Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən sayında)
Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu mənada təhsilə cəmiyyətdən təcrid olunmuş şəkildə qiymət vermək mümkün deyil və belə bir qiymət obyektivlikdən uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi olduğundan, cəmiyyətdə baş verən bütün proseslər son nəticədə təhsil sahəsindən də yan keçmir. Cəmiyyətin inkişafı təhsilin inkişafını da şərtləndirir və əsas amilə çevrilir. Tez-tez mənə Azərbaycanda təhsilin səviyyəsi barədə suallar verirlər, bu barədə mətbuatda çoxsaylı yazılar dərc olunur. Həmin suallara qısaca belə cavab verirəm ki, cəmiyyətimizin səviyyəsi necədirsə, təhsilimizin səviyyəsi də ona uyğun dəyişir və yeniləşir. Ona görə də təhsil sahəsində uğur qazanmaq, təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə cəmiyyətdə yeniləşmə, demokratikləşmə, inkişaf meyilləri olmalıdır. İnkarolunmaz faktdır ki, Azərbaycanda təhsilin inkişafı üçün əsas məsuliyyət təhsil işçilərinin, müəllimlərin, təhsili idarəetmə orqanlarının, ilk növbədə, Təhsil Nazirliyinin üzərinə düşür. Bu da təbiidir. Lakin yalnız onların səyləri ilə ölkədə təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkün deyildir. Dünyada olduğu kimi, təhsili inkişaf etdirmək üçün cəmiyyətin hər bir üzvü öz səlahiyyəti, qabiliyyəti, potensial imkanları çərçivəsində çalışmalı, milli mənafedən çıxış edərək vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.
Yeri gəlmişkən, son zamanlar tez-tez təkrar etdiyim ibrətamiz bir məsələni diqqətə çatdırmaq istəyirəm. Artıq 10 ildən çoxdur ki, Dünya Bankının dəstəyi ilə təhsilin ayrı-ayrı sahələrində islahatlar aparırıq və bu baxımdan tez-tez xarici ölkələrdə təlim kurslarında olur, beynəlxalq ekspertlərlə görüşür, müzakirələr keçiririk. Həmin ekspertlərdən biri - ixtisasca riyaziyyatçı olan finlandiyalı professorla görüşümü xüsusi qeyd etmək istəyirəm. Hamıya məlumdur ki, Finlandiya təbii sərvətləri zəngin olmayan, əhalisi nisbətən az olan bir ölkədir, lakin göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edilmişdir və beynəlxalq hesabatlarda da bu ölkə ilə bağlı sürətli inkişaf tendensiyalar öz əksini tapmışdır. Həmin ekspertdən Finlandiyanın inkişafının əsas səbəblərini soruşduqda, o, bir az düşünərək dedi ki, bunun birinci səbəbi təhsildir. Başqa səbəblərlə maraqlandıqda o, yenə bir az düşünüb ikinci səbəbin də, üçüncü səbəbin də təhsil olduğunu təkrar-təkrar vurğuladı. Həmin anda ixtiyari olaraq müqəddəs Qurani-Kərimdə öz əksini tapmış, "insan anadan olandan son mənzilədək oxumalıdır" kəlamını xatırladım. Yəni doğrudan da, təhsil cəmiyyətin inkişafında əsas, həlledici amillərdən biridir. Finlandiyanın inkişaf fenomeni ilə bağlı fikrimi davam etdirərək bir məsələni də qeyd etmək istəyirəm. Beş milyondan bir qədər çox əhalisi olan Finlandiyanın "Nokia" şirkətinin bir ildə ölkəyə verdiyi gəlir 300 milyondan çox əhalisi olan bütün islam dünyasının, neftdən gələn gəlirləri istisna olmaqla, ümumi gəlirindən bir neçə dəfə çoxdur. Bu, son zamanlar tədqiqatçıların və ekspertlərin daha çox istinad etdikləri biliyə, elmə əsaslanan iqtisadiyyata, insan kapitalının formalaşmasına ən parlaq nümunədir. Kiçik bir ölkə olan Finlandiya bir şirkətlə dünyaya meydan oxuyur.
Beynəlxalq ekspertlərlə daha çox müzakirə etdiyim məsələlərdən biri də təhsilin inkişafına təsir edən həlledici amillər olmuşdur. Maraqlıdır ki, mütəxəssislərin fikrincə, bu amillər içərisində təhsilin inkişafına təsir edən birinci və həlledici amil ailə hesab edilir. Həyat sübut edib ki, təhsilə diqqət və qayğı göstərilən ailələrdə formalaşan uşaqlar tərbiyə və təliminə görə hər zaman digərlərindən müsbət mənada seçiliblər. Əksinə, təhsilin əhəmiyyətini dərk etməyən, savadı, biliyi qiymətləndirməyən, problemli ailələrdən olan uşaqlar mənfi davranışı, zərərli vərdişlərə meyilliliyi, təhsilə, müəllimlərə və həmyaşıdlarına mənfi münasibətləri ilə fərqlənirlər.
