İlk professional təhsilli Azərbaycan bəstəkarı
Azərbaycan klassik musiqisinin yaradıcılarından, öz xidmətləri ilə adlarını musiqi incəsənətimizin tarixinə əbədilik həkk etmiş sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Asəf Zeynallı olur. İlk professional təhsilli Azərbaycan bəstəkarı, simfonik musiqimizin banisi, görkəmli pedaqoq, musiqi folklorumuzun
toplayıcısı və tədqiqatçısı, xalq musiqimizin alovlu təbliğatçısı olan Asəf Zeynallı milli musiqimizin təşəkkülü və tərəqqisində misilsiz rol oynamışdır. Bu il anadan olmasının 100 illiyinin musiqi ictimaiyyətimizin təntənə ilə qeyd etməyə hazırlaşdığı Asəf Zeynallı cəmi 23 il ömür sürsə də, Tanrının ona verdiyi tükənməz istedad və enerji, xalqa və onun musiqisinə bəslədiyi sonsuz məhəbbəi sayəsində cəmi 6-7 illik yaradıcılıq fəaliyyəti dövründə çoxlarının 50 ildə görə bilmədiyi işi görmüş, özündən sonra qərinələrin sınağından cəsarətlə çıxan və həmişə təravətini saxlayan bir irs qoyub getmişdir.
Asəf
Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin
5-də yurdumuzun qədim şəhərlərindən olan Dərbənddə
bağban ailəsində anadan olmuşdur. Asəf
hələ körpə ikən atası Zeynalabdin rəhmətə
getmiş, gələcək bəstəkarı anası Həsbənd
xanım böyüdüb tərbiyə etmişdir. Toxucu işləyən Həsbənd xanım ailəni
- özünü və üç oğlunu güclə
dolandırdığından Asəfin uşaqlıq
dövrü çox ağır keçmişdir. Həyatın bu ağırlığını,
çətinliyini yüngülləşdirən yeganə
şey isə Zeynallılar ailəsində daim eşidilən
musiqi səsi olmuşdur. Asəfin anası
Həsbənd xanım xalq musiqisinin vurğunu idi və o vaxt
Azərbaycan qadınlarının çox sevdiyi qarmonda məharətlə
çalırdı. Məhz bu ifa hələ
erkən uşaqlıq dövründə Asəfdə musiqiyə
dərin məhəbbət yaratmış və onun qəlbində
gələcəkdə musiqiçi olmaq arzusu
oyatmışdı. Həsbənd
xanımda xüsusi ifaçılıq məharəti
vardı və musiqi sahəsindəki fitri istedadı da Asəfə
yəqin ki, anasından keçmişdi. Balaca
Asəf anasının ifa etdiyi xalq mahnılarına uzun
müddət maraqla qulaq asardı.
Üzləşdikləri maddi çətinliyə
baxmayaraq, Həsbənd xanım 7 yaşlı Asəfi Dərbənd
realnı məktəbinə qoyur. Təbiətən
oxumağa, öyrənməyə həvəsi olan Asəf
tezliklə realnı məktəbdə öz fəallığı,
təlim uğurları, hər şeyi öyrənməyə
can atması ilə seçilir və məktəbin ictimai həyatında
fəal iştirak edir. Asəf dərsləri
ilə yanaşı, musiqiyə də xüsusi fikir verirdi.
O, oxuduğu realnı məktəbin nəfəs alətləri
orkestrinə yazılaraq burada klarnet çalmağa
başlayır. Tezliklə yaxşı
ifaçı kimi tanınır.
Ötən əsrin ikinci onilliyinin ortalarında birinci
dünya müharibəsindən məğlubiyyətlə
çıxan Rusiyanın hər yerində vəziyyət
ağırlaşır, insanların güzəranı daha da
pisləşir. 20-ci illərin əvvəllərində daha da
yoxsullaşan Zeynallılar ailəsi, daha doğrusu ailənin
başçısı Həsbənd xanım iş axtarmaq
üçün Bakı şəhərinə köçməyi
qərara alır. Zeynallılar ailəsinin
Bakıya gəlişi Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasının ilk illərinə təsadüf edir.
