Texniki peşə təhsilinin inkişafı ilə bağlı layihənin təqdimatı olub
Aprelin 7-də
"Excelsior" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
"Peşə təhsili
və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş
regionunda pilot icrası"
layihəsinin təqdimat
mərasimi keçirildi.
Tədbirdə bu layihə və onun Azərbaycanda texniki peşə təhsilinin inkişafında müstəsna əhəmiyyəti haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Azərbaycan hökumətinə mövcud texniki peşə təhsili sistemində islahatlar aparılması üçün strategiyanın hazırlanmasında dəstək göstərəcək layihənin əsas məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və məzunlar üçün iş imkanlarının artırılmasından ibarətdir. Avropa İttifaqı tərəfindən 2,5 milyon avro dəyərində büdcə ilə təmin edilmiş layihə texniki peşə təhsili sahəsində islahatları əmək bazarının ehtiyaclarına uyğunlaşdırmaqda yardımçı olmaqla ölkəmizdə işəgötürənlər və peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. Əmək bazarının tələblərinə uyğun məzunlar hazırlamaq qabiliyyətinə malik texniki peşə təhsili sisteminə fəal şəkildə dəstək olacaq effektiv əməkdaşlığın təmin edilməsi üçün layihə dövlət və özəl sektor arasında dialoqu inkişaf etdirəcəkdir.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. Texniki peşə təhsili üzrə böyük inkişaf yolu keçmiş dünya ölkələrinin qabaqcıl təcrübəsindən söz açan təhsil naziri bizdən fərqli olaraq həmin ölkələrdə peşə təhsili müəssisələrinin ictimaiyyət arasında böyük nüfuza malik olduğunu vurğuladı.
Artıq ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsili sisteminin də yeniləşməsi zərurətini yaratdığını deyən Misir Mərdanov son zamanlar bu sahəyə diqqətin artırıldığını, onun dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edərək "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində görülən işlərdən danışdı. Təhsil naziri texniki peşə təhsili sistemində aparılan islahatların, o cümlədən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası" layihəsinin bu sahədə gözəçarpan irəliləyişlərə səbəb olacağına əminliyini ifadə edərək bu işdə iştirak edən bütün beynəlxalq təşkilatlar və yerli qurumlara minnətdarlığını bildirdi.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və "British Council" təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye öz çıxışlarında bu layihəni Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində ən önəmli nümunə kimi dəyərləndirdilər.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov "Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi" və layihə rəhbəri Nils H. Kristensen "Peşə təhsili təliminin müasirləşdirilməsi layihəsi: məqsədlər, layihənin icrası və gözlənilən nəticələr" adlı təqdimat-məruzələrlə çıxış etdilər. Layihənin icrası haqqında danışan Namiq Məmmədov və Nils H.Kristensen bu məqsədlə seçilmiş İsmayıllı rayonunda tikilən texniki peşə təhsili kompleksi ilə bağlı ətraflı məlumat verdilər. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, İsmayıllı Peşə Məktəbi tədris binası, laboratoriya, kompüter otaqları, emalatxana, yeməkxana, yataqxana, kitabxana, konfrans zalı və oteldən ibarət olacaq, şagirdlərin kompleksi tərk etmədən nəzəri biliklərlə yanaşı, təcrübi biliklərə də yiyələnmək imkanı olacaqdır. Azərbaycan hökuməti tərəfindən hazırda tikilməkdə olan İsmayıllı Peşə Məktəbində praktik təlimin həyata keçirilməsi üçün avadanlığın alınmasına 0,5 milyon avro məbləğində əlavə maliyyə vəsaiti ayrılmışdır.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev "Turizmdə təhsilin aktuallığı", Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Biznesin inkişafı şöbəsinin müdiri İlqar Əsədov "Sosial əməkdaşlıq, özəl sektordan gözləntilər" və İnsan Resursları Departamentinin Təlim və tədris şöbəsinin rəhbəri Sanar Məmmədov "Azərsun Holdinq"in təhsilyönümlü uğurlu təcrübəsi" mövzusunda məruzə etdilər.
Mərasimdə səslənən bütün
çıxışlarda bu
layihənin Azərbaycanda
texniki peşə təhsili sahəsinin inkişafına böyük
təkan verəcəyi
vurğulandı və
uğurla icra olunması arzulandı.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-10
aprel.-S.2.