Tədqiqatlarda təhsilin inkişafına təsir edən digər bir amil təhsilalanı əhatə edən ətraf mühit göstərilir. Həqiqətən də, şagirdin, tələbənin hansı mühitdə, kimlərin əhatəsində olması, kimlərlə ünsiyyət qurması onların formalaşması və inkişafına həlledici təsir göstərir. Bu sıralamada əsas yerlərdən birini də informasiya amili tutur, yəni təhsilalan hansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı və zəruridir. Nə qədər qəribə və maraqlı olsa da, aparılan tədqiqatlara əsasən təhsilin inkişafına təsir edən amillər içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təkrarən o fikrə qayıdıram ki, təhsilin inkişafına cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir.
Fikirlərimi bir az da konkretləşdirmək istəyirəm. Biz bütün təhsil pillələri üzrə yüksək keyfiyyətin təmin olunması baxımından qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün nə etməliyik? Bu sahəyə ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərilir. İlbəil təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi artırılır, təhsil şəraiti və mühiti yaxşılaşır, bu tendensiya davamlı xarakter daşıyır. Lakin bütün bu işlərin müqabilində təhsilin inkişafına maksimum əmək sərf edirikmi? Hesab edirəm ki, biz təhsil işçiləri, xüsusən ali məktəb müəllimləri yaradılmış bu əlverişli imkanlardan heç də həmişə səmərəli istifadə etmirik. Konkret misallar gətirmək istəyirəm. Hər il Avropa İttifaqı postsovet ölkələrində ali təhsilin, elmin inkişafı üçün müxtəlif proqramlar, o cümlədən TEMPUS, Erasmus Mundus və digər beynəlxalq layihələr vasitəsilə böyük məbləğdə vəsaitlər, qrantlar yönəldir. Burada əsas tələb ondan ibarətdir ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələrin ali məktəbləri Avropa ölkələrinin universitetləri ilə əməkdaşlıq əlaqələri yaratsınlar, elan edilən proqramlar əsasında dünyanın müxtəlif ölkələrindən olan üç universitetlə birgə layihələr hazırlayıb Avropa İttifaqının təhsil və elm komissiyasına təqdim etsinlər. Qayda belədir ki, həmin komissiyada baxıldıqdan və təsdiq edildikdən sonra universitetlər tərəfindən təqdim edilən layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılır. Sual oluna bilər, 90-cı illərin əvvəllərindən başlanılmış bu proqramlarda Azərbaycanın ali təhsil müəssisələri necə iştirak edirlər. Təhlil göstərir ki, ölkəmizin universitetlərinin bu proqramlar vasitəsilə cəlb etdiyi maliyyə resursları digər postsovet respublikalarının ali təhsil müəssisələrinin gəlirləri ilə müqayisədə dəfələrlə azdır. Nə qədər acı olsa da deməliyəm ki, inkişaf tempinə görə Azərbaycandan çox geridə qalan region ölkələrinin ali məktəbləri Avropanın universitetləri ilə əlaqələr qurmaqla, qarşılıqlı səfərlər təşkil etməklə, mübadilə proqramları həyata keçirməklə hər il bu proqramlardan milyonlarla dollar vəsait əldə edirlər, təhsil və elmin inkişafına yönəldirlər. Təəssüfləndirici haldır ki, müəyyən proqramlar həyata keçirilsə də, universitetlərimiz dünyanın, Avropanın yaratdığı bu imkanlardan səmərəli istifadə etmir, lazımınca bəhrələnmirlər. İstərdim ki, hər il 50 universitetimizin hamısı bu proqramlarda yaxından iştirak edib, Azərbaycanda təhsilin inkişafına vəsait cəlb etsinlər. Hesab edirəm ki, bu məsələ həm Təhsil Nazirliyinin, həm də universitetlərimizin qarşısında duran mühüm vəzifələrdəndir və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.
Bu günlərdə Azərbaycan
Dillər Universitetində Avropa Şurası ölkələrinin
Azərbaycandakı səfirlərinin iştirakı ilə
Milli TEMPUS məlumat gününə həsr olunan əhəmiyyətli
bir konfrans keçirilib, burada beynəlxalq keyfiyyətin təminatı,
2008-ci ildə Tempus proqramı üzrə təkliflərin nəticələri,
2009-cu ildə TEMPUS çərçivəsində
təkliflərin verilməsi, Azərbaycanda ən keyfiyyətli
TEMPUS layihələri, Erasmus Mundus Xarici Əməkdaşlıq
Pəncərəsi proqramında ölkə universitetlərinin
iştirak imkanları və Azərbaycanda TEMPUS və Milli
TEMPUS Ofisinin rolu kimi məsələlər müzakirə
olunub. Bir sıra obyektiv səbəblərdən
həmin konfransda iştirak etməsəm də, tədbirdəki
xarici təşkilatların nümayəndələrini qəbul
edib Azərbaycan universitetlərinin bu proqramlarda daha yaxından
iştirakı və daha çox sayda qrantların
qazanılması yolları barədə fikir mübadiləsi
apardım. Mənə verilən məlumata görə,
bu beynəlxalq konfransda ölkəmizin 50 universitetindən
yalnız ikisinin rektoru iştirak edib. Halbuki bütün ali təhsil
müəssisələrinin rəhbərləri həmin
konfransda iştirak etməli və öz təkliflərini irəli
sürməli idi. Fikrimcə, belə bir vəziyyətin
yaranması səbəblərindən biri də odur ki,
universitetlərimizdə beynəlxalq əlaqələrə məsul
olan prorektorların fəaliyyəti qənaətbəxş
deyil, onların əksəriyyəti yaşlıdır və
təşəbbüskar deyildir. Bu vəzifəni
tutan şəxslər gənc, bir və ya bir neçə
xarici dil bilən, müntəzəm olaraq xarici ali təhsil
müəssisələri ilə əməkdaşlıq əlaqələri
yaradan bacarıqlı şəxslər olmalı, beynəlxalq
proqramların lazımi səviyyədə aparılmasına rəhbərlik
edə bilməlidirlər.
