Görüşlərlə zəngin səfər proqramı

 

Təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub

 

Azərbaycan Respublikasının this’ll naziri Misir Mərdanovun rəhbərlik etdiyi bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəvəti ilə bu il martın 30-dan aprelin 5-dək Almaniyada səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıxov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov və şöbənin əməkdaşı Azad Axundov daxil idi.

 

 Almaniyanın təhsil sistemi ilə yaxından tanış olmaq, müxtəlif universitetlərin rektorları və Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşmək, xüsusilə də xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu ölkənin ali məktəblərində həyata keçiriləcək tədbirləri və əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək məqsədini daşıyan səfər Alman Akademik Mübadilə Xidməti tərəfindən təşkil olunmuşdu.

 Onu da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin Almaniyada təhsili məhz DAAD ilə əməkdaşlıq zəminində həyata keçirilir. Hazırda Proqram çərçivəsində Almaniya universitetlərində 26 azərbaycanlı gənc müxtəlif təhsil pillələri və proqramları üzrə təhsil alır. Bu il daha 36 nəfərin Almaniyaya göndərilməsi nəzərdə tutulub. Dövlət Proqramından əlavə, DAAD-ın təqaüdləri hesabına da hər il 100-dək azərbaycanlı tələbə, magistr və aspirant müxtəlif təhsil və tədqiqat proqramları çərçivəsində Almaniyaya göndərilir.

 Zəngin proqram üzrə həyata keçirilmiş səfər zamanı nümayəndə heyətimiz DAAD-nın Baş katibi cənab Kristian Bode ilə görüşüb. Görüşdə təşkilatın Şərqi Avropa və MDB üzrə şöbəsinin rəhbəri Qriqor Berkhorn, Mərkəzi Asiya və Qafqaz sektorunun rəhbəri Benedikt Briş, Almaniyanın Federal Təhsil və Tədqiqatlar Nazirliyinin MDB sektorunun rəhbəri Maykl Şlixt və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri cənab Pərviz Şahbazov da iştirak ediblər. Müzakirələr zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə DAAD arasında həyata keçiriləcək gələcək proqramlar haqqında ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bu ilin payızında Bakıda üçgünlük konfransın keçirilməsi barədə ilkin razılıq əldə olunub. Konfransın təşkilində məqsəd DAAD-ın fəaliyyəti və bu təşkilatın həyata keçirdiyi təhsil proqramları haqqında Azərbaycan ictimaiyyətinin daha yaxından məlumatlandırılması, alman universitetlərinin təhsil və elmi tədqiqatlar sahəsində potensialı və təcrübəsi ilə yaxından tanışlıq, Boloniya prosesi çərçivəsində Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən tədbirlərdə bu ölkənin təcrübəsindən faydalanmaqdır.

 

 Azərbaycan tibb kadrları hazırlığında Almaniya universitetlərinə önəm verir 

 

Nümayəndə heyəti səfər zamanı Almaniyanın Münster Universitetinin tibb fakültəsində və bu fakültənin xəstəxanasında olub. Burada keçirilən görüşlər zamanı Azərbaycanın tibb sahəsində kadr hazırlığında Almaniyaya xüsusi önəm verdiyi qeyd olunub. Eyni zamanda Azərbaycan tələbələrinin Münster Universitetinin tibb fakültəsində təhsil almaq imkanları barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı sözügedən fakültənin rəhbərliyi tərəfindən təkcə diplomaqədərki deyil, diplomdansonrakı hazırlıq, o cümlədən tibb sahəsində çalışan mütəxəssislərin təkmilləşməsi istiqamətində də əməkdaşlıq imkanlarının olduğu bildirilib. 

 

YUNESKO-nun ümumdünya konfransında

 

 Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov səfər zamanı YUNESKO-nun Almaniyada keçirilən Davamlı İnkişaf Naminə Təhsil üzrə ümumdünya konfransında iştirak edib.

 Əsas məqsədi 2005-2014-cü illər üzrə BMT-nin Davamlı İnkişaf Naminə Təhsil Dekadası Proqramının məqsədlərinin YUNESKO-ya üzv ölkələrdə həyata keçirilməsi ilə bağlı məsələlərin, eləcə də bu proqram çərçivəsində görüləcək tədbirlərin müzakirəsi olan konfransda dünyanın 50 ölkəsinin təhsil nazirləri, nazir müavinləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 

Tədbirin açılış mərasimində iştirakçılara YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın adından məruzə təqdim edilib və Almaniyanın Təhsil və Tədqiqatlar üzrə federal nazirinin davamlı inkişafda ali təhsilin rolu barədə məruzəsi dinlənilib. 