Sosialist
inqilabı bir imperiyanı yıxıb yerində digər
imperiyanı yaratsa da, böyük bir ölkədə sosializm
ideologiyasının uzun illər şəriksiz
hökmranlığının təməlini qoysa da, ilk illər
bir sıra müsbət işləri də olmuşdur ki,
onlardan da biri hər yerdə yeni tədris müəssisələrinin
yaradılması, onların öz qapılarını
kasıb ailələrin balalarının üzünə
açması idi. Zeynallılar ailəsi Bakıya gəldikdən
sonra Asəf təhsilini buradakı 9-illik məktəbdə
davam etdirir. Eyni zamanda musiqiyə olan sonsuz həvəsi 11
yaşlı yeniyetməni hərbi məktəbin nəzdindəki
orkestrə gətirir. O, burada kornetdə çalmağı
öyrənir və tezliklə orkestrdə həm
klarnetçi, həm də kornet və trubaçı kimi
tanınır, orkestrin rəhbərliyi Asəfin nəfəs
alətlərini məharətlə səsləndirməsini
yüksək qiymətləndirir.
Özündəki
istedadı duyan və onu inkişaf etdirməyə səy
göstərən Asəf 1923-cü ildə Azərbaycan Musiqi
Texnikumuna (sonralar uzun müddət Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumu kimi tanınmış indiki Azərbaycan
Milli Konservatoriyası tərkibində Musiqi Kolleci) daxil olub
burada truba sinfində təhsil alır. öz üzərində
inadla çalışması, ardıcıl məşğələlər
nəticəsində Asəf Zeynallı trubada mükəmməl
çalmağı öyrənib texnikum rəhbərliyinin
işçi klublarında təşkil etdiyi konsertdə
uğurla çıxış edir. Asəf ilk
yaradıcılıq addımlarını da texnikumda
oxuduğu illərdə atmış, 1923-cü ildə
özünün ilk musiqi əsəri olan "Truba
üçün marş"ı yazmışdır. Həmin
əsəri 1923-cü ildə təşkil olunmuş konsertlərin
birində özü ifa etmişdir.
Asəf Zeynallının istedadı
dahi bəstəkar Üzeyir Hacıbəyovun diqqətini elə
onun texnikuma gəldiyi ilk gündən cəlb etmişdir. Asəf
Zeynallının anası Həsbənd onu musiqi texnikumuna gətirəndə
üzeyir Hacıbəyov bu yeniyetmədəki fitri istedadı
görmüş və "bu ki, əsl istedaddır", -
deyərək elə ilk günlərdən Asəf
Zeynallının inkişafına xüsusi qayğı
göstərmişdir. Asəf Zeynallı da böyük hamisi
və müəlliminə dərin hörmət bəsləmiş,
onu mənəvi atası adlandıraraq məsləhətlərinə
daim əməl etmişdir.
Texnikumda bir müddət truba sinfində
oxuduqdan sonra səhhəti ilə əlaqədar həkimlər
bu alətdə çalmağı ona məsləhət
görmədiklərindən A.Zeynallı violonçel sinfinə
keçir və burada məşhur violonçel ustası
Mstislav Rostropoviçin atası Leopold Rostropoviçdən dərs
alır.
Asəf Zeynallı texnikumda
violonçel üzrə məşğələlərlə
paralel pedaqoq N.V.Jenetskoydan fortepianoda çalmağı da
öyrənir. Nəzəri fənlərdən isə ona
üzeyir Hacıbəyov dərs deyir . Müəlliminin şəxsi
nümunəsi gənc bəstəkarı həmişə
ilhamlandırmış, yaradıcılığa sövq
etmişdir. Ondan əxz etdikləri biliklər isə
A.Zeynallının nəzəri baxışlarının
formalaşmasında mühüm rol oynamışdır.
1926-cı
ildə Musiqi Texnikumu konservatoriya ilə birləşdiyindən
Asəf Zeynallı həmin il konservatoriyanın orkestr sinfinə
daxil olur. Lakin az müddətdən sonra üzeyir Hacıbəyovun
məsləhəti ilə bəstəkarlıq şöbəsinə
keçir.
Konservatoriyada onun müəllimləri
professor B.V.Karaqıçev, L.E.Ab, L.P.Yablonko və
ü.Hacıbəyov olmuşlar. Karaqıçev və Ab ona
kompozisiya nəzəriyyəsindən, üzeyir Hacıbəyov
isə Azərbaycan xalq musiqisinin əsaslarından dərs
demişlər.