Bu
gün Avropa təhsil məkanının formalaşması,
Avropaya inteqrasiya kontekstində ali təhsilin inkişafı və
qlobal əmək bazarına istiqamətləndirilməsi, ali təhsilin
keyfiyyətinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Boloniya Bəyannaməsinin tələblərinə uyğun
olaraq akademik və peşə dərəcələrinin
tanınması və akademik mobilliyi təmin edən mexanizmlərin
işlənməsi, təlim müddətlərinin,
ixtisasların uyğunlaşdırılması, Avropa təlim
standartlarından istifadə imkanlarının
yaradılması, ali təhsil sisteminin idarəedilməsinin təkmilləşdirilməsi,
təhsillə əmək bazarı arasındakı
qarşılıqlı əlaqəni, qloballaşma şəraitində
tələbələrin həyata və fəaliyyətə
hazırlanmasını təmin edəcək təlim
konsepsiyasının reallaşdırılması əsas fəaliyyət
istiqamətləri olmalıdır.
Azərbaycanın
Boloniya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq,
hesab edirəm ki, ötən müddət ərzində
universitetlərimizin bu istiqamətdə fəaliyyəti qənaətbəxş
sayıla bilməz. Dövlət ali məktəblərində
təhsil alan tələbələrin yalnız 25 faizi Boloniya
Bəyannaməsinin əsas müddəalarından olan tədrisdə
kredit sistemi ilə təhsil alır. Bu bizi qane edə bilməz.
Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, Azərbaycan
Dillər Universiteti yeganə ali məktəbdir ki, öz fəaliyyətini
bütünlüklə Boloniya Bəyannaməsinin tələblərinə
uyğunlaşdırmağa səy göstərir, kredit
sisteminin tətbiqi, müəllim-tələbə münasibətlərinin
tənzimlənməsi, müəllimlər üçün
sistemli treninqlərin təşkili, informasiya-resurs mərkəzinin
yaradılması və onun imkanlarından istifadəsi və
digər sahələrdə uğurlu addımlar atır.
Təəssüfləndirici haldır ki, cəmiyyətimizdə belə bir yanlış fikir də formalaşıb, bir çoxları düşünürlər ki, ümumi orta təhsil kimi ali təhsil də icbaridir. İcbarilik anlayışı da özünəməxsus şəkildə şərh edilir. Ölkə Konstitusiyasında təsbit olunmuş icbarilik o deməkdir ki, dövlət 11 il ərzində şagirdlər üçün pulsuz təhsil almaq üçün şərait yaradır. Bir çoxları isə orta təhsilin icbariliyini, savad səviyyəsindən asılı olmayaraq, məktəbi bitirənlərin hamısına mütləq qaydada attestat verilməsi kimi başa düşürlər. Bu yanlış təsəvvürü aradan qaldırmaq çox vacibdir. Necə ola bilər ki, şagird məktəbə zəif gəlsin, dərslərə hazırlaşmasın, təhsilə laqeyd münasibət göstərsin, nəticədə isə attestat alsın. İnkişaf etmiş ölkələrdə heç bir valideyn xahiş və təzyiq etməz ki, onun uşağı savadsız qaldığı halda təhsil sənədi alsın. Attestat almaq üçün şagird müəyyənləşdirilmiş minimum standartlar səviyyəsində fənlər üzrə imtahan verməli və müvəffəq qiymətlər almalıdır. İmtahanlar zamanı zəruri səviyyədə bilik mümayiş etdirməsə, istənilən nəticəni göstərə bilməsə təhsil sənədi almamalıdır. Müqayisə üçün deyək ki, ən inkişaf etmiş ölkələrdə belə orta məktəb məzunlarının heç də hamısı təhsil sənədi almır.
