Sumqayıtda istedadlı şagirdlər
üçün yeni lisey
Respublikamızda müstəqillik əldə
edildikdən sonra digər sahələrdə
olduğu kimi, özəl ali
və orta ixtisas məktəblərinin,
kolleclərin və liseylərin yaradılaraq inkişaf etdirilməsinə
dövlət tərəfindən
xüsusi qayğı
göstərilir ki, bu da elmin,
təhsilin inkişafına
və yeni iş yerlərinin açılmasına xidmət
edir. Belə təhsil ocaqlarından birinin Sumqayıt şəhərində olduğunu
və qısa müddətdə Avropa standartlarına tam cavab verən səviyyədə
işlədiyini, bir sıra iş prinsipləri ilə başqa özəl liseylərdən fərqləndiyini
eşitmişdik. Vəziyyətlə
yerində
Yeri gəlmişkən qeyd edək ki, Sevda
Butayevanı da yaxşı təhsil işçisi kimi çoxdan tanıyırıq. O, 1989-cu ildə
BDU-nun mexanika-riyaziyyat fakültəsini
bitirmiş, həmin il Sumqayıtda
29 nömrəli orta məktəbdə müəllim
kimi ilk əmək fəaliyyətinə başlamış,
sonralar Azərbaycanda məşhur olan Sumqayıt şəhər
N.Gəncəvi adına
TTE liseyində müəllim,
tədris işləri
üzrə direktor müavini işləmiş,
bacarıq və qabiliyyətinə görə
digər müəllimlərdən
fərqlənmişdir. Bu məktəbə
işə qəbulu müsabiqə zamanı göstərdiyi
yüksək nəticələri səbəb olmuşdur.
O, bizə məlumat verərək
aşağıdakıları bildirdi.
"İdrak" məktəb-liseyi
2008-ci il sentyabrın 15-dən özəl təhsil
ocağı kimi fəaliyyətə başlamışdır.
Təhsil Nazirliyi tərəfindən
2008-ci il iyunun 17-də verilmiş lisenziya əsasında fəaliyyətə
başlamış bu təhsil ocağı Ədliyyə
Nazirliyində qeydiyyata alınmış, geniş maddi-texniki
bazaya malik olan Sumqayıt özəl orta ixtisas kollecinin nəzdində
yaradılmışdır.
Məktəb-liseyin
əsas vəzifəsi fərdin təbii imkanlarını
inkişaf etdirmək, ona müasir elmin əsaslarını
dünya standartları səviyyəsində öyrətmək,
fiziki, əqli, intellektual imkanlarını, meyil, maraq və
idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini
formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli
fəaliyyətə hazırlanmasına, müstəqil,
yaradıcı düşünən, ümumi mədəniyyətə
malik milli mənəviyyatlı şəxs kimi yetişdirmək,
şüurlu olaraq peşə seçməyə
hazırlamaq, Azərbaycanın inkişafı naminə fədakarcasına
çalışan vətəndaşlar tərbiyə etməkdən
ibarətdir.
Lisey
respublikanın təhsil qanunvericiliyində nəzərdə tutulmuş
prinsiplər əsasında fəaliyyət göstərir. Burada
təhsil dünyəvi xarakter daşıyır, milli zəminə,
ümumbəşəri dəyərlərə əsaslanmaqla
şəxsiyyətin əqli, mənəvi, fiziki, estetik
inkişafını, onun bacarıq, qabiliyyət və
istedadının formalaşmasına xidmət edir. Yuxarıdakıları nəzərə
alaraq liseyə körpələr, şagirdlər və müəllimlər
müsahibə və imtahan yolu ilə qəbul edilirlər. Belə
ki, liseydə işləmək üçün Sumqayıt
şəhər məktəblərindən I turda
ixtisasları üzrə imtahan verən, II turda isə 80-dən
yuxarı bal toplayan müəllimlər və təsisçinin
dəvəti ilə öz ixtisasını yüksək
peşəkarlıqla tədris edən ictimaiyyət içində
"yaxşı müəllim" adını
qazanmış müəllimlər işə qəbul
olunublar. Beləliklə, birinci mərhələnin
seçimində iştirak edən 168 müəllimin 15 nəfəri
adıgedən məktəbdə işləmək hüququ
qazanmışdır. Gələcək turlarda da müəllimlərin
seçiminə xüsusi diqqət yetiriləcək, yüksək
bilik və intellekt nümayiş etdirənlərə
üstünlük veriləcəkdir. Seçilən kurator
müəllimlər (sinif rəhbərləri) magistraturanı
əla qiymətlərlə bitirmiş qızlardan ibarətdir.