Konfransda əsasən Davamlı İnkişaf Naminə Təhsil vasitəsi ilə yaşayış səviyyəsinin yüksəldilməsi, özəl sektorun inkişafında təhsilin rolu, su mənbələrinin mühafizəsi üzrə təhsil, təhsil vasitəsi ilə dünyada iqlim dəyişiklikliyinə diqqətin artırılması, YUNESKO-ya üzv ölkələrdə Davamlı İnkişaf Naminə Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tədris planı və kurikulumlarda Davamlı İnkişaf Naminə Təhsilin tətbiqi kimi məsələlər müzakirə olunub.

  Ümumdünya konfransının sonunda Davamlı İnkişaf Naminə Təhsilin rolu ilə bağlı Bonn Bəyannaməsi qəbul edilib.

 Konfrans çərçivəsində keçirilən və yüksək səviyyəli qonaqların iştirak etdiyi iclas zamanı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun Rusiya Federasiyası və Latviyanın təhsil nazirləri, o cümlədən YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini ilə görüşləri olub. Həmin görüşlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə adıgedən ölkələr və YUNESKO arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. 

 

30 min tələbəsi olan Axen Universitetində 

 

Səfər proqramına uyğun olaraq Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin növbəti görüşləri Axen şəhərində olub. Burada fəaliyyət göstərən Axen Universitetinin rəhbərliyi, o cümlədən həmin ali məktəbin rektoru, professor Ernest Şmaxtenberqlə və burada təhsil alan 4 azərbaycanlı tələbə ilə görüşlər keçirilib.

 Məlumat üçün bildirək ki, əsasən texniki və mühəndislik ixtisasları üzrə ixtisaslaşmış bu universitetin 30 mindən artıq tələbəsi var. Onlardan 5 minə yaxını xarici tələbələrdir. Axen Universiteti Almaniyanın ən nüfuzlu ali məktəblərindən sayılır. Burada istehsal texnologiyası, enerji texnologiyası, lazer texnologiyası, proses mühəndisliyi, tibbi texnologiya üzrə sənaye və digər aidiyyəti sahələrin müəssisələri ilə sıx əlaqədə yüksək səviyyədə kadr hazırlığı həyata keçirilir. Universitetdə hər il sənaye müəssisələri tərəfindən maliyyələşdirilən təqribən 3000-ə yaxın layihə üzərində iş aparılır.

  Nümayəndə heyətimizin Axen şəhərinin kənarında yerləşən Yülix Elm Mərkəzinə ziyarəti də səfərin ən maraqlı məqamlarından olub. Azərbaycandan olan təhsil işçilərinə məlumat verilib ki, 4500-ə yaxın əməkdaşı və 360 milyon avro illik büdcəsi olan bu elmi mərkəzdə enerji və iqlim, ətraf mühit, molekulyar nanoelektronika və tibb, xüsusilə də beyin tədqiqatları üzrə elmi layihələr həyata keçirilir. 

Səfər zamanı təhsil naziri və nümayəndə heyətinin digər üzvləri Almaniyanın ən nüfuzlu ali məktəblərindən sayılan Bonn Universitetinə də baş çəkiblər. Ali məktəblə tanışlıqdan sonra onun rektoru, professor Matiyas Uinigerin rəhbərlik etdiyi universitet nümayəndə heyəti ilə göruş olub və səmərəli müzakirələr aparılıb. Söhbət zamanı rektor Matiyas Uiniger Boloniya prosesi çərçivəsində Bonn Universitetində son bir neçə ildə görülmüş işlər, aparılmış ciddi dəyişikliklər haqqında geniş məlumat verib, öz təcrübələrini Azərbaycan tərəfi ilə bölüşmək üçün payızda Bakıda keçirilməsi nəzərdə tutulan birgə konfransda iştirak etməyə hazır olduqlarını bildirib. 30 minlik tələbə kontingenti olan universitetlərində 138 ölkədən 5 min xarici tələbənin təhsil aldığını deyən universitet rəhbəri gələcəkdə onların sırasında çoxlu sayda Azərbaycan tələbələrini də görmək istədiklərini söyləyib.

