İsmayıllıda üç yeni məktəbin açılışı olub

 

Aprelin 18-də İsmayıllı rayonunun Xəlilli, Cülyan Ağbulaq kəndlərində tikilmiş 220 şagird yerlik üç yeni məktəbin açılış mərasimi oldu.

 Təhsil naziri Misir Mərdanov yeni məktəblərin açılışı münasibəti ilə rayon rəhbərliyini, təhsil müəssisələrinin pedaqoji şagird kollektivlərini, kənd sakinlərini təbrik etdi. İsmayıllı rayonunda görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilə göstərdiyi diqqət qayğının nəticəsində mümkün olduğunu bildirdi. 

Sonra nazir Misir Mərdanov millət vəkilləri Ərəstun Cavadov və Novruzəli Aslanovla birlikdə məktəblərin sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman və iclas zallarına baxdılar.

 Həmin gün rayon mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə də keçirildi. Müşavirəni giriş sözü ilə açan Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov son beş ildə İsmayıllıda təhsil sahəsində aparılan işlərdən və qazanılmış uğurlardan bəhs etdi. 

Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov 2008-2009 -cu dərs ilində İsmayıllı rayonunda təhsil islahatının həyata keçirilməsində mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiqini və təhsil müəssisələrinin maddi-texniki bazasının xeyli yaxşılaşdırılmasını və ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizdə əldə edilən sürətli iqtisadi inkişafın məktəb tikintisi və məktəblərin əsaslı təmirində həlledici rol oynadığını qeyd etdi. Son on ildə Azərbaycanda yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayının 2500 -dən çox olduğunu bildirdi.

 Təhsil naziri Misir Mərdanov İsmayıllıda dərs ili ərzində iki müəllimə ölkə başçısı tərəfindən "Əməkdar müəllim" fəxri adının verilməsini, müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması baxımından hər il onların əməkhaqlarının artırılmasını xüsusi vurğuladı.

 Dünya Bankının dəstəyi ilə həyata keçirilən təhsil islahatı sahəsində çox ciddi işlər görüldüyünü, o cümlədən 2009-2010-cu dərs ili üzrə orta məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın sonunadək nəzərdə tutulan komplektlərin hazır olacağını bildirdi. Nazir hazırda məktəblərin lazımi avadanlıqlarla, dərslik və dərs vəsaiti ilə təmin olunması sahəsində heç bir problemin olmadığını nəzərə çatdırdı. 

Hazırda Azərbaycanda zəruri şərtləri ödəyən təlim və təhsil mühitinin formalaşmaqda olduğunu deyən Misir Mərdanov bildirdi ki, ölkə başçısı, ictimaiyyət təhsil işçilərindən bu gün daha keyfiyyətli nəticə gözləyirlər. Bu istiqamətdə çox ciddi işlər görməliyik, bizim vəzifəmiz müəllimlərlə gərgin işləməkdən ibarət olmalıdır.

 Təhsil naziri Misir Mərdanov ölkənin bütün məktəblərində olduğu kimi, İsmayıllı rayonunun tədris ocaqlarında da XI siniflər üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini bildirdi və test üsulu ilə keçiriləcək buraxılış imtahanlarından və onun əhəmiyyətindən danışdı.

  Sonra nazir müşavirədə İsmayıllı məktəbləri üzrə sınaq imtahanlarının nəticələrinə öz münasibətini bildirdi və bəzi məktəblərin göstəricilərindən narazı qaldığını dedi. Məktəblərdə yeni qiymətləndirmə sistemi və bu ildən IX siniflərdə keçiriləcək buraxılış imtahanları haqqında məlumat verdi.

 Rayonda təhsil sahəsində mövcud olan nöqsanların tezliklə aradan qaldırılacağına ümidvar olduğunu deyən nazir Misir Mərdanov İsmayıllı rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən ətraflı danışdı və onlara gələcək işlərində uğurlar arzuladı. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-24 aprel.-S.1, 2.