Dərsdən sonra kuratorlar şagirdlərin ev
tapşırıqlarının yerinə yetirilməsində
onlara yardımçı olur, istiqamətləndirir, valideynlərlə
əlaqə yaradır və səhərki dərslərə
tam hazırlayırlar.
Liseydə fəaliyyət göstərən
"Fidan" uşaq bağçasına (hazırlıq
qrupları) müsahibə yolu ilə qəbul edilən
körpələrin əqli və fiziki
sağlamlığına diqqət yetirilir. Tədris korpusunun
1-ci mərtəbəsində, ayrıca guşədə yerləşdirilmiş
uşaq bağçası yüksək maddi-texniki bazası
ilə diqqəti cəlb edir. Buradakı təzə mebellər,
yataq dəstləri, yataq və məşğələ
otaqlarının təmizliyi, səliqə-sahman göz
oxşayır. Dəhlizə və otaqların döşəmələrinə
salınmış xalılar, fidanların məşğul
olmaları üçün oyuncaqlar, təsviri sənət əşyaları,
musiqi alətləri gigiyenik baxımdan müasir standartlara tam
cavab verir, körpələrlə aparılan məşğələlərin
keçilməsinə əlverişli şərait
yaradır.
Hazırda
burada fəaliyyət göstərən iki qrupda 24 uşaq tərbiyə
alır ki, onlar səhər saat 8.00-dan axşam saat 18.00-a kimi
bağçada olur. Uşaqların sayının artması ilə
gələcəkdə qrupların çoxalacağı nəzərdə
tutulmuşdur. Gün ərzində körpələrə
onlar üçün ayrılmış xüsusi yeməkxanada
həkimin nəzarəti ilə 3 dəfə yemək verilir,
istirahətlərinə diqqət yetirilir. Körpələrin
tərbiyə aldıqları Azərbaycan qrupunda ingilis və
rus dillərində, rus qrupunda isə ingilis dilində məşğələlər
aparılır. Bundan başqa, onlara musiqi, təsviri incəsənət,
rəqs və digər bölmələr üzrə məşğələlər
keçilərək vərdişlər aşılanır. Onların
fiziki tərbiyəsinə də xüsusi fikir verilir.
Hazırda "Addım-addım"
proqramı ilə fəaliyyət göstərən bu körpələr
evində məşğələlər uşaqlarla tam fərdi
qaydada aparılır. Burada uşaqların tərbiyəsi ilə
"Addım-addım" proqramının sertifikatını
qazanmış, treninqdən keçmiş Sevil Bağırova
məşğul olur. Bağçada işləyən digər
tərbiyəçi-müəllimlər işlərinin
öhdəsindən layiqincə gəlsələr də,
onlara daim rəhbərlik tərəfindən nəzarət
edilir və lazımi tövsiyələr verilir. Bir sözlə,
burada körpələr liseyin 1-ci sinfinə hazırlanır.
Körpələri səhər saat
8.00-da yaşadıqları evlərdən, blokların
qarşısında ailə üzvlərindən təhvil alan
tərbiyəçi-müəllim onlar üçün xususi
ayrılmış liseyin avtobusu ilə bağçaya gətirir
və axşam saat 18.00-da isə həmin qayda ilə onları
bir-bir evlərinə aparıb ailəyə təhvil verir. Bu
hal təkcə körpələrə deyil, liseyin
bütün şagirdlərinə şamil edilmişdir. Buna
görə də bütün şagirdlərin ev
telefonları tərbiyəçi-müəllimə verilir və
onlar uşaqların məktəbə gətirilməsi və
məktəbdən aparılması haqqında qabaqcadan telefon əlaqəsi
yaradaraq valideynləri xəbərdar edir.
Bağça, məktəb-lisey
özəl olsa da, körpələrin və şagirdlərin
bura qəbulu zamanı valideynlərin maddi durumu nəzərə
alınır, onlara müəyyən güzəştlər
edilir.