Orta
təhsildə mövcud olan bu problem ali təhsildə
də var. Əvvəllər ali məktəbi bitirib diplom
alanların sayı qəbul olanların sayından xeyli az idi. Təhsil müddətində tələbələrin
bir qisminin universitetdən xaric olunması, bəzilərinin
dövlət imtahanını verə bilməyib kursda
qalması kimi səbəblərdən diplom ala bilməyənlərin
sayı üstünlük təşkil edirdi. O dövrdə
ali məktəbə daxil olanların
yalnız 60-70 faizi diplom ala bilirdi. Dünyada da
bu gün belədir. İndi isə ölkəmizin bir
sıra ali məktəblərində qəbul
olunanların 100 faizi ali məktəbləri bitirib diplom
alır. Əgər tələbə 4 il oxuyub diplom almırsa,
onun valideynləri narazılıq edir, ali məktəb rəhbərinə
təzyiq vasitələrinə əl atır və tələb
edirlər ki, övladı 4 il universitetə gedib-gəlib, ona
hökmən diplom verilməlidir. Düşünürəm
ki, bu stereotipdən əl çəkməyin vaxtı
çatmışdır. Cəmiyyətimizin hər bir
üzvü bilməlidir ki, ali məktəbə
qəbul olan tələbə orada təhsil alıb yalnız
müvafiq standartlar həcmində bilik və bacarıqlar
nümayiş etdirdiyi halda ona ali təhsil haqqında sənəd
verilir.
Problemlərdən
biri də onunla bağlıdır ki, bu gün biz daha çox
ali məktəblərə qəbula diqqət
yetirir, təhsilin keyfiyyəti, universiteti bitirəcək
mütəxəssislərin hansı bilik və bacarıqlara
malik olmasını isə təəssüf ki, ikinci plana
keçiririk. Fikrimcə, ali məktəblərdən
çıxış, yəni təhsil müəssisələrini
bitirmək məsələsi daha ciddi nəzarətə
götürülməli, burada elə mexanizmlər tətbiq
edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar. çünki ali məktəbi bitirən gənc
birbaşa istehsalata, məktəbə, xəstəxanaya,
iqtisadiyyatın müxtəlif sahələrinə işləməyə
gedir. Bəzi valideynlər yanlış olaraq
düşünürlər ki, onların övladları ali və orta məktəblərdə təhsil
alarkən bilik, savad göstərməklə deyil, başqa
vasitələrlə qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada müəllimi
təhrik edirlər ki, övladı oxumasa da ona qiymət
yazılsın, bacarığı olmaya-olmaya ona təhsil
haqqında sənəd verilsin. Bütün müəllimlərə,
həm ali, həm də orta məktəblərdə
çalışanlara, övladları universitet və
ümumtəhsil məktəblərində oxuyan valideynlərə
müraciət edib demək istəyirəm ki, təhsil
haqqında sənədi almağın bir yolu var, yaxşı
oxumaq, tədris plan və proqramlarında nəzərdə
tutulan bilik və bacarıqlara yiyələnərək imtahan
verib müvəffəq qiymət almaq. Heç kim
başqa yol axtarmasın, çünki digər yol
yanlış yoldur və bu yol bizi yalnız tənəzzülə
apara bilər. Cəmiyyətin hər bir
üzvü bilməli və çalışmalıdır ki,
yalnız müvafiq bilik və bacarığı olan şəxslər
təhsil sənədi ala bilərlər.
Mən orta məktəb rəhbərləri ilə
yanaşı, universitetlərimizin rektorları ilə də
tez-tez görüşür, burada sadalanan və sadalanmayan
problemləri müzakirə edir, çıxış
yolları axtarırıq. Onu da qeyd edim ki, fəaliyyətin
uğurlu olması, kadr hazırlığının keyfiyyətinin
təmin olunması ali təhsil müəssisəsinin
rəhbərindən, onun idarəetmə metodlarından xeyli
asılıdır. Azərbaycan Dövlət
Pedaqoji Universitetinə iki ildir ki, yeni rektor təyin olunub.
Lakin bu qısa müddət ərzində
universitetdə xeyli müsbət dəyişikliklər baş
verib, keyfiyyətə nəzarətin yeni mexanizmləri tətbiq
olunmağa başlanılıb. Nəticədə
qış imtahan sessiyasında tələbələrin
yalnız 40 faizi müvəffəq qiymətlər alıb.
Hesab edirəm ki, bu göstərici
reallığı əks etdirir. Əlbəttə,
məqsədimiz o deyil ki, tələbələrin 60 faizini
universitetdən xaric edək. Əsas
amalımız ondan ibarətdir ki, hər bir tələbə
də, müəllim də, valideyn də dərk etsin ki, yalnız
müvafiq səviyyədə bilik nümayiş etdirənlər
müvəffəqiyyət əldə edəcəklər.
