Müsabiqə qalibləri mükafatlandırıldılar
Aprelin 22-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində keçirilmiş "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Ölkədə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən təhsil nazirinin müavini İradə Hüseynova Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan məqsədyönlü işlərdən danışdı. Bildirdi ki, keçirilmiş "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsi yüksək biliyə malik, elmi-tədqiqat işləri ilə məşğul olmağa maraq göstərən gənclərimizin aşkarlanmasına, onların tanınmasına imkan verdi. Qeyd olundu ki, müsabiqə 16-17 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Odlar yurdu" Universitetinin bazasında keçirilmiş, ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilmişdir.Konfransın 16 bölməsində 320 tələbə məruzə ilə çıxış etmişdir. Müsabiqə cari ilin fevral-mart aylarında keçirilmiş və bura konfrans iştirakçılarının reytinq cədvəlinin yuxarı üç pilləsində olan tələbələr buraxılmışdır. Təhsil Nazirliyi tərəfindən yaradılmış tanınmış alimlərdən ibarət münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirib. Təqdim olunan elmi-tədqiqat işlərində gənclərin yüksək elmi hazırlıq, bilik nümayiş etdirdiyini deyən İ.Hüseynova "Ən yaxşı tələbə elmi- tədqiqat işi" müsabiqəsinin qaliblərini mərasim iştirakçılarına təqdim etdi. Qaliblərə Təhsil Nazirliyinin diplomları təqdim olundu.Bütün qalibləri təhsil naziri Misir Mərdanovun adından və öz adından təbrik edən nazir müavini onlara gələcək elmi yaradıcılıq işlərində müvəffəqiyyətlər arzuladı.
Çıxış edənlər - Bakı Dövlət Universitetinin prorektoru İsmayıl Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov, Bakı Slavyan Universitetinin prorektoru Məmməd Əliyev müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunaraq, qaliblərə ən xoş istəklərini çatdırdılar.
Müsabiqənin qaliblərindən Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tələbəsi
Teymur Mustafayev, Bakı Dövlət Universitetinin magistrantı
Şəbnəm Həsənli, Gəncə Dövlət
Universitetinin tələbəsi Elnur Həsənov
çıxış edərək ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
gənclərə göstərilən diqqət və
qayğıdan söz açdılar. çıxış edən
tələbə gənclər sonda bütün qaliblər
adından onların əməyini belə yüksək qiymətləndirdiyinə
görə təhsil naziri Misir Mərdanova və müsabiqənin
keçirilməsində zəhməti olan bütun şəxslərə
öz minnətdarlıqlarını bildirdilər.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.-2009.-24 aprel.-S.2.