Bu təhsil ocağında məktəbə
I-VII siniflərdən, liseyə isə VIII-XI siniflərdən
şagirdlər müsahibə yolu ilə qəbul edilirlər.
Sevda müəllim məlumat verərək bildirdi ki, burada I
siniflərə dərs deyən müəllim Akifə
Sarıyeva Sumqayıt Şəhər Təhsil Şöbəsində
öyrədici treninqlərdən keçərək sertifikat
almış və hazırda işini günün tələbləri
səviyyəsində quraraq istəyinə nail ola bilir. Həmçinin
I siniflərdə ingilis dilindən dərs keçən Albina
Soltanova və Sədaqət İsmayılova tədrisi müəllimlər
komandası - bir sinifdə iki müəllimin eyni zamanda dərs
deməsi metodu ilə aparırlar. Onu da qeyd edək ki, Sədaqət
müəllim keçən il öz ixtisası üzrə
ölkə başçısının sərəncamı
ilə 2007-2008-ci dərs ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuşdur.
I sinif şagirdləri sinifdə və
dərsdənkənar saatlarda ingilis dilində
danışırlar ki, bu da onlarda bu dildə danışmaq vərdişinin
yaranmasına səbəb olur.
Bağça uşaqları və
yuxarı sinif şagirdləri kimi ibtidai sinif şagirdləri
də məktəbin inzibati binasında yerləşən yeməkxanada
təhsil ocağının hesabına gündə
üç dəfə yeməklə təmin edilirlər. Onlar
üçün ayrılmış yeməkxanalar yaş
qrupuna uyğun təşkil edilmişdir. İbtidai sinif
şagirdləri nahar yeməyindən sonra bir qayda olaraq saat
yarım yatmaq üçün onlar üçün
ayrılmış xüsusi yataq otağından istifadə
edirlər. Bu otaqlarda yaradılmış şərait Avropa
standartlarına uyğun şəkildə təşkil
edilmişdir.
Yuxarı
siniflərdə tədrisin aparılması metodlarından
söz açan direktor müavini Sevda Butayeva dedi:
- Bizim liseydə tədris
üç istiqamətdə - təbiət, humanitar və
texniki fənlər üzrə dərinləşdirilmiş
proqramla aparılır. Dərslər Azərbaycan dilində
keçilir və gələcəkdə rus və ingilis dillərində
də tədris ediləcəkdir. Hazırda valideyn və
şagirdlərin arzusu nəzərə alınaraq VIII sinifdən
başlayaraq şagirdlər seçdiyi fənlər üzrə
təmayüllü siniflərdə təhsil alırlar. Bu
gün məktəbimizdə texniki və humanitar fənlər
üzrə təmayül siniflər mövcuddur.
Təhsil
Nazirliyinin proqramı saxlanılmaqla başqa liseylərdən
fərqli olaraq təhsil ocağında texniki fənlərin tədrisinə
daha çox saat ayrılmışdır. Gələcəkdə
ingilis dilində ayrıca sinif təşkil edilməsi nəzərdə
tutulmuşdur. Məktəb-liseyə gələcəkdə də
şagirdlər imtahan yolu ilə qəbul ediləcəklər.
Başqa liseylərdən fərqli
olaraq məktəbdə şagirdlərin arzusu ilə hər
gün saat 16.00-dan 18.00-a kimi informatikadan və ingilis dilindən
əlavə kurslar təşkil edilmişdir. İdmana maraq
göstərən şagirdlər üçün isə
cüdo və brekdans məşqləri keçilir. Bu məşqlər
təcrübəli idman ustaları tərəfindən
aparılır. Gələcəkdə liseydə şahmat,
üzgüçülük və valideynlərin arzusuna əsasən
başqa dərnəklərin də açılması nəzərdə
tutulmuşdur.
Liseyin şagirdləri
üçün xüsusi geyim forması vardır. Həmin
geyimlər qış və yay fəsilləri
üçün nəzərdə tutularaq sifarişlə
tikdirilmişdir. Buraya xüsusi idman formaları da daxildir.
ümumiyyətlə, liseydə şagirdlərin fiziki
hazırlığına da xüsusi fikir verilir. Belə ki,
mütəmadi olaraq müxtəlif idman oyunları və
yarışları təşkil edilir. Həmin
yarışlarda fərqlənən şagirdlərə həvəsləndirici
mükafatlar verilir, onlarda idmana maraq oyadılır.