A.Zeynallı konservatoriyada təhsil
almaqla bərabər, yaradıcılıqla da geniş məşğul
olmuş, bir-birinin ardınca müxtəlif mövzularda və
janrlarda əsərlər yazmışdır. 1928-1931-ci illər
gənc bəstəkar üçün xüsusilə məhsuldar
olmuşdur. Bu illər ərzində özünün vokal,
mahnı, romans, fortepiano, ansambl əsərlərinin
böyük qismini, o cümlədən məşhur
"ölkəm" romansını (1928)
yazmışdır.
Azərbaycan
xalq musiqisinin əsaslarını xüsusi diqqətlə və
dərindən öyrənən A.Zeynallı üzeyir
Hacıbəyovun rəhbərliyi altında Azərbaycan
ladlarında məşq tapşırıqları
yazmış, xalq melodiyalarının spesifikasını, xalq
musiqisinin inkişaf yollarını öyrənmişdir. İstedadlı
bəstəkarın konservatoriyada oxuduğu illərdə xalq
mahnı intonasiyalarına əsaslanaraq yazdığı xor ilə
orkestr üçün "Şikəstə", fortepiano
üçün "çahargah", "Durna", skripka və
fortepiano üçün "Muğamsayağı", iki
violençel və fortepiano üçün "Qoyunlar" əsərləri
indi də sevilə-sevilə ifa olunur.
Azərbaycan xalq musiqisinin əsasları
üzərində iş Asəf Zeynallının təkcə
yaradıcılığına deyil, musiqişünaslıq
görüşlərinə də böyük təsir
etmişdir. O, hələ tələbəlik illərində
xalq musiqimizi, xalq çalğı alətlərimizi
proletkultçuların hücumlarından cəsarətlə
qorumuş, onların müdafiəsinə yönəlmiş məqalələr
yazmış, alovlu çıxışlar etmişdir. Bu
baxımdan onun hələ konservatoriyanın tələbəsi
ikən qələmə aldığı "Tarın
müdafiəsinə" adlı məqaləsi xüsusilə
diqqətəlayiqdir. Həmin məqaləsində
A.Zeynallı o vaxt tarı ləğv etmək istəyənlərin
başında duran maarif komissarına və ona dəm tutanlara
çox kəskin etirazını bildirir, tarı müdafiə
edir. O yazırdı: "Tar öz konstruksiyasına görə
yeganə alətdir ki, xalq yaradıcılığı və
muğamların mahiyyətini dəqiq çatdıra bilir. Buna
görə də tarı ləğv etməklə biz təkcə
xalq musiqisi haqqında aydın təsəvvür almaq
imkanından məhrum olmuruq, həm də xalq
yaradıcılığı təfəkkürünün
texnikası, ola bilər, bu təfəkkürün forma və
məhsuluna da ciddi təsir göstəririk. Bizim təbiətən
xalqın özünə məxsus olanı müsadirə etmək
hüququmuz yoxdur".
20-ci
illərin sonunda Asəf Zeynallı konservatoriyanın tələbəsi
ola-ola əvvəlcə Azərbaycan Dövlət Dram
Teatrında, 1931-ci ildən isə Tənqid-təbliğ
teatrında işə qəbul olunur. O, teatrda musiqi hissəsinə
rəhbərlik edirdi. Tənqid-təbliğ teatrında
işlədiyi qısa dövr ərzində burada səhnəyə
qoyulan xeyli əsərə musiqi yazmışdır. Onlardan
"Hind qızı", "Yanğın",
"Sevil", "Dönüş" və s. əsərləri
qeyd etmək olar.
Asəf Zeynallı konservatoriyada təhsil
aldığı illərdə klassik və xalq musiqimizi təbliğ
etmək, musiqi sahəsində baş verən yeniliklərlə
tanış olmaq, dünyagörüşünü genişləndirmək
üçün ilk dəfə Leninqrada (indiki Sankt-Peterburq) səfər
edir. O, burada sovet musiqisindəki yeni istiqamətlərlə,
sovet musiqiçiləri qarşısında duran yeni vəzifələrlə
maraqlanır, musiqi xadimləri ilə görüşür, Azərbaycan
musiqisini təbliğ etmək üçün konsertlərin
təşkili imkanları ilə maraqlanır.
