Ənənələri
yaşadan direktor
Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların təşkilatçılıq bacarığı, xeyirxahlığı, səmimiliyi, dünyagörüşü, mənəvi zənginliyi, könül toxluğu, Vətəninə, torpağına, millətinə, dininə, dilinə ürəkdən bağlılığı, haqqa inamı, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməsi adamı valeh edir. Onlar özlərindən çox
başqaları haqqında
düşünməyi, vətəndaşlıq,
vəzifə və insanlıq borcunu layiqincə yerinə yetirməyi bir an da olsun
belə unutmurlar. Belə insanlardan biri də Şahbuz
rayonundakı Kükü
kənd forta məktəbinin direktoru Hacı Mirnaqim Mirheydər oğlu Seyidovdur.
1934-cü ildə Şahbuz rayonunun
axarlı-baxarlı Kükü kəndində doğulan
Mirnaqim Seyidov 1952-ci ildə Kükü kənd orta məktəbinin
ilk məzunlarından biri olmuşdur. (Kənddə orta məktəb
həmin il yaradılmışdır). Həmin il
Naxçıvan Müəllimlər İnstitutunun tarix
fakültəsinə daxil olmuş, 1954-cü ildə institutu
bitirib doğma məktəbinə tarix müəllimi təyin
edilmişdir.
Kükü kənd orta məktəbi
fəaliyyətə başladığı gündən
öz ənənələri ilə tanınan təhsil
ocağıdır. Mirnaqim müəllim ona dərs deyən Azərbaycanın
əməkdar müəllimi Xudayar Quliyev, Allahqulu Quliyev,
"Şərəf Nişanı" ordenli Adil Seyidov, Abbas
Cabbarovla birlikdə işləməyə başlayır. 1958-1962-ci
illərdə APİ-də təhsilini artırır, ali təhsil
alır. Əməksevərliyi ilə seçilən Mirnaqim
müəllimi məktəbdə fəaliyyət göstərən
şagird istehsalat briqadasına tərbiyəçi-müəllim
təyin edirlər. 1974-1987-ci illərdə briqadaya
başçılıq edən Mirnaqim müəllimin iş təcrübəsi,
uğurları respublikaya səs salır.
1978-ci ildə "Qabaqcıl maarif
xadimi" döş nişanı, 1981-ci ildə "Şərəf
Nişanı" ordeni ilə təltif olunur, 1985-ci ildə
Naxçıvan Muxtar Respublikasında iş təcrübəsi
yayılır, "baş müəllim" adına layiq
görülür.
Məktəb
direktoru məktəbdə əsas simadır. Ömrünün
54 ilini məktəbimizə, gənc nəslin təlim-tərbiyəsinə
həsr edən Mirnaqim müəllim rəhbərlik edir. 1988-ci
ilin mayında məktəbdə direktor seçkisi
keçirilərkən pedaqoji kollektivin üzvləri möhkəm
intizamı, işgüzarlığı,
mehribançılığı, pedaqoji ustalığı, yüksək
biliyə malik olması, ən başlıcası şəxsi
keyfiyyətlərinə görə onu direktor seçdilər.
Mirnaqim müəllim seçildiyi
gündən bu təhsil ocağına müvəffəqiyyətlə
rəhbərlik edir. Məktəb kollektivi daxilində möhkəm
intizam, sağlam mühit yaratmışdır. O, nəsillərin
varislik ənənəsini yaşadan qayğıkeş məktəb
direktorudur. Gənc müəllimlərə qayğı və
tələbkarlıqla yanaşır, onların pedaqoji
ustalığının artmasına nail olur. Şagirdlərə
atalıq qayğısı göstərir.
"Yaxşı müəllimi olan
xalq xoşbəxtdir" demiş atalarımız. Mirnaqim
Seyidov müəllimlərin hazırlıq səviyyəsini həmişə
diqqət mərkəzində saxlayır, şəxsi
hazırlıqlarını daim izləyir. O, müəllimləri
"ələkdən" keçirir, yaxşıları
seçir, onlara güvənir. Müəllimlərdən hər
bir şagirdin biliyini obyektiv, real qiymətləndirməyi tələb
edir. Yaxşı yadımdadır, 1998-ci ildə məktəbimizin
məzunlarından 8 nəfərinə fərqlənmə
attestatı verildi. Həmin il bu məzunların hamısı
ali məktəblərə daxil oldu.
Ümummilli liderimiz Heydər Əliyevin
"Təhsil millətin gələcəyidir", Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Təhsil
Azərbaycanın inkişafının əsas amillərindən
biridir" müdrik kəlamlarını əldə rəhbər
tutan Mirnaqim müəllim bütün biliyini, zəkasını,
enerjisini müstəqil Azərbaycanın gələcək vətəndaşları
olan gənc nəslə keyfiyyətli bilik verməsinə sərf
edir.
Təcrübəli pedaqoq təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün valideynlərlə
əlaqəli işləyir. Bu işə fənn müəllimlərini,
sinif rəhbərlərini cəlb edir. Məktəbdənkənar,
sinifdənxaric tədbirlərin yüksək səviyyədə,
milli dəyərlərə söykənərək
keçirilməsinə çalışır və istəyinə
nail olur.
Mirnaqim müəllimin pedaqoji fəaliyyəti
və rəhbərlik üsulu təkcə Naxçıvan
Muxtar Respublikasında deyil, bütövlükdə ölkəmizdə
nümunə götürülə bilər. Bu fikrimizi
yaxın keçmişdə və hazırkı dövrdə
məktəbi bitirən məzunlarımızın
uğurları ilə bir daha göstərə bilərik. Keçən
tədris ilində məktəbimizi bitirən 3 nəfər
şagirdimiz fənn olimpiadasının respublika turunda qalib
olmuş, 2-ci və 3-cü yerləri tutmuşdur. Məktəbin
məzunlarından Türkanə Qurbanova 650 balla ATU-ya, Afaq
Hüseynli 536 balla NDU-ya daxil olmuşdur.
Mirnaqim müəllimin direktor işlədiyi dövrdə
məktəbin məzunlarından 2 nəfəri elmlər
doktoru, 7 nəfəri elmlər namizədi alimlik dərəcəsini
almış, onlarca gənc ali məktəblərdə oxuyur,
6 nəfəri isə magistr pilləsində təhsilini davam
etdirir. Səriştəli direktor yeni dərs ilində
uğurları artırmaq üçün səylə
çalışır. Məqsəd 700 bal toplayacaq şagirdlər
yetişdirməkdir.
Mirnaqim Seyidov 4 dəfə müəllimlər
qurultayının nümayəndəsi olmuş, dəfələrlə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Naxçıvan MR Təhsil Nazirliyinin Fəxri fərmanlarını
almışdır.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə Mirnaqim Seyidov "Tərəqqi" medalına layiq
görülmüşdür.
Mirnaqim müəllim gözəl ailə
başçısı, əsl vətəndaş, el
ağsaqqalı, məktəbimizin ənənələrini
yaşadan maarif fədaisidir.
İsa RƏCƏBOV
Azərbaycan müəllimi.-2009.-24 aprel.-S.4