Rektorlarla müzakirə etdiyim ən
ağrılı məsələlərdən biri də məhz
odur ki, müəllimə və təhsilə
başucalığı gətirməyən neqativ hallar necə
aradan qaldırılmalıdır. Dünya
təcrübəsinin təhlilindən gəldiyim qənaət
budur ki, neqativ halların aradan qaldırılmasının
yeganə yolu təhsilin bütün pillələrində ədalətli,
obyektiv imtahanların keçirilməsidir. Bu imtahanların keçirilməsinə müdaxilə
edilməməli, təhsil müəssisələrinə idarəetmə
sahəsində geniş müstəqillik verilməli, keyfiyyətə
nəzarət isə gücləndirilməli, bu sahədə
müasir mexanizmlər tətbiq olunmalıdır. Yalnız girişdə deyil, aralıq mərhələlərdə
və çıxışda da müasir attestasiya mexanizmləri
tətbiq edilməlidir.
Hazırda
ölkəmizdə yeddi ali təhsil müəssisəsinə
muxtariyyət hüququ verilib. Onlar dövlət
büdcəsindən ayrıca sətirlə maliyyələşirlər.
Bu status ali məktəblərin
inkişafına müsbət təsir edən vacib amildir. Təhsil Nazirliyinin mövqeyi belədir ki, gələcəkdə
bütün universitetlərə muxtariyyət hüququ verilməlidir.
Amma təəssüf ki, bəziləri ali
məktəbin muxtariyyətini rektorun muxtariyyəti kimi
başa düşürlər. Muxtariyyət
bütövlükdə təhsil müəssisəsinin
müstəqilliyidir, bütün fəaliyyət istiqamətləri
üzrə sərbəstliyidir, yəni universitetdə rektor,
prorektor, kafedra müdiri, dekan, müəllim öz vəzifə
funksiyalarını sərbəst icra etməli, qərarlar isə
kollegial qəbul edilməlidir.
Ali
təhsilin inkişafı sahəsində tədbirlərin daha
sistemli şəkildə aparılması, bütün
maraqlı tərəflərin rəy və təkliflərinin
dinlənilməsi məqsədilə yaxın günlərdə
ali təhsillə bağlı "dəyirmi
masa"nın keçirilməsi ilə əlaqədar
hazırlıq işləri görürük. Bu
məqsədlə mütəxəssislərdən ibarət
işçi qrupu da yaratmışıq, bir neçə dəfə
yığışıb müzakirələr
aparmışıq. Mən bu "dəyirmi
masa"ya çox ciddi əhəmiyyət verirəm.
İstəyirəm ki, keçiriləcək bu tədbir Azərbaycanın
ali təhsil tarixində yaddaqalan bir hadisə
olsun. "Dəyimi masa"da irəli sürüləcək
təkliflər və tövsiyələr əsasında ali təhsilin inkişafı ilə
bağlı real mexanizmlər işləyib hazırlamalıyıq.
Bu mexanizmləri hazırlamaq üçün isə, ilk
növbədə, ölkəmizdə ali təhsil
sahəsində mövcud vəziyyəti öyrənməli, əsaslı
təhlillər aparmalı, universitetlərimizdəki vəziyyəti
dünyanın aparıcı ali təhsil müəssisələri
ilə müqayisə etməliyik. Bu istiqamətdə
artıq bir sıra müqayisəli təhlillər
aparmış, bir sıra ciddi problemləri aşkar
etmişik. Onlardan bəziləri ilə ictimaiyyəti
Araşdırmalar
göstərdi ki, qonşu Gürcüstanda 1 ali məktəb
müəlliminə 25,5, çexiyada 20,4, Estoniyada 16, Ukraynada
14,1, Azərbaycanda isə 7,3 tələbə
düşür. Göründüyü kimi, ölkəmizdə
müəllimlərin sayı qonşu ölkələrlə
müqayisədə 3-4 dəfə çoxdur. Yəni ehtiyac
olmadan müəllimlər işə
götürüldüyündən dövlət büdcəsindən
ayrılan vəsaiti real tələbatdan dəfələrlə
artıq sayda müəllimlər arasında bölmək məcburiyyətində
qalmışıq. Əlbəttə, mən onun tərəfdarı
deyiləm ki, minlərlə müəllimi işsiz qoyaq. Lakin
süni sıxlığın yaradılması da keyfiyyətli
təhsilə mane olan amillərdən biridir. Bununla əlaqədar
hər zaman dediyim bir fikri yenidən təkrarlamaq istəyirəm
ki, bu məsələdə yeganə çıxış
yolu təhsil müəssisələrinin adambaşına
maliyyələşmə sisteminə keçməsidir. Belə
olarsa, həmin problem öz-özünə həll olunacaq.
Başqa
bir məqamı vurğulamaq istəyirəm. ölkənin 24
dövlət ali məktəbində 12 minə yaxın
professor-müəllim heyəti çalışır. Onlardan
656 nəfərinin yaşı 30-dək, 2016 nəfərinin
30-40-dək, 2500 nəfərinin 40-50-dək, 2957 nəfərinin
50-60-dək, 3700 nəfərinin yaşı isə 60-dan
yuxarıdır. Göründüyü kimi, ali məktəblərimizdə
gənc alimlərin sayı çox azdır, 30 yaşadək
müəllimlər arasında bir nəfərin də elmlər
doktoru dərəcəsi yoxdur. Deməli, elmi dərəcəsi,
elmi adı olan ali məktəb müəllimlərinin əksəriyyəti
yaşlı adamlardır. Bu barədə ciddi
düşünməli, kadrların seçilib yerləşdirilməsi
sahəsində siyasətimizdə ciddi korrektələr etməliyik.
