Təcrübə "Riyaziyyat-1" dərslik
komplektinin üstünlüyünü sübut edir
Keçən əsrin 90-cı illərindən ölkəmizdə başlayan köklü dəyişikliklər bütün sahələrdə olduğu kimi, təhsildə də əsaslı islahatlar aparılmasını və bunun tərkib hissəsi olaraq təhsilin məzmununun yeniləşdirilməsini həyatın tələbi kimi meydana çıxardı. Hazırda təhsil sahəsində keçirilən islahatlar məhz təhsilin məzmununun yeniləşməsinə yönəldilmişdir. Müasir dövrün tələblərinə görə təlimin məzmunu sadəcə təriflərin, düsturların, tarixi hadisələrin, nəzəri materialların mənimsənilməsinə, mexaniki əzbərlənməsinə deyil, şagirdlərdə təşəbbüskarlıq, yaradıcı düşünmək, mühakimələr apararaq nəticə çıxarmaq, sərbəst qərar qəbul etmək, tətbiq və tədqiqatçılıq bacarıqlarının formalaşmasına yönəldilməlidir. Belə məzmun dəyişiklikləri təlim-tədris proseslərinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları adı altında aparılır.
Riyazi biliklərə malik olmadan müasir texniki vasitələrlə davranmaq, müxtəlif sosial-iqtisadi, siyasi informasiyaları əldə etmək və qavramaq çox çətindir. Riyaziyyat müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlı olduğundan, baza riyazi hazırlığı olmadan insanın təhsilini daha yüksək pillədə inkişaf etdirməsi mümkün deyil. Bütün bunlar nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində ümumi təhsilin bütün pillələrində riyaziyyatın tədris olunması müəyyən edilmişdir.
Riyaziyyat şəxsiyyətin ümumi inkişafına güclü təsir göstərməklə yanaşı, onun xarakterinin formalaşmasında, nitqinin, dilinin, təfəkkürünün, mənəvi keyfiyyətlərinin inkişafında, ilkin axtarıcılıq, ümumiləşdirmə aparmaq, nəticə çıxarmaq və tətbiq etmək kimi bacarıq və vərdişlərinin yaranmasında müsbət rol oynayır.
İbtidai təhsil pilləsində riyaziyyatın tədrisi vasitəsi ilə şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablama, mətnli məsələləri təhliletmə, ilkin ölçmə vərdişlərinə, ilkin fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşır.
Təbii ki, yuxarıda sadalananların hamısını indiyə qədər şagirdlərin istifadə etdikləri dərsliklərlə həyata keçirmək mümkün deyildi. Ona görə də müasir dövrün tələblərinə uyğun olaraq təhsildə aparılan məzmun dəyişikliklərini hər bir şagirdin imkan və ehtiyaclarının nəzərə alınmasını özündə əks etdirən yeni dərsliklərin hazırlanmasına zəruri ehtiyac yarandı.
Kurikulum islahatları ilə əlaqədar Təhsil Nazirliyinin hazırladığı Nazirlər Kabinetinin təsdiq etdiyi ümumi təhsil sistemində dərslik siyasəti sənədinə əsasən görkəmli alimlər, pedaqoqlar və tanınmış təhsil mütəxəssislərinin daxil olduğu Dərslikləri Qiymətləndirmə Şurası yaradılmışdır. Şuranın qərarı ilə hazırda istifadə olunan "Riyaziyyat-1" dərslik komplekti (dərslik, müəllim üçün vəsait, şagirdlər üçün iş dəftəri) daha yüksək qiymətləndirilmişdir.
Yeni dərsliyin məzmunu əvvəlki dərsliklərdən köklü surətdə fərqlənir. Belə ki, bu dərslik Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün riyaziyyat kurikulumunda (I-IV siniflər) I siniflər üçün nəzərdə tutulmuş məzmun standartlarına nail olunmasına xidmət edir. Dərslik komplektindəki materiallar, tapşırıq, oyun, məşğələlər, suallar, şəkillər təsadüfi seçilməmiş, mövzu üzrə müəyyən olunmuş bacarıqları formalaşdırmağa yönəldilmişdir.
