Cəlil Məmmədquluzadə-140
Milli istiqlal ədəbiyyatının
sərkərdəsi
Böyük mütəfəkkir, görkəmli
dramaturq, nasir, publisist
Cəlil Məmmədquluzadənin
140-illik yubileyi münasibəti ilə Naxçıvan Dövlət Universitetində silsilə tədbirlər keçirilir.
Belə ki, ədibin
Naxçıvan şəhərindəki ev muzeyinə, Nehrəm
kəndindəki xatirə muzeyinə ekskursiyalar təşkil
olunmuş, konfranslar keçirilmiş, universitetin Tələbə
Teatr Studiyası yazıçının 100 yaşlı
"Ölülər" tragikomediyasını yeni
quruluşda tamaşaçılara təqdim etmişdir. "Cəlil
Məmmədquluzadə və "Molla Nəsrəddin" ədəbi
məktəbi" mövzusunda elmi konfrans da bu münasibətlə
təşkil olunmuşdur.
Konfransı giriş sözü ilə
açan universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanın
demokratik ictimai fikir tarixində əvəzsiz yeri olan C.Məmmədquluzadəni
Azərbaycan istiqlal ədəbiyyatının sərkərdəsi
adlandırmışdir. Görkəmli mirzəcəlilşünas
böyük dramaturq-publisistin milli ədəbiyyatın, mətbuatın
inkişafındakı xidmətlərindən,
yaradıcılığının ideya-bədii məziyyətlərindən
bəhs etmiş, Mirzə Cəlillə bağlı otuzillik
elmi tədqiqatlarından söz açmışdır. Rektor
C.Məmmədquluzadənin 140 illik yubileyi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2009-cu
il tarixli sərəncamını yazıçı-dramaturqun ədəbi
irsinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru Əsgər
Qədimov "Cəlil Məmmədquluzadənin məsləkdaşı
Əli Məhbusun yaradıcılığında "Molla Nəsrəddin"
ənənələri", filologiya elmləri namizədi,
dosent Fərqanə Kazımova "Cəlil Məmmədquluzadə
yaradıcılığında və "Molla Nəsrəddin"
jurnalında milli münasibətlər məsələsi",
fəlsəfə elmləri namizədi, dosent Yusif Hüseynov
"Mirzə Cəlil fəlsəfəsi", pedaqoji elmlər
namizədi Kamal Camalov "Cəlil Məmmədquluzadə
yaradıcılığında tərbiyə məsələləri",
Naxçıvan MR-in əməkdar müəllimi,
tarix-filologiya fakültəsinin dekanı, filologiya elmləri
namizədi, dosent İman Cəfərli "Molla Nəsrəddin"
və Türkiyə ədəbiyyatı"
mövzularında məruzələr etmişlər.
Tədbir tələbələrin
Cəlil Məmmədquluzadə əsərlərinin bədii
qiraəti ilə sona çatmışdır. Konfransda Mirzə
Cəlil və onun məsləkdaşlarının həyat və
yaradıcılığını əks etdirən slayd və
sərgi nümayiş etdirilmişdir.
Mehriban
SULTAN
Azərbaycan
müəllimi.-2009.-24 aprel.-S.4.