsil sisteminin gündəlik praktikasına
daxil olmuşdur. Bütün bunlarla yanaşı, qarşıda
həllini gözləyən
bir sıra mühüm çağırışlar
da qalmaqdadır:
- metodik təminatda boşluqlar: kurikulumlarda nəzərdə tutulan layihə əsaslı öyrənmə, yaradıcı
tapşırıqların bəzən
sinifdə tam həyata
keçirilməməsi;
- müəllim hazırlığı:
müəllimlərin bəzilərinin
texnologiyadan istifadə
etməsində qarşıya
çıxan çətinliklər,
innovativ dərs modellərinə keçidin
bəzən formal xarakter
daşıması;
- qiymətləndirmə mexanizmləri:
şagirdin bacarıqlarının
və yaradıcılığının
qiymətləndirilməsində qarşıya çıxan
çətinliklər;
- infrastruktur fərqləri:
regionlar arasında məktəblərin texniki
təchizatı, internet imkanları
və əlavə təhsil resurslarına çıxışın bərabər
olmaması.
Bu reallıqlar bizə göstərir ki, innovativ pedaqogika bir prosesdir və onun yaradılması uzunmüddətli ardıcıl
iş tələb edir. Ənənəvi düşüncədən tamamilə
uzaqlaşmaq üçün
müəllimlər, valideynlər,
idarəçilər və
şagirdlər arasında
vahid pedaqoji mədəniyyət və
inam mühiti formalaşdırılmalıdır.
Düşündürən başqa bir məqam da budur ki, innovativ məktəb təkcə texnologiya ilə zəngin otaq deyil, yaradıcı düşüncənin, azad
ünsiyyətin, əməkdaşlığın
hökm sürdüyü
mühitdir. Bu mühit
olmadan texnologiyalar və yeni dərsliklər
yalnız forma olaraq qalır.
Beləliklə, bu gün biz deyə bilərik ki, Azərbaycan təhsili innovativ pedaqogikanın əsaslarını qoymuşdur,
amma onu tam formalaşdırmaq üçün
qarşıda keyfiyyət
dəyişikliyi və
pedaqoji mədəniyyətin
formalaşdırılması üçün xeyli iş aparılması tələb olunur.
(Ardı var)
Ənvər ABBASOV,
Bakı Slavyan Universitetində
rektorun məsləhətçisi,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2025.- 25 oktyabr, ¹40.- S.7.