 

 Almaniyada peşə təhsili

 

 Səfər çərçivəsində keçirilən ən maraqlı görüşlərdən biri də Bonn şəhərində yerləşən peşə məktəbində olub. öz peşə məktəbləri, habelə Almaniyada peşə təhsili haqqında qonaqlara geniş məlumat verən məktəbin direktoru bildirib ki, Almaniyada gənclərin 60 faizə qədəri 10 il orta təhsil aldıqdan sonra təhsillərini peşə məktəblərində davam etdirirlər.

 Almaniyada peşə təhsili müəssisələrlə müqavilə əsasında təhsil və tam peşə təhsili olmaqla iki növə ayrılır:

 

 1. Müəssisələrlə müqavilə əsasında təhsil 

 

17, 18, 19 və ya 20 yaşlı gənclər orta məktəbi bitirdikdən sonra müxtəlif müəssisələrlə peşə təlimi üzrə müqavilə imzalayırlar. Bu müqaviləyə uyğun olaraq tələbə peşə məktəbində həftədə 2 dəfə dərsdə iştirak etməlidir. Müəssisə peşə təliminin praktiki hissəsini, məktəb isə nəzəri hissəsini təmin edir. Məsələn, Lüdviq Erhard Peşə Kollecində 7 müxtəlif peşə sahəsi üzrə təlim keçilir. Bunlar təlim müddəti 3 il olan Sığorta biznesinin idarəedilməsi üzrə köməkçi; təlim müddəti 2,5 il olan Bank biznesinin idarəedilməsi üzrə köməkçi; təlim müddətləri 3 il olan İctimai idarəetmə üzrə köməkçi; İdarə işi üzrə köməkçi; Vergi məsləhətçiləri üçün idarəetmə sahəsində çalişan köməkçi; Həkimlər üçün köməkçi; Diş həkimləri üçün köməkçisi peşələridir.

 Birinci peşə üzrə ildə 3 aylıq, sonrakı 3 peşə üzrə ildə 2 dəfə 6 həftəlik, sonuncu 3 peşə üzrə isə həftədə 2 gün təlim nəzərdə tutulur. ümumilikdə, tələbə təlim prosesinin 2 gününü məktəbdə, 3 gününü isə müəssisədə keçirir. 

Bununla belə, təlim prosesinin müxtəlif formada təşkil edilməsi imkanları da mövcuddur. O, konkret bir müəssisənin arzusuna uyğun olaraq təşkil edilir. Belə ki, adətən iri müəssisələr təlimin məktəblə birgə həyata keçirilməsinə üstünlük verdikləri halda, kiçik müəssisələr tələbələrin həftədə yalnız 2 gün məktəbdə təhsil almasına, qalan günlər isə müəssisədə təlim keçməsinə üstünlük verirlər.

 Ümumilikdə, təlim müddəti 3 ili əhatə edir və sonda yekun imtahanla bitir. Bəzi hallarda konkret bir müəssisənin seçimindən asılı olaraq imtahandan sonra məzuna daimi iş yeri təklif edilə bilər. Bundan başqa, praktiki təlim zamanı fəal olan tələbələr təhsil müddətlərini azaltmaq imkanına da malikdir. Peşə məktəblərində bu yolla təhsil alanlar bütövlükdə peşəyə yiyələnənlərin 75 faizini təşkil edir. 

 

2. Tam peşə təhsili 

 

Tam peşə təhsili məktəblərində təhsil alan tələbələr hər hansı bir müəssisə ilə peşə təlimi üzrə müqavilə imzalamırlar. Bu tələbələr həftədə 5 gün məktəbə gəlir və onların təlimi bütövlüklə məktəbdə həyata keçirilir. İxtisas səviyyəsindən asılı olaraq tələbələrə 1 ildən 3 ilə qədər davam edən müxtəlif növ təhsil kursları təklif olunur. Tam peşə təhsili məktəblərinin aşağıdakı növləri vardır:

 

1. Tam (ilkin) peşə təhsili məktəbi, A forması;

 2. Tam (ilkin) peşə təhsili məktəbi, B forması; 

3. Tam (ali) peşə təhsili məktəbi;

  4. İxtisaslaşmış tam orta təhsil məktəbi;

 5. İxtisaslaşmış akademik orta təhsil məktəbi; 

6. Xarici dil biliklərinə malik olan və ticarət sahəsində çalışan yardımçıların hazırlanması.

 

 A formalı peşə məktəbində həyata keçirilən 2-illik əyani kurslar natamam orta təhsil almış (1-10-cu sinif) şagirdlər üçün nəzərdə tutulmuşdur. Kursu bitirmiş tələbəyə ixtisaslaşmış tam orta təhsilə daxil olmağa icazə verən sertifikat verilir. 

