İş təcrübəsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Azərbaycanın davamlı inkişaf yolunu xalqın yüksək təhsil almasında və maariflənməsində görən ümummilli liderimiz Heydər Əliyev respublikamızda elmin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ulu öndərin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini uğurla davam etdirən və yeni dövrün tələblərinə uyğun zənginləşdirən respublikamızın Prezidenti cənab İlham Əliyev bu sahəyə xüsusi diqqətlə yanaşır, iqtisadi imkanlar artdıqca təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılmasına, təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulmasına qayğı göstərir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər də təqdirəlayiqdir.

Sumqayıt ŞTŞ öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, Təhsil sahəsində islahat Proqramı, digər direktiv və normativ sənədlərin tələbləri əsasında qurmağa çalışır, idarəetmənin demokratikləşdirilməsinə, rəhbərlik və nəzarətin təkmilləşdirilməsinə, müasir idarəetmə modellərinin tətbiqinə səy göstərir, tabeçilikdə olan təlim-tərbiyə müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar zəruri təşkilati-pedaqoji tədbirləri həyata keçirir.

"Rayon (şəhər) təhsil şöbələri haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq hər bir işçinin intellektual səviyyəsi, potensial imkanı və təcrübəsi nəzərə alınaraq onlar arasında vəzifə bölgüsü aparılır və əmrləşdirilir.

Sumqayıt ŞTŞ-ın tabeliyində 50 orta ümumtəhsil məktəbi, 56 məktəbəqədər və 8 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdəki 53 mindən çox uşaq və şagirdin təlim-tərbiyəsi ilə 6195 müəllim və tərbiyəçi məşğul olur.

Sumqayıt ŞTŞ-da planlaşdırmaya xüsusi əhəmiyyət verilir. Planlaşdırma elmilik, konkretlik, demokratiklik, əlaqələndirmə prinsipləri əsasında aparılır. Perspektiv və cari planlaşdırma üzvi surətdə bir-birini tamamlayır. Planlarda idarəetməni təşkiletmə, sərəncamvermə, nəzarət funksiyaları da nəzərə alınır. Şöbənin işinin planlaşdırılmasında yerlərdən toplanan məlumatlar da çox böyük əhəmiyyət kəsb edir. Yığılan faktlar diqqətlə təhlil edilir və plan tərtib edilərkən onlardan istifadə olunur. İş planının təsdiqi və icrası müvafiq əsasnaməyə uyğun aparılır.

Təhsil şöbəsi tərəfindən son üç ildə, bütün məktəblər əhatə olunmaqla, ümumi icbari təhsilin həyata keçirilməsi, məktəbdaxili rəhbərlik və nəzarətin təşkili, məktəb sənədlərinin aparılması, təhsilin idarəolunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində mühüm işlər görülmüşdür. Son 5 ildə 4 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 1 və 10 nömrəli məktəblərə 200, 5 nömrəli məktəbə və "İstedad" liseyinə 400, 8 nömrəli məktəbə 100, 9 nömrəli məktəbə 300 şagird yerlik əlavə tədris korpusları tikilmiş, 5 məktəb əsaslı təmir edilmiş, 32 təhsil müəssisəsinin dam örtüyü yenisi ilə əvəz edilmiş, sanitar qovşaqlarında təmir aparılmışdır.

Son 4 ildə 21 məktəbin tədris-maddi bazası möhkəmləndirilmiş, bu məktəblərə 4399 parta, 4798 stul, 1097 müəllim stolu, 1665 müəllim stulu, 687 yazı lövhəsi verilmişdir.

Təhsil şöbəsinin iş planında, təhsil müəssisələri fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin olunmasına imkan verən tədbirlərin icrası ilə bağlı son 3 il ərzində, bütün məktəblər əhatə olunmaqla, ümumi icbari orta təhsilin həyata keçirilməsi, məktəbdaxili rəhbərlik və nəzarətin təşkili, məktəb sənədlərinin aparılması və digər məsələlərlə bağlı 61 tematik yoxlamalar keçirilmiş, 10 məktəbin fəaliyyəti hərtərəfli öyrənilmiş, nəticələri müzakirə edilərək vəziyyəti daha da yaxşılaşdırmaq üçün tədbirlər müəyyənləşdirilmişdir.

