Təlimdə inteqrasiya ətraf aləm haqqında biliklərin sistemli qavranılmasına kömək edir
Milli Kurikulum təhsildə
fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi
önəm verir. Müxtəlif sahələr
üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə
ətraf aləm haqqında vahid, sistemli
dünyagörüşünün formalaşmasına kömək
edir. Riyaziyyatda fəndaxili inteqrasiya bu fənn
üzrə müxtəlif məzmun xətlərinin və tədrisin
müxtəlif mərhələlərində (siniflərində)
qazanılmış bilik və bacarıqların əlaqələndirilməsini
nəzərdə tutur, üfüqi və şaquli olmaqla iki
yerə ayrılır.
Üfüqi inteqrasiya bir mövzu
(material) daxilində müxtəlif məzmun
standartlarının əlaqəsi deməkdir. Şaquli
inteqrasiya isə standantların siniflər üzrə əlaqəsini
əhatə edir və bəzən siniflərarası
inteqrasiya da adlandırılır.
Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə
etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə
aid anlayışların və metodların digər bir fənnin
tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya
müxtəlif fənlər arasında məntiqi əlaqələrin
qurulmasına xidmət edir. Bu proses eyni bir
bacarığın ayrı-ayrı fənlər vasitəsilə
daha da təkmilləşdirilməsini təmin etməklə təlim
prosesinin səmərəliliyinin artırılmasına şərait
yaradır. Məsələn, riyaziyyatın tədrisi
zamanı şifahi nitqdə riyazi termin və ifadələrdən
düzgün və səlis istifadə etmək
bacarığı dialoq və diskussiyalarda şagirdin aktiv
iştirakını təmin etməklə yanaşı, ana
dili fənninin əsas məzmun xətlərindən biri olan
şifahi nitqin ("Dinləmə" və
"Danışma"nın) inkişafına kömək
edir. Riyazi işarələri və terminləri
düzgün ifadə etmək ümumi dil
bacarığının tərkib hissəsidir. Oxuma, danışma, dinləmə, təqdimetmə,
yazma, şəkli sözlə təsviretmə (şəkli
oxuma) və təqdimetmə kimi nitq bacarıqlarının
riyazi anlayışların dərk olunmasında rolu çox
böyükdür.
Başqa bir misal. Nizam və ardıcıllıqlar riyaziyyat
fənninin əsas konseptual məzmun xətlərindən
biridir. Ornament və naxışlar çəkmək rəsm
dərsində şagirdlərin sevdiyi bir fəaliyyətdir. Həndəsi
fiqurlar üzərində qurulmuş ornament və şəkillər
həm rəsm bacarıqlarının, həm də riyaziyyat
üzrə müvafiq mövzunun mənimsənilməsinə
şərait yaradır. Sayma məşğələlərini
ritmik musiqi üzərində qurduqda, bunun üçün
müxtəlif zərb alətlərindən istifadə etdikdə
şagirdlər sayma fəaliyyətində daha həvəslə
iştirak edirlər. Sayma, toplama və
çıxma kimi fəaliyyətləri qrup halında
açıq havada və ya sinifdə (sinif şəraiti imkan
verirsə) keçirməklə uzunluğa tullanma, yerində
tullanma və s. kimi fiziki tərbiyə məşğələləri
ilə müşayiət etmək olar.
Yaqut Əzimzadə
Azərbaycan müəllimi.-2009.-24
aprel.-S.6.