B formalı 1-illik kurs ixtisaslaşmış tam orta təhsil almaq imkanı verən sertifikata sahib, lakin təhsil göstəriciləri bir qədər aşağı olan şagirdlər üçün nəzərdə tutulmuşdur. Bu kursda tələbələrə ilkin peşə bilikləri tədris edilir, lakin ümumtəhsil səviyyəsində hər hansı bir ali dərəcə verilmir. Belə demək olarsa, bu kurslar peşə təlimi keçməmiş, eləcə də tam ali peşə təhsili məktəblərində təhsil almaq üçün kifayət qədər səriştəsi olmayan tələbələr üçün nəzərdə tutulmuşdur.

 Tam ali peşə təhsili məktəbinin 2-illik kursunda ixtisaslaşmış tam orta təhsilə daxil olmağa icazə verən sertifikatda qiymətləri yüksək olan şagirdlər təhsil ala bilərlər. 2-illik kursu bitirdikdən və yekun imtahanı verdikdən sonra şagird ixtisaslaşmış qısamüddətli ali təhsil almaq imkanı verən şəhadətnamədə göstərilmiş fənlərin yalnız nəzəri hissəsini öyrənmiş olur. Müvafiq peşə üzrə staj və yaxud peşə təlimi keçmiş tələbələrə ixtisaslaşmış qısamüddətli ali təhsil almaq imkanı verən tam sertifikat verilir və bu tələbələr peşə kolleclərində ali təhsilə başlamaq hüququ əldə etmiş olurlar.

  İxtisaslaşmış tam orta təhsil məktəblərində həyata keçirilən 1-illik kursu keçmiş tələbələrə ixtisaslaşmış qısa müddətli ali təhsil almaq imkanı verən sertifikat verilir. Bununla belə, bu kursu keçmiş tələbələr natamam orta təhsili bitirmək haqqında şəhadətnaməyə malik olmaqla yanaşı, həm də peşə təhsili keçmiş olurlar.

 Natamam orta təhsili bitirmək haqqında sertifikatda yaxşı nəticələrə malik olan tələbələr ali təhsil almaq imkanı verən ümumi sertifikat almaq məqsədi ilə təhsillərini davam etdirə bilərlər. Bu təhsildə əsas diqqət biznes ixtisasına yönəldilir. Bu sertifikatı almış tələbələr universitetlərə qəbul oluna bilərlər.

 

  Köln Tətbiqi Elmlər Universitetində

 

 Avropanın ən sıx ali məktəblər şəbəkəsi olan yerlərindən biri Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətidir. Burada 60 dövlət və özəl universitet yerləşir. 2300 proqram reallaşdırılan həmin universitetlərdə 450.000-dən çox tələbə təhsil alır. Əyalətin qədim və iri şəhərlərindən biri Kölndir. Əsası eramızdan əvvəl 18-12-ci illərdə qoyulmuş bu şəhərdə indi 1 milyondan çox əhali yaşayır. Şəhərin ərazisi 40.500 hektardır. Kölndə 8 universitet fəaliyyət göstərir. Onlarda 75 min tələbə oxuyur. Burada fəaliyyət göstərən Köln Tətbiqi Elmlər Universiteti nəinki Almaniyanın, eləcə də Avropanın ən nüfuzlu universitetlərindən biridir. Almaniyanın tətbiqi elmlər sahəsində 7 universitetini birləşdirən şəbəkəyə daxil olan Köln Tətbiqi Elmlər Universitetinin 11 fakültəsində 16 mindən çox tələbə təhsil alır. Onlardan 2000-i xarici tələbədir. 65 kursun 36-sı bakalavr, 29-u magistr pillələrini əhatə edir.

  Universitet müasir təchizata, texniki avadanlıqla təmin olunmuş laboratoriyalara malikdir. Nəzəriyyə ilə təcrübə arasında sıx əlaqə mövcuddur. Burada fərdi məsləhətlər, test kursları, açıq günlər, hazırlıq dərsləri (məsələn, riyaziyyatdan), yeni tələbələrə tyutorluq məsləhəti, hamilik dəstəyi və s. kimi xidmətlər göstərilir. Universitetin akademik personalı 677 nəfərdir ki, onlardan da 402-si professordur. 2008-ci ildə büdcəsi 139 milyon avro təşkil edən bu ali məktəbin pul gəlirlərinin 12,4 milyon avrosunu ödənişdən, 10,6 milyon avrosunu isə əlavə xidmətlərdən gələn gəlirlər təşkil etmişdir. 