Təhsil şöbəsinin nəzdindəki metodik kabinetin müsbət fəaliyyətinin nəticəsidir ki, ümumi orta təhsilin məzmununun tətbiqinə daha çox diqqət yetirilmişdir. Şagirdlərin faktiki biliklərini aşkara çıxarmaq üçün 2005-2006-cı dərs ilində IV, IX, XI siniflərdə 3, 2006-2007-ci dərs ilində IV, V, IX, X, XI siniflərdə 7, 2007-2008-ci dərs ilində isə IV siniflərdən başlayaraq (XI siniflər istisna olunmaqla) bütün siniflərdə monitorinq keçirilmiş, nəticələr ŞTŞ-da və yerlərdə müzakirə olunmuş, müvafiq tədbirlər görülmüşdür. Müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə ibtidai sinif və fənn müəllimləri arasında da monitorinq keçirilmiş, nəticələr metodbirləşmə yığıncaqlarında müzakirə edilmiş, zəif nəticə göstərən müəllimlərin elmi-nəzəri səviyyəsini yüksəltməklə bağlı tədbirlər müəyyənləşdirilmişdir. ümumiyyətlə, Sumqayıt ŞTŞ-da müəllim, şagird və məktəblərin fəaliyyətinin qiymətləndirilməsində monitorinqlərin tətbiqinə 1999-cu ildən başlanmışdır.

Uzun illər təlim-tərbiyə müəssisələrinin sənədləşməsində olan formalizmi aradan qaldırmaq məqsədi ilə "Məktəbin illik iş planı", "Təlim-tərbiyə işləri üzrə direktor müavininin gündəliyi", "Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçının gündəliyi", "Sinif rəhbərinin gündəliyi", "Məktəb psixoloqunun gündəliyi", "Metodbirləşmə rəhbərinin gündəliyi", "Uşaq təşkilatı birliyi rəhbərinin gündəliyi", "Kitabxanaçının gündəliyi", "Tərbiyəçinin gündəliyi", "Şagirdlərin fərdi inkişaf dinamikası" və bu kimi vəsaitlər hazırlanıb yerlərə çatdırılmış, sağlam rəqabətin yaranması məqsədi ilə mütəmadi olaraq "İlin ən yaxşı fənn metodbirləşməsi" və "İlin ən yaxşı dayaq məntəqəsi" müsabiqələri keçirilmişdir.

Təhsil Nazirliyinin "Tədris planları"na və təlimati məktublarına uyğun olaraq bütün ümumtəhsil məktəblərinin III-V, VI-VIII siniflərində "Vergilər", X-XI siniflərində "İqtisadiyyata giriş", 7 məktəbin X siniflərində "Davamlı insan inkişafı" fakültativ məşğələləri keçilir.

Azərbaycan Respublikası Prezidentinin "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" istiqamətində Sumqayıt ŞTŞ-da məqsədyönlü işlər görülmüş, geniş tədbirlər planı hazırlanmış, mövcud olan "İstedad Bankı" yeniləşdirilmiş, pedaqoji kollektivlərlə görüşlər keçirilmiş, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında "Riyaziyyatdan olimpiadaya hazırlıq mərkəzi" yaradılmışdır. Son üç ildə olimriadaların Resrublika turunda Sumqayıt məktəblərindən 1 nəfər I yerə, 1 nəfər II yerə, 4 nəfər III yerə layiq görülmüş, 12 nəfərə tərifnamə verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsi ilə birlikdə bədii yaradıcılıqla məşğul olan şagirdlərdən ibarət "Qanadlandıq uçmağa" adlı almanaxın hər il 21 mart Beynəlxalq poeziya günündə təqdimatı keçirilir. Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində və şəhərin şəkil qalereyasında son 4 il ərzində 39 nəfər şagirdin fərdi sərgisi təşkil olunmuşdur.

Şəhərin bütün məktəblərində keçirilən "Cəsurlar" və "Şahin" hərbi idman oyunları, müxtəlif nominasiyalar üzrə inşa, rəsm, bədii qiraət müsabiqələri, eləcə də digər tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının aşkar edilməsinə kömək göstərir.

Hər il şəhərin ayrı-ayrı ümumtəhsil məktəbləri məzunlarının ali məktəblərə qəbul göstəricilərinin geniş elmi-statistik təhlili aparılır, göstəricilər araşdırılır, illər üzrə dinamika müəyyən edilir, alınan nəticələr bülleten şəklində çap olunaraq təhsil müəssisələrinə çatdırılır. Bu da tədrisin vəziyyətinin qiymətləndirilməsinə, mövcud olan çatışmazlıqların aradan qaldırılmasına təkan verir.

Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən keçən dərs ilində ilk dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmişdir. Bu müsabiqələrdə iştirak edən N.Gəncəvi adına Texniki və təbiət elmləri, Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyləri və Təbiət elmləri təmayüllü gimnaziya (direktorlar Minarə Tahirova, Adilə Süleymanova, Nizami Əhmədov), müəllimlərdən İsmayılova Sədaqət (23 nömrəli məktəbin ingilis dili müəllimi), Quliyeva Ulduz (Təbiət elmləri təmayüllü gimnaziyanın tarix müəllimi), Əfəndiyev Rahib Texniki və təbiət elmləri liseyinin fizika müəllimi), Musayeva Esmira (11 nömrəli məktəbin tarix müəllimi) müsabiqələrin qalibləri olmuşlar.