Burada
tədbirlərin keçirilməsi adət halını
almışdır. Belə ki, yeni dərs ilində "Müəllimlər
günü", "Yeni il şənliyi", "Xocalı
soyqırımı", "8 Mart Beynəlxalq Qadınlar
Günü" və Novruz bayramı ilə bağlı tədbirlər
keçirilmişdir. Bu tədbirlərdə VII sinif şagirdi
Amin Məmiyev xüsusi fərqlənmişdir.
Novruz bayramı ilə əlaqədar
şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi
yaradılmışdır.
Qısa müddət ərzində fəaliyyət
göstərməsinə baxmayaraq, məktəbdə bir
sıra nailiyyətlər əldə edilmişdir. Belə ki,
şagirdlər Sumqayıt Şəhər Təhsil
Şöbəsi tərəfindən keçirilən "Gənc
informatiklər" müsabiqəsində uğurla iştirak
ediblər. Beynəlxalq ətraf mühitin mühafizəsi
layihəsi üzrə keçirilən İNEPO - Avrasiya
olimpiadasında məktəbin VII sinif şagirdləri Amin Məmiyev
və Nazim Ağazadə iştirak etmişlər. Həmin
şagirdlərin bu olimpiadaya hazırlanmasında fənn
müəllimi Lətafət Yusiflinin və kurator Gülər
Paşayevanın əməyi böyük olmuşdur.
Təhsil
ocağında hər ay və hər rübün sonu fənlər
üzrə yoxlama sınaq yazı işləri
aparılır. Məqsəd şagirdlərin biliyini
artırmaq, ali məktəblərə qəbul olmaq
üçün repetitorların yanına getməsinin
qarşısını almaqdır. Bir sözlə, təhsil
ocağı şagirdlərin ali məktəblərə daxil
olması üçün repetitorların yanına getməyə
ehtiyac olmayacağına tam zəmanət verir. Burada hər
sinifdə 10-12 şagird təhsil alır ki, onların da hər
biri ayrı-ayrılıqda öyrədiləcək və ali
məktəblərə qəbul olunmaları üçün
liseydən tam hazırlıqlı buraxılacaqlar.
Məktəb-liseyin inzibati və tədris
korpuslarında bir neçə otağa baş çəkdik.
Burada fəaliyyət göstərən zəngin fənn
kabinetləri, laboratoriyalar, kompüter otaqları günün
tələbləri səviyyəsində qurulmuşdur. Fəaliyyət
göstərən bütün kompüterlər İnternetə
qoşulmuşdur. Gün ərzində açıq olan
informatika otaqları şagirdlərin və müəllimlərin
ixtiyarına verilmişdir. Liseydə fəaliyyət göstərən
kitabxana, tibb məntəqəsi, akt və idman zalları Avropa
standartlarına tam cavab verir. Burada zəngin dərsliklər və
ədəbiyyatla təchiz edilmiş kitabxana, geniş oxu
zalı vardır. Tibb məntəqəsində həkim
vaxtaşırı şagirdlərin və körpələrin
sağlamlığı ilə maraqlanır, gün ərzində
onlara veriləcək yeməklərin sanitar-gigiyenik qaydada
hazırlanmasına nəzarət edir. Tibb məntəqəsi
ilk yardım zamanı lazım olacaq bütün dərmanlarla
təmin edilmişdir.
Liseyin tədris korpusunun zirzəmisində
şagirdlər üçün üzgüçülük
hovuzu inşa edilir.
Məktəbin
müasir standartlara cavab verən qazanxanası ilboyu işlədiyi
üçün burada bütün otaqlar
qızdırılır, tədris və inzibati korpuslar daim
isti və soyuq su ilə təmin edilir. Bir sözlə, məktəb-liseyin
mənsub olduğu maddi-texniki bazası burada daha geniş
işlərin həyata keçiriləcəyindən və
uğurlar qazanacağından xəbər verir.
Bu
yaxınlarda məktəbin 1 yaşı tamam olacaq. Biz də,
öz növbəmizdə, bu münasibətlə liseyin
müəllim və şagird kollektivinə yeni uğurlar
arzulayırıq.
Nizami MİRZƏ,
Malik
NOVRUZOV
Azərbaycan müəllimi.-2009.-10 aprel.-S.4.