1931-ci
ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
şöbəsini müvəffəqiyyətlə bitirən
Asəf Zeynallı daha intensiv fəaliyyətə
başlayır, yeni əsərlər üzərində
işləyir. Hələ tələbəlik illərindən
aparmağa başladığı pedaqoji işi davam etdirir, Azərbaycan
Proletar Musiqiçilər Assosiasiyasının sədri,
konservatoriyada yaradıcı sektorun təşkilatçısı
və sədri kimi ictimai iş aparır.
Doğma Azərbaycan incəsənətinin
daha geniş təbliğinə çalışan Asəf
Zeynallı 1931-ci ilin payızında ikinci dəfə Leninqrada
səfər edir. Leninqrad Filarmoniyasında Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert təşkil edir və
tamaşaçılar qarşısında Azərbaycan
musiqisinin xarakterik xüsusiyyətləri barədə məruzə
edir.
Konservatoriyanı
bitirdikdən sonra başı yeni bədii ideyalarla dolu olan Asəf
Zeynallı özünün irihəcmli əsəri olan
"Fraqmentlər" süitasını yazmağa
başlayır. 7 hissədən ibarət olan süita
üçün ilkin material tənqid-təbliğ
teatrının səhnəsində oynanılmış
müxtəlif pyeslərə Asəf Zeynallının
yazdığı musiqi təşkil edir. Teatrın 10-illik
yubileyi günündə "Fraqmentlər"
süitasının ifası Bakının musiqi ictimaiyyətinə
böyük təəssürat bağışlamışdı.
Leninqrada ikinci uğurlu səfərindən
qayıtdıqdan sonra Asəf Zeynallı daha iri simfonik əsər
yazmaq fikrinə düşür. ölkədə yaranan yeni
quruluşun ümumi yüksəlişindən, xalqın qaynar
enerjisindən və yaradıcı əməyindən
ruhlanaraq özünün yeni əsərini - simfoniyasını
sevimli Vətəninə həsr etməyi qərara alır. Lakin
ölüm bu niyyətini həyata keçirməkdə ona
mane olur. Bəstəkar "Bakı"
adlandırdığı həmin simfoniyanın ancaq
girişini, mövzunun əsas və ikinci dərəcəli
eskizlərini yazmağa macal tapır, işin son planını
cızır.
Üzeyir Hacıbəyov Asəf
Zeynallının simfoniya üzərində işləməsini
xatırlayaraq yazırdı: "Asəf özünə
qapanıb işləmirdi, başqaları ilə
özünün kompozisiyası haqqında fikir mübadilələri
edir, hər cür musiqi mövzularında həvəslə
söhbət aparırdı. Məşum xəstəlikdən
qabaq mənimlə söhbətində Asəf deyirdi ki, onun
başı xalq musiqisinin müxtəlif sahələri üzərində
muşahidələrdən alınmış ən qəribə
səslərlə doludur. Bütün bunları o, bədii cəhətdən
işləyib fikirləşdiyi simfoniyasında verməyə
hazırlaşırdı".
Asəf
Zeynallının yaradıcılıq fəaliyyətinin
mühüm istiqamətlərindən birini onun Azərbaycan
xalq mahnılarının toplanması və işlənməsi
üzrə işi təşkil edirdi. Bu işə o, 1932-ci
ildən xeyli əvvəl başlamışdı. O, xalq
musiqisinin, mahnı və rəqslərinin vurğunu idi. Onları
diqqətlə öyrənir və
yaradıcılığı üçün əsas istinad
materialı kimi götürürdü.
O dövrdə Azərbaycan Dövlət
Konservatoriyası yanında elmi-tədqiqat kabineti fəaliyyət
göstərirdi. Həmin qurumun əsas vəzifələrindən
biri xalq mahnılarının toplanıb nota alınması
idi. Bu işlə tanınmış ifaçılarla
yanaşı, gənc musiqişünaslar da məşğul
olurdular. 1932-ci ilin yayında gənc bəstəkar Asəf
Zeynallı məşhur müğənni Bülbüllə
birlikdə kabinetin tapşırığı ilə xalq
mahnılarını toplamaq məqsədi ilə Qarabağa
ekspedisiyaya yollanır. Ekspedisiya çox məhsuldar olur. Qrup
xeyli xalq mahnısı və melodiyası toplayır, Asəf
Zeynallı təkcə özü 50-yə qədər xalq
mahnı nümunəsi əldə edir. Onun məqsədi həm
də toplanmış mahnılardan gələcək
simfoniyasında istifadə etmək idi. Bu baxımdan o, mahnıların
çoxunu simfoniyası üçün material kimi
yığmışdı. Evə qayıdan Asəf
Zeynallı yolda yatalaq xəstəliyinə tutulur. Bakıya
qayıtdıqdan sonra bir müddət müalicə olunsa da
1932-ci il oktyabrın 27-də 23 yaşında vəfat edir. Hazırda
onun qəbri Musabəyov qəsəbəsindəki ümumi qəbiristanlıqda
yerləşir.