Köln Tətbiqi Elmlər Universiteti sıx beynəlxalq əlaqələrə malikdir. Universitet dünyanın 24 ölkəsində (o cümlədən Azərbaycan, Braziliya, Kanada, Finlandiya, Fransa, Niderland, Polşa, Rusiya, ABŞ və b.) 59 tərəfdaş universitetlə əməkdaşlıq əlaqələri saxlayır. Tələbə mübadiləsi proqramlarında (Avropa Birliyinin 120 tərəfdaşlıq proqramında) yaxından iştirak edir.

  Nümayəndə heyətimiz səfər zamanı bu universitetdə olaraq onun rəhbərliyi ilə görüşüb.

 Köln Tətbiqi Elmlər Universiteti Azərbaycan ilə Almaniya arasında xüsusi yeri olan bir universitetdir. Belə ki, universitetin mühəndislik elmləri üzrə professoru, soydaşımız Rza Talibi Dəryaninin də xüsusi səyləri nəticəsində 2000-ci ildən bəri Avropa Birliyinin TEMPUS Proqramı çərçivəsində bu ali məktəbin tərəfdaş olduğu 4 layihə həyata keçirilib. Bu layihələr Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Politexnik İnstitutunda Elektrotexnika sahəsində bakalavr və magistr təhsilinin təkmilləşdirilməsini əhatə edir.

 "Elektrotexnika sahəsi üçün müasir təhsil" adlanan, 2,5 il davam edən və həcmi 263.206 avro dəyərində olan birinci layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan Texniki Universitetində 3 yeni laboratoriya yaradılmış, 15 seminar keçirilmiş, 3 ixtisas üzrə 65 tələbə hazırlanmışdır.

 "Azərbaycan ali məktəblərində müasir mühəndis təhsili" adlanan və dəyəri 296.750 avro olan ikinci layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan tərəfdaş ali məktəblərində 8 laboratoriya yaradılmış, 70 seminar təşkil edilmişdir. 4 universitetdə (AzTU, ADNA, SDU, MPİ) 9 ixtisas üzrə 178 tələbə hazırlanmışdır.

  "Azərbaycanda enerji menecmenti üçün magistr təhsili" adlı üçüncü layihə çərçivəsində 5 laboratoriya yaradılmış, 20 seminar keçirilmiş, 20 magistr hazırlanmışdır.

  Hazırda davam edən "Azərbaycanda neft və kimya sənayesi üçün enerji menecmenti magistr təhsili" layihəsi (ADNA, SDU) üzrə 4 laboratoriya yaradılmış, 6 seminar keçirilmişdir. 

Texniki istiqamətlər üzrə mütəxəssislər hazırlayan bu ali məktəbin sənaye və istehsalat müəssisələri ilə çox sıx əməkdaşlığı müzakirələr zamanı nümayəndə heyətinin üzvlərini xüsusilə cəlb edib.

 Görüş zamanı Köln Tətbiqi Elmlər Universitetinin rəhbərliyi həm Avropa Birliyinin proqramları, həm universitetlərarası ikitərəfli əməkdaşlıq, həm də Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanda texniki ixtisaslar üzrə kadr hazırlığı səviyyəsinin yüksəldilməsinə və azərbaycanlı tələbələrin bu ali məktəbdə təhsil almasına hazır olduqlarını bildirib.

  Köln şəhərində daha bir görüş isə Köln Universitetinin tibb fakültəsində olub. Universitetin Anatomiya İnstitutunda keçirilən bu görüşdə Dövlət Proqramı çərçivəsində bu fakültədə təhsil alan 2 tələbəmiz də iştirak edib. Görüşdə gələcəkdə daha artıq sayda tələbələrimizin bu fakültədə tibb ixtisası üzrə müxtəlif proqramlarda təhsil alması, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığı çərçivəsində mütəxəssislərimizin bu fakültədə staj keçməsi ilə bağlı faydalı müzakirələr aparılıb. 

Qarşılıqlı faydalı səfər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın geniş perspektivləri olduğunu aşkara çıxarıb.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-10 aprel.-S.3.