Dünyada davamlı inkişaf səviyyəsi müəyyənləşdirilərkən
hər bir ölkədə əhalinin sayına nisbətən
ali təhsillilərin çəkisi əsas indikator kimi nəzərə
alınır. Bu sahədə aparılan təhlillər
göstərir ki, Azərbaycanda ali təhsilin kütləviliyi
sahəsində digər ölkələrlə müqayisədə
gerilik müşahidə olunur. Hazırda hər 10 min əhaliyə
ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada
233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449,
Qırğızıstanda 447, Moldovada 351, Gürcüstanda
321, Ermənistanda 304 tələbə düşür. Azərbaycanda
isə bu göstərici 152 tələbədir.
Həmin
ölkələr üzrə əhalinin ümumi sayına tələbə
nisbəti də Azərbaycandakından xeyli yüksəkdir. Belə
ki, bu nisbət Rusiyada 5,1, Qazaxıstanda 5,0, Gürcüstanda
3,2, Azərbaycanda 1,6 faizdir. Həmin göstərici üzrə
MDB ölkələri arasında Azərbaycan yalnız özbəkistanı
(1%) və Türkmənistanı (0,2%) qabaqlayır. Bununla belə,
respublikanın iqtisadi inkişaf tempi, hökumətin təhsilə
diqqət və qayğısı, təhsil sahəsində əldə
edilmiş beynəlxalq təcrübə və əhalinin
marağı və təhsilalma imkanlarının genişləndirilməsi
zəruriliyi keyfiyyətə xələl gətirməmək,
təhsil müəssisələrinin maddi-texniki
bazasını genişləndirmək şərtilə əhalinin
hər 10 min nəfəri üzrə ali məktəblərdə
təhsil alan tələbələrin sayının, əhali
sayına tələbə nisbətinin artırılması
istiqamətində səmərəli addımların
atılması da qarşıda duran vəzifələrdəndir.
Daha
bir vacib məsələyə toxunmaq istəyirəm. Dünyada
ali məktəblərin reytinqi müəyyənləşdirilərkən
bir neçə amil əsas götürülür. Bu amillərdən
biri həmin universitetlərdə ali təhsilin ikinci pilləsində,
yəni magistratura pilləsində təhsil alanların
sayıdır. Azərbaycanda bu məsələ
normativ-hüquqi aktlarla tənzimlənir. Yəni həmin sənədlərdə
göstərilir ki, ali məktəblərin magistratura pilləsinə
ümumi tələbə sayının 20 faizindən artıq
qəbul aparıla bilməz. Mən bunu mənfi hal hesab edirəm.
Yəni magistrlərin sayı normativ-hüquqi sənədlərlə
deyil, ali məktəblərin imkanları, kadr potensialı,
maddi-texniki və tədris bazası, laboratoriyaları ilə
müəyyən olunmalıdır.
Hazırda
ali məktəblərin reytinqinin müəyyənləşdirilməsində
həlledici amillərdən biri də universitetlərdə təhsil
alan əcnəbi tələbələrin sayıdır. Müxtəlif
mədəniyyətlərin qovuşduğu yerdə
inkişafın labüd olması faktı burada xüsusi qeyd
olunur. XX əsrin 40-cı illərindən başlayaraq
aparıcı dünya dövlətləri təhsili öz
xarici siyasətlərinin mühüm tərkib hissəsi kimi dəyərləndirməyə
başlamışlar. 2005-ci ilin tədqiqatlarında göstərilir
ki, dünya üzrə əcnəbi tələbələrin
ümumi sayı 2 milyon nəfər olmuşdur. Dünyada təhsil
ixracının lideri isə ABŞ-dır və beynəlxalq
bazarın 30 faizi ona məxsusdur. Amerika universitetlərinin əcnəbi
tələbələrdən qazandığı vəsait
ABŞ hökumətinin ali təhsil müəssisələrinə
yönəltdiyi büdcə vəsaitlərindən 15 dəfə
çoxdur.
Bu
baxımdan ölkəmizin ali təhsil müəssisələrində
hazırda 7 mindən çox əcnəbi tələbə təhsil
alır. Onların 80-90 faizi İran və Türkiyə vətəndaşlarıdır.
Əlbəttə, bu, bizi qane edə bilməz. Ali məktəblərimiz
o qədər inkişaf etməli, təhsilin keyfiyyəti o səviyyədə
yüksəlməlidir ki, inkişaf etmiş ölkələrdən
universitetlərimizdə təhsil alanlar üstünlük təşkil
etsinlər.
Başqa
bir vacib amil isə dövlətin büdcəsindən təhsilə,
o cümlədən ali təhsilə ayrılan vəsaitin həcmidir.