Asəf Zeynallının həyat və
yaradıcılığında pedaqoji fəaliyyəti də
mühüm yer tutur. O, hələ konservatoriyada təhsilini
başa vurmazdan xeyli əvvəl orada müəllim kimi işə
götürülür və musiqi-nəzəri fənlərdən
dərs deyir.
Azərbaycanın ilk professional bəstəkarı,
böyük istedada malik Asəf Zeynallı musiqi tariximizə
bir sıra yeni janrların banisi kimi daxil olmuşdur.
Azərbaycan
musiqisinin klassikləri Üzeyir Hacıbəyov və
Müslüm Maqomayev tərəfindən
açılmış yolla gedən A.Zeynallı onların ənənələrini
böyük uğurla davam etdirmişdir.
Asəf
Zeynallının yaradıcılığının xarakterik
cəhətini xəlqilik təşkil edir. Müəllimi kimi
o da Azərbaycan xalqının həyatının proqressiv tərəflərini
öz yaradıcılığında aydın təcəssüm
etdirmişdir. Asəfin əsərlərində dövrün
qabaqcıl ideyalarının nəfəsi aydın
duyulmaqdadır. Onun əsərləri Azərbaycanın o
zamankı həyatının canlı əksidir. Zeynallı
yaradıcılığının musiqi dilində
özünü göstərən milli əsaslar musiqinin
klassik formaları ilə birləşir.
Asəf Zeynallının stilinin əsas
xüsusiyyəti miniatür formalara tez-tez müraciət edilməsidir.
A.Zeynallının əsas əsərləri kamera musiqisinə
aiddir. Əgər üzeyir Hacıbəyov və Müslüm
Maqomayev yaradıcılıqlarının əvvəlindən
20-ci illərədək əsasən iri musiqi - səhnə əsərləri
üzərində işləyirdilərsə, A.Zeynallı əvvəlcə
romans janrına, kiçik ansambllar üçün fortepiano
pyeslərinə müraciət edir. İri simfonik əsəri
olan "Fraqmentlər"ini yazması, simfoniyanın
planını qaralaması onu göstərir ki, bəstəkar
xırda formalardan iri əsərlərin yaradılmasına
doğru inamla irəliləyirmiş.
A.Zeynallının
vokal yaradıcılığı daha çox populyarlıq
qazanmışdır. Onun mahnı və romanslarında iki
xarakterik xətt özünü göstərir: vətənpərvərlik
və lirizm. Bu xətlərin hər ikisi Azərbaycan bəstəkarlarının
sonrakı yaradıcılıqlarına böyük təsir
göstərmişdir.
Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasını, əməkçi xalqın, xüsusən də
Azərbaycan qadınının əsrlərlə davam edən
əsarətdən qurtulmasını qızğın
alqışlayan Asəf Zeynallı "Qızıl
bayraq", "10 il" mahnılarını və
"çadra" romansını yazır.
Vətənə sonsuz məhəbbət,
onun gözəlliklərindən vəcdə gəlmək
lirik xarakteri ilə dolub-daşan "ölkəm"
romansında öz aydın təcəssümünü
tapıb. Ancaq Zeynallı romanslarının daha əhəmiyyətli
xəttini bəstəkar tərəfindən aydın ifadə
olunan məhəbbət lirikası təşkil edir. Onun lirik
romansları sırasına konservatoriyada oxuduğu illərdə
yazılmış "Ceyran", "Sual" və digərləri
də daxildir.
A.Zeynallının
romanslarının melodiyası gözəl və təbiidir. Rahat,
yaddaqalan melodik ifadələr A.Zeynallının əsərlərini,
sözün tam mənasında, vokal adlandırmağa imkan
verir. Onlar təkcə peşəkar musiqiçilər yox, həm
də xalq tərəfindən asan oxunur.