Ayrı-ayrı məktəblərin, eyni zamanda liseyimizin birinci siniflərində dərs deyən müəllimlərin həmin dərslik komplekti haqqında xoş sözlərinin şahidi olmuşuq. Dərslikdə qoyulmuş suallar düşündürücüdür, məntiqi çalışmalar şagirdlərin bilik, bacarıq və qabiliyyətlərini inkişaf etdirir. Struktur və məzmun baxımından tamamilə yeni olan "Riyaziyyat-1" dərsliyi müəllimləri yeni axtarışlara sövq edir, dərslikdə verilən oyunlar uşaqların bacarıqlarını, nitqini inkişaf etdirir, şagirdlərdə bir-birini dinləmək qabiliyyətini formalaşdırır, onları müstəqil, sərbəst fikir söyləməyə alışdırır. Həmin oyunlar həm də şagirdlərdə öyrəndikləri bilikləri tətbiq etmək bacarığı formalaşdırır.
Ümumtəhsil məktəbləri üçün Riyaziyyat kurikulumunda fənnin məzmun standartları siniflər üzrə sistemləşdirilmişdir və aşağıdakı beş məzmun istiqaməti müəyyən edilmişdir:
1) Ədədlər və əməllər, 2) Cəbr və funksiyalar, 3) Həndəsə, 4) ölçmələr, 5) Statistika və ehtimal.
Ədədlər və əməllər məzmun xəttində "Toplama və çıxma"nın tədrisi zamanı ədəd oxundan istifadə edilməsi yeni ideya olmaqla hesab edirik ki, çox düzgün addımdır. Bəzən birmənalı qarşılanmasa da, təcrübədə kiçikyaşlı şagirdlərə bu əməlləri başa düşərək icra etməyə kömək edir. Liseyimizdə dinlənilən dərslər zamanı şagirdlər artan sıra ilə və tərsinə geri saymaqla, həm də ədəd oxu üzərində irəli və geri hərəkət etməklə toplama və çıxma əməllərini asanlıqla yerinə yetirdiklərini müşahidə etmişik. Dərs zamanı toplama və çıxma əməli ilə bağlı aşağıdakı kimi tapşırıqlar şagirdlər üçün heç bir çətinlik törətmədi, əksinə, onların marağına səbəb oldu.
Təcrübə bir daha sübut etdi ki, İ sinif şagirdləri bu kimi hesablamanı çox asanlıqla yerinə yetirə bilirlər. Eyni zamanda bu iki əməlin yazılışında da indiyə qədərki dərsliyə nisbətən yenilik vardır. Belə ki, I sinif üçün əvvəlki "Ryaziyyat" dərsliyində yazılış ancaq sətirlə aparılırdısa, yeni dərslikdə bu əməllər domino daşlarının köməyi ilə, eyni zamanda həm sətirlə, həm də sütun şəklində yerinə yetirilir. Bu zaman şagirdlər toplama və çıxma əməlini iki üsulla yazma bacarığına yiyələnirlər.
Ədədin ikiqatı anlayışından da dərslikdə ilk dəfə istifadə olunub. Liseyin ibtidai sinif müəllimi Zəminə Mehdiyevanın I "Q" sinfində bu mövzuda dərsini dinləyərkən şahidi olduq ki, şagirdlər bu termini də çox asanlıqla qavraya və tətbiq edə bilirlər. Belə ki, müəllimin "Yeddi almanı 2 nəfər arasında necə bölmək olar" sualına cavabın tapılması zamanı şagirdlərə izah etdi ki, bunu 3 ədədinin ikiqatı ilə 1-in cəmi şəklində göstərmək olar. 7 = 3 + 3 + 1. Deməli, 7 ədədi 3-ün ikiqatından 1ədəd çoxdur. Yəni, hər birinə 3 alma düşür və 1 alma qalır. Bu mövzu gələcəkdə şagirdlərə "Qalıqlı bölmə"nin mənimsədilməsinə zəmin yaradır.