ABŞ-da təhsil sektoruna dövlət büdcəsindən
13,5 faiz, ali təhsilə isə 1,3 faiz vəsait
ayrılır. Azərbaycanda cari ildə təhsilə büdcənin
10,1 faizi, ali təhsilə isə 0,8 faizi həcmində vəsait
ayrılıb. Təhsilin inkişafında bir tələbəyə
dövlət büdcəsindən çəkilən xərc də
çox önəmlidir.
Məsələn,
Amerikada bir ildə bir tələbəyə 24370 dollar vəsait
xərcləndiyi halda, Azərbaycanda bu məbləğ 3260
manat təşkil edir.
Ümumdaxili
məhsuldan Azərbaycanda ali təhsilə 0,3 faiz
ayrılır. Bu rəqəm
Danimarkada 2,5, Böyük Britaniyada 1,1,
Malayziyada 0,8 faizdir. Bu amilin də ali təhsilin
və bütövlükdə təhsilin inkişafında
çox böyük rolu var.
Ali təhsil müəssisələrinin fəaliyyətinə
qiymət verərkən məzunların işlə təmin
olunması əsas göstərici kimi nəzərə
alınmalıdır. Təəssüf ki, bir sıra ali məktəblərin
rəhbərləri məzunlarının müvafiq işlə
təmin olunması istiqamətində ciddi addımlar
atmırlar, bu vacib məsələyə laqeyd münasibət
göstərirlər. Hesab edirəm ki, ali
məktəblər və işəgötürənlər
arasında yeni münasibətlər formalaşmalı və
bu əməkdaşlıq ilboyu davam etməlidir.
Ali təhsilin inkişafına mənfi təsir edən
amillərdən biri də universitetlərin maddi-texniki
bazasıdır. Doğrudur, bu sahədə son illər
xeyli işlər görülüb və inkişaf göz
qabağındadır. Bununla yanaşı etiraf etmək
lazımdır ki, ali məktəblərimizin
əksəriyyətinin tədris bazası təlimin keyfiyyətini
təmin etmək baxımından hazırkı dövrün tələblərini
ödəmir.
Belə
ki, hazırda ölkəmizin ali təhsil
müəssisələrinin əksəriyyəti ikinövbəli
rejimdə fəaliyyət göstərir. Belə
vəziyyət isə təhsilin keyfiyyətinə mənfi təsir
etməklə yanaşı, Avropa təhsil standartlarına
uyğunlaşma prosesinə mane olur. Ali məktəblər
hər il tələbə qəbulu
planının artırılması barədə təkliflər
verirlər, lakin fikrimcə, keyfiyyətli təhsil
üçün şəraitin yaradılması daha vacib məsələdir.
Problemin aradan qaldırılması
üçün universitetlərin infrastrukturunun və tədris
bazasının genişləndirilməsi istiqamətində tədbirlər
görülməlidir.
Təlimdə
İKT-nin tətbiqinin artıq zərurətə
çevrildiyi bir vaxtda ali məktəblərimizin
əksəriyyətində bu vacib məsələyə yetərincə
diqqət yetirilmir. Müasir tələbə
yalnız mühazirələri dinləməklə, seminarlarda
iştirak etməklə savadlı mütəxəssis kimi
yetişə bilməz. Geniş informasiya məkanına
daxil olmasına şərait yaradılmaqla bərabər, tələbədə
elektron vasitələrdən istifadəyə marağın
oyadılması çox vacibdir. Boloniya Bəyannaməsinin
zəruri müddəalarından biri də məhz bundan ibarətdir.
Elmi-texniki tərəqqinin sürətli
inkişafı, informasiya cəmiyyətinin yaranması indiki
zamanda müəllim-tələbə münasibətlərinin
mahiyyətini xeyli dəyişib. Müəllimin
əsas funksiyası get-gedə daha çox istiqamətverici
xarakter alır, o, tələbəyə necə öyrənməyin
yollarını göstərməli, aldığı bilikləri
təhlil və tətbiq etmək bacarıqları
aşılamalıdır. Bu mənada
müəllim özü də, təlim üsulları da dəyişməlidir.
Əgər müəllimin mühazirəsi
vaxtı keçmiş məlumatlara əsaslanırsa və tələbə
üçün maraqlı deyilsə, hansı səmərəlilikdən
danışmaq olar? Biz tələbələri
bunları dinləməyə məcbur etməklə nə
qazanırıq? Düşünürəm
ki, bu məsələ ətrafında ciddi fikirləşmək
lazımdır. ödənişli təhsildən
və digər mənbələrdən əldə olunmuş
vəsaitlər informasiya məkanının
yaradılmasına, müasir avadanlıqlarla təchiz
edilmiş laboratoriyaların qurulmasına yönəldilməlidir.