İstedadlı bəstəkarın
romanslarının melodiyasında ahəngdarlıqla
yanaşı aydın ifadəlilik də xasdır. Ahəngdarlıq
ifadəliliklə birləşərək, şübhəsiz,
romansların intonasiya dilini zənginləşdirir, onları
daha ifadəli edir.
Onun
ansambl əsərləri də özünün
azlığına baxmayaraq, (bəstəkar tərəfindən
cəmi 3 ansambl əsəri yazılıb: fortepiano,
violonçel və skripka üçün "Beşik
mahnısı", skripka və fortepiano üçün
"A la magam", (Muğamsayağı) iki violonçel və
fortepiano üçün "Qoyunlar") Azərbaycan
musiqisində mühüm rol oynamışdır.
Asəf
Zeynallının fortepiano yaradıcılığında ən
maraqlı əsərlərdən biri də onun 6 pyesdən
("Kuklaların marşı", "Uşaq və
buz", "Oyun", "Rəqs", "Qoyunlar",
"Mübahisə") ibarət olan "Uşaq
süitası"dır. Sadə vasitələrlə bəstəkar
uşaq həyatının riqqət doğuran səhnələrini
təsvir edir. A.Zeynallı bu pyesləri ilə Azərbaycanda
uşaq fortepiano miniatürünün inkişafının əsasını
qoymuşdur.
Bəstəkarın
"Uşaq süitası", habelə bir sıra digər
kiçik fortepiano pyesləri - "çahargah",
"Durna", "Səndən mənə yar olmaz"
kiçik və orta yaşlı uşaqların
repertuarında ən sevimli əsərlərdir.
Onun
xalq üslubu tematikasında yazdığı fortepiano
fuqaları da musiqimizin sonrakı inkişafında müsbət
rol oynamışdır.
A.Zeynallı
yaradıcılığında "Fraqmentlər" simfonik
süitası xüsusi yer tutur.
"Fraqmentlər" ilk simfonik əsər
olmaqla Azərbaycan simfonizminin erkən inkişaf
dövrünün əsərləri sırasında
obrazların konkretliyi, parlaq ifadəliliyi ilə fərqlənir.
Asəf
Zeynallı 20-ci illərin sonu - 30-cu illərin əvvəllərində
Azərbaycan vokal müsiqisinin və milli bəstəkarlıq
məktəbinin inkişafında böyük rol
oynamışdır. Azərbaycan konservatoriyasının bəstəkarlıq
bölməsinin ilk azərbaycanlı məzunu olan
A.Zeynallı Azərbaycan xalq melodiyasının işlənməsinin
elə formalarını tapmağa cəhd edirdi ki, onun
qarşısında yaradıcılıq inkişafının
geniş perspektivlərini aça bilsin. Bu tendensiya bəstəkarın
simfonik, fortepiano və vokal əsərlərində
özünü aydın büruzə verir.
İstedadlı
Azərbaycan bəstəkarı Asəf Zeynallı qısa
ömür sürsə də, onun özündən sonra
qoyduğu irs bədii əhəmiyyətini heç vaxt itirməyəcəkdir.
Bu əsərlər sadəliyi və duyğularının səmimiliyi
ilə bizi həmişə valeh edir. Asəf Zeynallının
demək olar ki, bütün əsərləri populyarlıq
qazanaraq tədris-pedaqoji ədədiyyatlara və konsert
repertuarlarına daxil olub. Bu baxımdan Asəf
Zeynallının həyat və fəaliyyəti Azərbaycan
musiqiçilərinin gənc nəsli üçün ən
yaxşı nümunədir.
Ölümündən
80 ilədək bir müddət keçməsinə baxmayaraq,
Asəf Zeynallının həyat və
yaradıcılığına, əsərlərinə diqqət
heç zaman azalmamışdır. Onun bir çox əsərləri
indi də müğənnilərmiz, musiqi kollektivləri tərəfindən
sevilə-sevilə ifa olunur.
Dahi Üzeyir bəy Asəf Zeynallı
yaradıcılığını, istedadını yüksək
qiymətləndirərək demişdir: "Asəfin əsərlərinə
ötəri bir nəzər saldıqda aydın olur ki, gələcəkdə
o, olduqca böyük, orijinal və dərin düşüncəli
bir sovet bəstəkarı ola bilərdi".
Nazim
KAZIMOV
Azərbaycan
müəllimi.-2009.-3 aprel.-S.5.