2008-2009-cu dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2008-2009-cu dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının səmərəli təşkili və aparılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilsin.

2.Buraxılış imtahanları aşağıdakı fənlər üzrə keçirilsin:

2.1. IX siniflərdə - ana dili və riyaziyyat.

2.2.XI siniflərdə - ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil.

3. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq edilsin.

4.Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 (üç) astronomik saat vaxt ərzində bölgələr üzrə aşağıdakı qrafik əsasında keçirilsin:

4.1. Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları - 3 iyun;

4.2. Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları - 8 iyun;

4.3.Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları -12 iyun;

4.4. Bakı və Sumqayıt şəhərləri -16 iyun.

5. Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) astronomik saat vaxt verilməklə 5 iyun 2009-cu il tarixdə saat 10.00-da keçirilsin.

6.  Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 24 aprel 2009-cu il tarixdə saat 10.0-da keçirilsin.

7. Eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 nömrəli məktəbdə keçirilsin.

8. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) R(Ş)TŞ(İ)-ləri ilə birlikdə əsas təhsil kursu üzrə imtahan materiallarının yerlərə çatdırılmasını təmin etsin.

9. Buraxılış imtahanları ilə əlaqədar bu əmrdə nəzərdə tutulmayan digər məsələlər "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"a uyğun tənzimlənsin.

10. Əmrin surəti Müdafiə, Ədliyyə, Səhiyyə, Gənclər və İdman nazirliklərinə göndərilsin.

11. Əmrin çoxaldılıb yerlərə göndərilməsi Ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın.

12.İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" və "Təhsil xə-bərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir MƏRDANOV

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan müəllimi.-2009.-17 aprel.-S.2.