Təhlil
göstərir ki, ali təhsilin zamanın
tələblərinə uyğun qurulması, keyfiyyətinin
yüksəldilməsi, maliyyələşdirilməsi və
idarəolunmasının təkmilləşdirilməsi, bu sahədə
əməkdaşlığın və beynəlxalq əlaqələrin
genişləndirilməsi bütün ölkələr
üçün ümumi problemlərdir. Həmin
problemlərin həlli yollarının axtarılması və
tədricən aradan qaldırılması isə vahid bir məqsədə
- bütün fəaliyyət sahələrində
inkişafın hərəkətverici qüvvəsinə
çevrilə bilən mütəxəssislərin
hazırlanmasına yönəlməlidir.
Müasir mütəxəssisi şərtləndirən
başlıca xüsusiyyət onun əmək bazarının tələblərinə
cavab verməsidir. Bunun üçün hazırda ali təhsil
müəssisələrində daha çox diqqət yetirilən
nəzəri hazırlıq kifayət deyil, digər bacarıq
və keyfiyyətlər də tələb olunur. Onların
sırasında mütəxəssisin tənqidi təfəkkürə,
mədəni-intellektual səviyyəyə, İKT-dən
istifadə və birgəfəaliyyət bacarıqlarına
malik olması, daim öyrənməyə və ixtisas səviyyəsini
təkmilləşdirməyə meyil göstərməsi,
yaradıcılığı, təşəbbüskarlığı,
əməksevərliyi, intizamlılığı ilə fərqlənməsi,
sağlam rəqabətə dözümlü olması,
müstəqil qərarlar qəbul etməsi, bəşəri
və milli dəyərləri qiymətləndirə bilməsi
geniş miqyasda birmənalı qəbul edilən xüsusiyyətlərdir.
Məlumdur
ki, bu cür bacarıq və keyfiyyətləri özündə
birləşdirən mütəxəssis
hazırlığını ali təhsil
müəssisələrində verilən təhsil müddəti
ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Ona
görə də insanın bütün həyatı boyu fasiləsiz
təhsil almasına şəraitin yaradılması, onun
biliyinin, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi
ali təhsilin mühüm vəzifələrindən
biri kimi qarşıya qoyulur. Təhsil ekspertləri
fasiləsiz təhsili inkişafın təmin olunmasında həyati
məsələ səviyyəsində qiymətləndirirlər.
Artıq belə bir fikir formalaşmışdır ki,
universitetlərin və digər ali təhsil
müəssisələrinin statusu yüksəldilməklə
onlar tədricən elmi-tədqiqat, peşə
hazırlığı, fasiləsiz təhsil mərkəzlərinə
çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri
əmək bazarında yaranan tendensiyaların, eləcə də
elm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin
öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis
hazırlığının yeniləşdirilməsi prosesinə,
bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə,
gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi
problemlərin həllinə daha geniş cəlb etməkdən
ibarətdir.
Mütəxəssis
hazırlığından danışarkən ali
təhsil müəssisələrində hazırda mövcud
olan dərslik probleminə toxunmamaq mümkün deyil.
Reallıq bundan ibarətdir ki, bu gün ali
məktəblərimizin dərsliklərlə təminatında
heç bir sistem yoxdur, bu proses pərakəndə xarakter
daşıyır. Yeni dərsliklərin
hazırlanması sifarişlə deyil, yalnız
ayrı-ayrı müəlliflərin təşəbbüsü
əsasında yazılır. Bununla bağlı hesab
edirik ki, ayrı-ayrı istiqamətlər üzrə zəruri
dərsliklərin dövlət hesabına çapı, eyni
zamanda ali məktəblərin ödənişli
təhsildən əldə etdikləri gəlirin bir hissəsinin
bu sahəyə yönəldilməsi, elektron dərsliklərin
və kitabxanaların yaradılması vaxtı
çatmışdır.
Ölkəmizin kadr
hazırlığını təmin edən ali təhsil
müəssisələrinin əsas məqsədi və vəzifəsi
yüksək peşəkarlığa malik və müstəqil
əmək fəaliyyətinə qadir olan mütəxəssis
yetişdirməkdir. Bu isə təhsilalanlara həm
nəzəri biliklərin öyrədilməsi, həm də
praktik vərdişlərin aşılanması vasitəsilə
həyata keçirilir. Sirr deyil ki,
qazanılan yüksək keyfiyyətli nəzəri biliklər
praktik vərdişlərlə möhkəmləndirilməsə,
istənilən səviyyəli mütəxəssis
hazırlamaq mümkün olmaz. Hazırlanan
mütəxəssislərin ilkin praktik vərdişləri isə
onlara təlim dövründə istehsalat təcrübəsinin
keçirilməsi zamanı aşılanır. Son dərəcə vacibliyini nəzərə alaraq,
bu məsələni nazirliyin kollegiyasında geniş müzakirə
etdik. Təhlil göstərdi ki,
qeyri-pedaqoji sahələrdə istehsalat təcrübəsinin
təşkili imkanları məhduddur, pedaqoji ixtisaslar üzrə
təcrübənin təşkilində isə əksinə,
mövcud imkanlardan səmərəli istifadə olunmur.
(Ardı
var)
Misir Mərdanov
Azərbaycan
müəllimi.-2009.-24 aprel.-S.3, 4.