Dərsliyin 64-cü səhifəsində şagirdlər yeni bir terminlə "Ədədlər ailəsi" termini ilə tanış olurlar. Yəni, 5 + 1 =6 ; 1+5=6; 6 - 1 = 5; 6 - 5 = 1 misallarında şagirdlər istifadə olunan 1, 5, 6 ədədlərinin bir ailə təşkil etdiyini anlayırlar.
Dərslikdə maraqlı cəhətlərdən biri də hər mövzudan sonra "ümumiləşdirici tapşırıqlar"ın verilməsidir. 66-cı səhifədə toplama və çıxmaya aid ümumiləşdirici tapşırıqların verilməsində hər iki əməlin müxtəlif üsullarla yerinə yetirilməsi tələbi qoyulmuş, ümumiləşdirici tapşırığın sonunda isə "Misalları istədiyin üsulla həll et" tapşırığı verilmişdir. Sonuncu tapşırıq şagirdləri bir daha düşünməyə vadar edir və məntiqi təfəkkürü inkişaf etdirir.
71-ci səhifədə isə iki ədədlə toplama və çıxma məntiqi şəkillər üzrə yerinə yetirilir. Bu tipli tapşırıqlar inkişafetdirici təlimin bir nümunəsidir.
Dərslikdə şagirdlər həndəsi fiqurlar haqqında da ilkin məlumatlar əldə edirlər. Belə ki, şagirdləri bu mövzunun tədrisi zamanı həndəsi fiqurları tanımaq, onları çəkmək, rənginə, ölçüsünə, formasına görə qruplaşdırmaq bacarıq və vərdişləri əldə edirlər. Eyni zamanda onlar simmetriya oxlarını çəkmə və onların sayını tapma vərdişlərinə də yiyələnirlər.
Liseyin ibtidai sinif müəllimi "Riyaziyyat-1" dərsliyinin rəyçilərindən biri olan Gülüş Məmmədovanın I "D" sinfində "Simmetriya" mövzusuna aid ümumiləşdirici dərsini dinləyərkən bir daha şahidi olduq ki, şagirdlər fiqurun simmetriya oxunu çəkməkdə və onların sayını tapmağa aid suallara cavab verərkən elə bir ciddi çətinlik çəkmirlər. Dərs zamanı şagirdlər həndəsi fiqurların simmetriya oxlarını çəkdilər və asanlıqla onların sayını söylədilər. "Dairənin neçə simmetriya oxu var" sualına "çoxlu sayda" cavabını çətinlik çəkmədən söylədilər. Bu dərsdə onlar "çoxlu sayda" ifadəsi əvəzinə "Sonsuz sayda" ifadəsini öyrəndilər. Bu da onu göstərir ki, fənn kurikulumunda müvafiq məzmun xəttinə verilən standartların tələbi tam yerinə yetirilmişdir.
Yeni dərsliyin əsas xüsusiyyətlərindən biri də "Qrafik məlumat"ların verilməsidir. Bu zaman şagirdlər onlara tanış olmayan "Barqraf", "Teliqraf", "Piktoqram" anlayışları ilə tanış olurlar və bu anlayışların nədən ibarət olduğunu öyrənirlər. Bu mövzuların tədrisi gələcəkdə "Qrafiklər və funksiyalar" mövzusunun daha asanlıqla mənimsənilməsinə zəmin yaradır.
"Riyaziyyat-1" dərslik komplektinin hazırlanmasını kurikulum islahatı ilə əlaqədar görülmüş müsbət işlərin düzgün nəticəsi və ölkəmizdə həyata keçirilən yeni dərslik siyasəti ilə əlaqədar atılmış uğurlu addım hesab edirik.
Kurikulum islahatlarının tələblərinə
cavab verən ilk dərslik yazmaq həddən artıq
ağır və məsuliyyətli bir işdir. N.Qəhrəmanova
və C.Əsgərovanın müəllifləri olduqları "Riyaziyyat-1"
dərslik komplekti bu sahədə ilk və uğurlu bir
addımdır. İlk iş olduğundan bu komplektdə bəzi
nöqsanların da olması təbiidir.
Fikrət
XƏLİLOV
Azərbaycan
müəllimi.-2009.-10 aprel.-S.5.