Hazırda fəaliyyət göstərən 56 uşaq bağçasına cəlb olunan 7563 uşağın milli zəmində tərbiyə olunmasına diqqət artırılır, onların çəkdikləri rəsmlərin və düzəltdikləri əl işlərinin sərgiləri təşkil olunur, uc bağçanın bir neçə qrupunda inklüziv təhsil həyata keçirilir.

Məktəblilərin asudə vaxtlarının təşkili ilə əlaqədar 8 məktəbdənkənar müəssisədə fəaliyyət göstərən 970-ə yaxın dərnəyə 14 minə yaxın məktəbli cəlb olunmuşdur. Onlar boks, şahmat, güləş və digər idman yarışlarında uğurla çıxış edirlər.

Təhsil şöbəsində pedaqoji kadrlarla işə xüsusi əhəmiyyət verilir. Onların elmi-metodik səviyyəsinin yüksəldilməsinə, peşəkarlığının artırılmasına diqqətlə yanaşılır. Son 5 ildə müəllimlərin müasir təlim metodlarına yiyələnmələrini təmin etmək məqsədilə 2167 müəllim ixtisasartırma kursundan keçmişdir.

ümumtəhsil məktəblərində dərslik fondu yaradılmış, dərsliklərlə şagirdlər tam təmin olunmuşlar. Son illərdə 438 adda 104339 bədii ədəbiyyat şagirdlərin istifadəsinə verilmişdir. ümumiyyətlə, 2008-2009-cu dərs ilinin əvvəlinə ŞTŞ üzrə ümumi fond 1.319125 nüsxə təşkil etmişdir ki, onun 892139 nüsxəsi dərslik, 426806-sı isə bədii ədəbiyyatdır.

Məktəb sənədlərinin alınıb paylanması, onların işlənməsi və saxlanması müvafiq təlimata uyğun aparılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaxından köməyi ilə 2003-cü ildən başlayaraq şagirdlərin yay istirahətini, asudə vaxtı səmərəli keçirmələri məqsədilə məktəblilərin yay-istirahət düşərgələri təşkil edilir, ildən-ilə coğrafiyası və əhatə dairəsi genişləndirilir.

Təhsil şöbəsi və onun tabeliyindəki təhsil müəssisələrində vətəndaşların ərizə və şikayətlərinə baxılması işi bu haqda Azərbaycan Respublikası Qanununun və "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların ərizə, təklif və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları" haqqında Respublika Prezidentinin 29 dekabr 1998-ci il tarixli, 52 nömrəli fərmanının tələblərinə uyğun həyata keçirilir.

Təhsil Nazirliyi kollegiyasının "Təhsil müəssisələri fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi sahəsində Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsi haqqında" 114 nömrəli, 11.03.2009-cu il tarixli qərarının icrası ilə bağlı

ƏMR EDİRƏM:

1. "Təhsil müəssisələri fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi sahəsində Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsi" haqqında şöbə müdiri V.Bağırovun təqdimatı nəzərə alınsın.

2. "Təhsil müəssisələri fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi sahəsində Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsi" bəyənilsin.

3. Nazirliyin Şəhərlər üzrə ümumi təhsil şöbəsi (A.Muradov), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) qeyd edilən mövzu üzrə iş təcrübəsinin yayılması ilə əlaqədar müvafiq tədbirlər-elmi-praktik konfranslar, seminarlar, "dəyirmi masa"lar və s. keçirsinlər.

4. Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsi (A.Muradov), Dərslik və nəşriyyat şöbəsi (A.Şahbazlı) adıgedən mövzu ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsi haqqında kitabçanın hazırlanması və nəşrini təşkil etsinlər.

5. Sumqayıt Dövlət Universiteti (N.Qəhrəmanov), Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı (R.Nəcəfova), Sumqayıt Şəhər Təhsil Şöbəsi (V.Bağırov) məktəb rəhbərləri, müəllimlər və tərbiyəçilərin ixtisasartırmasının, tələbələrin təlim-tərbiyə müəssisələrində redaqoji təcrübə keçmələrinin təşkili, istedadlı uşaqların, şagirdlərin aşkar olunması, inkişaf etdirilməsi və digər sahələrdə əlaqələri gücləndirsinlər.

6. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, bütün rayon (şəhər) təhsil şöbələri:

- əmri kollegiya və şura iclaslarında müzakirə etsinlər, təhsilin idarəolunmasında davamlı inkişafın təmin edilməsi sahəsində qarşıya qoyulmuş vəzifələr baxımından konkret tədbirlər hazırlayıb həyata keçirməyə nail olsunlar.

7. "Azərbaycan müəllimi" qəzeti (B.Nuseynzadə), "Azərbaycan məktəbi" jurnalı (N.Nəcəfov) Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsini yaymaq məqsədilə müvafiq yazılar dərc etsinlər.

8. Əmr "Azərbaycan müəllimi" qəzetində və nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc edilsin.

9. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 mart 2009-cu il

Azərbaycan müəllimi.-2009.-3 aprel.-S.2.